Türkmənçay müqaviləsinin ŞOK DETALLARI - Alim faktları açdı
Bizi izləyin

Nida.az

Türkmənçay müqaviləsinin ŞOK DETALLARI - Alim faktları açdı

Bu gün Azərbaycan tarixinin ən müsibətli faciələrindən biri – Türkmənçay müqaviləsinin 194-cü ili tamam olur. Çar Rusiyası ilə Qacarlar Dövləti (İran) arasında imzalanan bu müqavilə ilə Azərbaycan torpaqlarının bölüşdürülməsi başa çatdı. Bir çox tarixçilər hesab edir ki, əsl faciələr də elə bundan sonra başladı.

Türkmənçay müqaviləsinin detalları ilə bağlı tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Anar İsgəndərli ilə söhbətləşdik.

Deputat Anar İsgəndərli Publika.az-a müsahibəsində bildirib ki, bu müqavilədən sonra ermənilər üçün Azərbaycan ərazilərində yeni “vətən” kəşf olundu.

src="/storage/files/upload/e4b7afe99bea7f8d7d4b3728987606ac143e8350.jpeg" style="width: 575px; height: 323.917px;" class="fr-fic fr-dib">

- Anar müəllim, bu gün Türkmənçay müqaviləsinin 194 ili tamam olur. Bu müqavilə Azərbaycan üçün hansı gələcək fəlakətlərin əsasını qoydu?

- Türkmənçay müqaviləsi Azərbaycan xalqına fəlakət gətirən müqavilələrdən biridir. Türkmənçay müqaviləsinə qədər Çar Rusiyası ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi imzalanmışdı. Bundan bir qədər sonra – 1813-cü ildə Gülüstan müqaviləsi imzalanmış oldu. Bu müqaviləni imzalayan dövlətlər Çar Rusiyası ilə Qacarlar - İranı idi. Təbii ki, Şimali Azərbaycan xanlıqlarından İrəvan, Naxçıvan və Talış xanlıqlarını çıxmaq şərti ilə Azərbaycanın şimalındakı xanlıqlar Çar Rusiyası tərəfindən işğal olundu. 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları, eləcə də Talış xanlığının böyük bir hissəsi – bir hissəsi Qacarların nəzarətində qalmışdı – Çar Rusiyasının tərkibinə daxil edildi. Daha doğrusu, müstəqil xanlıqların fəaliyyətinə son qoyuldu. Beləliklə, işğal başa çatdı.

- Azərbaycan ərazisində erməni adlı “qara yara”nın peyda olmasını da “türkmənçay müqaviləsi ilə bağlamaq olarmı?

- Türkmənçay müqaviləsi ona görə fəlakətdir ki, bu müqavilə Azərbaycan tarixinə “Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” ifadələrini gətirdi. Yəni Araz çayı sərhəd olmaqla Azərbaycan iki yerə bölünmüş oldu. İkincisi və ən əsası Türkmənçay müqaviləsi on altı bənddən ibarətdir. Həmin müqavilənin 15-ci bəndinə görə qeyri-müəlman əhali - əslində adları çəkilməsə də, söhbətin kimlərdən getdiyi bəllidir - Qacarlar İranı ərazisindən Şimali Azərbaycan ərazisinə, o cümlədən, Naxçıvan, Qarabağ və Şamaxı ərazilərinə köçə, məskunlaşa bilərdilər. Elə əsl fəlakət də buradan başlandı. Eyni zamanda, bu müqavilə nəticəsində və müqavilənin 15-ci bəndindən sonra sanki ermənilər üçün yeni “vətən” kəşf olundu. O zaman Təbrizdən erməni əhalisinin köçürülməsinə rəhbərlik edən Lazarev – bu adam da mənşəcə erməni idi – erməni əhalisinə müraciətində deyirdi ki, sizə yeni "vətən" tapmışıq. Aydındır ki, ermənilərin “yeni vətəni” Azərbaycan əraziləri idi.

- Bəs “erməni vilayəti”nin yaradılması nə zamana təsadüf edirdi?

- Bu müqavilədən bir ay keçəndən sonra, yəni 1828-ci ilin martın 21-də İrəvan və Naxçıvan ərazisində “erməni vilayəti” yaradıldı. Məntiqli sual da burada ortaya çıxır; nəyə görə bu vaxta qədər həmin ərazilərdə “erməni vilayəti” yox idi? Cavabı sadədir, çünki burada erməni yox idi, onlar burada yaşamırdılar və 1828-ci ildən sonra onların Azərbaycan ərazilərinə köçü başlamışdı. Ermənilər əzəli və əbədi Azərbaycan torpaqlarına köçürüləndən sonra ruslar onlar üçün “vilayət” yaratdılar. Eyni zamanda, Şimali Azərbaycanın müstəqil xanlıqları işğal ediləndən sonra təbii ki, Çar Rusiyası özünə müəyyən etnik rıçaqlar yaratmaq üçün ermənilərdən məmnuniyyətlə istifadə etdilər. Onların kilsə tikilişindən tutmuş, torpaqları ələ keçirməyə qədər hər şeyə hüquqları çatırdı. Hətta Lazarev erməni əhalisinə müraciətində söyləyirdi ki, tərpənən əmlakınızın hamısı Azərbaycan torpaqlarına köçürüləcək və siz bunun üçün heç bir xərc çəkməyəcəksiniz. Üstəlik, altı il ərzində Azərbaycan xalqından alınaraq sizlərə verilən torpaqlardan vergi tutulmayacaq. Bunu da Lazarev deyirdi. Təbii ki, Çar Rusiyasının ermənilərlə bağlı bu siyasəti nəticəsində həmin Azərbaycan ərazilərində demoqrafik vəziyyət pozuldu. Dünənə qədər əhali yalnız türk-müsəlmanlardan, azərbaycanlılardan ibarət idisə, erməni əhalisinin bu bölgəyə gəlişindən, rus işğalından və bütün məsələlərdə ermənilərə üstünlük verildikdən sonra azərbaycanlı əhalinin ağır günləri başladı. Torpaqları əllərindən alınaraq məmnuniyyətlə ermənilərə verildi. Eləcə də mal-qaraları əllərindən alınaraq ermənilərə hədiyyə edilirdi. Üstəlik, inzibati idarəçilikdə bir nəfər də olsun azərbaycanlı yox idi. Ona görə də Türkmənçay müqaviləsi Azərbaycan tarixində fəlakətli bir müqavilə hesab olunur. Doğrudur, 1918-1920-ci illərdə Azərbaycan ərazisində müstəqil dövlət – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyuldu. Xanlıqlardan fərqli olaraq vahid, bir dövlət yarandı. Xanlıqların Azərbaycan tarixində nə qədər böyük xidmətləri olsa da, onların ən böyük çatışmazlığı öz aralarında müharibə aparmaları idi. Bütün xanlıqlarımız eyni dildə danışır, eyni dinə mənsub idilər, amma buna baxmayaraq, bir-birilərinə qarşı düşmənçilik edirdilər. Bunun nəticəsində də vahid dövlət kimi birləşə bilmədilər. Bundan istifadə edən Çar Rusiyası da həmin əraziləri çox rahatlıqla işğal edə bildi. Amma 1918-1920-ci illərdə mövcud olan dövlət təbii ki, müstəqil dövlət idi. Müsəlman Şərqində ilk cümhuriyyət hesab olunur. Həmin cümhuriyyətimiz də cəmi 23 ay yaşadı. Bundan sonra 71 illik sovet dönəmi başladı. Nəhayət, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən elan etdi.

- Deməli, başımıza gələcək sonrakı bəlalarımızın başlanğıcı da məhz bu müqavilə ilə qoyuldu?

- Bəli. Türkmənçay müqaviləsinin ən ağrılı qatlarından biri də o idi ki, ermənilərin Azərbaycan torpaqlarına iddiaları başladı. Bu iddialar “Böyük Ermənistan” dövlətini yaratmaq istəyən böyük erməni ideoloqları tərəfindən ortaya atıldı. Bu, “dənizdən-dənizə Böyük Ermənistan” ideologiyası idi. İyirminci əsrin əvvəllərində bunun üçün böyük cəhdlər oldu. Naxçıvanla Azərbaycanın quru sərhədlərini aradan qaldırdılar. 1921-29-cu illərdə Naxçıvanın doqquz kəndi azərbaycanlılardan alındı və ermənilərə verildi. 1921-ci ildə Qarabağ torpaqlarında erməni muxtariyətinin yaradılması ideyası ortalığa atıldı. Nəhayət, 1923-cü ilin 7 iyulunda “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı. Beləliklə, bütün sovet dönəmi, eləcə də ondan sonrakı 30 ildə Azərbaycan üçün faciəvi bir tarixi “miras” qoydular. Bu gün Azərbaycanın kifayət qədər əraziləri, həmçinin Qərbi Zəngəzur torpaqları Ermənistanın sərhədləri daxilində qalıb. Qərbi Azərbaycan adlanan tarixi ərazilərimizdə bir nəfər də olsun soydaşımız yaşamır. Bütün bunlara baxmayaraq, ən böyük uğurumuz ondan ibarətdir ki, 30 il ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımız cəmi 44 gün ərzində düşməndən azad edildi. Düşmən darmadağın olundu. Hətta bu məsələni uğurlu bir sonluqla başa çatdırmaq ərəfəsindəykən bəzi böyük dövlətlər bu işə mane yaratdılar. Onu da qeyd edim ki, sovetlər dönəmində Qərbi Azərbaycanla, hətta Qarabağ və Zəngəzur əraziləri ilə bağlı elmi cəhətdən tədqiqatlar aparılmasına imkan verilməsə də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bu istiqamətdə uğurlu işlər aparılıb.

- Söhbət hansı elmi işlərdən gedir?

- Təsadüfi deyil ki, dövlətimizin başçısı 44 günlük Vətən Müharibəsində qələbəmizin dörd şərtini göstərərkən ikinci şərt kimi “məsələnin tarixliyinin və hüquqliyinin bəyan olunması”nı göstərir. Bəli, Azərbaycan tarixçiləri – təbii ki, mən ali məktəb tədqiqatçıları ilə Azərbaycan Milli Elmlər Akademiyasının araşdırmaçılarını ayırmıram, burada hər bir tədqiqatçının payı var – məsələnin tarixiliyini dünyaya çatdırmaq üçün son 30 ildə kifayət qədər samballı əsərlər yazdılar. Dövlət başçısı da bunu birmənalı olaraq diqqətə çatdırır. Təbii ki, bu işlər görülür ki, Azərbaycan bütün istiqamətlərdə öz haqqını müdafiə etsin. Azərbaycanın haqqını müdafiə edən dövlətlər də lazımi məqamda bizim yanımızda oldular. Bizim yanımızda olan təkcə dili və dini bizimlə bir olan Türkiyə Cümhuriyyəti deyildi. Hətta dili və diniz bizimlə eyni olmayan dövlətlər də 44 günlük savaşda bizim yanımızda yer aldılar. Ona görə ki, onlar bizim haqlı tərəf olduğumuzu yaxşı başa düşürdülər. Onlar dəqiq bilirdilər və görürdülər ki, Azərbaycan öz tarixi torpaqlarında mübarizə aparır. Ona görə də bu mübarizədə bizə dəstək oldular. Bir daha qeyd etmək istəyirəm ki, bu tarixlər bizim keçmiş və acı tariximizdir. İndi bizdən tələb olunan odur ki, biz həmin tarixləri yaddan çıxarmayaq. Həmişə onun ibrətli tərəfini gələcək nəsillərə anladaq. Bu tarixləri unutmaq, yaddan çıxarmaq olmaz. Uğursuzluğun və faciənin səbəblərini də izah edək. Bu gün Azərbaycan ərazicə və əhalicə kiçik ola bilər, amma artıq güclü bir Azərbaycan var! Bu gün Azərbaycan vahid qüvvə şəklində çıxış edir. Bugünkü Azərbaycanın borcu öz haqqı, öz torpaqları uğrunda daim mübarizə aparmaqdır. Hər kəs bilməlidir ki, Azərbaycan xalqı həmişə bu mübarizəyə hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm