Azərbaycanda milyonlarla şəxsi SEVİNDİRƏCƏK QƏRAR: 1 həftə sonra...
Bizi izləyin

Magazin1

Azərbaycanda milyonlarla şəxsi SEVİNDİRƏCƏK QƏRAR: 1 həftə sonra...

Deyirlər ki, toy olacaq! Çoxdan gözlənilən icazənin sorağı çıxar-çıxmaz elimiz toy hazırlıqlarına başladı. Nəhayət ki, vağzalı sədaları ətrafa yayılacaq, ən gözəl donunu seçən gəlin və qızlarımız yaxınlarının toyunda əl açıb doyunca rəqs edə biləcək. Amma Məşədi İbad demişkən, bu həna o hənadan deyil. Qapanma dövrünün tendensiyalarının “mübarək əli” hələ ki, başımızın üzərindədir. Şənlik mərasimlərində aparılacaq monitorinq tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət olunmasına nəzarət ediləcək.

Operativ Qərargahın qərarına hamıdan çox musiqiçilər və restoran biznesində çalışanlar sevinir.

Publika.az sənət adamlarının toylarla bağlı qərara münasibətini öyrənib.

Əməkdar artist Rəşad İlyasov açıqlamasında bildirib ki, musiqiçilər müəyyən qaydaları gözləmək məcburiyyətindədir:

“Musiqiçiləri və toy biznesində çalışan bütün dostlarımızı təbrik edirəm. Toy Azərbaycan ictimaiyyətində və Azərbaycan vətəndaşının həyatında çox önəm daşıyır. Odur ki, toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilməsi müsbət haldır. Düşünürəm ki, az sayda qonaq çağırmaq istəyənlər toylarını edə bilərlər. İlk baxışda müəyyən çətinliklər ola bilər, istənilən halda uzun qadağalardan sonra bu çətinliklər də gözə görünməyəcək. Müəyyən qadağalar var, mövcud vəziyyətlə əlaqədardır. Yəqin ki, payıza qədər vəziyyət yaxşılaşacaq.

Xalqımızı, xüsusilə toya gələn qonaqları müəyyən qaydaları gözləməyə dəvət edirəm. Vaksinasiyanı tez həll etsinlər. İnşallah, tezliklə normal həyata qayıdar və bu mərasimləri əvvəlki ruhda yerinə yetirərik. Bəzi qadağalar var ki, onların qüvvədə qalması labüddür. Onlara əməl etsək, tez bir zamanda normal həyatımıza dönərik. Nəinki toylar, konsertlərin də keçirilməsinə icazə verilməsi səbirsizliklə gözlənilir. Pandemiyadan dolayı, konsertlərim və xaricdəki tədbirlərim ləğv olundu”.

Xalq artisti Gülyanaq Məmmədova qeyd edib ki, verilən qərar onu çox sevindirib. O bildirib ki, qərardan bir neçə saat keçəndən sonra dəvətlər gəlməyə başlayıb:

“Yavaş-yavaş normal həyata qayıdırıq, hər şey öz yoluna düşür. İl yarımdır ki, nə qədər canlar itirdik, stress yaşadıq, depresiyyaya düşdük. Verilən qərarlara əməl etməyə borcluyuq. Virusu keçirdiyim üçün hələlik vaksin vurdurmağa ehtiyac yoxdur. O qədər sevindim ki, səhərdən bütün dost-tanışlarım bizə gözaydınlığı verir. Artıq toy sifarişləri gəlməyə başlayıb, bütün insanlar balalarına toy etmək və onların sevincinə şahid olmaq istəyir. Toya hazırlaşan bütün cütlüklərimizi Allah xoşbəxt etsin! Təki el-obamızdan toy səsi gəlsin”.

Ötən il toy və konsertlərin keçirilməsinə icazə verilməsi üçün TƏBİB-ə müraciət ünvanlayan Xalq artisti Tünzalə Ağayeva bildirib ki, bütün strukturların onun bu addımından xəbəri olub:

“Bütün strukturlar bu məktubu görmüşdü, hətta TƏBİB-dən reaksiya gəlmişdi. Qurumun nümayəndələri ilə telefon danışığımız olmuşdu. Məsələ ondan ibarətdir ki, toy biznesində milyonlarla insan qazanc əldə edir. Bu sferada nə qədər insan çalışır: gülçülər, mətbəx və qida işində çalışanlar, tonlarla təsərrüfat mallarının satılması, gözəllik sektoru, geyim sənayesi, qidadan tutmuş parça, mebel, ev satışı və s. Bu siyahının sonunda musiqiçilər gəlir. Sonuncu olsaq da, toyun ən vacib detallarıyıq. Toyu musiqisiz təsəvvür edə bilmərik.

Hazırkı reallığı nəzərə alsaq, qaydalarla əlbəttə ki, razılaşıram. Aydın idi ki, bu sferada birdən-birə kütləvi tədbirlərin keçirilməsinə icazə verilməyəcək. Alışdığımız 500 və 300 nəfərlik toylar olmayacaq. Amma heç olmamasından yaxşıdır. Operativ Qərargaha vəziyyəti dəyərləndirib toylara icazə verdiyi üçün təşəkkür edirəm. Nə qədər çox əhali peyvənd olunarsa, məhdudiyyətlərdən xilas olma şansımız bir o qədər artar. Bir tərəfdən sevinirik, digər tərəfdən il yarımdır qorxu içində yaşadığımız üçün fikirləşirik ki, payızda vəziyyət necə olacaq? Görəsən, qapanma olacaqmı? Hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür, özünü və ətrafını qorumağa davam etməlidir. Qaydalarda göstərilir ki, musiqiçilərdən başqa bütün heyət maskada olmalıdır. Bu, artıq bir zərurətdir. Çünki heç bir müğənni maskada oxuya bilməyəcək. Amma müğənni ən azı səhnəyə gələnə qədər bu qaydaya əməl etməlidir”.

Müğənni hesab edir ki, cəmiyyətimiz vaksinasiya prosesində aktiv iştirak etməklə özünü qorumağa davam edərsə, payızda qapanma riskinin qarşısı alınar:

“Başda özüm olmaqla musiqiçi heyətimin hamısı vaksin vurdurub. Odur ki, hər baxımdan tədarükümüzü yerinə yetirməyə çalışmışıq. Vaksin olunan şəxslər ehtiyatlı olmalıdır, çünki bu, xəstəlikdən 100% qoruma təmin etmir.

Bu biznesdən evinə çörəkpulu aparan hər kəsin gözü aydın olsun. Bu sferanın yenidən işləməsi böyük fürsətlər yaradır. Ola bilsin ki, qaydalar zamanla dəyişəcək, yeni ənənələr formalaşacaq. Arzu edirəm ki, bu dəyişiklik və yeni ənənələr yaşamımızın xeyrinə olsun”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm