Prezidentin istədiyi gənclik harada gizlənib?
Bizi izləyin

Köşə

Prezidentin istədiyi gənclik harada gizlənib?

Zümrüd Kərimova

Ölkə gündəmi “çəkmək”lə silkələnir.

Bir qisim kazbekə “şey” basıb çəkir. Digəri çılpaq qızları...

Bəs bu fərdi konsepsiyada sadəcə sağlamlığa və əxlaqsızlığa qəsdən zərərvurma kimi dəyərləndirilən xırda əyləncələrin ictimai sferada doğurduğu və ya doğuracağı fəsadlar bizi hara “çəkir”?

2019-cu il təqvimə qədəm qoyandan, az qala, hər gün ölkə prezidentinin cəmiyyətin hər bir təbəqəsini, hər bir yaş həddini, ictimai mövqeyindən asılı olmayaraq, hər bir fərdini yaxından və uzaqdan əhatə edən sərəncamları, fərmanları, islahatları ilə bağlı xəbərlər dərc olunur. Hər gün onlarla insan bu yeniliklərin müsbət və çatışmayan cəhətlərini şərh edir, fikir bildirir, təklif verir. Amma 10 milyonluq əhalinin 2,5 milyonu gənc olan bir ölkədə bir Allahın bəndəsinin prezidentin bu ürəyiaçıqlığından, humanistliyindən, bütün problemlərin öhdəsindən gəlmək niyyətindən yararlanmaq kimi bir fikir ağlına gəlmir. Medianın, televiziyanın, lap elə sosial şəbəkənin bu qədər əlçatan olduğu bir şəraitdə ağlı başında bir gənc öz problemini, əyri-əskiyini və yaxud həyata keçirməyə çətinlik çəkdiyi bir arzusunu dilə gətirmək üçün çabalamır. Addım atmır ki, birdən ayağı palçığa batar. Son nəticədə də elə palçıq kimi lazımsız bir həyat tərzi, bir beyinlə (daha doğrusu, beyinsizliklə) ömrünü sona çatdırmağa çalışan lazımsız oksigen israfına çevrilir. Bəli, məhz oksigen israfı...

Ölkədə gəncliyin nəinki qəsəbəsi, mikrorayonu, nazirliyi belə var. Bircə gəncliyin özü çatışmır.

Sanki bütün gənclik “hallanıb”, eyforiyadadır. Sanki hər kəs narkotik maddənin təsiri ilə yaşayır, nəfəs alır, işə gedir, xəbər oxuyur, yemək bişirir. Sanki beyinlər kəllə yuvasından bir qarış havada dolaşır. Bir qrup şəxsiyyətini təsdiq etməkdə zülm çəkən, xarakter çatışmazlığı yaşayan və özünü sübut etməyə məcbur hiss edən şəxs və ya şəxslər əslində “şey”in yox, məhz bir mahnının havasında “fırlanır”. Başqa bir qrup şəxslər isə artıq bu fırlanma mərasimini yekunlaşdırmış, nirvanaya çatmış, bütün dünyanın işini aşırmışcasına özünü Adəm peyğəmbərin zəmanəsində hiss edir.

***

Daha bir diqqət çəkən məqam:

Hər iki hadisənin də subyektində qadın dayanıb.

Şərq ölkələrində, içi Azərbaycanqarışıq, qadının kim, necə, hansı formada, nə səviyyədə olması müzakirəyə ehtiyacı olunmayan bir məsələdir artıq. Bəziləri ifrat dindarlığın əsarətində, bəziləri mentalitetin köləliyində əzilib heçə dönür bu qadınların. Lakin Azərbaycan qadını bu mərhələləri çoxdan keçib. Hər halda, çoxdan keçməli idi. Amma Asiya qitəsində ilk dəfə qadınları vətəndaş hesab edən, onlara ölkənin hakimiyyətinin və hökumətin müəyyən olunmasında söz haqqı verən bir ölkənin hazırkı qadınları niyə bu vəziyyətlərə düşür axı?

Niyə qadınlar hallanmağa, şüursuz şəkildə belə olsa, meyil edir?

Niyə qadınların bədənlərini nümayiş etdirməyi gözəl, əyləncəli və ya yaxud komik hesab olunur?

Cəmiyyəti qadını bu dərəcədə aşağılamağa, əyləncə obyektinə çevirməyə, əxlaqsızlığa, narkotikə sürükləyən səbəblər nələrdir?

***

2 fevral Beynəlxalq Gənclər Günü münasibətilə etdiyi çıxışda Prezident İlham Əliyev Azərbaycanın gəncliyinə nə qədər arxalandığını dilə gətirdi. Onlara heç yerdə etiraf etmədiyi işsiz günlərindən, çətin vəziyyətdə qaldığı anlardan danışdı. Onlara ürəyini açdı. Tövsiyələrini verdi. Təhsilli olmağı, mübariz qalmağı, çətinliyə boyun əyməməyi, dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruma bacarıqlarını inkişaf etdirməyi məsləhət gördü. Prezident bu çıxışı ilə göstərdi ki, o, məhz gənclərə arxalanır, aparıcı dövlət strukturlarının ən yuxarı pilləsində onları görmək istəyir, yeri gələndə onlara ürəkdən arxayın olub iş tapşıra biləcəyi bir gənclik görmək arzusundadır. Bəs o gənclik harada gizlənib görəsən?

Bəzilərinin yerini mən bilirəm.

Bir qismi kitabxanaların tozlu rəflərinin arxasında itib-batıb, bir qismi elmi Çində axtarmağa gedib, bir qismi heç bir sosial, əxlaqi, tərbiyəvi məzmun daşımayan zırlanmalı mahnıların, şeirlərin və bu tip sürü psixologiyası nümunələrinin havasında “şellənir”, bir qismi də sosial şəbəkələrin əsarətində, gündə bir status “partlatmaq” sevdası ilə ömür çürüdür. Bir az öz “mükəmməl”, marjinal, avropasayağı, amma avropanın sayaqlığından zərrə qədər xəbəri olmayan həyatlarından vaxt tapıb dünyaya baxmaq üçün başlarını qaldıranda başqalarına mız qoymağa da özlərində qüvvə və səlahiyyət tapırlar.

***

Ataların yaxşı bir sözü var: Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Görünür, bu gənclik hələ çox "böyürəcək"...

Çox heyf ki, biz də möhtərəm prezidentlə birgə onun görmək istədiyi savadlı, dinamik, yaşamaq və yaratmaq şövqü ilə yanan gəncliyin həsrətində hələ çox qalacağıq. Çünki gəncliyimizin başı hələ "çəkməyə" qarışıb...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm