Moskva Bəyannaməsi tarixə düşəcək bir sənəddir – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Moskva Bəyannaməsi tarixə düşəcək bir sənəddir – MÜSAHİBƏ

Fevralın 22-də Azərbaycanla Rusiya arasında Moskva Bəyannaməsi imzalandı. Ölkə başçısı İlham Əliyevin Moskvaya səfəri çərçivəsində imzalanan bu sənəd siyasi, iqtisadi sferalarda tərəfdaşlıqdan tutmuş, hərbi, mədəni sahələrdəki əməkdaşlığa qədər geniş bir sahəni əhatə edir.

Bəs, bu Bəyannamə Azərbaycan və Rusiya arasındakı əlaqələrin bundan sonrakı inkişafına nə kimi təsir göstərəcək?

Suallarımızı Milli Məclisin deputatı Nəsib Məhəməliyevə ünvanladıq.

Deputat Publika.az-a müsahibəsində bildirdi ki, Moskva Bəyannaməsi tarixə düşəcək bir sənəddir.

- Nəsib müəllim, Moskva Bəyannaməsini ikitərəfli əlaqələrin inkişafı baxımından necə qiymətləndirirsiniz?

- Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanmış Strateji Əməkdaşlıq haqqında Bəyannamə olduqca ciddi bir sənəddir. Bu bəyannamə imzalanandan sonra hər iki ölkənin dövlət başçısının mətbuat konfransında verdikləri bəzi mesajlar onu deməyə əsas verir ki, bundan sonra ölkələr arasındakı münasibətlər daha üst səviyyəyə qalxacaq. Həm iqtisadi, həm siyasi, həm də digər məsələlərdə real nəticələr olacaq.

- Son dönəmlər dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda Moskva Bəyannaməsinin bizim üçün əhəmiyyəti nələrdən ibarətdir?

- Əvvəlcə onu qeyd etmək istərdim ki, müasir dünyada baş verən proseslər olduqca mürəkkəbdir. Ələlxüsus, Rusiya Federasiyasının Ukraynanın Donetsk və Luqansk vilayətlərini müstəqil dövlət kimi tanımasından sonra beynəlxalq müstəvidə çaxnaşmalar baş verir. Bu da onu göstərir ki, hətta ən güclü dövlətlər belə hər hansı bir təhlükəsizlik məsələlərindən sığortalanmayıblar. Baxmayaraq ki, çoxsaylı beynəlxalq təşkilatlar, supergüclər, qlobal güclərin dəstəklədiyi dövlətlər belə öz ərazi bütövlüklərini qoruyub saxlaya bilmirlər. Bu da bizə onu deməyə əsas verir ki, müasir beynəlxalq münasibətlər sistemində o qədər dədiq ölçülüb-biçilmiş siyasət həyata keçirilməlidir ki, milli maraqların, ümumiyyətlə, dövlətin təhlükəsizliyinin qorunması mümkün olsun. Ələlxüsus, son illərdə regionumuzda baş verən, artıq tarixə qovuşmuş Qarabağ konflikti və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmaması, çox təəssüflər olsun ki, 10 noyabr və 11 yanvar sazişlərini imzalayan dövlətlərin belə öz vəzifələrini, öhdəliklərini yerinə yetirməməsi, Qarabağdan erməni silahlı terrorçularının çıxarılmaması, kommunikasiyaların açılmaması, bu sahədə kifayət qədər geosiyasi maraqları olan güclərin mövcudluğu bizim daha həssas bölgədə yaşadığımızın, yerləşdiyimizin sübutudur. Təbii ki, belə olan halda Azərbaycana qarşı istənilən təxribatların törədilməsi gözləniləndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyünün, təhlükəsizliyinin qorunması hər şeydən öndə gələn bir məsələdir. Ümumiyyətlə, hər bir dövlət, hər bir ölkə başçısı üçün bir nömrəli məsələ ölkənin bütövlüyünün qorunmasıdır. Bu baxımdan belə bir ziddiyyətli regionda və ziddiyyətli zamanda elə bir siyasət aparmalısan ki, sonralar onun acı faciəsini milyonlarla insan çəkməsin. Biz tarixin müəyyən dönəmlərində dövlət başçılarının buraxdığı səhvlər və yaxud düzgün aparılmayan siyasət nəticəsində yüzilliklər ərzində zəngin dövlətçilik tarixi olan ölkələrin süquta uğramasının şahidi oluruq. Baxmayaraq ki, 21-ci əsrdir. Milyonlarla insanın öz yurd-yuvalarından qaçqın, didərgin düşməsinə şahidlik edirik.

- Elə Ukraynada baş verənləri görmək kifayətdir...

- Bəli. Son 3-4 gündür ki, Ukraynanın şərqindən qatarlar Rusiyanın Voronej, Rostov, Moskva və müxtəlif vilayətlərinə qaçqınlar daşıyır. Biz böyük ağrı hissi ilə həmin bədbəxt insanların sifətlərindəki göz yaşlarını görürük. Bu baxımdan xalqımız, insanlarımız bilməlidirlər ki, nə qədər mürəkkəb bir zaman yaşayırıq. Bunu təsəvvür etmək o qədər də çətin deyil.

- Moskva səfərini diplomatik baxımdan bizim üçün uğurlu saymaq olarmı?

- 21-ci əsrdə beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalanması, beynəlxalq təşkilatların dişsiz bəyanatları, ancaq barışdırıcı mövqe sərgiləməsi, hansısa sanksiyaların tətbiq edilməsi... Bütün bunlar bir daha onu göstərir ki, sadalananlar gecikmiş addımlardır. Daha çox profilaktik addımlara ehtiyac var. Daha çox daxildən güclənməyə ehtiyac duyulur. Milli birliyin daha çox təmin olunmasına hər zamankından daha çox ehtiyac var. Bugünkü günə gətirən səbəblərin hamısı araşdırılmalıdır. Ukraynada, bundan daha əvvəl Qazaxıstanda baş verən proseslər dolayısı ilə bizim bölgəyə də öz təsirini göstərir. Eləcə də digər regionlara bu və ya digər formada öz təsirini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz düzgün yoldayıq. Ötən ilin 15 iyununda qardaş Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Bu, elə-belə məsələ deyil. Bundan başqa, tam ziddiyyətli Rusiya-Ukrayna böhranı, yeni separatçı qurumların tanınması, təxminən 1 ay bundan əvvəl Prezident İlham Əliyevin Ukraynaya olduqca məhsuldar səfəri bir daha onu göstərir ki, ziddiyyətli geosiyasi qüvvələri, ziddiyyətli dövlətləri bir araya gətirmək və bunların hər biri ilə münasibətlər qurmaq, eyni zamanda onların hər biri ilə öz milli maraqlarımıza uyğun siyasət aparmaq çox mürəkkəb, müşkül məsələdir. Heç kim üçün sirr deyil ki, Rusiya üçüncü qüvvənin, ələlxüsus NATO güclərinin Qafqaza gəlişini çox qıcıqla qarşılayır. Ümumiyyətlə, onların bu regiona gəlişinə imkan verilmir. Hər bir dövlətin özünün burada öz milli maraqları var. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin Moskva səfəri kifayət qədər uğurludur.

- Moskva Bəyannaməsini Qarabağda proseslərin nizamlanması baxımından da uğurlu hesab etmək mümkündürmü?

- İmzalanan Bəyannamə gələcək əməkdaşlıq baxımından müsbət bir sənəd kimi tarixə düşəcək. Biz Azərbaycanın dövlət maraqları ilə bərabər təbii ki, Rusiyada yaşayan 2-3 milyonluq vətəndaşlarımızı da fikirləşməliyik. Təbii ki, onların taleyi də bizi maraqlandırmalıdır. Onu da qeyd etmək istəyirəm ki, son zamanlar Qarabağdan hələ də çıxarılmamış terrorçuların qeyri-adekvat hərəkətləri, revanşist çağırışları müəyyən məqamlardan xəbər verir. Onlar heç kimdir. Azərbaycan Ordusu onları 1 gün ərzində tərk-silah etmək iqtidarındadır. Ancaq onların arxasındakı güclər təbii ki, həmin terrorçulardan “morionet”, “maşa” kimi istifadə edirlər. Biz daha soyuqqanlı, emosiyadan uzaq bir siyasət aparmalıyıq. Hesab edirəm ki, Qarabağda baş verən təxribatların sonuna az qalıb. Rusiya ilə imzalanan sənəd məndə belə bir ümid yaradıb. Onların təxribatlarının qarşısı alınacaq. Qarabağdakı son təxribatları da məhz Rusiyanın əli ilə tənzimləməliyik. Çünki burada nə Avropanın, nə Amerikanın, hansısa güclərin təsir imkanları demək olar ki, sıfıra bərabərdir. Burada bir məqamı da qeyd etmək istəyirəm; artıq həm Avropa, həm Amerika, həm də beynəlxalq maliyyə təşkilatları tərəfindən Rusiyaya qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunur. Bu, gələcəkdə də olacaq. Rusiya da bundan çox ziyan görəcək. Rusiyanın indi bizə, Azərbaycan dövlətinə daha çox ehtiyacı var. Rusiyaya tətbiq olunacaq maliyyə sanksiyalarının fonunda Azərbaycanın əhəmiyyəti daha da artacaq. Ona görə də düşünürəm ki, biz bu amildən istifadə edərək Qarabağdakı nizamlanma prosesini də həyata keçirə biləcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm