Nida Təhlil
Ərdoğan-Gülən ittifaqı: keçmişdən günümüzə qaranlıq əlaqələr və təhlükə
Bu gün Türkiyədə terror qruplaşması kimi təqdim edilən FETÖ-nün (Fətullah Gülən camaatı, yaxud “Xidmət hərəkatı”) keçmişinə diqqət edəndə bir həqiqət aydın şəkildə görünür: Gülən camaatının yüksəlişi, “paralel dövlət”ə çevrilməsi AKP hakimiyyətinin, birbaşa Ərdoğanın “xidmətləri”nin nəticəsi olub. Türkiyədən regiona ideoloji ixrac və yaratdığı təhlükələr baxımından daim aktual olan FETÖ məsələsi xüsusilə milli dövlətlər üçün dərs çıxarılmalı olan örnəkdir, çünki camaat və təriqətlərin siyasi-ideoloji müdaxilə riskləri tamamilə aradan qalxmayıb.
Təhlükənin miqyasını anlamaq üçün Türkiyə ictimaiyyətində zaman-zaman müzakirə edilən Ərdoğan-Gülən – AKP - “Xidmət hərəkatı” ittifaqının keçmişinə nəzər yetirmək lazımdır. Bu iki qrupun yollarının kəsişməsinin əsas səbəbi hər ikisinin siyasi İslam dünyagörüşünə malik olması idi.

Gülən camaatı Nurçuluğun içindən çıxmış təriqət olaraq tanınır, Səid Nursinin tərəfdarları isə gülənçilərin onlardan olmadığı fikrində israrlıdır. Bu israrı siyasi konyukturadan, xüsusilə 2016-cı il dövlət çevrilişinə cəhdən sonra Türkiyədə Gülən camaatına qarşı başlanan əməliyatın hədəfinə düşməmək zərurətindən doğduğunu hesab etmək olar. Lakin Səid Nursinin 1960-cı ildə vəfatına qədər siyasətə qarışmamaq prinsipindən çıxış etməsi, “Şeytandan və siyasətdən Allaha sığınıram” şüarı ilə yaşaması nurçular və gülənçilər arasında təməl fərqlərin olduğu fikrini önə çıxarır. Hərçənd, nurçuların siyasətin dinə xidmət etməsi məqsədilə partiyaları dəstəklənməsi, eləcə də üzvlərinin siyasətlə məşğul olması faktı da var.

1969-cu ildə yaradılan Gülən camaatı da öz fəaliyyətini nurçuluğun “siyasətin dinə xidmət etməsi” təməli üzərindən qurdub və təhsil sektorunda möhkəmlənməklə həm ideoloji təbliğat apararaq, tərəfdar toplayıb, həm də camaata bağlı kadrlar yetişdiriblər. 2000-ci illərdə Gülən camaatı həm Türkiyədə, həm dünyada kifayət qədər gücə malik idi.
- Türkiyənin təkcə təhsil sektoruna yox, siyasi, hüquq-mühafizə və məhkəmə sisteminə qədər geniş bürokratik şəbəkə qurmuşdular;
- 160 ölkədə şəbəkələşə, dövlət strukturlarında möhkəmlənə bilmişdilər.
Gülən camaatının əsas hədəfi Türkiyədə siyasi hakimiyyəti ələ almaq, “şəriət və fəth” adlandırdıqları üçüncü mərhələyə nail olmaq idi. FETÖ üçün 1970-ci illərdən – yaranmasından 1993-cü ilə qədərki dövr “iman”, 1993-cü ildən 2013-cü ilə qədərki dövr “həyat” hesab olunurdu. Birinci mərhələdə - “iman” dövründə camaat tərəfdarlarını genişləndirdi, ikinci mərhələdə - “həyat” dövründə dövlət içində “paralel idarəçilik” yarada bildi və “fəth” dövründə hakimiyyəti tam nəzarətə götürməyi planlaşdırırdılar.

Gülən camaatının yarandığı 1969-cu ildə Türkiyədə siyasi İslam prinsiplərinə əsaslanan “Milli görüş” hərəkatı da quruldu. Nəcməddin Ərbakanın liderlik etdiyi dini-siyasi hərəkat Türkiyənin İslam dəyərlərinə uyğun idarə edilməsinə nail olmaq, dünyəvi sistemi dəyişdirmək idi. Ərdoğan başda olmaqla AKP elitası da məhz “Milli görüş” hərəkatının şinelindən çıxıb. Ərbakanın liderlik etdiyi hərəkat müxtəlif partiyalar – “Milli Salamat”, “Refah” – adı altında hökumətdə təmsil olunsa da, dini mövqelə görə zaman-zaman qadağan edilib. 1997-ci il 28 fevral tarixində “modern çevriliş” adlanan dəyişikliklə Ərbakan siyasətdən uzaqlaşdırıldı, lakin hərəkat daha sonra fərqli adla partiya yaradaraq, fəaliyyətini davam etdirdi. Ərdoğanın müəllimi sayılan Ərbakandan ayrılması Türkiyə siyasi tarixinin ən çox müzakirə edilən məsələlərindən olub. Açıq mənbələrdəki məlumatlara görə, bu ayrılığın səbəbi ideoloji ziddiyyətlər idi.

2001-ci ildə Türkiyə Konstitusiya Məhkəməsi “Milli görüş”ün əsas qollarından olan “İslampərəst Fəzilət Partiyası”nı qadağan edəndə hərəkatın daxilində “atalar və oğullar” davasını xatırladan “ənənəçilər” və “yenilikçilər” qarşıdurması başlandı: “ənənəçi” olan Ərbakan və tərəfdarları mühafizəkar yanaşmada israr edir, Ərdoğan və Gülün liderlik etdiyi “yenilikçilər” isə radikal ritorikadan imtina etməyi, mülayim Qərb demokratiyasına keçidi dəstəkləyirdi. Bu ayrılığın siyasi İslamın Türkiyədə hakimiyyətə gəlməsini təmin etmək məqsədilə qurulmuş plan olduğuna dair iddialar da var. Nəticə etibarilə, Ərdoğan və Gülün rəhbərlik etdiyi “yenilikçilər” “Milli görüş”dən ayrılaraq, yeni partiya qurmaq istiqamətində fəaliyyətə başladı.
Ərdoğan və Gülənin yolları da məhz burada kəsişir. Gülən 2016-cı ildə (həmin vaxt artıq AKP-Gülən camaatı ittifaqı düşmənçiliyə çevrilmişdi) Almaniyanın ZDf kanalına müsahibəsində bildirirdi ki, Ərdoğan partiya qurmaq üçün onu ziyarət edib. Türkiyə siyasətində bu məsələ “Ərdoğan partiya qurmaq üçün Güləndən icazə almağa gedib” kimi şərh edilir. Hakim partiya ziyarəti təkzib etməsə də, “icazə məsələsi” ilə razılaşmır.

Ərbakanın liderlik etdiyi hərəkat siyasi İslamın tərəfdarı olsa da, Gülən camaatı ilə ideoloji ziddiyyətlərə malik idi, lakin “Milli görüş”ün şinelindən çıxmış Ərdoğanla Gülənin yaxınlaşması səbəbsiz deyildi.
- Ərdoğan rəhbərlik etdiyi “yenilikçilər” camaatın Türkiyənin siyasi-ictimai sferasında möhkəmlənmiş şəbəkəsindən yararlanmaq, o cümlədən, Gülənin vasitəsilə Qərb ölkələrindən dəstək almaq istəyirdi.
- Gülən camaatının isə “yenilikçilər” vasitəsilə Türkiyədə hakimiyyəti nəzarətə götürmək niyyəti vardı.
Hər iki tərəfi birləşdirən amil məhz siyasi İslam və Türkiyənin dünyəvi sisteminin dəyişdirilməsi idi. Buna nail oldular da. 2001-ci ilin 14 avqustunda Ərdoğan və Gülün liderliyi ilə AKP (Ədalət və İnkişaf partiyası) yaradıldı, cəmi 15 ay sonra – 2002-ci ilin 3 noyabrında parlament seçkiləri zamanı 34 faizdən çox səslə hakimiyyətə gədilər. AKP-nin qurulması və hakimiyyətə gəlməsi prosesində Gülən camaatının ciddi dəstəyi vardı. Hərçənd, Ərdoğan və Gülən arasında əlaqənin 2001-ci ildə qurulduğu şübhəlidir, çünki bu qədər qısa müddətdə hakimiyyətə gəlmək asan deyildi. İddialara görə, tərəflər arasında gizli əlaqələr hələ Ərdoğan “Milli görüş”də olarkən qurulub. Gülənin vasitəsilə Qərb ölkələri AKP-nin hakimiyyətə gəlişinə dəstək veriblər. Ərbakan 2007-ci ildə verdiyi açıqlamasında bildirirdi ki, “Qərb paytaxtlarından partiyaya zəng edərək, Ərdoğan və Gül ilə danışıqlar aparılırdı”.
Ərdoğan-Gülən ittifaqının çiçəklənmə dövrü
AKP 2002-ci ildə hakimiyyətə gəlişindən 2010-cu illərə qədər Gülən camaatının geniş dəstəyinə malik olub. Bu dəstək həm seçkilərin qazanılmasında, həm də hakimiyyətin möhkəmləndirilməsində ciddi əsaslardan idi.
Seçki dəstəyi: 2016-cı ildə “Politico” nəşrinə müsaibə verən Fətullah Gülən Ərdoğanla həmişə seçilərdən öncə görüşdüyünü bildirirdi: “Partiyası seçkilərə girməmişdən öncə hər zaman dəstək verirdik. Xidmət tərəfdarları (Xidmət hərəkatı) seçkidə səs verir, eyni zamanda, mediada Ərdoğanı dəstəkləyirdilər”.

2007-ci il prezident seçkiləri bunun əsas örnəklərindəndir. Həmin vaxt AKP-nin prezidentliyə namizədi Abdullah Gülün parlament səsverməsi ilə seçilməsi müxalifət və ordu tərəfindən qəbul edilmədi. Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə seçkinin birinci turu ləğv olundu. Yaranmış böhranın nəticəsində növbədənkənar parlament seçkiləri (2007-ci il 22 iyul) keçirildi və AKP-nin səs çoxluğu ilə qazanmasından sonra Gülün prezidentliyə gedən yolu açıldı. Bu prosesdə Gülən camaatı müxalifətə və orduya qarşı AKP-yə yaxından dəstək verirdi.
2008-ci ildə AKP-nin bağlanma təhlükəsi yarananda Türkiyənin media və təhsil sektoru ilə yanaşı, hüquq-mühafizə və məhkəmə sistemində də dərin şəbəkə yaratmış gülənçilər bunun qarşısının alınmasına nail oldu.
Konstitsiyanın dəyişikliyi, “Ergenekon” və “Balyoz” əməliyyatı: bu, Türkiyədə ordunun siyasi sistemdəki mövqelərini zəiflətmək və AKP hakimiyyətinin nəzarətini təmin etmək üçün həyata keçirilən ən böyük planlardan biri hesab olunur.
2007-ci ildə seçki böhranı yarananda AKP-camaat ittifaqı Türkiyə ordusuna qarşı birgə əməliyyata start verdi. “Ergenokon” adlanan əməliyyat zamanı istefada olan generallar “terror təşkilatı yaratmaq, hakimiyyəti devirmək” iddiası ilə həbs olundu. “2003-cü ildə hakimiyyəti devirmək” iddiası ilə 2012-ci ildə açılan “Balyoz” (Gürz) cinayət işində də yüzlərlə yüksəkrütbəli hərbçi həbsə atıldı. Gülən camaatının dəstəyi ilə həyata keçirilən əməliyyatlar Türkiyədə bürokratiya, vətəndaş cəmiyyəti və orduda dünyəvi sistemin tərəfdarlarını sıradan çıxarmaq və AKP-nin hakimiyyəti gücləndirməyə hesablanmışdı. Ölkənin siyasi və bürokratik sistemi dünyəvilərdən təmizləndikdən sonra, 2010-cu ildə Konstitusiya dəyişikliyi həyata keçirildi. 1982-ci ildə qəbul edilmiş və AKP-nin tam nəzarətinə problemlər yaradan Konstitusiya hakimiyyətin və camaatın maraqlarına uyğunlaşdırıldı. Qarşılıqlı dəstəklə AKP hakimiyyətini gücləndirir, Gülən camaatı isə ölkənin hüquq-mühafizə, məhkəmə və təhsil sektorunda möhkəmlənirdi.

Ərdoğan-Gülən ittifaqı 2013-cü ilə qədər davam etdi. İttifaqda çatlar camaat mənsublarının hakimiyyət rəhbərliyinə qarşı “17-25 dekabr əməliyyatı” (2013-cü il) ilə yaransa da, təməlində birdən çox səbəb vardı.
1. Ərdoğan və Gülən “ortaq düşmənləri” – dünyəvi sistemin tərəfdarlarını sıradan çıxarmışdı: 2010-cu il Konstitusiya dəyişikliyi bunun ən böyük nətisi idi;
2. AKP Gülən camaatını bürokratiyada və siyasətdəki mövqeyini hakimiyyətə təhlükə olaraq görməyə başlamışdı;
3. Gülən camaatı dəstək verdiyi AKP-nin əli maneələri aşmış, “şəriət və fəth” dövrünü - ölkənin dini əsaslarla idarə edilməsi mərhələsini başlamaq istəyirdi.
Ayrılığın səbəbləri arasında hakimiyyət bölgüsü uğrunda mübarizə, eləcə də xarici siyasətlə bağlı ziddiyyətlər də vardı. Xüsusilə Qərb təsirində olan Fətullah Gülən AKP-nin dəyişən xarici siyasi kursunu qəbul etmirdi. 2013-cü ildə çatların yarandığı ittifaq 2016-cı il dövlət çevrilişinə cəhdlə tamamilə dağıldı və AKP terror təşkilatı (FETÖ) elan etdiyi Gülən camaatını bütün strukturlardan təmizləməyə başladı. Mübarizə bu gün də davam edir, lakin bu düşmənçilik yaxın keçmişdə Ərdoğan-Gülən ittifaqı ilə bağlı həqiqətləri dəyişmir: AKP-nin hakimiyyətə gəlişində və möhkəmlənməsində Fətullah Gülən və camaatının həlledici rolu olub; camaatın Türkiyədə “paralel dövlət” yaratması, eləcə də türk dövlətləri də daxil olmaqla geniş coğrafiyaya yayılması AKP-nin dəstəyi ilə reallaşıb.

2012-ci ildə camaatın təşkilatçılığı ilə keçirilən Türkcə Olimpiadasının bağlanış mərasimində çıxış edən Ərdoğanın Fətullah Gülənə xitabən “Qürbət həsrətdir, həsrətin əvəzi çox ağırdır, biz qürbətdə olan, Vətən torpaqlarının həsrətini çəkənlər aramızda görmək istəyirik. Bu həsrətin bitməsini istəyirik” sözləri onlar arasındakı ittifaqın nə qədər dərin olduğunu göstərən faktlardandır.
Gülən 2024-cü ildə öldü, lakin Türkiyə hakimiyyətində camaata qarşı münasibət dəyiıməyib. Keçmiş müttəfiqlər hələ də düşməndirlər, lakin bunun təməlində ideoloji ziddiyyətlərdən daha çox, siyasi konyuktura dayanır. Çox zəif ehtimal olsa da, siyasi konyukturaya əsasən Gülən camaatı ilə AKP arasında “buzların” nə vaxtsa, əriyəcəyi istisna edilməməlidir. Yaxud Türkiyədə siyasiləşmiş dini camaatlardan birinin FETÖ-yə bənzər şəbəkə qurmaq, fəaliyyət göstərməsi də mümkün variantlar arasındadır. Və bu, Türkiyədəki camaat-təriqət şəbəkəsinin təkcə bu ölkə yox, bütövlükdə region üçün nə qədər təhlükəli olduğunu təsdiq edir.
Asif Nərimanlı
-
ABŞ09:28İrana yeni hücum planlaşdırılır? - ABŞ rəsmiləri bir neçə saatlıq gizli görüş keçirdilər
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru

































.jpg)

