Ölkə prezidenti ilə eksklüziv MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Ölkə prezidenti ilə eksklüziv MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, 2015-ci il aprelin 13-də Vit Yedlicka adlı gənc çex siyasətçi və ictimai fəalı tərəfindən Avropanın ortasında, Xorvatiya ilə Serbiya sərhədləri arasındakı Monostor bölgəsində, Tuna çayı sahillərində təqribən 7 kvadrat kilometrlik bir ərazidə yerləşən Liberland adlı ölkə müstəqilliyini elan etdi. Liberland dövləti 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyasının tələblərinə görə, suveren dövlət hesab olunur.

Avropanın ən gənc dövləti olan Liberland respublikasının prezidenti Vit Yedlicka Publika.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Cənab Yedlicka, mümkünsə bizə yaratdığınız ən gənc Avropa dövləti barədə məlumat verərdiniz. Liberland dövlətini yaratmaq zərurəti nədən yarandı?

– Bildiyiniz kimi, Liberland dünyanın və Avropanın ən kiçik ölkəsi sayılır. Mən sizə Liberlandın yerləşdiyi coğrafi ərazi barədə məlumat vermək istəyirəm. Liberland Serbiya və Xorvatiya arasında yerləşən dünyanın ən kiçik ölkəsidir. Ölkəmiz beynəlxalq sulara aid olan Tuna çayı üzərində yerləşir. Liberland gözəl qumlarla zəngin olan və düzənlikdən ibarət bir ölkədir.

Çox zaman mənə sual verirlər ki, yeni dövlət qurmaq ideyası birdən-birə haradan yarandı? Açığı deyim ki, hər zaman bir başlanğıc olmalıdır. Dünyaya sübut etmək istədim ki, yeni dövlət qurmaq elə də çətin iş deyil.

– Hazırda Liberlandın nə qədər əhalisi var?

– Hazırda Liberlanda əhalinin sayı az olsa da, ancaq yaz aylarında ölkəyə gələn insanların sayı artır. Bu ilin sentyabrında Liberlanda insanların daimi yaşamasının təmin edilməsi ilə bağlı Xorvatiya məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilməsi gözlənilir. Ümid edirəm ki, Libderanda insanların daimi yaşamasına icazə verən qərar qəbul olunacaq. Bu qərar veriləndən sonra isə Liberlanda rahat gəlib-getmək təmin olunacaq. Hazırda bu istiqamətdə işlər gedir.

– Ölkənizin paytaxt haradır?

– Xeyr, hələ ki, paytaxtımız yoxdur. Ancaq ümid edirəm ki, yaxın zamanlarda paytaxtımız da olacaq. Hələlik hökuməti Praqadan idarə edirəm. Hökuməti idarə etmək üçün isə Danimarkanın Çexiyadakı səfirliyinin keçmiş binasından istifadə edirik. Çox güman ki, paytaxtımızın adı da Liberland olacaq.

– Hazırda hansı ölkələrlə rəsmi şəkildə əməkdaşlığınız var? Ümumiyyətlə, Liberlandın müstəqilliyini tanıyan dövlətlər varmı?

– İlk növbədə bildirim ki, Liberlandın qonşusu olan Serbiya və Xorvatiya dövlətləri tərəfindən bizə qarşı ərazi iddiaları yoxdur. Bu, bizi çox sevindirir. Hazırda dünyanın 10-dan çox ölkəsi ilə Liberland arasında diplomatik münasibətlərin qurulması istiqamətində danışıqlar aparılır. Bundan başqa, Liberlandla diplomatik əlaqələrin qurulması üçün bu ilin payızından etibarən xarici səfərlərə başlayacam.

– Bəs Azərbaycanla hər hansı danışıqlar aparılırmı?

– Xeyr, hələlik Azərbaycanla rəsmi danışıqlar aparılmır. Ancaq yaxın gələcəkdə belə danışıqların başladılması istisna deyil. Biz Azərbaycanla tezliklə diplomatik münasibətlər qurmaqdan çox məmnun olarıq.

Onu da qeyd edim ki, Azərbaycanda Liberland dövləti artıq kifayət qədər tanınır. Çünki indiyədək Azərbaycandan 1200 nəfər vətəndaşlıq almaq üçün bizə müraciət edib.

– Digər dövlət başçıları kimi, sizin də xidməti avtomobiliniz, sürücünüz və mühafizəçiləriniz varmı?

– Bəli, səfərlər və görüşlərim çox olduğu üçün, uzun yolları qət edəndə sürücüyə ehtiyac olur. Uzaq məsafələrə uçuşlar üçün isə "Air-liberland" hava yolları şirkətinin təyyarəsindən istifadə edirəm. Mühafizəçim isə yoxdur. Buna ehtiyac görmürəm.

– Azərbaycanla bağlı nə dərəcədə məlumatlısınız? Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən və torpaqların 20 faizinin 25 ilə yaxındır ki, işğal altında qalmasından xəbəriniz varmı?

– Biz yer kürəsində mövcud olan bütün ölkələrin dinc və sülh şəraitində yaşamasını arzu edirik. Şəxsən mən bir prezident kimi dünyanın bütün dövlətləri ilə yaxşı münasibətlər qurmağa sahib olmaq istəyirəm. Bizim xarici siyasətimiz konkret və birmənalı olaraq belədir. Biz İsveçrə tərəfindən müəyyən edilən tərəfsizlik prinsipini xarici siyasətimizin prioriteti olaraq seçmişik. Bu baxımdan da Azərbaycanla diplomatik münasibətlər qurmaq bizi çox sevindirərdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm