ADR istefasının arxasında duran şəxs: kimə hansı post vəd edilib? – DETALLAR
Bizi izləyin

Nida.az

ADR istefasının arxasında duran şəxs: kimə hansı post vəd edilib? – DETALLAR

Dünən axşam saatlarında bir neçə gənc Azərbaycan Demokratiya və Rifah hərəkatından istefa verdiklərini açıqladı.


ADR hərəkatının Gənclər üzrə Təşəbbüs Qrupunun sədri Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal İsayev, Asiman Əlili, Əfqan Əhmədov imzaladıqları bəyanatda deyilir: “Baş verən proseslər hərəkatın milli-ideoloji baxımdan bizim milli-ictimai baxışlarımız ilə üst-üstə düşmədiyini göstərdi. Biz həm də öz gizli maraqlarını güdən, bu maraqları naminə bütün çirkin oyunlara gedən məlum dünya gücləri ilə yaxınlaşmayan, ancaq millətimizin milli-mənəvi iradəsinə söykənən bir təşkilatda təmsil olunmaq üçün ADR-i seçdik. Amma bunun əksinə olaraq, ADR hərəkatının açıq qərbmeylli mövqeyi bizi bir daha düşünməyə vadar etdi. Bu səbəbdən biz elan olunmaq mərhələsini yaşayan ADR hərəkatının iştirak, təşkilatlanma və quruculuq prosesindən rəsmən ayrıldığımızı bəyan edirik”.


ADR Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy Publika.az-a açıqlamasında istefaları təkzib edib. Onun sözlərinə görə, istefa bəyanatı bir nəfər tərəfindən yazılıb: “Digərlərini də ora əlavə ediblər. Yəni onların adından istifadə ediblər. İstefa verən təkcə Xəyyam Məmmədovdur. Onunla mən söhbət etmişəm, bir qədər psixoloji çatışmazlığı var. Onun hərəkətləri haqda söhbət açmaq istəmirəm. Ona uğurlar arzulayıram. Amma o, bilmədiyi oyunların qurbanı oldu”.


S. Əlisoy sabah keçiriləcək təsis konfransında gənclərin də iştirak edəcəyini deyib.


Qeyd edək ki, sabah ADR-in təsis konfransıdır. Müsavat Partiyasının VIII qurultayının nəticələrini qəbul etməyən narazılar Qubad İbadoğlunun rəhbərliyi altında yeni hərəkat yaradır. Hazırda ADR və Müsavatın yeni rəhbərliyi arasında sərt mübarizə davam edir. Bu baxımdan, təsis konfransında iki gün qalmış belə bir bəyanatın verilməsi bunun Müsavat rəhbərliyinin hərəkata zərbə vurmaq addımı olduğu ehtimalını gücləndirir.


Publika.az Müsavata yaxın mənbədən maraqlı faktlar əldə edib. Məlumata görə, Xəyyam Məmmədov istefa bəyanatını yaymamışdan öncə Müsavat Partiyasının qərargahında olub. Onun başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli ilə görüşdüyü deyilir.


“Mustafa bəy Xəyyama Müsavatın Gənclər Təşkilatının sədri postunu vəd edib. Əvəzində Xəyyam ADR-dən istefa verməli və bunu ictimailəşdirməli idi. Bu, Müsavatın Qubad İbadoğluya zərbəsi olmalı idi”, - deyə mənbə vurğulayıb.


ADR üzvü Hüseyn Məlik də Publika.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Xəyyam bir qədər yolunu tapmayan gəncdir. Onun dünən Müsavatın qərargahında olduğu faktı dəqiqdir. Bilirik ki, Mustafa bəy onu qəbul edib və Gənclər Təşkilatının sədri postunu vəd edib. Çünki Müsavatda kadr məsələsinə Mustafa baxır. Kimi hara lazımdırsa, o təyin edir. Amma Mustafa özü də bilir ki, Xəyyamdan sədr olmaz. Sadəcə olaraq, onun gəncliyindən istifadə edərək başını aldatdılar. Amma bu ADR-ə heç bir təsir etmir. Hərəkatımız öz yolunu davam etdirir və sabah təsis konfransı keçiriləcək”.


Əldə etdiyimiz məlumata görə, ADR-in sabahkı konfransında Müsavatın rayon təşkilatlarının istefası ilə nəticələnəcək müraciət yayılacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm