O, dekabr ayında azərbaycanlı uşaqları Araz çayına atıb həzz alırdı - ŞOK MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

O, dekabr ayında azərbaycanlı uşaqları Araz çayına atıb həzz alırdı - ŞOK MÜSAHİBƏ

Daşnak-bolşevik qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi 31 mart soyqırımının 103-cü ili tamam olur. On minlərlə insanın qətlə yetirildiyi amansız soyqırımı hadisəsinə bu dəfə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov ilə işıq tutmağa çalışmışıq.

A.İsgəndərovun Publika.az-a müsahibəsini təqdim edirik:

- Anar müəllim, sizcə, 44 günlük müharibədə 103 il əvvəlki hadisələrin intiqamını erməni terrorçularından ala bildikmi?

- 103 il bundan əvvəl daşnak-bolşevik birləşmələri heç bir günahı olmayan on minlərlə türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirdi. 2020-ci ilin martına qədər hər il bu tarixi yaşayırdıq. Bu tarixlə bağlı danışırdıq. Çox təəssüflər olsun ki, düşmənimizdən nə zaman onun intiqamını alacağımızın cavabı yox idi. Amma 2020-ci ilin sentyabrında müzəffər Azərbaycan Ordusu Qarabağı azad etməklə, Ali Baş Komandanın tarixi siyasi qərarını həyata keçirməklə həm də bu illər ərzində torpaq, vətən üçün şəhid olan insanların intiqamını aldı. Onların qanı yerdə qalmadı. Bu mənada 2021-ci ilin martın 31-i özündən əvvəlki ildönümülərindən kəskin surətdə fərqlənir. Doğrudur, Cümhuriyyət dövründə - 1919 və 1920-ci illərin martın 31-i milli matəm günü kimi qeyd olunmuşdu. Çox təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalından sonra bu tarix birmənalı olaraq təkcə yaddan çıxarılmamışdı, unutdurulmamışdı, bu tarix ümumiyyətlə Azərbaycan tarixindən çıxarılmışdı. Mart günlərində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımının günahkarı Azərbaycanın milli-demokratik ziyalıları hesab olunurdu. Bu günlərin "qəhrəmanı" isə Bakı Sovetinə rəhbərlik edən, Azərbaycan xalqına yad və ən əsası, düşmən olan Stepan Şaumyan sayılırdı.

- 1918-ci ilin 31 martında və ya həmin ərəfədə əslində nə baş verirdi? Ən çox qırğınlar harada olmuşdu?

- Martın 31-i Azərbaycan tarixində şərti götürülən bir rəqəmdir. Çünki bu rəqəm Bakıya aiddir. Söhbət soyqırımı ümumiləşdirməkdən gedir. Həmin dövrdə Azərbaycanın ayrı-ayrı bölgələrində dinc, əliyalın xalqımıza qarşı amansız soyqırımılar həyata keçirilib. Bu mənada 31 mart Bakıdakı soyqırımı hadisələrinin kulminasiya nöqtəsi olduğuna görə biz 31 martı soyqırımı günü kimi qeyd edirik. Bəs hadisələrin kökündə nə dayanır? Tarixdən bizə məlumdur, ermənilər bütün dünyanı inandırmaq istəyirlər ki, guya eradan əvvəl ikinci əsrin sonu, birinci əsrin əvvəllərində "böyük Ermənistan" deyilən dövlət olub. Onun Aralıq, Qara və Xəzər dənizlərinin sahillərində yerləşən bir dövlət olduğunu iddia edirlər. 19-cu əsrin 90-cı illərində Daşnaksütyun partiyası təşkil olunarkən onun qarşısına məqsəd qoyulub ki, "böyük Ermənistan" dövlətini bərpa etsin. Söhbət tarixdə olmayan, xülya hesab edilən bir şeyin bərpasından gedir. Ona görə də Birinci Dünya müharibəsinə daxil olan, qoşulan ermənilərin həm Çar Rusiyasından, həm də Qərb dövlətlərindən umduqları o idi ki, Osmanlının məğlub ediləcəyi təqdirdə onun ərazisində erməni dövləti yaradılsın. Həm Çar Rusiyası, həm də Qərb dövlətləri buna razılıq verdilər. Qərb dövlətləri deyəndə burada söhbət Fransadan, İngiltərədən gedir. Doğrudan da müharibənin ilk günlərində Osmanlı üçün çox ağır məqamlar yarandı. Yəni Osmanlı dövləti məğlubiyyətə uğradı. Sarıqamış yaxınlığında 90 min Osmanlı əsgər və zabiti əsir düşdü, öldürüldü. Hamıya elə gəlirdi ki, artıq Osmanlının taleyi həll olundu. Hətta həmin vaxt Van erməni dövləti yaradıldı. Bir qədər sonra Osmanlı dövləti özünə gəldi.

- Bəs sonra nə baş verdi?

- Çar Rusiyasının qoşunlarını öz ərazisindən çıxardı. Osmanlıda dövlət yarada bilməyən ermənilər Qərbi, Şimali və Cənubi Azərbaycan ərazilərinə daxil olaraq bu ərazilərdə soyqırımı həyata keçirməyə başladılar. Buna görə də Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti qüvvələri - Erməni Milli Şurası, Daşnaksütyun partiyası qısa müddət ərzində dinc, mülki əhaliyə qarşı soyqırımı həyata keçirdi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində qeyd olunduğu kimi, 11 mindən artıq azərbaycanlının həyatına son qoyuldu. Bakı əhalisinə 400 milyon manatdan çox ziyan dəydi. Bakıda olan Azərbaycanın tarixi, dini, mədəni abidələri yerlə-yeksan edildi, yandırıldı. Bakı əhalisinin əksəriyyəti canını qurtarmaq üçün şəhəri tərk etməyə məcbur oldu. Təbii ki, düşmən təkcə Bakı ilə kifayətlənmədi. Şamaxı qəzasının mərkəzi olan Şamaxı şəhərində 8 min, ümumilikdə qəzanın tərkibindəki 53 kənddə 8 mindən artıq dinc sakin qətlə yetirildi. Quba qəzasında və Quba şəhərində həyata keçirilən qırğın daha dəhşətli idi. Amazasp rəsmi şəkildə elan edirdi ki, mən Ərzurum ermənisiyəm, Şahdağdan Xəzər dənizi arasındakı ərazidə o qədər müsəlmanın qanını tökməliyəm ki, bu qan Xəzər dənizinə tökülə bilsin. Dövrün sənədlərindən məlum olduğu kimi, orada 16 mindən artıq türk-müsəlman əhalinin həyatına son qoyuldu.

- 31 mart soyqırımını bu gün dünyaya sübut edə bilməyimiz üçün əlimizdə yetərincə faktlar varmı?

- Qubadan sonra Qərbi Azərbaycanda həyata keçirilən soyqırımı aktları daha dəhşətlidir. Bircə fakt deyim, erməni tarixçi Kordokyan 1931-ci ildə Moskvada kitab nəşr etdirir. "Erməni əhalisi 1831-1931" adlı bu kitabda qeyd olunur ki, Birinci Dünya müharibəsi illərində Qərbi Azərbaycan ərazisində 365 min türk-müsəlman əhali yaşayırdı. 1922-ci ildə SSRİ təşkil olunarkən cəmi 20 min türk-müsəlman qalmışdı. Sual olunur, bəs bu qədər azərbaycanlının taleyi necə olmuşdu?! Nə qədəri öldürülüb, nə qədəri qaçqın düşüb... Nə qədər insanın əmlakı əlindən alınıb. Xoşbəxtlikdən 1918-ci ilin 15 iyulunda Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində yandırılan kəndlər, öldürülən əhali, müsadirə olunan əmlak barədə tutarlı məlumatlar var. Hamısı orada müfəssəl şəkildə qeyd olunub. Qərbi Azərbaycanla yanaşı, Cənubi Azərbaycanın Xoy, Urmiya, Salmas və Təbriz şəhərlərində də azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirilib. 1918-ci ildə qurulan Cümhuriyyət bilirdi ki, zaman gələcək ermənilər bütün dünyanı inandırmaq istəyəcəklər ki, guya soyqırımı onlara qarşı törədilib. Ona görə də 1918-ci il iyulun 15-də Gəncədə Fövqəladə Təhqiqat Komissiyası təsis edilərkən hökumətin başçısı Fətəli Xan Xoyski deyirdi ki, bizə qarşı həyata keçirilən soyqırımını bütün dünyaya çatdırmaq üçün sənədlər 4 dildə çap olunmalıdır. 1918-ci ilin oktyabrından 1920-ci ilin fevralına qədər 5500 səhifə sənəd əldə edildi. Yəni soyqırımına məruz qalan Bakı, Bakı qəzası, Şamaxı, Şamaxı qəzası, Quba, Quba qəzası, Qərbi Azərbaycanın bir hissəsində - yəni Zəngəzurda həyata keçirilən soyqırımı ilə bağlı kifayət qədər təhqiqatlar aparıldı. Sənədlər toplandı. Xoşbəxtlikdən bu gün də həmin sənədlər bizim əlimizdədir.

- Həmin vaxt Cümhuriyyət fədailəri bu soyqırımını dünyada tanıda bildimi?

- O zaman Bakıda soyqırımına məruz qalan əhalinin şəkillərini çəkən xaricilər olub. O şəkillərdən bir hissəsi Paris Sülh Konfransına göndərilmişdi. Xoşbəxtlikdən bir neçə il bundan əvvəl o şəkillərin böyük əksəriyyəti Azərbaycana gətirildi. Yəni dövrün hadisələrini gözləri ilə görən insanlar olub. Bakıda, Şamaxıda, Qubada, Qərbi Azərbaycanda. Bu şahidlərin hamısı azərbaycanlı deyildi. Onların içərisində azərbaycanlı olmayanlar da var idi. Həmin sənədlərin hazırlanmasına onlar da cəlb olunmuşdu. Ona görə də bu gün Azərbaycanda həyata keçirilən soyqırımı ilə bağlı kifayət qədər sənədlər var. O sənədlərin heç biri şübhə doğurmur. Biz elə bu sənədlərdən istifadə edərək bütün dünyanı inandırmışıq ki, inandıramaq istəyirik ki, Birinci Dünya müharibəsi illərində və müharibədən sonrakı dövrdə də heç zaman erməni əhalisinə qarşı soyqırımı həyata keçirilməyib. Əksinə, ermənilər türk-müsəlman əhalisinə qarşı soyqırımı reallaşdırıblar. Bunun da bariz nümunəsi hazırda hər bir erməni gənci üçün əsas ideologiyadır. Onların stolüstü kitabıdır. Qaregin Njdenin təliminin birinci cümləsi belədir; "sonuncu türk kar ola, kor ola, lal ola, o da öldürülməlidir". Doğrudan da ermənilər bu təlimə kifayət qədər riayət edirlər.

- Həmin soyqırımını törədənlərin sonrakı aqibəti necə oldu?

- Azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirən insanların başında Stepan Şaumyan, Lalayev, Qaregin Njde, Dro dururdu. Yəni bunların hər birinin sonrakı dövr üçün xalqımıza düşmən münasibəti məlumdur. Eyni zamanda, aqibətləri də bəllidir. Heç bir günahı olmayan xalqa qarşı soyqırımı törədənlərin rahat həyatı, aqibəti ola bilməz. Təbii ki, onların da aqibəti eyni oldu. 70 illik sovet dönəminin ilk işi bu soyqırımını unutdurmaq idi. Buna da nail oldu. 1919-20-ci illərdə 31 mart soyqırımı günü kimi qeyd olunurdu. Sovet hakimiyyəti bu ifadəni ləğv etdi. Ardınca "xalqlar dostluğu" siyasətini tərənnüm etməyə başladı.

- Sovet imperiyası Azərbaycan xalqına bu soyqırımı hadisələrini unutdura bildimi?

- Sovet dövləti Azərbaycan xalqının başına gətirilən bu müsibəti tamam unutdura bildi. Ümumiyyətlə, sovet dönəmində bu məsələ o dərəcədə təhrif olundu ki, soyqırımı yox, vətəndaş müharibəsinin günahkarı Azərbaycanın milli-demokratik ziyalıları elan edildi. Amma Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşan ərəfədə - 1918-20-ci illərdə Məmməd Əmin Rəsulzadə və Əlimərdan bəy Topçubaşovun, xüsusilə Üzeyir Hacıbəylinin yazdığı məqalələr, dövrün şahid ifadələri və Məhəmməd Muradzadənin yazmış olduğu xatirələr dövrü mətbuata çıxarıldı.

- İlk dəfə bu soyqırımı öz həqiqi qiymətini nə zaman aldı?

- Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra. 70 illik sovet dövrü ərzində soyqırımı hadisələri Azərbaycanda vətəndaş müharibəsi tarixinə salınmışdı. "Günahkarı" da azərbaycanlılar, "qəhrəmanı" Şaumyan idi. Bu tarixdən imtina olundu. Yeni tarix yazılarkən ilk dəfə olaraq "azərbaycanlılara qarşı soyqırımı" ifadəsi işləndi. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə düşdü. Bir daha xatırladım ki, 1919-20-ci illərdə bu tarix milli matəm günü kimi qeyd olunmuşdu. 1998-ci ildən sonra bu tarix təsbit edildi. Azərbaycan tarixçiləri də 31 mart soyqırımı haqqında kifayət qədər əsərlər yazıb çap etdirə bildilər. Öldürülən günahsız insanlarla bağlı kifayət qədər mənbələr var. Amma bu mənbələr içərisində ən dolğunu Fövqəladə Təhqiqat Komissiyasının sənədləridir. Bu da 35 cilddir. Səhifələrinin sayı isə 550-dir. Bu gün dünya azərbaycanlıları, eləcə də dünyanın müxtəlif ölkələrindən tarixçilər dəvət olunanda ən dəqiq qaynaq kimi Fövqəladə Təhqiqat Komissiyasına istinad edilir.

- Öldürülən günahsız insanların sayı ilə bağlı əlimizdə dəqiq rəqəmlər varmı?

- Soyqırımıda öldürülən insanların sayı ilə bağlı rəqəmlər müxtəlifdir. Bizim hər birimizə elə gəlir ki, rəqəmləri artırsaq, soyqırımının miqyası daha dəhşətli olar. Əslində, soyqırımı deyiləndə 5 nəfər də, 5 min nəfər də, 5 milyon nəfər də nəzərdə tutula bilər. Yəni əvvəldən planlı və düşünülmüş şəkildə bir dəstə, bir qrup başqa bir xalqı yer üzündən silmək istəyir. Soyqırımı budur. Artıq burada say rol oynamır. Mən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində yazılan faktların bir çoxunu sizinlə bölüşmək istəyirəm; Bakı şəhərində 11 mindən artıq azərbaycanlının həyatına son qoyulub. Eyni zamanda, orada yazılır ki, öldürülən əhalinin sayı bundan da çox olub. Çünki hadisə mart-aprel aylarında baş verib. Amma Fövqəladə Təhqiqat Komissiyasının üzvləri Bakı şəhərində təhqiqata oktyabr-noyabr aylarında başlayıblar. Ermənilər də, Bakı Sovetinin qüvvələri də öldürülən əhalinin bir hissəsini neft quyularına, dənizə atırdı. Öldürülən əhalinin sayı daha çox idi. Amma faktiki rəqəm 11 mindən artıq göstərilib. Şamaxı qəzasında 8 mindən artıq, Şamaxı şəhərində 8 mindən çox dinc əhali qətlə yetirilib. Quba qəzası və Quba şəhərində üst-üstə 16 min insan öldürülüb. Lənkəranda 2 mindən artıq azərbaycanlının həyatına son qoyulub. Cənubi Azərbaycanda öldürülən dinc azərbaycanlı əhalinin sayı 150 mindən artıq olub. Bu da sənədlərdə əksini tapıb. Təəssüf ki, o vaxt Föqvəladə Təhqiqat Komissiyasının üzvləri Naxçıvanda ola bilmədilər. Amma Naxçıvanda da minlərlə insan öldürülüb, məhv edilib. Bununla bağlı bir faktı deyim, Qaregin Njde öz xatirələrində yazır ki, "1919-cu ilin dekabrında Araz çayı üzərində qərargahımı qurmuşdum. Naxçıvandan 200 əsir gətirdilər. Soruşdum ki, körpə uşaqları varmı, dedilər ki, var. Dedim ki, onları da gətirin. Körpə uşaqları analarının qucağından zorla aldılar. Bir tərəfdən anaların naləsi, bir tərəfdən qış, Arazın çox soyuq suyu. Əmr etdim ki, körpələri Araz çayına atın... və körpələrin naləsi... Bu, həyatımın ən xoş dəqiqələri idi". Njde beləcə də yazıb. Yəni soyqırımı zamanı Qərbi Azərbaycanda, Naxçıvanda minlərlə, 10 minlərlə azərbaycanlının həyatına son qoyulub.

- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu soyqırımının dünyada tanıdılması ilə bağlı hansı işləri görüb? Aparıcı xarici dillərə soyqırımı ilə bağlı əsərlər çevrilibmi?

- Tarix İnstitutunun bu istiqamətdə kifayət qədər işləri olub. Təkcə Tarix İnstitutu yox, Azərbaycanın bu dövrlə məşğul olan ziyalıları var. Onlar da bu istiqamətdə ortaya böyük işlər qoyublar. Bu istiqamətdə kifayət qədər sanballı əsərlər var. Onların bir qismi müstəqilliyin ilk illərində yazılıb. Həmin əsərlərin böyük qismi dünya dillərinə tərcümə olunub.

- Ermənilər 31 mart soyqırımı ilə bağlı nə düşünürlər?

- Bizə düşmən olan ermənilər təbii ki, bu tarixi qəbul etmirlər. Bizə daha çox böhtanlar atılır. Təəssüflər olsun ki, dünyanın əksər dövlətləri də xristian amilini əsas götürərək ermənilərə havadarlıq edir. Ancaq bu da kifayət eləmir, çünki tarixi fakt ayrı şeydir. O faktı qəbul etməmək olar, amma onun da zamana ehtiyacı var. Zaman gəlir, o, qəbul olunur. Qarabağın işğal olunduğu ilk illərdə az qala bütün dünya bizi inandırmaq istəyirdi və bizdən tələb edirdi ki, o torpaqlar ermənilərindir. Həmin torpaqların ermənilərdə qalmalı olduğunu deyirdilər. Amma biz 30 il ərzində məsələnin tarixini dünyaya sübut edə bildik ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Ona görə də bu gün kənardan, bucaqdan artıq səslər çıxara bilərlər, ancaq o səslər artıq arxada qaldı. Həqiqət ondan ibarətdir ki, biz öz torpaqlarımızı düşmən işğalından azad edə bildik.

- Qırğınların daha çox olmaması üçün o zaman qoçuların, qaçaqların xüsusi xidmətləri vurğulanır. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Bakıda, Azərbaycanın ayrı-ayrı bölgələrində o zaman ermənilərə müqavimət göstərən insanlar olub. Onlar qoçular da adlandırılır, qaçaqlar da. Təbii ki, onların hər biri Azərbaycanın mərd oğulları, qəhrəmanları idi. Düşmənin məkri o qədər böyük idi ki, bu insanlar da qırğınların qarşısını ala bilmədilər. Amma öldürülən insanların sayının daha çox olmasının qarşısını almağı bacardılar. 2021-ci ildə biz 31 mart soyqırımı qurbanlarını yad edərkən bir şeyə ürəkdən inanırıq ki, onlar da bizim şəhidlərimizdir. O şəhidlərin qanı yerdə qalmadı. Nə 1905-06, nə 1918-20, nə də 1988-2020-ci illərdə şəhid olanlarımızın qanı yerdə qalmadı, onların intiqamı alındı. Builki Xocalı soyqırımı hansı formada, hansı keyfiyyətdə qeyd olundusa, 31 mart soyqırımı da o ruhla qeyd edilir. Soyqırımına məruz qalan insanların ruhu şaddır.

- Anar müəllim, bu cür soyqırımı hadisələrinin yaşanmaması üçün nələr etməliyik?

- Bu gün güclü, dəmir yumruq kimi birləşən bir Azərbaycan var. Bu gün Azərbaycanın müzəffər Ali Baş Komandanı, müzəffər əsgəri var. Dövlət başçısının dediyi kimi, müasir silahlarımız var idi, biz onlardan istifadə etdik. Ancaq Qarabağdakı qələbənin qəhrəmanı Azərbaycan əsgəridir. Bu mənada biz şəhidlərin ruhu şad olsun deyə, torpaq üçün şəhid olan insanların arzularını reallaşdırmaq üçün 44 günlük müharibədə hər şeyə nail olduq. Düşmənlə bağlı yaradılan mifi darmadağın etdik. Öz torpağımıza sahib durduq. Mən əminəm ki, biz gələcək üçün də bir ibrət tarixini yaşadıq. Biz tarixdən, soyqırımılardan ibrət götürdük. Yəni biz bir xalq olaraq məğlubiyyətlə bağlı acı göz yaşı tökərək tarixə düşmək istəmirik. O tarixi yaddan çıxarmayaq. Amma qalib xalq və qalib dövlət kimi dünya və vətən tarixinə düşə bilək. Bu mənada biz 2020-ci ilin sentyabrından sonra həmin tarixi yaratdıq, hazırda həmin tarixi yaşayırıq. İbrət götürən, tarixi təfəkkürə sahib olan xalq heç zaman məğlub olmur. Çünki tarixi, çətin günləri yaddan çıxarmır. Yeni dövr üçün də elə bir tarix yaradır ki, həmin tarixlə öyünür.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm