Arif Hacılı: “Onu AXCP-nin üstünə mən göndərdim” – “ÜZ-ÜZƏ”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Onu AXCP-nin üstünə mən göndərdim” – “ÜZ-ÜZƏ”

Müsavatın VIII qurultayından sonra təşkilatda ciddi problemlər ortaya çıxdı. Partiya faktiki olaraq bir neçə yerə parçalandı. Artıq Qubad İbadoğlunun tərəfdarları Azərbaycan Demokratiya və Rifah Hərəkatı, Tural Abbaslının dəstəkçiləri isə "Ağ Blok" adı altında fəaliyyət göstərir. Bəzi funksionerlər isə ümumiyyətlə siyasi və ictimai fəaliyyətə birdəfəlik son verərək kölgəyə çəkildilər.

Pubika.az-ın "Üz-üzə" layihəsinin qonağı olan Müsavat başqanı Arif Hacılı ilə partiyadakı vəziyyət, həmçinin, ölkənin ictimai-siyasi həyatındakı proseslərlə bağlı söhbətləşdik.


- Arif bəy, bir neçə ay öncə Müsavata bağlı olan "Bastainfo" saytı fəaliyyətə başlayıb. Bu sayt kim tərəfindən yaradılıb?
- "Bastainfo" saytı Müsavat Partiyasının üzvləri tərəfindən təsis edilib. Bu sayt Müsavata ciddi informasiya dəstəyi verir və partiyamıza bağlı olan media orqanıdır. Təqribən 10 aydır ki, fəaliyyət göstərən sayt artıq Azərbaycanda fəaliyyət göstərən media qurumları sırasında seçilir. Sayt yerli ictimaiyyətin, siyasi qüvvələrin, hakimiyyətin, beynəlxalq birliyin diqqət mərkəzini cəlb etməyə nail olub. Saytın kifayət qədər oxucusu var. Çox şadam ki, "Bastainfo" saytı Müsavata ciddi informasiya dəstəyi verir.


- Qurultaydan sonra Müsavat Partiyası daxilində ciddi ajiotaj var idi. Deyəsən artıq bu ajiotaj səngiyib?
- Deməzdim ki, indi Müsavat ətrafında ajiotaj yoxdur. Müsavat Partiyası ətrafında hər zaman ajiotaj olub. Bilirsiniz ki, Müsavat Partiyası 1911-ci ildə yaradılıb. 1917-ci ildə isə Müsavat artıq Azərbaycanın əsas siyasi qüvvəsinə çevrilib. Bundan sonrakı bütün dövrlərdə isə daim diqqət mərkəzində olub. Bu baxımdan da Müsavat Partiyası ətrafında müzakirələrin səngiməsi qənaətində deyiləm.


- Müsavat Partiyasından gedən insanlar oldu. Həmin şəxslərin yerinə gələnlər varmı?
- Biz əvvəl də demişik və yenə də o fikirdəyik ki, Müsavat Partiyasından gedən hər kəs bizim üçün itkidir. Amma müqəddəs yer boş qalmır. Partiyadan çıxanlar olduğu kimi, partiyaya gələnlər də var. Bu aylar ərzində Müsavat Partiyasının bütün strukturlarında qəbullar həyata keçirilib. Mənə verilən məlumata görə, 2016-cı il aprelin sonuna qədər partiyaya 300 nəfərədək yeni üzv qəbul olunub. Onların böyük bir qismi gənclərdir. Müsavata gənclərin daxil olmasının artması məni çox sevindirir.


- Müsavat Partiyasının sabiq üzvləri Qubad İbadoğlu, Tural Abbaslı və bir neçə digər şəxs partiyadan gedəndən sonra yeni təşkilatlar yaradıblar. Hazırda onlarla münasibətləriniz necədir?
- Onlar vaxtilə Müsavat Partiyasında təmsil olunmuş şəxslərdir. Təsadüfən qarşılaşan zamanı görüşürük, salamlaşırıq. Aramızda hər hansı qeyri-adi münasibət yoxdur.


- Partiyadan gedənləri əksəriyyəti daha çox sizi ittiham edərək bildirir ki, Arif Hacılı Müsavata gələndən sonra avtoritar rejim yaradıb. Bu ittihamlara münasibətiniz necədir?
- Müsavat demokratik qaydalarla idarə olunan siyasi təşkilatdır. Partiyada hər bir qərar kollegial olaraq qəbul olunur, bütün seçkilər əvvəlcədən elan olunaraq, alternativ qaydada və gizli səsvermə yolu ilə keçirilir. Bütün bunlar Müsavatın Nizamnaməsinin tələbləridir.
Ümumiyyətlə, Müsavat Partiyasında avtoritar idarəçilik mümkün deyil. Çünki partiya ayrı-ayrı adamların istəyi və arzusuna görə deyil, nizamnamə və qəbul edilən qərarlar əsasında idarə olunur. Ona görə də hətta kimsə istəsə belə, Müsavat Partiyasında avtoritar idarəçilik tətbiq edə bilməz.


- Bəs sizinlə əks-tərəf arasında fikir ayrılığı hansı məsələlərlə bağlı idi?
- Mənə elə gəlir ki, Azərbaycan mətbuatında bu mövzuya kifayət qədər geniş yer verilib və çox ciddi müzakirə olunub. Yaxşı xatırlayıram ki, bir neçə ay ərzində Azərbaycan media qurumları bu məsələ ilə bağlı geniş reportajlar, xəbərlər hazırlayıb yayırdılar. Hətta, bizə opponentlik edən şəxsləri Azərbaycan telekanalları efirə çıxardaraq hər gün danışdırırdılar.

Hesab edirəm ki, indi Azərbaycan cəmiyyəti üçün bu məsələlər elə də maraqlı deyil. Digər məsələlərlə bağlı suallarınız varsa, mənə elə gəlir ki, həmin adamlara müraciət etməlisiniz. Çünki bu məsələ ilə əlaqədar Müsavatın mövqeyi aydındır. Biz Nizamnamə əsasında fəaliyyət göstəririk. Müsavat Partiyası həm seçki, həm də idarəçilik sisteminə görə ölkənin ən demokratik siyasi təşkilatıdır. Partiya demokratik qaydalarla idarə olunur və bundan sonra da belə davam edəcək.

Əgər bu cür idarəçilik sistemi kimlərisə qane etmirsə, hansısa şəxslər Müsavat Partiyasının öz Nizamnaməsinin tələblərinə uyğun fəaliyyət göstərməsini məqbul bilmirsə, bu da onların seçimidir.


- Sizin müavininiz Tofiq Yaqublu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüb. Həmin görüşdə AXCP-Müsavat münasibətlərini müzakirə olunub. Bu cür görüşlərin gələcəkdə AXCP-Müsavat arasında birliyin yaranmasına töhfəsi ola bilərmi?
- Biz daim real müxalifət qüvvələri ilə əməkdaşlığın tərəfdarı olmuşuq. Bu istiqamətdə konkret addımlar atmışıq və təkliflər irəli sürmüşük.
Tofiq Yaqublu da həbsdən çıxandan sonra bu məsələlərdə təşəbbüs göstərib. Mən Tofiq Yaqubluya və digər partiya üzvlərinə bu istiqamətdə çalışmaları üçün səlahiyyət vermişəm. Bu məsələni Müsavat Partiyasının Divan iclasında da müzakirəyə çıxarmışam. Ancaq təəssüf ki, hələlik bizim bu istiqamətdə apardığımız xoşməramlı cəhdlərimiz nəticə vermir.

Məncə bu, Azərbaycan cəmiyyətinin əsas problemi deyil. Yəni, partiyalar ayrı-ayrılıqda da fəaliyyət göstərə bilər. Əsas odur ki, siyasi təşkilatlar və vətəndaş cəmiyyəti ölkədə demokratik mühitin yaranması uğrunda mübarizə aparsın. Fikrimcə, bunun koordinasiya yolları zamanında tapılacaq.


- AXCP tərəfi Müsavat Partiyasını daha çox vaxtilə yaradılan Milli Şuradan çıxmaqda və Xalq Cəbhəsini yarı yolda qoymaqda ittiham edir. Bu ittihamlarla nə dərəcədə razısınız?
- Onlar bu cür düşünməkdə davam edə bilərlər. Çünki bu, onların öz mövqeyidir və biz bunu dəyişdirə bilmərik. Hesab edirik ki, Milli Şura öz missiyasını əsasən 2013-cü ildə yerinə yetirdi. Müsavat da həmin il bütün resursları ilə Milli Şuranın fəaliyyətində iştirak etdi.

Həmin il prezident seçkilərinin təşkilində Müsavat Partiyasının rəhbərliyi, Mərkəzi Aparatı, yerli strukturları və bütün işçiləri digər işləri kənara qoyaraq, yalnız Milli Şuranın namizədinin müdafiəsi işi ilə məşğul oldu.
Mən də Seçki Qərargahının rəhbəri idim və Seçki Qərargahı da burada (Müsavat qərargahında – Red.) yerləşirdi. Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də məhz mənim bu gün əyləşdiyim bu otaqda otururdu. Biz Müsavat partiyası olaraq AXCP və digər partiyalarla birgə onun müdafiəsini təşkil edirdik. Biz kifayət qədər uğurlu seçki kampaniyası qurmağa nail olduq.

Müsavat Partiyası istər imzatoplama kampaniyası və təbliğat-təşviqat dövründə, istərsə də seçki günü və ondan sonra müvafiq instansiyalara şikayətlərin verilməsi, seçkilərin nəticələrinə qiymət verilməsi və digər məsələlərdə həlledici rol oynayıb. Biz bütün bunlara görə indi kiməsə minnət qoymuruq.

Ancaq 2013-cü ilin prezident seçkilərindən sonrakı mərhələdə Müsavat Partiyası Milli Şura çərçivəsindəki fəaliyyəti uğurlu hesab etməyib və bunu Şura üzvlərinin diqqətinə çatdırıb. Xatırladıram ki, biz Milli Şuradan çıxmazdan əvvəl bu qurumunu üzvü olan AXCP-yə və Milli Şurada əvvəl fəal olan "El" hərəkatına, digər təşkilatlara ikitərəfli, funksional əməkdaşlıq münasibətlərinin qurulması ilə əlaqədar təklif vermişik. Bu siyasi təşkilatların rəhbərləri ilə onların qərargahlarında görüşüb konkret sənədləri ortaya qoymuşuq. Təəssüf ki, həmin dövrdə də bizim bu istiqamətdəki konkret təkliflərimizi qarşı tərəflər müsbət qarşılamadı.

Lakin mən yenə də bu məsələlərə normal yanaşıram. Bu təşkilatların məsələyə münasibətini yanlış hesab etsəm də, onları qınamaq niyyətim yoxdur. Hər bir siyasi təşkilat öz fəaliyyətini istədiyi kimi və öz maraqlarına uyğun formada qurur.

- Yaxın gələcəkdə Milli Şura ideyası ətrafında AXCP-Müsavat birliyi yarana bilərmi?

- Bilirsiniz, "birlik" qeyri-müəyyən ifadədir. Biz funksional əməkdaşlıq münasibətlərinin tərəfdarıyıq. Bir sıra məsələlər var ki, həmin məsələlərdə mövqelərimiz üst-üstə düşür. Yəni, biz ən ümumi məsələlərlə bağlı müxtəlif siyasi təşkilatlarla razılıq əldə edə bilərik. Biz belə əməkdaşlığın bir modelini 2015-ci ilin parlament seçkilərində nümayiş etdirdik. Müsavat "REAL" və "NİDA" vətəndaş hərəkatları ilə əməkdaşlıq münasibətləri qurmuşdu. Biz kifayət qədər uğurlu əməkdaşlıq etdik. Seçki kompaniyasında birgə fəaliyyət göstərdik və bir-birimizi dəstək verdik. Seçkilərin nəticələrinə də vahid mövqe bildirdik. Seçkilərdən sonra isə hər kəs öz fəaliyyəti ilə məşğul olur. Heç kəs də "birlik parçalandı", "müxalifətdə bölünmə baş verdi" və sairə kimi fikirlər səsləndirmədi. Yenə də zamanı çatanda və zəruri olanda biz bu təşkilatlarla eyni əməkdaşlıq münasibətlərini davam etdirə bilərik. İndi də müəyyən əlaqələrimiz mövcuddur. Ümummilli hesab olunan məsələlərdə vahid mövqedən çıxış etməkdə yenə də davam edirik. Bu cür əlaqələr digər müxalifət təşkilatları ilə də qurula bilər. Ancaq bunun üçün birtərəfli istək kifayət deyil. Qarşılıqlı istək olmalıdır ki, əməkdaşlıq münasibətləri baş tutsun. Bizim mövqeyimiz ortadadır. Biz açıq şəkildə fikrimizi bildirmişik.

Lakin bir daha qeyd edirəm ki, bu məsələnin üzərində çox qalmağa ehtiyac yoxdur. Çünki bu gün Azərbaycan cəmiyyətinin əsas problemi müxalifət qüvvələri arasında münasibətlərin lazımı səviyyədə olmaması deyil. Bir sıra media orqanları bu gün elə görüntü yaradırlar ki, guya Azərbaycan cəmiyyətinin əsas problemi Müsavat və AXCP arasında yaranan soyuq münasibətlərlə bağlıdır. Bu, tamamilə yanlış yanaşmadır.


- İqtidarla hər hansı dialoqunuz mümkündürmü?
- Bu gün iqtidar-müxalifət dialoqu yoxdur. Biz ümummilli məsələlərdə dialoqa hazır olduğumuzu bildirmişik. Hələlik iqtidar-müxalifət dialoqu baş tutmayıb. Azərbaycan əraziləri işğal altındadır və bu, ölkənin ən böyük problemi olaraq qalır. Bundan başqa, dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi Azərbaycanda da problemlər yaradıb. Hesab edirəm ki, belə bir məqamda ilk növbədə hakimiyyət müxalifətlə dialoqda maraqlı olmalıdır. Biz bütün bu məsələlərlə bağlı mövqeyimizi aprel hadisələri zamanı bir daha ortaya qoyduq. Bütün dövrlərdə olduğu kimi cəbhədə döyüşlər zamanı da Müsavat milli maraqlara uyğun mövqe tutdu. Həmin dövrdə Azərbaycan cəmiyyətinin vahid mövqedən çıxış etməsi və bütün diqqətlərin yalnız torpaqlarımızın işğaldan azad olunmasına yönəlməsi üçün çox ciddi işlər gördük. Zənnimcə, bunun müsbət nəticələri oldu.


- Bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün keçirilməsi gözlənilir. Bu görüşdən gözləntiniz necədir?
- Azərbaycanın hakimiyyəti uzun illərdir ki, Dağlıq Qarabağla əlaqədar beynəlxalq qurumlarla müxtəlif müzakirələr aparır.

Hesab edirəm ki, əgər ölkə ərazisində hərbi münaqişə, silahlı qarşıdurma varsa və ölkə ərazisi işğal altına düşübsə, o zaman bu miqyasda olan problemi beynəlxalq birliyin iştirakı olmadan həll etmək çətindir.
Bu gün danışıqlar prosesində Azərbaycanın əlində çox güclü silahları var.

İlk silahımız odur ki, Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ona görə də sərhədlərin toxunulmazlığı prinsipi əsasında işğal altında olan bütün ərazilər Azərbaycana məxsus olması qeyd-şərtsizdir. Həm tarixi ədalət, həm də beynəlxalq hüquq normaları baxımdan Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək səlahiyyətləri var. Bu baxımdan da biz təmas xəttinin hansı tərəfindən ilk atəşin açılması və orada erməni helikopterinin vurulması, hərbi texnikanın sıradan çıxarılası və. s məsələlərlə bağlı heç kəsə hesabat vermək zorunda deyilik. Çünki təmas xəttinin hər iki tərəfi Azərbaycan ərazisidir. Hətta, erməni helikopteri Xankəndi üzərində vurulsaydı belə, bu, qanunsuz uçuş olduğu üçün buna görə heç kəs Azərbaycanı ittiham edə bilməz. Çünki beynəlxalq hüquq normalarına görə Azərbaycan dövlətinin icazəsiz uçuş həyata keçirən hava nəqliyyatını vurmaq hüququ var. Bu səlahiyyəti bizim əlimizdən heç kəs ala bilməz.

Aprel əməliyyatları zamanı Azərbaycan hakimiyyəti də elan etdi ki, ordumuz düşmən üzərində böyük uğurlara nail olub, Silahlı Qüvvələrimiz təmas xəttində ciddi irəliləyib, təmas xəttinin yerini dəyişdirib və Rusiya tərəfindən müdafiə olunan erməni hərbi qoşunlarının "məğlubedilməzliyi" barədə yaranan mifi dağıdıb.
Vyana görüşündən sonra təmas xəttində videokameraların quraşdırılması məsələsi gündəmə gəlib. Bu, adi məsələ deyil. Cəbhədə videokameraların quraşdırılması təmas xəttinin dövlət sərhədləri səviyyəsinə gətirilməsi deməkdir. Azərbaycan qəti şəkildə bu təklifi rədd etməlidir. Bu təkliflə necə razılaşmaq olar? Bu, Azərbaycanın konstitusiyasına ziddir. Məncə, Azərbaycan Ordusunun aprel əməliyyatları dayandırılmamalı, əksinə bütün potensialı cəlb etməklə əks tərəfi sülh danışıqlarında konstruktiv mövqe tutmağa vadar edəcək vəziyyətə gətirənədək davam etdirilməli idi.


- Arif bəy, bəs Rusiya amilini nəzərə almırsınız? Axı o zamanda ictimai rəydə belə fikirlər var idi ki, əgər Azərbaycan müharibəni dayandırmasa, burada 2008-ci ilin Gürcüstan hadisələri təkrarlana bilərdi...

- Məsələlərə belə yanaşmaqla uğur qazanmaq mümkün deyil. Mən 1980-ci illərin sonu 1990-cu illərin əvvəllərini xatırlayıram. O vaxt biz müstəqillik uğrunda mübarizə aparanda, meydanlarda və parlamentdə Azərbaycanın müstəqilliyi haqqında fikirlər səsləndirəndə də bizə oxşar arqumentlərlə opponentlik edirdilər.
Deyirdilər ki, guya biz 70 illik imperiyadan qurtula, müstəqil yaşaya bilmərik. SSRİ "super gücdür" buna görə Azərbaycanı məhv edərlər və sairə. Ancaq Azərbaycan öz müstəqilliyini qazandı. O dövrdə yalnız siyasi deyil, iqtisadi çətinliklərdən də danışılırdı. Kommunistlər bizə deyirdi ki, əgər Azərbaycan SSRİ-dən ayrılsa, aclıq, səfalət olar. Azərbaycan müstəqil iqtisadi infrastruktur qura bilməz. Amma gördüyünüz kimi, heç də belə olmadı. Əksinə, bir sıra keçmiş SSRİ dövlətlərindən Azərbaycan daha çox zəngin təbii sərvətlərə malik olduğu üçün, müəyyən dövrdə iqtisadi baxımdan çətinliklər çəksək də, müstəqil dövlətimizi qura bildik.
Ona görə də "Rusiyanın Azərbaycana hücum ehtimallarını nəzərə alaraq, Qarabağın hərbi yolla işğaldan azad olunması üçün addım atmamalıyıq" kimi fikirlər çox yanlışdır.

İndiki Rusiya əvvəlki illərdə mövcud olan Rusiyadan çox zəifdir. Bu gün Rusiyanın siyasi və hərbi proseslərə müdaxilə imkanları daha məhduddur.

Eyni zamanda hazırda yaranan geosiyasi vəziyyətdən istifadə edərək, Azərbaycan öz torpaqlarının işğaldan azad olunmasının yollarını axtarmalıdır.

Bu gün Rusiya ilə Qərb arasında "soyuq müharibə" bərpa olunub. Ukrayna Rusiyanın ən yaxın müttəfiqlərindən biri idi. Amma indi Rusiya ilə Ukrayna arasında müharibə şəraiti yaranıb.
Rusiyanın Türkiyə ilə də kifayət qədər isti münasibətləri var idi. Ancaq indi bu münasibətlər çox gərgindir. Rusiyanın iqtisadi potensialı zəifləyib və azalmaqda davam edir. Bu gün Rusiyanın kənarda müharibə aparmaq potensialı məhduddur. Rusiya Suriyadakı qoşunlarının böyük hissəsini geri çəkməyə məcbur oldu. Ruslar bir tərəfdən İstanbulu fəth edəcəklərini bəyan edirdilər, ancaq Suriyanın kəndlərində belə qala bilmədilər. Çünki hazırda Rusiyanın kənar ərazilərdə müharibə aparmaq üçün nə siyasi, nə iqtisadi, nə də hərbi potensialı kifayət qədərdir.

Ona görə də bu vəziyyət Qarabağın işğaldan azad olunması üçün müəyyən şərtlər yaradır. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti bütün bu məsələlər barədə düşünməlidir və bu şanslardan yararlanmaq üçün yollar axtarmalıdır.


- Arif bəy, siz deyirsiniz ki, Azərbaycan Qərbə inteqrasiya yolunu tutsa, bütün bu problemlər həll olunar. Əgər Azərbaycan Qərbə üz tutsa, o zaman bu gün açıq şəkildə Ermənistanı müdafiə edən həmin Qərb bizə nə dərəcədə kömək edəcək?
- Bilirsiniz, bütün problemlərin həlli barədə düşünmək lazımdır. Yəni, bir problem mövcuddursa, bundan gizlənmək lazım deyil. Deyək ki, Qərbdə, elə ABŞ-ın özündə qaradərililərə qarşı çox pis münasibət var idi. Məktəblərdə və digər yerlərdə ağlarla qaradərililərin eyni yerdə olmasına icazə verilmirdi. Amma indi həmin qaradərililərin xoşuna gəlməyən tərzdə çağırılmasının özü cinayət sayılır. Hətta, ABŞ-ın ayrı-ayrı ştatlarında, bəzi Avropa ölkələrində klassiklərin əsərlərində qaradərililərə qarşı qeyd olunmuş adlar dəyişdirilir. Bütün bunlar birdən-birə baş verməyib. Bu, qaradərililərin uzun illərdən bəri apardığı davamlı və dözümlü mübarizəsinin nəticəsində mümkün olub. Bu gün afro-amerikalı ABŞ prezidenti seçilə bilir. İndi Qərb dövlətlərində heç bir irqi ayrı-seçkilik mövcud deyil. İrqi ayrı-seçkilik cinayət məsuliyyəti yaradır.

Əgər bu gün islamofobiya varsa, biz bu problemdən gizlənməli deyilik. İslamofobiyanın aradan qaldırılması üçün addımlar atmalıyıq, bu istiqamətdə mübarizə aparmalıyıq. Mübarizənin öz yolları var. Bu mübarizə yollarını müəyyənləşdirib, bu istiqamətdə fəaliyyət göstərmək barədə düşünməliyik.

Hamıya aydındır ki, nəinki qondarma "Dağlıq Qarabağ Respublikası", Ermənistan belə Rusiya tərəfindən yaradılan vassal ölkədir. Ermənistan təsadüfən deyil, məhz Azərbaycana, Türkiyəyə qarşı, region ölkələrini təsir altında saxlamaq üçün süni surətdə Rusiya tərəfindən yaradılıb. Bunu biz yaxşı bilirik. Ona görə də bütün bu vəziyyətin dəyişdirilməsi uğrunda mübarizə aparmalıyıq.

- Bəs bu mübarizəni kim aparmalıdır?
- İlk növbədə bu, iqtidarın vəzifə borcudur. Çünki dövlətin bütün potensialı, resursları iqtidarın nəzarətindədir. Ona görə də bu məsələlərdə məsuliyyəti ilk növbədə iqtidar daşıyır.
O ki qaldı digər qüvvələrə, əlbəttə ki, müxalifət qüvvələri, ictimai təşkilatlar, bütövlükdə Azərbaycan cəmiyyəti bu problemlərin həlli barədə düşünməli və öz töhfələrini verməlidir.


- Siz Müsavat Partiyasının başqanı seçiləndən sonra iqtidara hər hansı təkliflər göndərmisinizmi?
- Əvvəla, Müsavat Partiyasındakı fəaliyyətimi başqan seçildiyim dövrdən əvvəlki və sonrakı dövrlərə bölmək istəməzdim. Müsavat Partiyasında uzun illərdir fəaliyyət göstərirəm. Müsavat Azərbaycanda 1992-ci ildə bərpa olunduqdan sonra bütün sahələr üzrə, o cümlədən Qarabağın işğaldan azad olunması, Azərbaycanın milli təhlükəsizliyi, təhsil, səhiyyə sahələrində islahatlar, iqtisadiyyatın idarə olunması və digər məsələlərlə bağlı təkliflər, konsepsiyalar, qanun layihələri hazırlayaraq Azərbaycan hökumətinə, parlamentə, ictimaiyyətə təqdim edib. Hətta Müsavat Partiyası bu təkliflərindən ibarət bir neçə kitab da nəşr etdirib.

Son dövrlərdə də biz Qarabağ problemi, iqtisadi böhrandan çıxış yolları, neftin ucuzlaşması və dünya bazarında "qara qızıl"ın əhəmiyyətinin azalması ilə bağlı problemlər və buradan Azərbaycanın ən az zərərlə çıxması yolları barədə konkret təkliflər irəli sürmüşük. Hətta, qanun layihəsi şəkilində də parlamentdə təkliflər göndərmişik, təkliflər paketi hazırlayaraq yaymışıq.

- Mitinqlər planlaşdırılırmı?
- Yaxın gələcəkdə kütləvi etiraz aksiyalarının keçirilməsi hələlik müzakirə olunmur. Əgər bunun üçün real siyasi şərait yaranarsa, o zaman bu məsələlər müzakirə olunacaq.


- Müsavat Partiyası 2018-ci ilin prezident seçkiliyinə hazırlıq işi aparırmı?
- Hazırlıq əslində seçkidən seçkiyə qədər olan dövrü əhatə edir. Adətən, bir seçki kampaniyası bitən kimi, növbəti seçkiyə hazırlıq başlayır.

Azərbaycanda keçirilən mühüm seçki kampaniyalarında Müsavat Partiyası hər zaman öz sözünü deyib.
Hesab edirəm ki, Azərbaycanda 2015-ci ildə keçirilən sonuncu seçkilərdə də Müsavat müəyyən uğurlara nail olub. Biz 2015-ci ilin parlament seçkilərində 70-dən artıq dairədən namizəd irəli sürmüşdük. Həmin şəxslərin bir çoxu namizəd kimi qeydə alınıb.

2015-ci ilin parlament seçkilərində faktiki olaraq heç bir maliyyə imkanları, yalnız Müsavat Partiyası üzvlərinin fədakarlığı hesabına bəzi nəticələr əldə etdik. 30-dək seçki dairəsi üzrə şikayətlərimiz Avropa İnsan Haqları Məhkəməsində icraata götürülüb.

İndiki dövrdə fəaliyyət imkanlarının məhdudluğuna görə siyasi partiyaların qınanması doğru deyil. Əminəm ki, gələcək nəsillər bugünkü şəraitdə fəaliyyət göstərən siyasətçilərin, jurnalistlərin, ictimai fəalların, qeyri-hökumət təşkilatları üzvlərinin gördükləri işi layiqincə dəyərləndirəcək.


Vasif Həsənli,
Asif Nərimanlı,
Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm