CANLI ŞAHİDLƏR: “Ölümünə razıydıq, təki meyitini salamat tapaydıq" - - FOTOLAR
Bizi izləyin

Tarix

CANLI ŞAHİDLƏR: “Ölümünə razıydıq, təki meyitini salamat tapaydıq" - - FOTOLAR

Əməliyyata rus tankları da dəstək verirdi.

Xocalı sakinlərinin ağlına da gəlməzdi ki, bir gün doğma yurdları Oradur-sür-Qlan, Xatın, Liditse kimi soyqırımına məruz qalmış şəhərlər, qəsəbələrlə eyni aqibəti yaşayacaq. Aylarla düşmənlə üz-üzə qalmış, əli hər yerdən üzülmüş xocalılılar hər gün ölümlə qarşılaşır, atəş altında yaşayırdılar. Amma sonra məlum oldu ki, əsl faciə hələ qabaqdaymış...

Bu barədə isə Publika.az-a Xocalı sakinləri Ulduzə Əliyeva və oğlu Sabit Əliyev danışır.

“Heç ağlımıza da gəlməzdi ki...”

Xocalı faciəsi barədə danışmağın çətin olduğunu deyən Ulduzə Əliyeva 25-dən 26-na keçən gecəni belə xatırlayır: “Həmin dəhşətli anlar, qırğınlar, günahsız insanların ölümü yenidən adamın gözləri önündə canlanır. Heç ağlımıza da gəlməzdi ki, ermənilər Xocalını yer üzündən siləcəklər. Onlar tez-tez deyirdilər ki, “Xocalını yandıracağıq”. Hətta bir neçə dəfə buna cəhd də göstərmişdilər. Amma məqsədlərinə nail olmamışdılar. Düşmən dəfələrlə Xocalıya hücuma keçsə də, itki verib geri çəkilmişdi.

Polis dəstəsi və könüllü özünümüdafiə qüvvələrinin müdafiə etdiyi Xocalıda son günlər silah-sursat çatışmasa da, ermənilər şəhəri ələ keçirə bilmirdilər. Düşmən Xocalını məhv etmək üçün xüsusi əməliyyat planı qurmuşdu. Əvvəlcə şəhəri güclü artilleriya atəşinə tutub mühasirə halqasını daraltdılar. Fevralın 25-də saat 23 radələrində qəsəbə güclü artilleriya atəşinə tutuldu. Sakinlər aylarla raket, top mərmilərinə öyrənmişdilər. İnanın, heç bəziləri top mərmilərinin partlayışlarına məhəl qoymurdu. Heç kim düşmənin atəşindən qorxmurdu. Lakin həmin gecədəki artilleriya atəşi tam fərqliydi...”

“Xocalının bütün sakinlərinin məhvi planı baş tutsaydı...”

Həmsöhbətimiz deyir ki, güclü hücumla üzləşən özünümüdafiə batalyonunun döyüşçüləri evlərdə, həyətlərdə müdafiəyə çəkilmişdi: “Çünki səngərlər dağıdılmışdı. Artilleriya öz işini gördükdən sonra əsgərlər hücuma keçdi. Şəhərin bütün giriş-çıxış yolları düşmənin nəzarətində idi. Ermənilər sakinlərə çıxış vermək niyyətindən uzaq idilər. Onların əsas planı bütün Xocalı sakinlərini qətlə yetirmək, şəhəri isə yerlə yeksan etmək idi. Əgər bütün sakinləri məhv etmək planları baş tutsaydı, qətlə yetirdikləri qadınların, qocaların və uşaqların meyitlərini basdırıb, burada ümumiyyətlə, heç kimin yaşamadığını iddia edəcəkdilər, ki, guya azərbaycanlılar şəhəri çoxdan tərk edib və Xocalıda ancaq ermənilər yaşayır...”

Ulduzə xanım deyir ki, sakinlər Ağdamdan və digər yerlərdən kömək gəlməyəcəyini görüb meşələrə üz tutmuşdular: “Ermənilər Xocalını tərk edə bilməyən qocaları vəhşicəsinə öldürmüşdülər. Girov götürdükləri qohumum Niftalı kişiyə olmazın işgəncələr vermişdilər.

Elman adlı avtobus sürücüsünün başına gətirilənlər isə əsl vəhşilik idi...

Ailələrə müsibətlər yaşatmışdılar: atanın gözləri qarşısında iki oğlunun, girov düşmüş qadının gözləri qarşısında övladının başını kəsmişdilər.

Ağdama gətirilmiş meyitləri görəndə adam dəhşətə gəlirdi. Ermənilər şəhidlərin başlarının dərisini soymuşdular. Kəsik başı meyitin yanına qoymuşdular ki, onun həmin bədənə aid olduğu bilinsin...”

Onun sözlərinə görə, düşmən Xocalının özünümüdafiə batalyonunda döyüşmüş sakinlər barədə məlumatlı olub: “Buna görə də əsgərlərə xüsusi amansızlıqla işgəncə vermişdilər. Şəhərin müəyyən yerlərində atışma gedirdi. Hətta sakinlər oradan çıxdıqdan 2-3 gün sonra da ayrı-ayrı yerlərdə döyüşlər baş vermişdi. Bəziləri sona qədər döyüşərək təslim olmamışdı”.

“Əməliyyata rus tankları da dəstək verirdi...”

Ulduzə Əliyevanın oğlu, Xocalını 14 yaşında tərk etmiş Sabit Əliyev də deyir ki, hər gün düşmənin artilleriya atəşinə məruz qalırdılar: “Mübaliğəsiz deyim ki, ermənilər hansısa gün güllə atmayanda təəccüblənirdik. Belə çətin şəraitdə böyüyürdük. Düşmənin haçansa Xocalını işğal edəcəyindən qətiyyən qorxmurduq. Bəzi evlərdə olduğu kimi, bizim də evimizin damında “Alazan” və “Kristal” raketlərinin mərmiləri vardı. Xocalının son günlərində evimizin damında 70 mərmi gizlədilmişdi. Hərbçilər onları səngərlərə daşıyırdı.

Son günlər qəsəbənin ərzaq və silah ehtiyatlı tükəndiyindən, vəziyyət getdikcə ağırlaşırdı. Bu, güclü hücum əməliyyatı idi. Hücumda 366-cı alayın hərbçiləri, Əfqanıstanda döyüşmüş əsgərlər iştirak edirdi. Onlar təcrübə keçmiş zabitlər idi. Aralarında ermənilər də kifayət qədər idi.

Əməliyyata rus tankları da dəstək verirdi. Çünki erməni tanklarının sayı o qədər də çox deyildi. Erməni və rus artilleriyasının güclü partlayışları Xocalıda yanğınlar törətməyə başladı. Xocalı döyüşçülərinin isə zirehli texnikası yox idi. Silahlarımız “Kalaşnikov” avtomatlarından, “Alazan” və “Kristal” raketlərindən ibarət idi...

Anamı, bacılarımı, nənəmi və məni döyüşçümüz Zahid Qarayev ermənilərin caynağından xilas edərək Xocalıdan çıxardı. Lakin qardaşlarım Aftandil və Arif Xocalıda qaldılar. Onlar şəhərin müdafiəçilərinə qoşulmuşdular.

Yadımdadır, Xocalıdan sağ çıxanları Şelli dağının ətəyində qarşılayırdıq. Qohumlarımızı Xocalıdan xilas edilib Ağdama gətirilmiş insanların arasında tapmayanda rayon məscidinə gedirdik. Şəhidlərin cəsədləri ora gətirilirdi. Əgər faciədən əvvəl xocalılılar qəsəbədəki doğmalarının sağ qalmasını arzulayırdılarsa, qırğından sonra hamı əzizinin meyitinin toxunulmamış halda gətirilməsini istəyirdi ki, heç olmasa, cəsədi tanıya bilsin...”

Sabitin sözlərinə görə, fevralın 28-də, martın 1-də çoxları qəsəbədəki doğmalarının sağ qalmasından ümidlərini üzmüşdülər: “Milli qəhrəmanlar Əlif Hacıyev və Aqil Quliyev, qardaşım Arif Əliyev xilas etdikləri sakinləri Şellinin ətəyindən ötürüb, digərlərini düşmənin əlindən xilas etmək üçün yenidən geri qayıdırdılar. Qardaşım xilas etdiyi sonuncu Xocalı sakinlərini dağın ətəyinə gətirib bizim mövqeyimizə ötürəndə, ayağından yaralı idi. Amma buna baxmayaraq, xilasetmə əməliyyatına getdi.

Biz iki gün Şellinin ətəyində Xocalıdan sağ gələnlərin yolunu gözlədik. Xilas edilənlər beş-beş, bəzən də on nəfərlik qrup halında gəlirdilər.

Ayın 28-nə qədər qardaşlarımın Xocalıdan gəlmələrini gözlədik. Hər gün Ağdam məscidinə gedib qayıdırdıq. Sonda eşitdik ki, Xocalıda bir neçə nəfər qalıb. Onları xilas etmək üçün irəli getmək lazım idi. Bu isə həmin günlərdə qeyri-mümkün idi. Martın əvvəllərində eşitdik ki, ermənilər qardaşım Arifi polis yoldaşları ilə birlikdə öldürüblər. Qardaşımın meyitini batalyon komandiri Allahverdi Bağırovun döyüşçüləri Əlif Hacıyevin və Aqil Quliyevin cəsədləri ilə birlikdə martın 1-də Ağdama gətirdilər. Onların meyitləri 3-4 gün meşədə qalmışdı.

Ağdam məscidinin içi şəhid cəsədləri ilə dolmuşdu. Ermənilər cəsədləri tanınmaz hala salmışdılar. Birinin ayağı, başı, burnu, qulağı, başqa birinin qolu kəsilmişdi. Hamı öz doğmasının meyitini axtarırdı. Əsgərlərimiz Arifin cəsədinin gətirilməsi əməliyyatına dərhal başlamışdılar deyə, düşmən onun meyitinə toxuna bilməmişdi. Buna görə qardaşımı dərhal tanıdım. Bədənində doqquz güllə yarası vardı. Onlardan biri bir neçə gün əvvəl aldığı güllə yarası idi. Digər yaraları isə şəhid olan gün almışdı. Qardaşımın cənazəsi Ağdam məscidində yuyulub kəfənləndi və orada da dəfn edildi”.

Diri-diri qəbirə girdi...

Müsahibim deyir ki, hər gün Ağdam məscidinə onlarla, yüzlərlə meyit gətirilirdi: “Ermənilər bəzi meyitləri tanınmaz hala salmışdılar. Yaşımın az olmasına baxmayaraq, əzilmiş cəsədlərdən qorxmurdum. Allah hər birimizə səbir, güc vermişdi.

Digər qardaşım - Xocalı könüllülərinə qoşulmuş Aftandil Əliyev isə viran edilmiş şəhərdən təkbaşına qayıtmışdı. O, Xocalını tərk edən sonuncu sakinlərdən idi. Biz bir neçə gün ondan heç bir xəbər ala bilmədik. Kimdən soruşurduqsa, deyirdilər ki, kənddən çıxıb.

Aftandil 5 gün kənddə, mal-qaranın örüş yerində, qəbiristanlıqda gizlənmişdi. Hətta bir dəfə erməniləri bizimkilər bilib yaxınlaşmaq istəyib. Düşmən Aftandili atəşə tutub. Qardaşım güllələrdən zorla yayına bilmişdi. Qaçıb qəbiristanlıqdakı köhnə məzarın içində gizlənmişdi. Dörd gün ac qaldıqdan sonra tövləyə girib öldürülmüş mal-qaranın ətini yemişdi. Deyir ki, “heyvanların əti iylənsə də, aclıq güc gəldiyindən, yeməli oldum...”

Aftandil Əliyev bir neçə gün sonra ermənilərin ərazidən uzaqlaşdığını görüb, qəbiristanlıqdan çıxıb və martın 6-da Ağdama tərəf yollanıb: “O, mövqelərimizə çatmaq üçün iki gün gecə piyada yol gəlməli olmuşdu. Birinci posta çatanda taqətini itirmişdi. Döyüşçülərimiz onu çiyinlərinə alaraq səngərə gətirmişdilər...

Ayaqları donmuşdu. Bir neçə gün yeriyə bilmədi. Ona 2-3 gün yemək vermədik. Qidanı ancaq şirə kimi içirirdik. Soyuqdan əllərinin, üzünün də dərisi cadar-cadar olmuşdu.

Ayaqlarında çürümənin baş verməməsi üçün onu Bakıya gətirib müalicə etdirdik. Yoxsa ayaqlarını amputasiya edəcəkdilər...”

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm