70 yaşlı əməkdar artist: “Oğullarımı indi də danlayıram...” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

70 yaşlı əməkdar artist: “Oğullarımı indi də danlayıram...” - MÜSAHİBƏ

Təkcə uzun illər külüng çaldığı teatrda oynadığı rolları ilə tanınmayıb, eyni zamanda "Doğma sahillər", "Qəzəlxan", "Cavid ömrü", "Küçələrə su səpmişəm", "Yalan", "Hökmdarın taleyi", "Təxribat" və digər milli filmlərimizdə yaratdığı obrazları ilə də yadda qalıb.

Gənclik illərindən taleyini İrəvan Dövlət Azərbaycan Dram Teatrına bağlayan, necə deyərlər, saçını-saqqalını bu qədim sənət ocağında ağardan xalq artisti Vidadi Əliyevin bu gün 70 yaşı tamam olur. Bəzi həmkarlarından fərqli olaraq, doğum günlərində özünü gündəmə gətirən, efirdə ad günü mərasimləri təşkil etdirən sənətkarlardan deyil. Onu müsahibə verməyə razı salmaq bizim üçün də asan olmadı. Şirin ləhcəsiylə, "Nənə, mən nə iş görmüşəm ki, nə də müsahibə verim", - deyib təvazökarlıq elədi. Hətta reallaşdıra bilmədiyi arzularına görə xəcalət çəkdiyini də söylədi.

Aktyorun Publika.az-a müsahibəsini təqdim edirik.

- "70"-dən canınızı qurtardınız, yoxsa çətinliklə ayrıldınız?

- Nə gizlədim, ömrümdən gəlib keçən hər doğum gününə görə xəcalət çəkirəm. Deyirəm ki, bu ili də yelə verdim, heç bir iş görə bilmədim. Arzularım o qədər çoxdur ki, amma noolsun, onları reallaşdırmaq lazımdır. Heç nə eləmədiyimə görə çox utanıram. Buna görə heç qeyd eləmirəm də.

- Utanası o qədər adam var ki, siz niyə utanmalısınız. Maşallah, istər teatrda, istərsə də, kinoda yetərincə gözəl rollar oynamısınız. Dövlət də əməyinizi qiymətləndirib. Buna görə də yaşınızın dadını çıxarın. Sözün düzü, bir 70-ə baxıram, bir sizə - heç cürə uyğunlaşdıra bilmirəm…

- Qəribədir ki, mən də yaşımı hiss etmirəm. Mənə elə gəlir ki, həm fiziki imkanlarım baxımından, həm də ruhən 25 il bundan əvvəlki Vidadiyəm. Amma kimdir mənim dediyimlə hesablaşan, sayğac yazır e… Yenə sovetin vaxtında gizlincə sayğaca təsir edib dayandıra bilirdik, indiki sayğaclar ildırım sürəti ilə yazır.

- Adətən, kişi cavan qalanda deyirlər, yəqin, arvad yaxşı baxıb. Arvad sarıdan yarımısınız?

- Yox e, ömrümüz elə vurhavurla keçib. Təsəvvür edin, o əqrəb, mən də qız bürcü… Mən hələ qəhrəmanam e, onunla yola getmişəm… Bu iki bürc də ömründə bir-biri ilə düz gəlmir. İkimiz də sənət adamıyıq. Heç vaxt da bir-birimizin gördüyü işi bəyənməmişik. İşdə başlayan tənqidi fikirlər evdə davam edib. İndi görün nə çəkmişəm də… Amma bu, işimə yarayıb, vurhavuru ilə qoymayıb yatam, həmişə ayıq olmuşam. Yəqin, elə buna görə də cavan qalmışam.

- İkiniz də eyni sahənin adamlarısınız. Bir-birinizi tərəf müqabillərinizə qısqanmısınız?

- Heç vaxt məndə belə şey olmayıb. Tək məndə yox e, teatrımızda çalışan cütlüklərin heç biri qısqanmağı ağlına da gətirməyib.

- Amma qadınlar qısqanc olur...

- Elmirada da olub qısqanclıqlar. Çünki o vaxt cavan qızlar mənə çox məktub yazırdılar. O da qısqanıb dava salırdı.

- Yəqin, siz də o məktubları cavabsız qoymurdunuz, yoxsa, arvad buna imkan vermirdi?

- Gözünün qabağından çəkilməyə qoyurdu ki, məktuba cavab da yazam? Evdə də yanımdaydı, çöldə də…Göz açmağa qoyurdu ki?(Gülür).

- Məncə, sizi gənc saxlayan elə bu zarafatlarınızdır. Bəs formada qalmağınız üçün neyləmisiniz?

- Mən təbiəti çox sevirəm, bir də hərəkət etməyi. Ağacları sulamaq, gül-çiçəklərə qulluq etmək xoşuma gəlir. Təbiətlə təmasdan aldığım zövqü heç nədən ala bilmirəm. Bir də yeməklə heç aram yoxdur. Elə gün olur, axşam saat 7-8-ə qədər yemək yemirəm, heç acmıram da. Axırda evdəkilər çağırır ki, heç olmasa, axşam bir tikə çörək ye. Bəlkə, buna görə arıq qalmışam.

- Yəqin, oğlanlarınız Oqtayla Elçin sizə baxanda paxıllanır…

- Üzümə deməsələr də, yəqin ürəklərindən keçirirlər (gülür). Londonda qan analizi etdirirlər, nə bilim cürbəcür pəhriz-filan saxlayırlar. Amma mən heç nə eləmədən beləyəm.

- Xaraktercə oğlanlarınızın hansı daha çox sizə oxşayır?

- Mən onların ikisində də özümü görürəm. Elçində olan dəlisovluq, çılğınlıq və Oqtaydakı təmkin, uzaqgörənlik, ağıl-xarakterlərim onların ikisində də var.

- Sözünüzə baxırlar, yoxsa?

- Yox, baxırlar.

- Bu yaşlarında heç onları danlayırsınız?

- Danlayıram. Elə iki gün bundan qabaq Elçini qarşımda otuzdurub danladım.

- Bilmək olar nə üstündə?

- Konkret səbəb yox idi, amma müəyyən şeylər vardı ki, ona başa saldım, öyüd-nəsihət verdim. Dedim bir işi görürsən, axıra qədər gör, bezib kənara çəkilmə. Elçin evin sonbeşiyi olub, bir az ərköyündür.

- Amma öz təbirinizcə desəm, dəlisov Elçini, deyəsən, ağıllı Oqtaydan daha çox istəyirsiniz?

- Sonbeşiyi çox istəmişik həmişə. Onu da deyim ki, qızım olmayıb, həmişə qızımın olmasını arzulamışam. Qismət elə gətirdi ki, Allah Dilarəni mənə pay göndərdi. Onu gəlinim yox, elə qızım bilirəm.

- Aranızı vurmaq üçün demirəm, amma Dilarə qayınanasını daha çox istəyir, haçan baxırsan onu tərifləyir. Hələ bir dəfə də olsun sizi təriflədiyini eşitməmişəm.

- Gəlin-qayınana onların öz işidir, neyləyirlər eləsinlər, bir-birini nə qədər tərifləiyrlər tərfiləsinlər. Mən öz adımdan deyirəm ki, Allah Dilarəni mənə qız payı göndərib.

- Vidadi müəllm, yaxşı ailə başçısı olmaqla bərabər siz həm də gözəl aktyorsunuz… Teatrdakı rollarınızdan başqa "Cavid ömrü", "Hökmdarın taleyi", "Təxribat", "Yalan" və digər filmlərdə oynamısınız. Maraqlıdır, özünüzü teatrda daha rahat hiss edirsiniz, yoxsa kinoda?

- Kinoda daha rahatam. Mən uşaqlıqdan kol dibində, dağda-daşda uşaqlarla dava-dava oynayıb, "raqatka" atıb, özümü rolda hiss eləmişəm. Nə vaxtsa, kinoya çəkiləcəyim günün həsrətini yaşamışam.

- Fikir vermişəm, həmişə müsbət rollarda oynamısınız. Görünüşünüzə görə rejissorlar sizə bu rolları təklif edib, yoxsa insanların nifrətindən qorxub mənfi rollardan qaçmısınız? Ümumiyyətlə, sizin üçün rolun mənfi, ya müsbət olmasının fərqi varmı?

- Nə gizlədim, həmişə müdrik, ağıllı insanların obrazını yaratmaq istəmişəm. Çünki bu gün ətrafımızda o qədər pisliklər yaşanır ki, istəyirəm insanları həqiqətə, kişiliyə çəkəm, onları ayıldam. Rollarımla onlara təsir edəm. Buna görə istəmirəm mənfi rol oynayım.

- Seriallarda da oynayırsınız. Maşallah, varlı bibiniz var, "Miras"ı nəzərdə tuturam. Dədə-babadan sizə nə miras qalıb?

- Dədə-babamdan mənə qalan miras bir dənə sazdır. Həmin sazı da mənə Zəlimxan Yaqub bağışlayıb. Elə bilirəm mənim üçün onlardan qiymətli dünyada heç nə yoxdur.

- Hər bir aktyorun ürəyində arzuladığı, amma oynamadığı rollar olur. Bəs sizdə?

- Bayaq elə ona təəssüflənirdim ki, oynamaq istədiyim rolları oynaya bilmədim. Yaş üstünə yaş gəldi, o rollar içimdə qaldı. Məsələn, Hamleti oynamaq istəyirdim oynaya bilmədim.

- Niyə oynamadınız ki, rejissorlar vermədi?

- Yox, çalışdığım İrəvan Teatrında o şərait olmadı, çətinliklər yaşadıq. Aktyor həmişə istəyir ki, səhnənin boyasının iyini ciyərlərinə çəksin, tozunu udsun… Mən qrim otağı nədir bilməmişəm, çünki olmayıb.

- Kral Lir üçün əsl vaxtınızdır…

- Hə, indiki yaşımda Kral Liri oynamaq istərdim. Mən həm də rejissoram, bir çox tamaşalara quruluş vermişəm. Səhnələşdirmək istədiyim tamaşalar var, bunu da edə bilmirəm. Arzularım o qədər çoxdur ki…

- İstəmirəm doğum gününüzdə belə kövrək notlara köklənəsiniz. Deyin görək, ilk hədiyyəni kimdən aldınız?

- Hər il mənə ilk hədiyyəni Oqtayla Dilarə bağışlayır. Yəqin ki, bu il də nəsə hədiyyə edəcəklər. Mənim üçün yada salınmağım elə ən böyük hədiyyədir. Elə siz də, məni yada salıb təbrik etdiniz, mənə sanki dünyanı bağışladınız…

- Yaddan çıxmış adamları yada salırlar, siz həmişə yadımızdasınız.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm