Ramin Musayev: “Narahat idim ki, kimsə söyüş söyər” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Ramin Musayev: “Narahat idim ki, kimsə söyüş söyər” - MÜSAHİBƏ

Ramin Musayev: “Narahat idim ki, kimsə söyüş söyər” - MÜSAHİBƏ

Bu gün Peşəkar Futbol Liqasının prezidenti postuna "seçki" keçirilib. Ramin Musayev növbəti illərdə də PFL-ə rəhbərlik etmək haqqı qazanıb.

Publika.az xəbər verir ki, seçkidən sonra PFL-in köhnə-təzə prezidenti jurnalistlərin suallarını cavablandırıb:

- 8 ildi bu quruma rəhbərlik edirəm. PFL yarananda reytinqdə 44-cü yerdəydik. Hazırda isə 24-cü yerdəyik. Bu, ən böyük sıçrayışdı. Bizə UEFA tərəfindən məktub gəlib. Dünya üzrə də bir irəliləyiş var. Əvvəl 110-cu yerdə idik, indi isə 98-ci.

PFL-dən əvvəl əvəzedici heyətlərin yarışı yox idi. Mən özüm bura klubdan gəldiyimə görə klublardakı problemləri bilirdim. Klubda çalışanda məşqçilərin əvəzedici heyətlə bağlı şikayətlərini bilirdim. Bu sizə kiçik məsələ kimi gələ bilər. Ancaq bu, gənc oyunçuların yetişməsi üçün böyük işdi.

Biz bütün klubların eyni toplarla oynamasına da qərar verdik. Klub nümayəndələri də sağ olsunlar, bu gün çıxışlarında bildirdilər ki, həmişə birlikdə iş görmüşük. Niyə də olmasın? "Neftçi"də işləyəndə Bakıda bir, Sumqayıtda başqa topla oynayırdıq. Hətta Qazaxda şarla oynayırdıq. Futbolçular etiraz edirdilər. Həmin vaxt yetərincə peşəkar futbolçular var idi. Biz qərara gəldik ki, bütün komandalar eyni topla oynamalıdılar. Bəzən adımıza yazdılar ki, PFL top satır. Bizim məqsədimiz pul qazanmaq olmayıb. O topların qiymətini klublara deyəndə, buna təəccübləndilər. Qiymətini açıqlamıram ki, ucuz başa gəlsin. Məncə, jurnalistlərin də əksəriyyəti PFL-dən razı qalar. Çünki hər birinizlə münasibətimiz yaxşıdı, kim istəyirsə, müsahibəyə şərait yaradırıq.

- Çempionat ərzində hakim idarəçiliyinə etiraz edən klublar var idi. Bu gün həmin klub rəsmilərindən sizin əleyhinizə səs verən oldu?

- Xeyr, olmadı. Heç bitərəf də olan olmadı. Çempionat zamanı bəzi narazılıqlar olurdu. Bu həmişə olur. Elə epizodlar var ki, heç klub rəsmilərinin xəbəri yoxdur. Ancaq biz onu bilirik və müzakirə edirik.

Bayaq sual oldu ki, Xaqani Məmmədovun yerinə namizəd yoxdu? Əlbəttə, onu əvəzləmək olar. Ancaq onu əvəzləyəcək biri varmı? Elə bilirsiz onun işi asandır? Xeyr, asan deyil. Bu gün hakimlər arasında rüşvətin qarşısı tam alınıb. Hakimlər də insandır.

Sevindirici məqamdır ki, hakimlərimiz avrokubokların üç oyununa təyinat aldı. Əliyar Ağayevin heç 30 yaşı yoxdur.

- Sizinlə rəqabət apara bilməyəcək rəqibin olmaması sizə zövq verirmi?

- Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi, üzüldüm.

- Məvacibiniz nə qədərdi?

- 1100 manat.

- Premyer Liqada özünə klub tapa bilməyən orta səviyyəli futbolçular 1-ci divizionda da iş tapa bilmirlər. Birinci divizionda limitin dəyişməsinin vaxtı çatmayıb?

- AFFA rəhbərliyinin bununla bağlı razılığını almışam. Limit dəyişəcək.

- "Qarabağ" - "Neftçi" oyunundan sonra polis azarkeşləri vurmuşdu. Polis-azarkeş münasibəti necə tənzimlənəcək?

- Bakıda yol polisləri olmasa, bizim cavanlar yollarda min oyundan çıxarlar. "Neftçi" - "Xəzər Lənkəran" oyununda tale üzümüzə güldü ki, külək olmadı. Gül kimi açılış etdik. Bir təpik, bir sillə mənim aylarla çəkdiyim əziyyəti hədər etdi. Mən polisə buna görə üstünlük verirəm. Sevinməyin də çərçivəsi var. 12 yaşlı uşağı heç bir polis vurmaz. Mən polis işçisi olduğum üçün polisin tərəfini saxlamıram. Haqqın tərəfdarıyam. Azərbaycanda hüquq-mühafizə orqanları çalışmasa, hamı bir-birini yeyər. Niyə qadınlarımız oyunlara gəlmir? Çünki yersiz hərəkətlər olur, söyüşlər söyürlər. O günü "Qəbələ"nin oyununda qadınlar, uşaqlar gördüm. Az qalsın, düşüb onları öpüm. Çox sevindim. Amma narahat idim ki, birdən kimsə söyüş söyər, mən onun yerinə utanaram. Polis başqa millət deyil ki. O da işinə gəlib. 2 nəfər dalaşıb getdi, o bədbəxt cəzalandı.

- Olmazmı ki, oyunlara cəlb edilən polislər üçün PFL tərəfindən təlimatlar keçirilsin?

- Hər oyundan əvvəl həmin matça cavabdeh olan polis rəhbərliyi gəlir. Həmin final matçından sonra polis rəhbərindən xahiş etdim ki, qol vurandan sonra sevinən, fişəng yandıran azarkeşə dəyməsinlər. Heç mən də onları cərimələmədim. Bu yaxınlarda Fransada insanları necə döydülər? Heç heyvanı belə döyməzlər. Uşağı, qadını, qızı vururdular. Olmazmı ki, biz özümüz təbliğat aparaq, ay azarkeşlər elə edək ki, futbolu sevən qızlar da gələ bilsinlər. Mənə məktub yazan xanım var ki, qarğış edir. Deyir ki, mən niyə oyuna gələ bilmirəm? Final oyununa 26 min adam gəlmişdi. Onların təhlükəsizliyi üçün PFL nə etsin? 50 işçim var. 26 minin təhlükəsizliyinə necə cavabdeh olaq.

- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. Bunun ləğvinin səbəbi nə oldu?

- Mən bir efffekt görmədim. Hətta mükafat da vəd etmişdim ki, bir neçə dəfə ən yaxşı seçilən yerliyə verəcəm. Amma bunları görmədim.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm