Dəmir yumruq onların başını əzəcək - Deputat
Bizi izləyin

Nida.az

Dəmir yumruq onların başını əzəcək - Deputat

“Ermənilərin Qarabağ ərazisində təxribatlara əl atması son günlərdə onların ritorikasında yaranan meyillərlə əlaqədardır. Belə ki, Azərbaycanın və Türkiyənin dünyadakı nüfuzu çox güman ki, bir çox dövlətləri narahat etməyə başlayıb. Haqq-ədalət və sülh üçün çarpışan, beynəlxalq müstəvidə öz sözünü deyən Azərbaycanın bu kimi hallarla qarşılaşması gözləniləndir. Lakin ermənilərin hər fürsətdə Azərbaycan torpaqlarında Azərbaycana qarşı təxribatlara əl atması qəbuledilməzdir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, bu gün nümunə kimi göstərilən güclü Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırıb: “Fikrimcə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə ermənilərin təxribatları şüurlu şəkildə törədilir. Azərbaycan Ordusu 44 günlük müharibədə ləyaqətlə döyüşərək hərb mədəniyyətini dünyaya göstərdiyi kimi, bu məsələdə də ləyaqət nümayiş etdirir. Bundan isə istifadə edən qüvvələr var. Bu cür təxribatlarla Azərbaycanı hansısa oyunlara cəlb etmək istəyirlər. Lakin unutmasınlar ki, bu torpaqlar bizimdir. Təəssüf edirəm ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlum bəyanatda həyasızcasına bizim ərazi bütövlüyümüzə və suverenliyimizə xoşagəlməyən ifadələr işlədilərək bildirilir ki, guya Azərbaycan tərəfi PUA-lardan istifadə etməklə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə “Dağlıq Qarabağ” qoşunlarına zərbələr endirir. Azərbaycan əlbəttə ki, törədilən təxribatlara adekvat cavab verəcək, amma sözügedən bəyanatın bu cür səslənməsi Azərbaycan xalqını narahat edir”.

Deputat vurğulayıb ki, biz Rusiya ilə 22 fevralda müttəfiqlik haqqında bəyannamə imzalamışıq və həmin bəyannamənin mürəkkəbi hələ qurumayıb: “Bəyannamədə hər iki ölkənin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyinə hörmət ifadə olunub. Ümumiyyətlə, bəyannamənin fəlsəfəsində məhz bu fikirlər dayanır. Belə olan təqdirdə Rusiya Müdafiə Nazirliyinin bu cür bəyanat verməsi bu bəyannamədən xəbəri olmadığını göstərir. Azərbaycan tərəfi də öz növbəsində buna kəskin və adekvat reaksiya verdi və bildirdi ki, Azərbaycanla müttəfiq dövlətlər tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirə biləcək hər hansı bir ifadənin işlədilməsi Azərbaycan xalqını narahat edir. Bu kimi addımların atılması davam edərsə, Azərbaycan dövləti buna qarşı adekvat addımların atılması hüququnu özündə saxlayır”.

İlham Məmmədov əlavə edib ki, biz bütün bunlara baxmayaraq, üçtərəfli bəyanatın şərtlərinin sülh çərçivəsində həyata keçirilməsində israrlıyıq: “Bu, Ermənistanın inkişafı üçün də xeyirli olacaq. Nəzərə alaq ki, bu gün dünya düzəni yenidən qurulur. Türkiyə və Azərbaycanın yeri bu düzəndə artıq bəllidir. Bəs Ermənistanın yeri hardadır?! Heç yerdə! Yaxşı olardı ki, sülhməramlıların arxasında gizlənib Azərbaycana qarşı təxribata əl atan revanşistlər unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa qarşı hər hansı təxribat və ya təhdid olacağı təqdirdə o dəmir yumruq 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də onların başını əzəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm