Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...
Bizi izləyin

Tarix

Ona Məmməd Əminin kim olduğunu Atatürk başa salacaqdı...

1-ci yazıya keçid


Köhnə Sovet lətifəsi, bəlkə də əhvalatıdır.

Plan üzrə ucqar kəndlərin birində elmi ateizmlə bağlı mühazirə oxunur.

Natiq qarşısındakı mətni sürətlə oxuyur.

Zəhmətkeşlər “materiyanın əbədiliyi”, “substansiya”, “seyrçi materializm”, “ateist tərbiyə”, “şüurun materiyaya görə ikinciliyi” kimi sözləri şübhəsiz ki, başa düşmürlər.

Nitq bitdikdə bir ağsaqqal belə bir sual verir: “İndi bu dedikləriniz bizim mal-qaraya ziyandır, yoxsa xeyir?”

Tarix isə bu cür invariant deyildir...

Hər bir hadisənin müxtəlif tərəfləri var...

Eləcə də hər insanın...

1939-cu ilin mayı...

Əhməd bəy Ağaoğlunun vəfatı münasibətiylə Məmməd Əmin Rəsulzadənin Türkiyənin “Xalq” qəzetində (Məqaləni professor Vilayət Quliyev dilimizə uyğunlaşdıraraq dərc edib)

Məqalə Əhməd bəyin portret çizgilərini dolğunluqla təsvir edir.

Aralarındakı fikir ayrılıqları da obyektiv şəkildə ifadə edilmişdir.

Oxuyuruq: “Əhməd bəyə əbəs yerə “firəng Əhməd” ləqəbini verməmişdilər. Yaddan çıxarmaq olmaz ki, bu ləqəb ona sadəcə “Firəngistanda” təhsil aldığına görə deyil, daha çox fransız fikir və ideallarını müsəlman məmləkətində yaymaq məsələsində göstərdiyi fəaliyyətə görə verilmişdi”.

Ardınca isə belə bir sitat: “Əhməd bəyin “firəngliyi” “Üç mədəniyyət” əsərində özünü daha mükəmməl şəkildə büruzə vermişdir”.

ARAYIŞ: Üç mədəniyyət dedikdə Qərb, İslam və Buddist-brahman mədəniyyətlərini nəzərdə tutan Ağaoğlu bu nəticəyə gəlirdi: “Qərb bütövlükdə BİZƏ qalib gəlmişdir. Buna görə də mövcud olmaq istəyiriksə, həyatatmızın bütün istiqamətlərində - ancaq geyimimiz və bəzi institutlarımızla yox, beynimizlə, ürəyimizlə, düşüncə tərzimiz və zeyniyyətimizlə Qərb mədəniyyətinə tabe olmalıyıq. Başqa xilas yolumuz yoxdur”.

Rəsulzadənin sonrakı abzası isə belədir: “Həyatının sonlarında ümumən türkçü və türkiyəçi kimi tanınan Ağaoğlu...”

Yəni, əvvəl türkçü deyildi...

“Türkiyəçi” barədə sonra...

Məqalənin başqa bir yerində isə Rəsulzadə yazır: “Türk təbiri ilə müsəlman sözü şəxsən Əhməd bəyin özünün məqalələrində də hələ bugünkü təsnifini tapa bilməmişdi”.

Məsələlər sadəcə olaraq nəzəri istiqamətlə yekunlaşmır...

Sürətlə bu sitata da nəzər salaq...

“Azərbaycan Cümhuriyyəti təşkil olundu. Bu təşəkkül prosesində Əhməd bəyin rolu ikinci dərəcəli və epizodikdir”.

Rəsulzadə umu-küsü etmir, ancaq Əhməd bəy Ağaoğlunun siyasi düşüncəsinin təkamülünü, eləcə də onun Azərbaycana münasibətini aydın şəkildə ifadə edir.

Rəsulzadənin 1920-ci illərdə Ceyhun bəy Hacıbəyliyə (Üzeyir bəyin kiçik qardaşı) yazdığı məktublarda da Əhməd bəydən narazılığını bildirir.

Mühacir neft sənayeçisi Həsən Mustafayevin Ankaradan neft kəşfiyyatı üçün imtiyaz aldığını yazan Rəsulzadə söhbəti Əhməd bəyə belə gətirir: “Dostumuz Əhməd bəy bu kimi imtiyazçılara xidmət üçün canla-başla hazır ikən “siyasi” məsələlərə çox da meylli deyildir. Sırası gəlmədiyi qənaətindədir”.

Fikir ayrılıqları haradan başlamışdı?

Məqalənin yazıldığı tarixdən 21 il geriyə qayıdaq.

Bir hökumət böhranına...

Məlumdur ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakını işğaldan azad edərək Azərbaycan üçün mühüm xidmət göstərmişdir.

Nuru paşanın qardaşı Ənvər paşa isə görkəmli türk zabiti, müdafiə naziri idi.

Hələ Zaqafqaziya Seymi zamanı Azrbaycan nümayəndə heyətiylə Trabzonda danışıqlar aparan Ənvər paşa Azərbaycanın müstəqilliyinə isti baxmır, Azərbaycanın gələcəyini Türkiyə ilə konfederasiyada təsəvvür edirdi.

Məlumdur ki, Zaqafqaziya Seymində olan Müsavat da digər üç partiya Milli Şuranı yaratmış və Milli Şura da İstiqaliyyət Bəyannaməsini qəbul edərək Azərbaycanı müstəqil bir dövlət kimi elan etmişdir.

Nuru paşa Milli Şuraya inamsızlıq nümayiş etdirir və öz nəzarətində yeni bir hökumət formalaşdırmaq istəyirdi.

Siyasi güclə hərbi güc üz-üzə dayanmışdı, hərbi güc hakimiyyət tələb edir, siyasi güc isə güzəştə getmək istəmirdi.

Bu qarşıdurma təbii idi...

Əhməd bəy Ağaoğlu, Nuru Paşanın siyasi müşaviri bəs kimin tərəfində idi?

Yaranmış böhranla bağlı Nuru Paşayla danışıq aparmaq istəyən Rəsulzadə, Xoyski və Hacinski Nuru paşanın cavabı belə oldu: “Mən zabitəm, siyasətdən başım çıxmır, siyasi müşavirim Əhməd bəylə görüşüb, danışın”.

Xarici işlər nazirliyinin nəşri olan “Azərbaycan Respublikasının Diplomatiya Tarixi”nin I cildində oxuyuruq:

Görüş zamanı Milli Şuraya qarşı göstərilən soyuq münasibət böhranı daha da ciddiləşdirdi. Əslində, Azərbaycan istiqlaliyyətinin taleyi məsələsi qarşıya çıxmışdı. Nuru paşanın tövsiyəsi ilə Əhməd bəy Ağaoğlu ilə görüşdə Azərbaycanın siyasi həyatının mühüm məsələləri müzakirə edildi. Müzakirələr zamanı Əhməd bəу bildirdi ki, Milli Şura buraxılsın və Nuru paşanın təqdimatı üzrə yeni hökumət yaradılsın. Lakin Azərbaycan nümayəndələri buna qəti şəkildə etiraz etdilər və belə bir addımın Azərbaycanı beynəlxalq münasibətlər baxımından işğal faktı qarşısında qoyacağını bildirdilər. Yalnız güclü müqavimətdən sonra türk komandanlığı yeni hökumət kabinəsinin Milli Şura tərəfindən təşkil olunmasına, Milli Şuranın isə bütün səlahiyyətini yeni təşkil olunmuş hökumətə verib özünü buraxmasına razılıq verdi.

Belə bir gərgin vəziyyətlə yalnız M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın tutduğu prinsipial mövqe Azərbaycan istiqlaliyyətinin başı üzərini almış ölüm təhlükəsini sovuşdurmağa imkan verdi. M.Ə.Rəsulzadə haqlı olaraq deyirdi ki, "qanun çərçivəsində bir çıxış yolu tapmayınca, başımızın üstünü alan qara irtica təhlükəsi həmişə qalacaqdır". Bir il sonra M.Ə.Rəsulzadə bu hadisəni xatırlayaraq yazırdı: "Bizə deyirlər ki, türkləri tənqid etmək olmaz, çünki onlar bura bizi idarə etməyə yox, bir əsgər kimi xalqı müdafiə etməyə gəlmişdilər. Bu, doğrudur. Lakin о da doğrudur ki, bizim öz içərimizdə elə bəylər və ağalar var idi ki, onlar burada İstanbulun ağalıq etməsini tələb edirdilər".

Göründüyü kimi, Ağaoğlunun mövqeyi bu cür idi.

Ancaq xüsusi olaraq qeyd etmək gərəkdir ki, Paris Sülh

konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Əhməd bəy Ağaoğlu da daxil edildi.

İranın Azərbaycanın müstəqilliyini tanımamasına, Azərbaycanın guya İranın vilayəti olması barədəki səfeh iddialarına da Əhməd bəy Ağaoğlu sərt şəkildə cavab vermişdi.

Obyektivlik naminə bunları qeyd etmək gərəkdir, amma Əhməd bəyin müstəqil cümhuriyyətə qarşı münasibətini unutmayaq.

Çünki yazımızın leytmotivi budur.

Atatürklə kəllələşmə

İndi isə başqa bir xatirəyə baxaq...

Xatirəni Səməd Ağaoğlu nəql edir.

Türkiyə Cümhuriyyətinin baş naziri Adnan Menderesin müavini, Əhməd bəy Ağaoğlunun oğlu...

Atatürkün tapşırığı ilə yaradılan “Sərbəst firqə”nin süqutundan sonra CHP-yə qayıtmayan Əhməd Ağaoğlu universitetdə mühazirələr oxuyur və “Akın” adlı qəzet çıxardırdı.

Qəzetdə İnönü hökuməti sərt şəkildə tənqid edilirdi.

Uzun müddətdən sonra Atatürkün yanına dəvət edilən Ağaoğlu burda Atatürklə alovlu bir mübahisəyə qoşulur.

Arxasını Səməd bəydən oxuyaq:

“Gecə yarısında evə qayıdan atam birbaşa xəstə anamın yanına getdi. Evli olduqları illər ərzində anam atamı çox az hallarda bu qədər məyus və iztirab içində görmüşdü. Anam “görüş yaxşı keçmədi?” deyə soruşdu. “Atam “yox, yaxşı olmadı dedi. Paşa məni yanında oturtdu, haqqımda xoş sözlər danışdı, sonra isə “qəzetləri gətirin” dedi. Qəzetdəki məqalələrimi bir-bir oxutdu, hər məqalədə nə demək istədiyimi soruşdu. Mən də bunların ictimai tənqid olduğunu, cəmiyyətin yaxşı və ya pis tərəflərini göstərmək istədiyimi bildirdim. Atatürk bir nəfərə üzünü tutub “Bir adam həm universitetdə dərs deyib həm də iqtidarı tənqid edərsə bunun nəticəsi yaxşı olarmı?” deyə soruşdu. O da Atatürk təsdiqlədi.

Söhbətin davamında Atatürk qəzetin maliyyəsinin hökumət tərəfindən verildiyinə işarə vurur. Xasiyyətcə tərs adam olan Əhməd bəy isə Atatürkdən bunu sübut etməsini tələb edərək onun damarına basır. Əsəbiləşən Atatürk “Demək mənimlə kəllə-kəlləyə gəlirsən? Yadından çıxartma ki, sən bir sığıntısın”.

Səməd bəy Ağaoğlu yazır: Anam “Paşa eləmi dedi?” deyə soruşdu. Atam təsdiq edərək “Hə, Sitarə, həyatımın ən ağır kədəri ürəyimə doldu” dedi.

Əhməd bəy Atatürkə “bir tərəfdən bütün dünyanın türklərdən gəldiyini deyirsiniz, digər tərəfdən isə sərhədinizdən iki saat o yanda olan bir əsir yurddan gələn xalis türkə sığıntı... Bu nə qorxunc təzaddır?!” deyə sərt cavab da verir.

Atatürkün ayağa qalxaraq atasını qucaqladığını, onun üzündən gözündən öpdüyünü, səhv başa düşüldüyünü deməsini də Səməd bəyin xatirəsindən oxuyuruq.

Rəsulzadə ilə Nuru Paşa dialoqunu və Atatürklə olan bu söhbəti yanaşı qoyduqda ibrətamiz bir mənzərə yaranır.

Həmin görüş Əhməd bəyin Atatürklə son görüşü oldu. Görəsən, o bu görüşdə Məmməd Əminlə mübahisələrini xatırlamışdımı?

Hər kəsə mütləq bir gün Vətən lazım olacaq...

O gecə Əhməd bəy bu həqiqəti dərk edəcək anda idi...

***

Atatürkün hərəkətinin yumşaltmaq niyyətində deyiləm.

O sözdən sonra Əhməd bəyin boynun sarılmasını, “Mən o cür demədim” deməsini də qeyd etdikdən sonra buna gərək də yoxdur.

Ancaq bir məqam var.

Belə ki, “sığıntı” sözü “sığınmaq” sözüylə assosiasiya edilsə də, lüğətdə bu söz “arzuolunmaz, heç kimin sevmədiyi, əhəmiyyətsiz şəxs” kimi ifadə edilib, nəinki Türkiyəyə sığınan adam kimi...

Dövri ədəbiyyatın təhlili də bunu göstərir.

Təbii, bu söz də xoş bir söz deyildir...

Ancaq digər mənası ilə müqayisədə çox daha fərqlidir.

Bəlkə də Atatürk Əhməd bəyin tənqidləri ilə hamını bezdirdiyini vurğulamaq istəyirdi.

Ancaq gerçək də budur ki, Əhməd bəy də, oğlu Səməd bəy də “sığıntı” sözünü daha mənfi çaları ilə qavramışdılar.

Bu söz o cür də işlədilir...

Filoloqlar araşdırsın...

Qavrayış isə bir növ reallıqdır...

Və bəlkə də Əhməd bəy etmədiklərinin bədəlini ödəyirdi...

***

Məmməd Əmin Əhməd bəylə vida məqaləsində yazırdı:

“Əhməd bəy Mətbuati-ümumi müdiridir. “Hakimiyyəti-milliyyə” qəzetinin baş yazarıdır. Türkiyə Böyük Millət Məclisinin üzvüdür. Tutduğu bu vəzifələr məlum səbəblərə görə ona Azərbaycan davası ilə yaxından maraqlanmağa imkan vermir. Əslində, bu dava ayrıca bir məsələ olaraq həmin dövrdə onu fəal şəkildə çox da məşğul etməmişdi”.

***

Yazını Məmməd Əminin Ağaoğluya verdiyi qiymətlə bitirək: “Ürəyinin dərinliklərindəki müqəddəs arzu ilə yetmiş illik həyatının son gününə qədər sönməyən atəşlə od tutub yanan və ətrafa nur səpələyən qələmini dəyərsizləşdirməyə, hörmətdən salmağa kimdə cəsarət tapıla bilər?”

Həyat göründüyü qədər sadə deyil...

Qan Turalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm