• USD 1,7000 0,00% EUR 2,0195 +0,06%
    • GBP 2,3629 -0,02% RUB 0,0233 +0,43%

Deputat Qarabağa qayıdış planından danışdı – MÜSAHİBƏ

Deputat Qarabağa qayıdış planından danışdı – MÜSAHİBƏ

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədovun Publika.az-a müsahibəsi:

- Ermənistan silahlı birləşmələrinin aprelin 2-də həyata keçirmək istədiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavabı artıq bütün dünyada danışılır. Azərbaycan Ordusunun son hərbi əməliyyatları bizə nə qazandırdı?

- Milli Ordumuz bütün Azərbaycan xalqının uzun illərdən bəri gözlədiyi zəfər yürüşünə çıxdı, düşmənə layiqli cavab verildi. Təxribatı erməni tərəfi başlatdı, Azərbaycan Ordusu isə ona layiqli cavab verdi. Düşmənin başı ilan başı kimi əzildi, ermənilər qaçmağı üstün tutdu. Və uzun illər düşmənin işğalı altında olan, strateji baxımdan böyük əhəmiyyət kəsb edən mövqelər və yüksəkliklər Azərbaycan ordusu tərəfindən erməni tapdağından azad edildi. Bu, Azərbaycan Ordusunun və xalqının böyük uğurudur. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, erməni əsgərinin Azərbaycan torpağında nə işi var ki, onlar burada da ölürlər. Əgər erməni əsgərləri ölmək istəmirsə, getsinlər Ermənistana. Yəni, biz o əzmdəyik ki, sonuncu erməni əsgəri Azərbaycan torpağından çıxarılana qədər bu proses davam edəcək. Təbii ki, Azərbaycan Ordusu ardıcıl olaraq bu qələbələri qazanacaq. Əgər bu gün biz həmin yüksəkliklərdə möhkəmlənmişiksə, bundan sonra digər işğal altında olan torpaqlarımızı da azad edəcəyik və biz məcburi köçkünlər isə azad olunan yurd-yuvalarına qayıdacaq.

Təbii ki, azad olunan ərazilərdə mərhələli şəkildə işlər başlayacaq. İlk növbədə həmin ərazilər ermənilərin bilərəkdən basdırdığı minalardan, partlayıcı maddələrdən, nüvə tullantılarından və digər zəhərli maddələrdən təmizlənəcək, su mənbələrimiz və torpaqlar ekoloji baxımdan da yoxlanılacaq, əhalinin azad olunan ərazilərə qayıdan zaman təhlükəsizliyinin təmin olunması məsələləri isə Milli Ordumuz və hüquq-mühafizə orqanlarımız tərəfindən təmin ediləcək. Daha sonra isə infrastruktur və evlərin bərpa olunması işlərinə başlanılacaq. Qayıdış prosesi cənab Prezidentin hələ 2004-cü ildə imzaladığı Dövlət Proqramında var. Yəqin ki, bu istiqamətdə müvafiq qanun və yeni proqram da hazırlanacaq. Bununla da bəlli olacaq ki, qayıdış prosesi hansı mərhələlərlə həyata keçiriləcək. İnşallah bütün bunlar Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə təmin olunacaq.

- Elman müəllim, cəbhədə baş verən son hadisələrdən dərhal sonra beynəlxalq təşkilatlar və bəzi dövlətlər tərəfləri döyüşləri dayandırmağa çağırdı. Ancaq 20 ildən artıqdır ki, həmin beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi səy göstərməyib...

- Bilirsiniz, bununla bağlı bizim çox yaxşı deyimlərimiz var. Deyim var ki, görürsən, xoruzun quyruğu görünür. Bəs yaxşı, 90-cı illərdə Azərbaycanın Ordusu yox dərəcəsində olanda və öz vətəndaşlarının müdafiəsini təmin etmək üçün gücünün olmayan vaxtda Ermənistan bizim torpaqlarımızı dünyanın gözü qarşısında işğal edirdi, azərbaycanlılara qarşı soyqırımı aktları törədirdi. Ötən əsrin 90-cı illərində Ermənistan Azərbaycanın 20 faizini torpağını işğal edib, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bəs həmin vaxtı bu beynəlxalq təşkilatlar və dövlətlər harada idilər? Məgər, bu qədər hadisələri görmürdülər? Görürdülər, sadəcə olaraq həmin vaxtı beynəlxalq hüquq, haqq-ədalət həmin beynəlxalq təşkilatların və dövlətlərin yadına düşmürdü, işğala və işğalçılara göz yumurdular. Çünki əzilən, işğala məruz qalan azərbaycanlılar idi. Ancaq bu gün onların himayə etdikləri və qucaqlarında bəslədikləri terrorçu ermənilər zərbə alanda və güclü Azərbaycan dövlətini və ordusunu görəndə, bunların hamısı bir ağızdan çağırış edirlər, bəyanatlar verirlər. Yəni, bu gün də bu təşkilatlar bizə görə narahat deyillər, narahat olduqları tərəf yenə də ermənilərdir. Bunlar da yaxşı anlayır ki, Azərbaycan Ordusu başlayıbsa, erməniləri İrəvandan da kənara qovmaq gücünə malikdir. Ona görə də beynəlxalq təşkilatlar bu qədər əl-ayağa düşüblər. Sözdə isə deyirlər ki, sülh olsun, müharibə etməyin və sairə. Bəs indiyədək niyə səsiniz çıxmırdı? İndi Azərbaycanın gücünü görüb bu qədər əl-ayağa düşüblər. Bunlar istəyir ki, Azərbaycan elə burada da dayansın, yenidən 15-20 il vaxt itirib erməniləri gözləyək. Artıq bu, belə olmayacaq. Biz başladığımız işi sonadək davam etdirməliyik. Təbii ki, beynəlxalq təşkilatların çağırışlarını dinləyirik, ancaq biz onu ədalətli şəkildə qəbul edəcəyik. Bu isə ondan ibarətdir ki, Ermənistan ordusu Azərbaycan torpaqlarından tamamilə çıxmalıdır. Azərbaycan torpaqları son qarışına kimi azad olunmalı və ərazi bütövlüyü təmin olunmalıdır. Qalan şərtlərə isə sona baxıla bilər.

Biz demirik ki, Azərbaycan atəşkəsə razı deyil. Razıyıq bir şərtlə ki, Ermənistan öz ordusunu Azərbaycan ərazisindən tamamilə çıxartsın. Bundan sonra danışıqlar davam etsin. Erməni ordusu bizim torpaqlarda qala-qala biz Ermənistanla hansı danışıqları apara bilərik? Bu danışıqları 25 ildir ki, aparırdıq da, nəticəsini hər kəs gördü.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR