• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

Azərbaycanlı jurnalistin işdən çıxarılmasında erməni izi: "Mənə dedilər ki..." - MÜSAHİBƏ

Azərbaycanlı jurnalistin işdən çıxarılmasında erməni izi: "Mənə dedilər ki..." - MÜSAHİBƏ

Artıq onu hər kəs tanıyır. Əsgərlərimiz ermənilərlə üz-üzə döyüşərək, bizlərə və dostlarımıza sevinc, düşmənlərimizə sarsıdıcı zərbə endirərək kədər bəxş etdiyi bir ərəfədə o da döyüş meydanında idi. Bəlkə də daha kəsərli silah sayılan media cəbhəsində. Özü də burada deyil, Rusiyada. Rus və ermənilər arasında, erməni lobbisinin “at oynatdığı” cəbhədə təkbaşına haqq səsimizi dünyaya çatdırmaq, erməni vandalizmini ifşa etmək üçün döyüşdü. Gah sözünü kəsdilər, gah danışdığı fikirləri tam şəkildə efirə vermədilər, amma o yenə usanmadı, doğma Vətənini, xalqını, habelə Türkiyəni müdafiə etmək üçün əlindən gələn hər şeyi etdi. Lakin ölkəsinin haqq səsini dünyaya çatdırması sonunda onun işini itirməsinə səbəb oldu. Yəqin, söhbətin kimdən getdiyini artıq təxmin edirsiniz. Söhbət Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, həmyerlimiz Fuad Abbasovdan gedir. Düzdür, bizdən öncə bəzi media qurumlarında onun son olaylarla bağlı müsahibəsi, mövqeyi yer alıb. Lakin bizim söhbətimizin daha fərqli alındığı, hədəfləri daha dəqiq vurduğunu düşünürəm. Elə isə keçək Fuad Abbasovla özəl söhbətə:

“Elə baxırlar ki, sanki məni bu dəqiqə parçalayacaqlar”

- Fuad müəllim, artıq bəzi media qurumlarında müsahibələriniz dərc edilib. Biz məsələnin bir az fərqli tərəflərinə toxunaq. Uzun müddətdir ki, Rusiya telekanallarında Azərbaycanın və Türkiyənin aktiv müdafiəçisi idiniz. Təbii ki, bu çıxışlarınız, erməniləri, digər düşmənlərimizi pərişan edirdi. Bununla bağlı təhdidlər alırdınız?

- Doğrudur, məndən bir çox media qurumu müsahibələr alıblar, ancaq məsələnin əsas mətləbindən yayınmayıblar. Bu müsahibədə isə sizə ətraflı məlumat verməyə çalışacam. Təhlükəsizliklə əlaqədar heç bir tədbir almırdım. “Qorxan gözə çöp düşər. Şəhərdə gəzən zaman, habelə ictimai nəqliyyatda, mağazalarda heç bir fiziki təhlükə görməmişəm. İnsanlar görəndə tanıyırlar, bəziləri gülümsəyir, bəziləri tərs baxışlarla gözlərini mənə zilləyir, sanki bu dəqiqə məni parçalayacaqlar. Amma Moskvada heç kimsə məni çıxışlarıma görə qınamayıb. Mənə gələn təhdidlərin demək olar ki, hamısı internetdən, yəni düşüncələrimi paylaşdığım “Facebook” səhifəsindən olub.

“PKK tərəfdarlarından və ermənilərdən təhdidlər alırdım”

Rus kanallarında Türkiyənin müdafiə etdiyimə, sərgilədiyim mövqeyə görə daha çox kürdlərdən, daha doğrusu, PKK tərəfdarlarından təhdidlər alırdım. Bir çoxları Ərdoğanın siyasətini dəstəkləməyimi yanlış görürdülər. Təhdid dolu yazı alanda ilk və tək işim heç bir cavab vermədən yazıları silib, göndərənləri blok etmək idi. Bu etiraz və təhdidləri ciddiyə almırdım. Həm etirazların Türkiyədən yazıldığını görürdüm, həm də onsuz da həssas bir nöqtədə olan Türkiyə-PKK problemini daha da qızışdırmaq istəmirdim. Dörd günlük müharibədə isə Azərbaycanı müdafiə etdiyimdə ermənilərdən təhdidlər gəlməyə başladı. Bu dəfə işi ciddiyə almağa başladım. Çünki etiraz edən Ermənilərin bəziləri Moskvadan, bəziləri isə Rusiyanın başqa şəhərlərindən yazırdılar. Bu cür yazıları öz səhifəmdə paylaşdığım üçün və “facebook” dostlarımın onlara layiqincə cavab vermələrindən sonra bir az rahatlanmış olurdum.

“Məndən ermənilərin məqsədi üçün istifadə etməyə çalışırdılar”

- Bəyəm hansısa verilişə çağırılanda bilmirdilər ki, siz Azərbaycanı, Türkiyəni müdafiə edəcək, rusun əleyhinə danışacaq, ermənini ifşa edəcəksiniz? Hər halda kim olduğunuzu və nə danışacağınızı təxmin etmiş olardılar..

- Əlbəttə ki, bilirdilər. Hətta bundan istifadə də edirdilər. Rusiya kanallarının başlıca məqsədi ikinci Qarabağ müharibəsinin meydana gəlməsində Türkiyəni günahlandırmaq idi. Mənim Türkiyəni təmsil edən jurnalist olaraq həm də Azərbaycanı müdafiə edəcəyimi başa düşmüşdülər. Və “baxın, Türkiyə və Azərbaycan birləşib yenə erməniləri qırırlar”, - deyərək məndən istifadə etmək istəyirdilər. İlk başlarda mənim emosional davrandığıma görə buna az da olsa nail oldular. Hətta Azərbaycana qarşı böhtanlar atılan bir proqramda rus siyasətçilərin sözünü kəsdiyim və onların üstünə qışqırdığım üçün mənə canlı yayında “tərbiyəsiz və mədəniyyətsiz” də dedilər. Bir neçə proqramdan sonra onların məndən sui-istifadə edərək, bunu əleyhimizə çevirməyə çalışdıqlarını başa düşdüm. Çünki rus kanalları efirə Azərbaycanı təmsil edəcək heç kimi çağırmaq istəmirdilər. Moskvada yaşayan çox sayda ziyalımız, siyasətçilərimiz, hüquqşünaslarımız belə proqramlarda iştirak etmək üçün can atırdılar. Ancaq erməni lobbisinin çox güclü olduğu rus televiziyalarının ermənipərəst yayın siyasətləri onları proqrama dəvət etməyə imkan vermirdi. Daha sonra dəvət edildiyim proqramlarda Türkiyəni təmsil edən jurnalist olaraq öz düşüncələrimi sakit və soyuqqanlı bir şəkildə Azərbaycanın haqlarını müdafiə edərək rus ictimaiyyətinə çatdırmağa çalışdım. Bunun nə qədər uğurlu olub-olmadığına qoy, həmvətənlərim qərar versinlər. Ancaq mənin üçün vacib məqam bir Qarabağlı olaraq 25 ildən bu yana ürəyimdə tutduğum düşüncələri Rusiya kanallarından rus ictimaiyyətinə çatdırmaq və bu problemin həll olunmamasında başlıca günahkarın Rusiya olduğunu dilə gətirmək idi. Buna az-çox nail olduğumu düşünürəm. Bəlkə də Rusiyanın gələcəkdə Azərbaycana qarşı yürütdüyü xarici siyasət mənim düşüncələrimin yanlış olduğunu nümayiş etdirəcək. Ancaq bu günlərdə Rusiya kanallarında dilə gətirdiyim bu fikirlərlə Azərbaycan xalqının böyük bir əksəriyyətinin razı olduğuna inanıram.

“Proqramları istədikləri şəklə salırdılar”

- Ümumiyyətlə, verilişlərdə ermənilərin, rusların əleyhinə danışmamaqla bağlı qarşınıza hansısa şərt qoyulurdumu?

- Rusiya televiziyalarında ən çox xoşuma gələn durum bununla bağlı heç bir şərtin qoyulmaması idi. Yəni nə danışacağımızı, hansı sualların veriləcəyi və hansı cavabların alınacağı haqqında əvvəlcədən heç bir qərara alınmır. Bütün mövzular proqramın gedişatına görə açılır və davam etdirilir. Ancaq proqramlarda mikrofonun səsini almaq, kameraları danışan insana yox, başqa tərəfə yönləndirmək, müzakirə əsnasında aparıcılar tərəfindən danışanın sözünün yarıda kəsilməsi, montaj sırasında lüzumsuz yerlərin silinməsi və buna bənzər digər fəndlərlə proqramları istədikləri şəklə salırlar.

“İşdən çıxarılma tələbim oradan gəlib”

- Əminliklə demək olarmı ki, işdən çıxarılmağınız, Azərbaycanı canla-başla müdafiə etməyiniz, erməniləri ifşa etməyinizlə bağlıdır? Çünki Türkiyəni uzun müddətdir müdafiə edirsiniz, Azərbaycanı isə haradasa bir neçə həftədir. Burada hansı qüvvənin barmağı ola bilər?

- Keçən ilin ortalarından etibarən rus kanalları məni öz proqramlarına dəvət etməyə başladılar. Rusiya və Türkiyə arasında təyyarə böhranından sonra daha tez-tez, dəyişik televiziya kanallarında və proqramlarında iştirak etdim. Bacardığım qədər Türkiyənin mövqelərini müdafiə etməyə çalışdım. Bütün bu proqramlar sadəcə Rusiyada və rusca yayımlandığı üçün Türkiyənin bu proqramlara heç bir təpkisi olmadı. Bu zaman Rusiyada yaşayan türklərin çox böyük rəğbətini topladım. İşlədiyim “İhlas” Xəbər Agentliyindən də heç bir tənbeh və ya təqdir almadım. Hətta bəzi proqramların qızğın müzakirə anlarını xəbər olaraq Türkiyədə yayımlamaq istədiyimdə, agentliyimizdə buna razı olmamışdılar. Azərbaycanı isə sadəcə olaraq 10 gün ərzində müdafiə edə bildim. Nədənsə altı ay boyunca heç bir şəkildə səsini çıxartmayan agentliyimiz bu dəfə səssizliyini pozdu. Proqramlara çıxıb-çıxmamaq haqqında heç bir xəbərdarlıq da edilmədi. Sadəcə xarici xəbərlər müdiri Müammer Sergen tərəfindən yazılmış “İşlərin orada istədiyimiz kimi getməməsi səbəbiylə bu gündən etibarən artıq səninlə çalışmamaq qərarı aldıq. Bu gündən etibarən artıq “İhlas” Xəbər Agentliyi ilə bir bağlantın qalmayıb”, - deyə yazılı bir məktub aldım. İşdən çıxmağımla bağlı kimin barmağını olduğunu əminliklə iddia edə bilmərəm. Çünki əlimdə heç bir sübut yoxdur. Amma agentliyimizdə çalışan bəzi şəxslərdən işdən çıxarılma tələbimin Moskvadan gəldiyini öyrəndim. Ancaq mənim yerimdə kim olursa olsun, işdən çıxarılmağın məhz niyə bu günlərdə olduğu sualına cavab axtarardı.

“İhlas”ın direktorunu Rusiyaya nə bağlayır?

- Sizi efirə “İhlas” agentliyinin bir nümayəndəsi kimi çağırırdılar, yoxsa müstəqil jurnalist kimi?

- Bəli, Rusiya televiziyaları məni Türkiyənin “İhlas” agentliyinin Moskva müxbiri olduğum üçün çağırırdılar. Məndən başqa Moskvada Türkiyə mətbuatının bir çox nümayəndəsi olmasına baxmayaraq, heç kim Rusiya kanallarında proqramlara çıxmağa razılıq vermirdi və bundan sonra da çıxış etmək üçün razı olacaqlarını düşünmürəm. Buraxın ermənilər və ruslar bir müddət özləri deyib özləri eşitsinlər...

- “İhlas”ın rəhbərliyində təmsil olunanlar barədə məlumatınız varmı? Kimlərdir və hansı maraqları müdafiə edirlər?

- “İhlas”ın direktoru 2008-ci ildən bu yana Tomas Bonifielddir. Bir müddət “İhlas Holdinq”-ə aid olan “TGRT Haber” Telekanalının müdiri də işləyib. Bundan əvvəl isə 2000-2006 illərdə “NBC News Moskva” bürosunda işləmiş müdirimiz, Jdanov adına Leninqrad Dövlət Universitetinin Rus dili və Ədəbiyyatı fakültəsinin məzunudur. Bu universitetdən əvvəl isə Middleburu Kollecinin Rus dili bölümünü bitirib. Daha artiq şərhə ehtiyac olmadığını düşünürəm.

- Siz necə oldu ki, bu agentliyə işə düzəldiniz?

- 1997-ci ildə İstanbul Universitetinin jurnalistika fakültəsində təhsil aldığım vaxt agentlikdə işləyən bir tələbə yoldaşım rus dili bilən bir jurnalistə ehtiyac olduğunu bildirərək mənim işə düzəlməyimə kömək etdi. 1998-ci ildə isə agentliyin Moskva bürosunu açmaq üçün Rusiyaya göndərilmişəm. 2006-cı ildən sonra bir müddət Türkiyənin Anadolu Agentliyinin Moskva bürosunda işlədikdən sonra yenə “İhlas”ın Moskva müxbirliyinə geri qayıtmışam.

- Belə mövqenin – Azərbaycanı, Türkiyəni təmənnasız müdafiənin qarşılığında aidiyyəti qurumlardan hansısa umacağınız varmı?

- Vətən, millət və torpaq hissləri olan əsl vətənpərvər insanların umacağı sadəcə bir şey ola bilər: Bayrağının, dövlətinin, Vətəninin, torpaqlarının toxunulmazlığı.

- Bəs hazırda nə işlə məşğulsuz?

- Hazırda sərbəstəm. Uşaqlarım və ailəmlə daha çox vaxt keçirməyə çalışıram.

- Yenə də verilişə çağırırlarmı?

- İstefa qərarım açıqlandığından bəri heç bir proqrama dəvət edilməmişəm.

- Artıq kifayət qədər tanınırsız, bu, hansısa iş təklifi almağınıza kömək olurmu?

- İndi sadəcə bir az dincəlmək istəyirəm. Ancaq həyat öz axarıyla davam edir və bir gün yenə işləməyə başlayacam. İş təklifləri var, dəyərləndirirəm. Nə qədər tanınmış olsam da, bu məşhurluğu Vətənimə, millətimə, dövlətimə və bayrağıma xidmət etmək üçün istifadə edəcəm.

Aqil LƏTİFOV

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR