Köşə
Ovçusuna vurulan qurbanlar
Mən şəhərlərin ruhuna, xarakterinə, hətta cinsiyyətinə inanıram. Bu dəfəki qəhrəmanım İsveçin paytaxtı Stokholm və onun sağalmaz sindromudur. Bəli, doğru təxmin etdiniz. Stokholm sindromundan danışacam sizə. Bu terminin kökü kütləvi cinayətlə bağlı olsa da məişət həyatımıza da asanlıqla nüfuz edib. Daha doğrusu, mütəxəssislər təhlil edəndən sonra bu qərara gəliblər.
1973-cü ildə qəribə oğurluq hadisəsi baş verir. Yan-Erik Olsson adlı oğru Stokholmun Kreditbanken bankının şöbələrindən birinə təkbaşına hücum edir. 6 sutka ərzində şöbənin 4 əməkdaşını əsir saxlayır. Olsson İsveçin baş nazirinə müraciət göndərərək bildirir ki, 2 milyon dollar hesabına köçürülməsə, işçilərin 4-nü də öldürəcək. Hətta terrorçu öz cinayətinə dostunu da şərik edir. Xülasə... Bir müddət sonra İsveç polisinin uğurlu əməliyyatı nəticəsində canilər həbs olunub, ədalətə təslim edilir. Girovlar isə azadlıqlarına qovuşurlar. Əsl şok da bu məqamda yaşanır. Zərərçəkmişlər bəyan edirlər ki, canilərə qarşı kin saxlamırlar. Hətta öz aralarında pul toplayıb, terrorçulara vəkil tuturlar ki, bizə onlardan zərər gəlməyib. İsveçin say-seçmə psixiatrları keçmiş girovlarla bir neçə müalicə kursu keçdikdən sonra "Stokholm sundromu" yaranır.
Eyni hal insanlıq var olduqca dəfələrlə təkrarlanıb. Məsələn, günlərin bir günü terrorçu qrup milyarder Uilyam Rendolf Herstin 14 yaşlı nəvəsi Patrisiyanı girov götürürlər. İki ay ərzində yeniyetmə qız zorlanıb, döyülməsinə, ac saxlanılmasına rəğmən azad edilmək ərəfəsində terrorçu dəstəyə qoşulduğunu bildirir və evinə geri qayıtmaq istəmədiyini deyir. Hətta onlarla birgə əlini cinayətə batırır. Polis Hersti ələ keçirəndən sonra qorxu və çarəsizliyin yaratdığı psixikanın posttravmatik pozğunluğu sindromu ortaya çıxır. İndi gəlin sizə 11 yaşında ikən zorakılığa məruz qalıb oğurlanan Ceysi Li Duqarddan danışım. 7 il zorlanıb başına müsibətlər açılan, hətta cinayətkardan iki övlad dünyaya gətirən qızcığaz azadlığa çıxandan sonra da yaşadığı cəhənnəmi şüurlu şəkildə dərk etmir. Polisin nəzarətində olan 18 yaşlı Ceysi 7 ilinin qatilini qorumaq üçün əlindən gələn hər şeyi etməyə can atırdı. Məlum olur ki, Ceysi dəfələrlə qatilinin evindən qurtulmaq şansı əldə etsə də bundan könüllü boyun qaçırıb.
İndi gəlin, bu tagikomediyaya aydınlıq gətirək. Psixologiyada Stokholm sindromu qurbanın təcavüzkara bəslədiyi simpatiya duyğusu kimi izah olunur. Artıq real əhvalatlardan anladınız ki, bu duyğu qarşılıqsız olmur. Bir növ psixikanın şüursuz müdafiəsidir. Qorxu və dəhşət içərisində olan qurbanla cinayətkar arasında güclü empatiya formalaşır. Bəli, bu, xəstəlik deyil- psixoloji müdafiə üsuludur. Hətta qurban bir çox hallarda onu təcavüzkarın zülmündən qurtaran xilaskarlarına nifrət bəsləyir.
İndi isə gəlib çıxdıq məişətdə Stokholm sundromuna. Bəzən qadınlar qatil obrazına bürünən ərlərindən boşandıqları üçün özlərini günahkar hiss edirlər. Bu hal kiçik yaşlarında ailə üzvü tərəfindən seksual zorakılığa məruz qalan insanlara da aid edilir. Dəfələrlə eyni cinsi istismara məruz qalsa da adətən bu tip qurbanlar təcavüzkarını ailə üzvlərinin gözündən salmağa ehtiyat edir, hətta daha dəqiq desəm, vicdan əzabı duyurlar. Yaxud ofis şəraitində komanda fəaliyyəti üçün olsa belə, əməkdaşlarını, tabeliyindəkiləri durmadan acılayan, alçaldan müdirlərə haqq qazandırmaq cəhdimiz...
Buna adətən "kooperativ Stokholm sindromu" deyirlər. Fərd onu incidən, qüruru ilə oynayan müdirinə simpatiya duyaraq, onu günahsız mələk kimi təsəvvür edir. Xəyal edirsinizmi, sizi döyən, söyən, sizinlə iradəniz xaricində davranan qəddar partnyorunuz həm də həmdəminiz obrazına bürünür. Siz onunla daha çox zaman keçirdikdə bağlılıq duyğusu yaranır. Sizi davamlı üzdükdən sonra onun neytral davranışı belə içinizdə bir rahatlıq formalaşdırır. Beləliklə, qurban öz doğrularının əksinə hərəkət edərək toksik tərəf müqabilinin "həqiqət"ini mənimsəyir. Yaxşı düşünün. "Məişət Stokholm sindromu"ndan qurtulmaq istəyirsinizsə, qatilinizdən boşanın. Korporativ Stokholm sindromundan yaxa qurtara bilmirsiniz? İşdən ayrılın. Doğrularınıza, prinsiplərinizə sahib çıxın. Toksik insanlarla bir otaqda, evdə, ofisdə yaşamaq, işləmək məcburiyyətiniz yoxdur. Siz ki, Stokholm deyilsiniz.
Leyla Sarabi
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...