"Əbədi şəhər"in ən sirli və unikal guşəsi - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

"Əbədi şəhər"in ən sirli və unikal guşəsi - FOTOLAR

Romada Qarbatella adlı kiçik bir məhəllə var. Paytaxtın cənub-şərq hissəsində yerləşən məhəlləni rahat, qəribə evləri, yaşıl bağları, kilsəsi, məktəbi, simvolları və füsunkar tarixi ilə “Əbədi şəhər” daxilində ayrı bir dünya adlandırırlar.
Qarbatella Romanın ən gizli və unikal guşəsidir. Burada yerli romalılar yaşayırlar. Kommunistlər, partizanlar, qanqsterlər və Papanın özü burada izlərini qoyub.

Turistlər bu ərazini o qədər tanımırlar. Ona görə dar küçələrində az sayda turist qruplarına rast gəlmək olur. “Əgər siz məhəllənin sakinləri ilə söhbətləşsəniz, onları müşahidə etsəniz və küçələrində gəzsəniz, Qarbatellanı hiss edəcəksiniz. Gəzinti sizə qeyri-adi fotoşəkillər və zamanla səyahət hissi bəxş edəcək”, - deyə məhəlləni gəzən turistlər öz rəylərində yazırlar.

Binalar arasında gizlənən məhəllə

“Qarbatella” metrostansiyasından bu əraziyə daxil olan kimi ziyarətçini “Ponte Ostiense” körpüsü qarşılayır. Körpünün qeyri-adi memarlığına laqeyd qalmaq olmur. Üstünə çıxıb ətrafı seyr edir, fotolar çəkirsən.

Hazırda məhəllənin kənarları çoxmərtəbəli binalarla örtülüb. Əvvəlcə yalnız çoxsaylı tikililərlə qarşılaşırsan. Bir az da irəli gedib binalar arasında gizlənən, bir əsrdən çox yaşı olan məhəllənin dar küçələri, köhnə evləri, xudmani həyətlərini görür, gözəllikdən zövq alırsan. Məhəllənin fərqli xüsusiyyəti açıq həyətlər və bağlar, İtaliya paytaxtının digər yerlərində eşidilməyən səssizlik və romantik atmosferdir. Qarbatellanın adı, tarixi, memarlığı və sakinləri 20-ci əsrin əvvəllərindəki Roma həyatının canlı ensiklopediyası hesab edilir. Burada gözəl italyan xiyabanlarını, orijinal qraffitiləri və gündəlik şəhər həyatından səhnələri müşahidə etmək olur. Qarbatelladakı atmosfer son yüz ildə dəyişməyib. Məhəllə öz köhnə binaları ilə “böyük” Romadan fərqlənir.

“Ana Roma” filminin çəkildiyi yer

Qarbatellanın maraqlı tarixi var. Ərazinin tikintisinə 1920-ci ildə İtaliya kralı III Viktor Emmanuelin fərmanı ilə başlanılıb. Layihə dənizçilərin və limana xidmət edən işçilərin yaşayış məntəqələri ilə yanaşı, yeni çay limanının tikintisini nəzərdə tuturdu. Qarbatella dövrün dəb trendinə - ingilis bağ şəhərinə uyğun olaraq hazırlanır. Ərazidə ingilis bağ şəhəri konsepsiyası əsasında 40 villa tikmək qərara alınır. Hər bir evdə sakinlərin tərəvəz və meyvə yetişdirə biləcəyi torpaq sahəsi olmalı idi. Bu gün də həyətlər və bağlar kənarda yerləşir. Bu, Qarbatella bölgəsini Romanın digər ərazilərindən fərqləndirən xüsusiyyətdir. Məşhur diktator Benito Mussolininin hakimiyyətə gəlməsi ilə rayonun inkişaf planı əhəmiyyətli dəyişikliklərə məruz qalır. Mövcud villalar sökülmür, lakin diqqət cəlbedici olmayan binaların tikintisinə yönəlir. Yaşıl sahələr qismən kəsilir, çay limanı isə heç vaxt tikilmir. Dənizçilərin və liman işçilərinin əvəzinə, əraziyə Mussolininin şəhərin yenidən qurulması layihəsinə uyğun olaraq evləri sökülən mərkəzi Roma sakinləri köçürülməyə başlanır. Beləcə sakinlər paytaxtın fəhlə sinfinə qarışır.

Qarbatella qurulandan dərhal sonra Roma sakinləri üçün xüsusi bir yerə çevrilir. Məşhur italyan rejissorları çəkiliş üçün məkan kimi Qarbatellanı seçirlər. Pasolini dramatik “Ana Roma” filmini burada çəkib. Ərazini gəzdikcə sanki zaman maşınına qədəm qoyub evdar qadınların camaşırlarını asdığı, pəncərələrdən qəhvə qoxusunun sızdığı, ağ-qara italyan kinosunun ruhunun havada uçuşduğu bir əsr əvvəlki sakit həyata daşınırsan.

Binalardan birində paytaxtın və ümumilikdə İtaliya futbolunun simvolu olan Françesko Tottinin portreti demək olar ki, iki mərtəbəni əhatə edir. Əfsanəvi kapitan küncdən kənara baxır. Bu, Tottinin “Əbədi şəhər”dəki yeganə obrazı deyil.

Roma papasının ziyarət etdiyi kilsə

Dar küçələr ziyarətçini “Piazza Damiano Sauli” meydanına aparır. Burada son xəbərləri müzakirə etmək üçün kiçik qruplar şəklində toplaşmağı sevən yerli sakinlərin dedi-qodularını dinləmək maraqlıdır.

“San Francesco Saverio” kilsəsi də bu ərazidə yerləşir. Məhəllə sakinləri II İohann Pavelin Papa seçildikdən sonra ziyarət etdiyi ilk kilsənin “San Françesko Saverio” olmasından böyük qürur hissi keçirirlər. Bu seçimi izah etmək asandır - Papanın bu kilsə haqqında xüsusi xatirələri var idi. O, tələbə kimi bazar günləri bura gəlir və kilsə ibadətlərinin aparılmasına kömək edirdi. Xüsusən həftə sonlarında yerli uşaqlara və kasıb sakinlərə dəstək məqsədi ilə bu kilsədə çox vaxt keçirirdi.
Meydanda Cesare Battisti İctimai İbtidai Məktəbi də yerləşir. Məktəb məşhur italyan serialı “Cesaroni” (I Cesaroni) rejissorlarının diqqətindən kənarda qalmayıb.

Karlotta fəvvarəsi isə əfsanəyə görə, xoşbəxtlik üçün içməli bulaqdır. Sevgililər bulağın ətrafında oturmağı çox sevirlər. İtalyanların bu inancı məhəlləyə gələn qonaqlara da sirayət edir.

Qloballaşma və yeni şəhərsalma yerli əhalinin əsl italyan ruhunu kökündən ayıra bilməyib. Bir çox yerli romalı təlaşdan qaçmaq, yerli gözəllikdən həzz almaq və həmişə olduğu kimi, qonşuları haqqında hər şeyi bilən və yoldan keçənlər haqqında sonsuz qeybət edən yerlilərlə ünsiyyət qurmaq üçün buraya gəlməyi sevir. Yerli sakinlər kənar adamlarla da mehribandırlar. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm