"Gələcək" artıq gəlib, bu ölkədədir
Bizi izləyin

Köşə

"Gələcək" artıq gəlib, bu ölkədədir

"Gələcək" artıq gəlib, bu ölkədədir

Çinə gedənədək bu ölkə mənimçün daha çox ad idi, anlayış idi, nəinki real məkan.

Mənimçün Çin - çoxluq demək idi. Milyardı təsəvvür etmək asan deyil. Bir milyarddan daha artığı isə… hər mənada çoxdur.

Dünyanın ikinci böyük iqtisadiyyatı. 1,4 milyard insanın yaşadığı nəhəng bir sistem. Süni intellektdən robot texnologiyalarına qədər 21-ci əsrin gələcəyini yazmağa çalışan bir dövlət... təsəvvürümdəki Çin bu idi.

Amma bütün bunların arxasında başqa bir Çin də vardı: minilliklər boyu imperiyalar qurmuş, fəlsəfə yaratmış, zamanla səbirli davranmağı öyrənmiş qədim sivilizasiya.

Təyyarədən enən kimi ilk ünsiyyət insanlarla olmadı, ekranlarla oldu, kompüterlərlə.

Bir də nəyi hiss etdim? Bu ölkə sanki səninlə danışmır. Səni dinləyir.

Əsl Çinlə ilk tanışlığım oteldə oldu. Yeməyi masaya robot gətirdi. Sonra liftə bizimlə birlikdə daxil olan robot gördüm. Bir anlıq qəribə - bu yazıda “qəribə” sözünü tez-tez görəcəksiniz - hiss keçirdim: gələcək artıq hansısa fantastik filmdə, əsərdə deyil. O elə buradadır. Və insanlarla eyni liftdə yuxarıya - ən yüksək mərtəbəyə qalxır…

***

Böyük Çin Səddi bu səfərin ən səbirsizləndiyim hissəsiydi. Mən əslində o ölkəyə həm də o səddi görməkçün getmişdim.

Adətən belə yerlərə həmişə miflərlə gedirik: filmlərin, sənədli kadrların, tarix kitablarının yaratdığı təsəvvürlərlə. Elə bilirik ki, hər addımda tarix səni silkələyəcək. Hər döngədə nəfəsin kəsiləcək.

Məşhur Çin Səddinə o təsəvvürlərin təsiriylə qalxdım. Və sürətlə irəliləməyə başladım.

Daha irəli, daha yuxarı.

Daha da…

Sanki bizi qarşılayacaq bir nəhənglik, fövqəladəlik, qeyri-adilik axtarırdım. Amma get-gedə ruhdan düşməyə başladım. Çünki... Təsəvvürümdəki nəhənglik yox idi. Sən gedirsən, maraqla, həvəslə, intizarla addımlayırsan, mənzərə dəyişmir. Eyni daşlar, eyni divarlar, eyni sükut. Sədd uzandıqca içindəki gözlənti qısalır. Başlanğıcdakı həyəcan sonda yorğun müşahidəyə çevrilir.

İstər-istəməz məşhur Klimancaro zirvəsi haqqında oxuduqlarımı xatırladım. Kilimancaro haqqında sadəcə dağ kimi danışmaq çətindir. Çünki o, zirvədən daha çox insanın özü ilə görüşdüyü bir yerdir.

Kilimancaroya qalxanlar təkcə Afrikanın ən yüksək nöqtəsinə çatmırlar. Onlar həm də dünyanın aşağıda necə kiçildiyini, insanın isə öz daxilində necə böyüdüyünü görürlər.

Yolun əvvəlində hər şey adi görünür. Yaşıl meşələr, quş səsləri, yamaclarla yuxarı qalxan cığırlar. Amma yüksəldikcə dünya dəyişməyə başlayır. Ağaclar yox olur, səslər azalır, hava seyrəlir. İnsan sanki Yer kürəsindən yavaş-yavaş ayrılır.

O zirvəyə qalxmaq həddən ziyadə çətindir, hətta zülm-zillətdir. Amma elə ki qalxdın, Yerin xəbərsiz olduğu heyrətamiz, nəfəskəsən gözəlliklə təkbətək qalırsan. Sanki Tanrı, Kainat ağır məşəqqətdən sonra səni o gözəlliklə mükafatlandırır. Zirvədə yalnız sən, səma, sonsuzluq və sonsuz gözəllik olur.

Bəlkə də buna görə Kilimancaro insanların yaddaşında dağ kimi deyil, təcrübə kimi qalır. Oradan qayıdanlar fotoşəkillərdən çox, hisslər gətirirlər. Çünki bəzi yerlər var ki, onları görmək mümkün deyil, yaşamaq mümkündür.

Mən Çin səddində - o qədimliyin, insan gücünün, nizamının, müqavimətinin üstündə bir daha anladım ki, bəzən insanın ən böyük yorğunluğu fiziki deyil, gözləntilərinin yorğunluğudur.

Yəqin ki, problem Çin səddinin Klimancaro olmamasında deyildi. Problem bizim böyütdüyümüz təsəvvürlərdəydi.

Niyə biz hər şeyi nəhəng və möhtəşəm görmək istəyirik? Sosial şəbəkələr, filmlər, reklamlarmı gözlənti həddimizi həddən ziyadə yüksəldib? Niyə hamımız “wow effekti” axtarırıq? İnsanlar artıq sadə heyrət hissini itirib. Günah texnoloji inkişafda, süni intellektdə, ağıllı cihazlardadırmı? Nostaljiylə yaşayan, hələ də yaşayan yalnız mənəmmi? Bəlkə bura 20 il əvvəl gəlsəydim, təəssüratım tamamilə fərqli olacaqdı?..

Halbuki bəzi məkanların gücü dramatik gözəlliyində, cazibəsində deyil, zaman qarşısında susmağı bacarmasındadır. Çin səddi bəlkə də mənə məhz bunu xatırlatmaq istəyirdi. Ki, onun qeyri-adiliyi görünüşündə yox, inadındadır. Min illər boyu mövcud olmaq inadında. Var olmaqda, cəzb etməkdə, düşündürməkdə, sevdirməkdə...

***

Sonra yolum "Forbidden City"yə düşdü - “Qadağan olunmuş şəhər”ə. Bir zamanlar imperatorların hökmranlıq etdiyi, hökm verdiyi, insanların qorxduğu, sevindiyi o nəhəng saraya.

Ora başqa hisslər yaradırdı. Əgər Çin səddi sonsuzluq hissi yaşadırdısa, “Forbidden City” dərinlik hissini ifadə edirdi. Hər qapı sanki başqa zamana açılırdı. Hər sarayın içindən başqa bir saray çıxırdı. Hər həyət başqa bir sirr idi.

Amma yenə də qəribə boşluq vardı.

Bu qədər ehtişam… Bu qədər tarix… Və sonda sadəcə turistlərin ayaq səsləri. Kədərlidir. Bütün sarayların son şəkli, son siması adamı kədərləndirir. Anlayırsan ki, dünyada hər şey zamana məğlub olur, bəşəriyyət tarixinin, əski zamanların ən böyük, ən möhtəşəm sarayları bir gün muzeyə çevrilir. Bir vaxtlar toxunulmaz görünən insanlar indi sadəcə portretlərdə yaşayırlar. Bəlkə də insanın ən böyük yanlışı əbədi olduğunu düşünməsidir. Kədərli səslənə bilər, amma bir gün biz də olmayacağıq bu səs-küyün, qələbəliyin, canlılığın arasında.

Və bəlkə də olacağıq. Başqa adla. Başqa görünüşlə. Başqa yaddaşla.

Amma əgər bu həqiqətdirsə, insan ikinci dəfə dünyaya gəlirsə, kaş ürək dəyişməsin, ürəyimiz olduğu kimi, indiki kimi qalsın. Özgələşməsin. Daşlaşmasın. Yadlaşmasın.

Pekin küçələrində, park və meydanlarda insanların birlikdə rəqs etdiyini gördüm. Öyrəndim ki, burada bu, adi haldır. Bu ənənə “Guangchang Wu”, yəni “Meydan rəqsi” adlanır. Bu rəqslərin bir neçə məqsədi var: sağlamlığı qorumaq - xüsusilə orta və yaşlı insanlar üçün fiziki aktivlikdir. Sosiallaşmaq - insanlar dostları və qonşuları ilə görüşür, ünsiyyət qururlar. Tənhalığın qarşısını almaq - xüsusilə təqaüdçülər üçün vacibdir. Stressi azaltmaq - musiqi və rəqs əhvalı yaxşılaşdırır.

Maraqlıdır ki, bu ənənə 90-cı illərdən sonra xüsusilə geniş yayılıb. Bu gün Çində milyonlarla insan hər axşam eyni vaxtda meydanlarda toplaşaraq sinxron şəkildə rəqs edirlər. Bəzən 20-30 nəfərlik qruplar, bəzən isə yüzlərlə insan bir meydanda birlikdə rəqs edir. Bu, Çin cəmiyyətinin kollektiv ruhunu göstərən ən maraqlı ştrixlərdəndir. Yəni əslində baxmayaraq ki, ölkə sürətlə modernləşir, insanlar birlikdə vaxt keçirmək ənənəsini qoruyub saxlamağa çalışırlar. Və gözəl alınır…

***

Səfərimizin növbəti dayanacağı “Guangzhou” oldu. Əgər Pekin keçmişin sükutudursa, Quancou hərəkətin səsidir. Bu şəhər nəfəs almır, dincəlmir sanki, fasiləsiz işləyir. Burada hər şey axır: insanlar, işıqlar, ticarət, reklamlar, zaman. Çin iqtisadiyyatının böyük hissəsi məhz belə şəhərlərin ritmi üzərində qurulub. Quancouda insan kapitalizmin sürətini canlı şəkildə hiss edir.

Burada Çinin başqa üzünü gördüm, duyğudan çox reallığa fokuslanan üzünü. Göydələnlərin arasında gəzərkən düşündüm ki, bu şəhər keçmişi xatırlamaq üçün yox, gələcəyi qurmaq üçün yaşayır. Pekində zaman dayanmışdısa, burada zaman qaçır...

Və maraqlıdır ki, insan bu tempə çox tez uyğunlaşır. Sən də sürətlənirsən. Sən də tələsirsən. Sən də bir müddət sonra bu mexanizmin bir hissəsinə çevrilirsən. Quancounu Çin iqtisadiyyatının möcüzəsi adlandırılar. Nə axtarsan, burada tapa bilərsən. Hətta olmayan şeyi belə bir günün, bir neçə saatin içərisində yaradıb, düzüb-qoşub sənə verə bilərlər. Bura dünyanın nəhəng fabrikidir. Gündəlik istifadə etdiyimiz hər şey burada istehsal edilir.

Əgər Çinin son 40 ildəki iqtisadi sıçrayışını bir şəhərlə simvollaşdırmaq lazım gəlsə, bu, çox güman ki, Quancoudur. Şəhər ölkənin ən zəngin və ən sahibkar ruhlu bölgələrindən biri olan Quanqdun əyalətinin mərkəzidir. Burada insanlar “dövlət nə verəcək?” sualından çox, “biz nə qura bilərik?” düşüncəsi ilə yaşayırlar.

Quancou Kanton mətbəxinin də vətənidir. Çin yeməklərinin dünyada ən məşhur növü olan Kanton mətbəxi məhz burada yaranıb. Məşhur “Dim Sum” ənənəsi buradan başlayıb. Birlikdə çay evlərinə gedərək saatlarla çay içmək və müxtəlif qəlyanaltılar yemək çinlilərin məşhur ənənəsidir.

Burada nəyi “kəşf” etdim? Bakıda bəzi restoranlarda Çin mətbəxi adıyla bizə təqdim edilən yeməklər qətiyyən çinlilərin yemək reseptlərinə uyğun deyil. Bakıda dəniz məhsullarını həddən artıq istiotlu, ədviyyatlı şəkildə bişirərək “çin yeməyi” adıyla bizə “sırıyırlar”.

Bakıda Çin restoranlarına həvəslə getsəm də, Quancou və o biri şəhərlərdə yediyim yeməkləri, kiçik istisnalarla, bəyənmədim…

Quancou Çinin beynəlxalq şəhəridir. Pekin siyasi, Şanxay maliyyə paytaxtıdırsa, Quancou əcnəbi tacirlərin, biznesmenlərin paytaxtı hesab olunur. Afrikadan, Yaxın Şərqdən, Avropadan və Cənub-Şərqi Asiyadan minlərlə insan burada yaşayır. Azərbaycanlılara da tez-tez rast gələ bilərsiniz. Şəhərin bəzi küçələrində isə özünüzü Çində deyil, beynəlxalq ticarət mərkəzində hiss edə bilərsiniz.

Deyilənə görə, Quancou Çinin rahat yaşanan meqapolislərindən biridir. İqlimi subtropikdir. Qış fəsli demək olar ki, olmur. Biz fevralda yay-yaz paltarlarını rahat geyinə bilirdik. Fevral ayında belə ağaclar yaşıldır.

Bu şəhərin ən ilginc paradoksu odur ki, insanı ilk baxışdan heyrətləndirmir. Amma bu şəhərdə bir neçə gün keçirdikdən sonra anlayırsan ki, Çinin gələcəyini görmək istəyirsənsə, məhz Quancouya baxmalısan. Çünki burada Çinin keçmişini deyil, sabahını - gələcəyini görürsən.

Yəqin buna görə Quancou turistlərin deyil, səyyahların şəhəridir. Buraya gələnlər adətən şəkil çəkməkdən-çəkdirməkdən çox, Çinin necə işlədiyini anlamağa çalışırlar.

***

Sonra isə Şanxay…

Şanxay artıq başqa hekayədir. Bu şəhər nə tam Şərqdir, nə də tam Qərb. Bura qlobal metropoldur. Burada Çin dünyaya qarışır. Şanxay sanki gələcəyin laboratoriyasıdır. Bir tərəfdə şüşədən və işıqdan qurulmuş Pudonq, digər tərəfdə Avropa memarlığının izlərini daşıyan Bund. “Moskva bir günə tikilməyib” misalı burada yerinə düşmür, çünki Şanxay cəmi 35 ilə tikilib. 90-cı illərin əvvəlinədək bura əkin sahəsi, qara torpaq olub. Bu günsə ən möhtəşəm göydələnlər bu şəhərdədir. Şanxay sözün əsl mənasında kənddən şəhərə çevrilib. Bu gün ən bahalı butiklər, otellər, korporasiyalar burada cəmləşib. Burada özünü elmi-fantastik serialın içində hiss edirsən. Ən dəblə geyinən insanlar da bu şəhərdədir. Anlayırsan ki, Şanxayı bir dəfə görmək bəs etmir, bu şəhərə dəfələrlə, təkrar-təkrar gəlməlisən, bura səni ahənrüba kimi özünə çəkir, cazibəsindən çıxa bilmirsən. Hər şey heyrətamiz gözəl və səndən bir addım irəlidədir. Şanxay modern şəhər obrazıdır. Burada hər şey “meqa”dır. Binalar, küçələr, prospektlər, yollar, hətta reklamlar…

Mən Şanxayda gəzərkən anladım ki, şəhərlər də insanlar kimidir. Bəzisi keçmişində yaşayır, bəzisi gələcəyinə fokuslanıb. Bəzisi isə hər ikisini birlikdə daşımağı bacarır.

Pekin, Quancou və Şanxay mənə eyni ölkənin üç fərqli ruhunu göstərdi. Amma səfərin ən vacib nəticəsi bu deyildi. Ən önəmlisi o idi ki, mən bu şəhərlərin heç birində özümü dəyişmiş hiss etmədim. Sadəcə özümü daha yaxşı tanıdım, daha yüngülləşmiş hiss elədim. Çin mənə möcüzə göstərmədi, özümü göstərdi.

Səyahət bəzən yeni yerlər görmək deyil. Bəzən özünü, keçmişini, köhnə düşüncələrini yenidən gözdən keçirməkdir. Çünki hər bir insan haraya gedirsə-getsin, özü ilə özünü də aparır.

Və bəlkə də ən gözəl səfər, ən uzun yol bir ölkədən digərinə deyil, öz içinə etdiyin səfərdir, öz daxilinə enməyindir, özünü bir daha görməyindir.

Mən bu səfərdən razı qaldım...

Müəllif: Aynur Camal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm