10 ili tamam olan Suriya müharibəsi haqqında DƏHŞƏTLİ FAKTLAR: Putin və Ərdoğan...
Bizi izləyin

Yaxın Şərq

10 ili tamam olan Suriya müharibəsi haqqında DƏHŞƏTLİ FAKTLAR: Putin və Ərdoğan...

Publika.az İran və Rusiyanın müdaxiləsi, İŞİD-in ortaya çıxması, ABŞ-ın YPG-yə dəstəyi, Türkiyənin hərbi hərəkatları... 15 mart 2011-ci ildə etiraz aksiyaları ilə başlayan və 10-cu ilini tamamlayan Suriya vətəndaş müharibəsinin istiqamətini dəyişdirən kritik olayları təqdim edir.

“Sənin növbən də gəldi, doktor”

2011-ci ilin martında Ərəb ölkələrindəki hərəkətlilikdən təsirlənən lisey şagirdlərinin Dera şəhərində divara yazdığı bu yazı əsl peşəsi oftalmoloq olduğu üçün “doktor” ləqəbi ilə tanınan Bəşər Əsədin deyil, amma demək olar ki, 50 illik güclü mərkəzi sistemin sonunu gətirdi.

Şagirdlərinin həbsi və ailələrinə zorakılıq tətbiq edilməsindən sonra 15 mart 2011-ci ildə cümə namazından sonra Dəməşq və Derada etiraz aksiyaları təşkil olundu. Dövlət başçısı Bəşər Əsəd buna sərt qarşılıq verdi. Nəticədə onlarla mülki vətəndaş həlak oldu. Aksiyalar ölkə miqyasında yayılanda 10 ildir davam edən vətəndaş müharibəsi başladı.

Bu gün ölkədə yaşadığı bölgə bombalanmamış, bir doğmasını itirməmiş, ailəsindən uzaq düşməmiş bir suriyalı tapmaq mümkünsüzdür. 2011-ci ildə əhalisi 22 milyon olan ölkədə 10 ildə, haradasa, 600 min nəfər həlak olub. 6,5 milyondan çox suriyalı yerindən olub. Bir çoxu çadırlarda və çətin sanitar şəraitdə yaşayır. 5,6 milyondan çoxu isə Suriyanı tərk edib. Hazırda onlardan 3,6 milyonu Türkiyədə yaşayır.

Vətəndaş müharibəsi başladığında çoxu həbsxanada olan “Əl-Qaidə” qruplaşmasının üzvləri bu gün İraq Şam İslam Dövləti (İŞİD), Heyət Təhrir əl-Şam (HTŞ) və müxtəlif qruplarla birlikdə torpaq parçalarına nəzarət edən təşkilatların parçasıdır. Döyüş başlayanda təşkilati gücü olmayan Demokratik Birlik Partiyası (PYD) bu gün ABŞ və Rusiyadan dəstək görən, Qərb paytaxtlarında nümayəndəliyi olan, ölkənin dörddə-birindən çoxunu nəzarətdə saxlayan qüvvədir. Ölkə de-fakto 3 yerə bölünüb. Şimal-qərbdə İdlib-Afrin-Cerablus xəttinə nəzarət edən müxaliflərin olduğu bölgədə bəziləri HTŞ-nin əlindəki nəzarət məntəqələri var. PYD-nin onurğa sütununu təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) nəzarətindəki bölgədə zaman-zaman Dəməşq hökuməti ilə əməkdaşlıq edir. PYD-nin mərkəz mövqeyindəki Qamışlı və Dəməşq arasında təyyarələr uçur. Hökumətin nəzarətindəki bölgədə də İran dəstəkli milis qüvvələrinin hakimiyyətində yaşayış məntəqələri mövcuddur.

Bəs 10 il ərzində bu günə necə gəlindi?

Müharibənin dönüş nöqtələri və kritik olaylar

1. 30 iyul 2011-ci il

Müxaliflər Azad Suriya Ordusunu qurdu, qiyam vətəndaş müharibəsinə çevrildi. Etirazlara təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində onlarla insan öldü, aksiyalar şiddətləndi. Ordudan ayrılan zabitlər yanlarına bəzi əsgərləri alaraq silahlanmağa başlayan müxaliflərə qatıldıqlarını elan etdi. 30 iyulda çoxu ordudan ayrılan zabitlərdən ibarət Azad Suriya Ordusunun (ASO) qurulduğu elan edildi. Bu tarixdən sonra Suriyadakı hadisələrlə bağlı “vətəndaş müharibəsi” ifadəsi istifadə olunmağa başlandı.

Türkiyə, Qətər və digər körfəz ölkələri başda olmaqla, müxaliflərə xarici yardım da gəlirdi. 9 avqust 2011-ci ildə dövrün Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu qiyam başlayana qədər Ankara ilə çox yaxın münasibətləri olan Bəşər Əsəd hökuməti ilə əlaqə yaratmaq üçün Dəməşqə getdi. 8 saat davam edən görüş Ankara-Dəməşq arasında son ali səviyyəli görüş oldu. Bu sırada Türkiyə Suriyadan qaçan Əsəd müxaliflərinə və dinc əhaliyə “açıq qapı” siyasəti tətbiq edirdi. 18 avqustda ABŞ-ın həmin dövrdəki prezidenti Barak Obama Əsədi istefaya çağırdı. Bir çox Qərb ölkəsi də Əsəd rejiminə embarqo tətbiq etməyə başladı. Əsəd qiyamın başlanğıcında müxaliflərə xaricdən verilən dəstəyin kəsilməsi üçün Qərbin qorxulu kabusu olan radikal islamçıları həbsxanadan çıxarmağa başladı. İraqdan gələn cihadçılarla birlikdə bu döyüşçülər dağınıq halda müxaliflərin cəbhəsində yer aldı. Əsədin ordusu Suriyanın şimalında kürd əhalisinin yaşadığı bölgələrdən insidentsiz geri çəkildi. İllərdir bir hissəsinə şəxsiyyət vəsiqəsi belə verilməyən, PKK ilə əlaqələri olan PYD-nin silahlı üzvləri 2012-ci ildə Xalq Müdafiə Birliklərini (YPG) yaratdı. Əsədin Türkiyəyə qarşı etdiyi bu həmlədən sonra YPG, Afrin, Kobani və Qamışlıda hakim qüvvə yaratmış, Türkiyə sərhədində YPG bayraqları asılmışdı.

2. 2-14 fevral 2013-cü il

İranın Suriyadakı varlığı rəsmi şəkildə elan edildi, müharibənin gedişi Əsədin lehinə dəyişdi. Bölgədəki ən əhəmiyyətli müttəfiqlərindən biri olan Əsədi itirmək istəməyən İran hökuməti Dəməşq ordusuna silah, canlı qüvvə və Qüds Qüvvələri vasitəsilə təlim dəstəyi verirdi. Qüds Qüvvələrinin lideri Qasım Süleymaninin Suriyadakı cəbhədə görüldüyünə dair bilgilər gəlirdi. 14 fevral 2013-cü ildə İran İnqilab Keşikçiləri komandanının Suriyada müxaliflər tərəfindən öldürüldüyü elan edildi. Bu zaman müxaliflər bir çox yaşayış məntəqəsini ələ keçirmişdi. İranın müharibəyə müdaxiləsini qəbul etməsindən bir neçə ay sonra - 5 iyun 2013-cü ildə Livan sərhədindəki Kuseyr Dəməşq ordusunun nəzarətinə keçdi. Qasım Süleymaninin rəhbərliyində “Hizbullah” və İran dəstəkli milislərin dəstəyi ilə Əsədin əldə etdiyi zəfər müxaliflərin 2 ildə qazanclar əldə etdiyi vətəndaş müharibəsinin gedişini Əsədin lehinə dəyişdirən dönüş nöqtəsi oldu. Ancaq bu sırada İran Prezidenti Həsən Ruhani açıqlamalarında çox təmkinli davranırdı. Sentyabr ayında “Vaşinqton Post” üçün məqalə qələmə alan Ruhani “bölgədəki insanların öz müqəddəratlarını təyin edə biləcəkləri bir şərait yaratmalıdırlar. Suriyada diplomatiya yollarına müraciət edilməlidir” ifadələrinə yer vermişdi.

3. 21 avqust 2013-cü il

Dəməşq yaxınlığında zarin qazından istifadə edildi.

Dəməşq hökumətinin kimyəvi silahlardan istifadə etdiyinə dair iddialar 14 iyun 2013-cü ildə ABŞ tərəfindən “təsbit edildi”. 21 avqustda da Qutada zarin qazı hücumu təşkil olundu. Dinc əhali daxil olmaqla, yüzlərlə insan dünyasını dəyişdi. Bu hücumlar Obamanın 2012-ci ildəki açıqlamasını xatırlatdı: “Kimyəvi və ya bioloji silahdan istifadə qırmızı xəttimizdir”.

Lakin müharibənin dönüş nöqtəsi hesab oluna biləcək olay zarin qazından sonra Vaşinqton-Moskva xəttində yaşananlar və nəhayətində ABŞ-ın Suriya müharibəsindəki mövqeyinu dəyişdirməsi idi. “Qırmızı xətt aşılıb” dediyi üçün Suriyaya müdaxiləsi gözlənilən Obama “Konqresə hərbi səlahiyyət tələbi göndərdi” və topu Konqresə atdı. Ardınca Əsəd hökumətinin dəstəkçisi Rusiya ilə Suriyadakı kimyəvi silahların ölkədən xaricə çıxarılması məsələsində razılığa gəldi. Ankara buna sərt reaksiya verdi. Dövrün Xarici İşlər naziri Əhməd Davudoğlu “bunu mütləq həll olaraq görmək Suriya rejiminə qarşı kimyəvi silahdan başqa hansı vasitədən istifadə edirsinizsə edin, nə qədər insan öldürürsünüzsə öldürün kimi mesaj vermək sülhü təmin etməz” açıqlamasını verdi. Obama hökuməti həmin tarixdən sonra müxaliflərə məhdud dəstək göstərdi. Əsədə qarşı açıq müdaxilə etmədi. Bu vəziyyət o dövr İranla nüvə razılaşmasına yaxın olan Obama administrasiyasının Tehranla gərginliyi artırmamaq üçün Suriyada geri addəm atdığı şərhlərini ortaya qoydu. Bu zaman müxaliflərin tərkibində Müsəlman Qardaşların güclənməsi Səudiyyə Ərəbistanı və Körfəz ölkələrində tədirginlik yaratdı. Rəsmi Ər-Riyad artıq Türkiyə deyil, İordaniya vasitəsilə cənubdakı müxaliflərə dəstək verirdi. Nəticədə ölkənin müxtəlif bölgələrindəki müxalif qruplar bölündü.

4. yanvar 2014-cü il

İŞİD Rakkanı ələ keçirdi.

2013-cü ildə İraqdan gələn İraq İslam Dövləti lideri Əbubəkir əl-Bağdadi və təşkilat üzvləri Rakkadakı müxalif qruplara qarşı silahlı hücuma keçdi. 2014-cü ilin yanvarında şəhərdən bu qrupları çıxararaq “xəlifəliyin paytaxtının Rakka olduğunu” elan etdi. Rakkadan çıxarılan Əhrar-i Dəməşq Əl-Nusra kimi təşkilatlar da əsasən İdlibə istiqamətləndi. Beləliklə, Türkiyə sərhədində radikal qrupların sayı artdı. İŞİD getdikcə güclənərək döyüşçü sayını Suriya İnsan Haqları Müşahidə Şurasının hesabatına görə, 30 minə çıxardı. 2015-ci ildə İŞİD döyüşçü sayını bəzi ərəb ölkələrində, Türkiyə və Avropada onlarla insanın həlak olduğu böyük hücumlar təşkil edəcək potensiala çatdırmışdı.

5. sentyabr 2014-cü il

Kobani mühasirəsi və ABŞ-ın İŞİD-ə qarşı Suriyadakı ilk hava əməliyyatı

2014-cü ilin aprelində İraqın ən böyük şəhərlərindən olan Mosulu ələ keçirən İŞİD Türkiyə sərhədindəki PYD bölgələrinin bir hissəsini mühasirəyə almışdı. Avqustda İraqın Sincar bölgəsindəki bombardmanla ilk dəfə İŞİD-i hədəf alan ABŞ 23 sentyabrda da Suriyada təşkilata qarşı ilk hava bombardmanını gerçəkləşdirdi. 27 sentyabrda isə PYD bölgələrinə irəliləyişinin qarşısını almaq üçün Kobanidə İŞİD-i bir daha vurdu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın əvvəlində Türkiyə dəstəkli müxalifləri nəzərdə tutaraq “Quru hərəkatında bu vəzifəni icra edənlərlə əməkdaşlıq qurulmadıqca hava hərəkatı ilə bu iş bitməz. Hazırda Kobani təslim oldu-olacaq” deyərkən ABŞ-ın başqa planları vardı. Barak Obama 19 oktyabrda Ərdoğana zəng edərək YPG-yə birbaşa silah yardımı edəcəyini söylədi və yardımlar başladı.

Bu dəfə müharibənin gedişi YPG üçün dəyişdi. Əvvəlcə Kobanini mühasirəyə alan İŞİD-i geri oturdan YPG ardınca Türkiyə sərhəd xətti boyunca sürətlə irəlilədi. Daha sonra cənuba dönərək Rakkanı ələ keçirdi. YPG-nin Suriyada “kanton” altında muxtariyyət elan edəcək qədər qüvvətlənməsi və ABŞ liderliyindəki İŞİD-ə qarşı beynəlxalq koalisiyanın dəstəyini qazanması Türkiyədə davam edən həll prosesinin qarşısına son daşı qoydu. Kobani hadisələri zamanı böyük sarsıntı keçirən proses Türkiyənin 24 iyulda əvvəl Suriyada İŞİD-i, daha sonra Şimali İraqdakı PKK hədəflərini vurması ilə yekunlaşdı. Eyni günlərdə ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarda istifadə etmək istədiyi, lakin Türkiyənin “sadəcə təhlükəsiz bölgə yaratması qarşılığında təsdiq verəcəyi” “İncirlik” bazası da bu şərtlər yerinə yetirilmədən açıldı.

“BBC Türkcə”yə açıqlama verən türk vəzifəli şəxslərdən biri PKK hədəf alınmazdan əvvəl bazanın açılmasının və İŞİD-in vurulmasının səbəbini bu sözlərlə açıqlayıb: “Əgər sadəcə PKK-nı vursaydıq, nə qədər qanuni olursa-olsun, İŞİD-lə mübarizəyə zərər verirmiş kimi təəssürat yarada bilərdi. Onsuz da Türkiyənin İŞİD-ə dəstək verdiyinə qarşı iddialarla mübarizə aparırdıq. Bu təəssüratın qarşısını almaq üçün bazanı açdıq, ilk əməliyyatı İŞİD-ə qarşı həyata keçirdik. Ardınca PKK hədəflərini vurduq. “Türkiyə 2 YPG bölgəsi arasında körpü qurulmasının qarşısını almaq və sərhədindəki İŞİD təhdidinə son vermək üçün 24 avqust 2016-cı ildə “Fərat qalxanı” əməliyyatlarına başladı. 2018-ci ildə Afrinə “Zeytin budağı” hərəkatı təşkil olundu. Türkiyə üçün artıq Suriyada ən əhəmiyyətli priotitet YPG olmuşdu. Əməliyyatlar artıq Suriyanın hava məkanına nəzarət edən Rusiyanın yaşıl işıq yandırması sayəsində olmuşdu.

6. 30 sentyabr 2015-ci il

Rusiya müharibəyə birbaşa müdaxilə etdi.

ABŞ, Türkiyə və İranın artıq müdaxilə etdiyi müharibənin 4-cü ilində Rusiya da Dəməşqə verdiyi dəstəyin formasını dəyişdirdi və avia-bombardmanla müharibəyə daxil oldu. Rusiya Hərbi Hava Qüvvələrinin müdaxiləsi ilə savaşın Əsəd lehinə irəliləməsi sürət qazandı. Rusiya Prezidenti Vladimir Putin “ölkədəki cihadçıların Rusiya üçün təhdid olduğunu, müharibəyə bu qrupların qarşısını almaq üçün girdiyini” 12 oktyabrda BBC-yə verdiyi müsahibədə açıqladı: “Bizim xarici torpaqlara ehtiyacımız yoxdur. SSRİ-ni yenidən inşa etmək kimi niyyətimiz yoxdur. Amma müstəqilliyimizi və suverenliyimizi müdafiə etməliyik”. Rusiyanın müdaxiləsinin ardınca 21 oktyabrda Əsəd də ilk dəfə Suriya xaricində - Moskvada görüldü.

Bundan 1 ay sonra - 24 noyabrda Türkiyənin hava sərhədlərini pozduğunu bildirən Rusiyaya məxsus təyyarə Türkiyə qırıcıları tərəfindən vuruldu. Moskva-Ankara arasındakı yüksək gərginlikli keçən bir neçə aydan sonra Ərdoğan rusiyalı həmkarı Putinə üzrxahlıq məktubu göndərdi. 9 avqustda Sankt-Peterburqda görüşən liderlər arasındakı gərginlik yerini yaxın əməkdaşlığa verdi. Türkiyənin bu sırada ABŞ ilə arası YPG-yə verilən dəstək səbəbilə getdikcə açılırdı. Üzərindən 1 ay keçmədən Türkiyənin “Fərat qalxanı” əməliyyatı başladı. Eyni ilin sonunda Hələbdə atəşkəs elan olundu, müxaliflər İdlibə çəkildi. Əsəd illər sonra bir rus jurnalistə müsahibəsində müharibənin dönüş nöqtəsi sualını cavablayarkən “Hələbin geri alınması” deyəcəkdi. Bu arada, Türkiyədə böyük əks-səda doğuran 2 hadisə oldu. 19 dekabrda Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sui-qəsdlə öldürüldü. 22 dekabrda isə 2 türk əsgəri İŞİD tərəfindən yandırıldı və görüntüləri internetdə paylaşıldı. Əsgərlərdən birinin ailəsi aylar sonra türk mətbuatına “oğlumuza şəhidlik statusu verildiyi” bizə deyildi. Rusiya ABŞ ilə qarşı-qarşıya gəlməmək üçün müdaxiləsində böyük miqyasda YPG bölgələrinə yanaşmadı. ABŞ da 3 il ərzində sadəcə İŞİD-in bölgələrini hədəf aldı. Ancaq Donald Tramp prezident olduqdan sonra 2017-ci ilin aprelində ilk dəfə Suriya ordusunun bazasına raket atıldı. 1 il sonra Tramp Əsədə aid bazaları yenidən vurdu.

7. Qaçqın böhranı

Münaqişələrdən qaçan kiçik bir qrupun ilk dəfə 2011-ci ilin aprelində Türkiyə sərhədinə gəlməsindən sadəcə bir neçə il sonra suriyalı qaçqınların sayı milyonları keçmişdi. İlk mərhələdə Livan, İordaniya, Türkiyə və İraq kimi qonşu ölkələrə sığınan və buralardakı çadır şəhərciklərində müvəqqəti yerləşən suriyalılar müharibənin yaxın zamanda bitməyəcəyini gördü. Çünki artıq vətəndaş müharibəsi Türkiyə, Körfəz ölkələri, İran, Rusiya və ABŞ-ın girdiyi bir vəkalət savaşına çevrilmişdi. İsrail də Suriyada sərhədə yaxın bölgələrdə İranın dəstəklədiyi “Hizbullah” və digər milisləri hədəf alan raket hücumlarına başlamışdı. Artıq evlərini köklü şəkildə tərk edən suriyalılar Avropadan sığınacaq tələb etdi. Egey dənizi vasitəsilə Yunanıstana miqrasiya axını başladı.

2015-ci ildə bu axınlar və insan qaçaqçılığı elə bir nöqtəyə gəldi ki, suriyalıların açdığı yararlanmaq istəyən çox sayda iraqlı, əfqan və digər Asiya ölkələrindən gələn miqrantlar minlərlə kilometrlik növbələr yaratmışdı. 2015-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, Türkiyə vasitəsillə 821 mindən çox insan Yunanıstana keçid edib, Egeydə 706 insan ölüb. Aralarında cansız bədəni Bodrum sahillərinə çıxan 3 yaşlı Aylan Kurdi də vardı...

8. 4 may 2017-ci il

Münaqişə zonaları elan edildi və müxaliflər İdlibə geri çəkildi.

2017-ci ildə Türkiyə dəstəkli müxaliflər böyük miqyasında İdlib və Cerablus-Mare xəttində qalmışdı. 4 mayda Rusiya, İran və Türkiyə Qazaxıstanın paytaxtı Astanadakı toplantıda müxaliflərin yerləşdiyi bölgələrdə 4 münaqişə zonası yaratmaq qərarı verdi. Birincisi geniş İdlib bölgəsi, ikincisi 150 mindən çox əhalisi olan Rastan və Təlbisə, üçüncüsü 700 min əhalisi olan radikal qrupların da yerləşdiyi Şərqi Quta və sonuncusu Dera və Küneytra idi.

Bu bölgələr üçün Misir, İordaniya və ABŞ-ın da müdaxiləsi ilə müxtəlif razılaşmalar imzalandı və 2018-ci ilin iyuluna qədər Şərqi Quta, Rastan-Təlbisə və Küneytra-Dera bölgələrindən minlərlə döyüşçü ailələri birlikdə avtobuslara mindirilib İdlibə göndərildi. Beləliklə, 2011-ci ildə Əsədə qarşı döyüşməyə başlayan müxaliflər ölkənin şimal-qərbinə çəkildi. İdlibin əhalisi 3 mini keçdi. Suriya ordusu və Rusiya bu dəfə istiqamətini son münaqişə bölgəsi olan İdlibə çevirdi.

Suriya və Rusiya ordularının əməliyyatları fasilələrlə bu günə qədər davam edir. 2018-ci ilin iyulunda Rusiya, Türkiyə və İran memorandum imzalayaraq İdlibdə müxaliflər və Suriya ordusu arasında bufer zonası yaradılacaq şəkildə müşahidə nöqtələri yaratdı. Memorandumun müvəqqəti olduğunu bildirən Bəşər Əsəd isə “hökumətimizin əsl məqsədi Suriyanın hər bölgəsində nəzarəti təmin etməkdir” deyərək İdlibdən imtina etmədiyini bəyan etmiş oldu. Son olaraq 5 mart 2020-ci ildə Rusiya ilə Türkiyənin yeni razılaşma əldə etdiyi bölgədə Əsədin ordusu irəliləmiş, müxaliflər daha da dar bir sahəyə sıxışdırılmışdı. Hücumlarda onlarla əsgərini itirən Türkiyə Dəməşq ordusunun nəzarətində qalan bölgədən müşahidə məntəqələrini köçürmək məcburiyyətində qalmışdı. İdlibin böyük hissəsi bu gün HTŞ-nin nəzarətindədir.

9. dekabr, 2018-ci il

ABŞ İŞİD-in əlində torpaq qalmadığını elan etdi.

Dövrün ABŞ prezidenti Donald Tramp 2018-ci ilin dekabrında İŞİD-in nəzarətində torpaq qalmadığını və Suriyadan çəkiləcəyini açıqladı. Ancaq reaksiyalar nəticəsində sadəcə min əsgərini geri çəkə bildi. Fəratın digər sahilində isə Rusiyanın muzdlu döyüşçüləri və İran dəstəkli milislərlə birlikdə Suriya ordusu İŞİD-lə savaşmağa davam edirdi. Tramp Obamanın YPG-yə yardıma başlamasından 5 il sonra – 2019-cu ilin oktyabrında Ərdoğanla telefon danışığından sonra bir daha Suriyadan çıxacaqlarını açıqladı. Bu açıqlama uzun müddətdir Fəratın şərqində YPG-yə qarşı hərbi hərəkat hazırlamaq planları edən Ankara üçün yaşıl işıq səviyyəsində idi. Ərdoğanın “qərarı verilən və prosesi başlayan sülh çeşmələrinin önünü açmaq vaxtı bəlkə bu gün, bəlkə də sabah deyilə biləcək qədər yaxındır” sözlərinin ardınca Türkiyə 9 oktyabrda YPG-yə qarşı “Sülh çeşməsi” əməliyyatını başlatdı. Hərəkat 2 həftə ərzində əvvəlcə ABŞ, ardınca Rusiya ilə əldə olunan razılaşmalarla başa çatdı. YPG-nin sərhədindən 30 kilometr çəkilməsi və bu bölgədə Rusiya ilə Suriya ordularının olması qərarlaşdırıldı. YPG bu günə qədər tam anlamı ilə geri çəkilməyib. Bölgədə bir-birinə yaxın mövqedə varlığını davam etdirən SDQ ilə Dəməşq hökuməti arasında da Rusiyanın vasitəçiliyində əməkdaşlıq görüşləri davam edir.

10. Baas hökumətini tanımayan ölkələr Əsədə yaşıl işıq yandırmağa başladı.

Müharibənin böyük hissəsində dominant olan İŞİD problemi böyük miqyasda aradan qaldırılanda əvvəlcə Ərəb ölkələrinin, ardınca da Avropa ölkələrinin Əsədə və Baas Partiyasına mövqeyində dəyişiklik siqnalları gəlməyə başladı. Ankara ilə Dəməşq arasında da “terror təşkilatlarına qarşı” iki ölkənin əməkdaşlıq edə biləcəyi “suriyalılar demokratik seçkilərdə özləri onu istəyərsə” Əsədlə işləyə biləcəyi mesajları gəldi. Belə ki, 2 ölkənin kəşfiyyat başçıları Hakan Fidan və Əli Məmlük 2020-ci ilin yanvarında Moskvada görüşdü. Bu sırada İranın təsir dairəsini məhdudlaşdırmaq istəyən və müxalifləri dəstəkləməkdən çoxdan imtina etmiş Oman, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi Ərəb ölkələri də Dəməşqdə diplomatik nümayəndəliklərini yenidən açdı, bəziləri səfir belə göndərdi. Son olaraq Ağ Evdə yenidən demokratçı Prezident Cozef Bayden hakimiyyətə gəldi. Bayden ilk dəfə 2021-ci ilin fevralında Suriyada Əsədə dəstək verən İrana bağlı milis qüvvələrini vurdu.

“Ordumuzu inkişaf etdirməyə 2 il əvvəl qərar verdik. Əlbəttə ki, bunu Rusiya Müdafiə Nazirliyi ilə birlikdə həyata keçirəcəyik”, - müharibənin 10-cu ilinin tamamlanmasına az qalmış belə bir açıqlama verən Bəşər Əsəd artıq Rusiya və İrandan asılı olsa da, idarəetmədə qaldı. De-fakto 3 hissəyə bölünən Suriya isə 10 ilin sonunda peyk müharibəsinin səhnəsi olmağa davam edir.

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm