“İran dini inqilab təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışır” - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

“İran dini inqilab təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışır” - MÜSAHİBƏ

Ərbəin mərasiminin (şiəlikdə, hicri təqvimi ilə Aşura günündən 40 gün sonra, Səfər ayının iyirminci günü keçirilən mərasim) keçirildiyi günlərdə azərbaycanlıların İraqa axın etməsi İranın dini dairələrinin siyasi hədəfləri fonunda narahatlıq doğurur. Müəyyən faktlar bu narahatlığı daha da artırır: İranın xüsusi xidmət orqanları Nəcəf-Kərbəla ziyarətinə gedən, xüsusilə Ərbəin yürüşünə qatılan azərbaycanlı dindarlar arasından özünün casus şəbəkəsini yaratmaq üçün gizli iş aparır; Azərbaycanda İranın dini dairələrinə bağlı xüsusi qruplar insanlar arasında Ərbəin mərasiminə qatılmaqla bağlı geniş təbliğat aparır, bunun nəticəsində son üç ildə gedənlərin sayında ciddi artımlar müşahidə olunur; azərbaycanlı zəvvarların bəziləri istirahət adı altında otellərdə deyil, ayrı-ayrı İran vətəndaşlarının evlərində və xüsusi düşərgələrdə məskunlaşdırılır, onlara Azərbaycan vətəndaşlarından hazırlanmış “xüsusi ruhanilər”, İranda və ya postsovet respublikalarında yaşayan və “Hüseyniyyun” adlı terror təşkilatı yaradaraq Azərbaycanda siyasi hakimiyyəti ələ almaq istəklərini qətiyyən gizlətməyən cənub bölgəsindən olan Tohid İbrahimbəyli kimi şəxslər moizə oxuyur və s; (Oxu: İran Azərbaycanda “təsir agentləri”ni necə yetişdirir? ).

Publika.az-a müsahibəsində İran üzrə ekspert Sədrəddin Soltan din pərdəsi altında aparılan bu prosesi şərh edib.



- İranın Ərbəin mərasiminə qatılanlar, eləcə də Nəcəf-Kərbəla ziyarətinə gedən azərbaycanlılar arasında özünün “təsir agentləri” hazırlaması potensialını necə qiymətləndirirsiniz?

- Agent ovlamaq İranın çoxdankı şakəridir. Bu məsələdə imamətliyi qəbul edənlərin inancına toxunmaq qəti yolverilməzdir. Məsələ İrandakı hakimiyyətin imamətlikdən siyasi alver, oyuncaq kimi istifadə etməsindədir. Tehran hakimiyyətinin əsas ideologiyası İran mərkəzli fars düşüncə sistemidir. İranda elə alimlər var ki, İmam Əlinin oğullarının fars etnik qrupuna məxsus olduğunu iddia edirlər. Tehran bu məsələni şişirtmək, onu şouya çevirməklə insanları məsələnin mahiyyətindən uzaqlaşdırır. İmamətlik sistemi İrandakı hakimiyyətin əlində siyasi alətə çevrilib. İmam Hüseynin qətl edildiyi gün isə bu oyunun zirvəsidir. Küçələrə çıxıb yürüş etmək, zəncir vurmaq, kimlərisə düşmən elan etmək nə islama, nə də imamətliyə aiddir. Tehran isə bundan istifadə edərək, özünə düşmən saydıqlarını hədəfə alıb. Həmin tədbirlərdə “Amerikaya ölüm!”, “İsrailə ölüm!” şüarlarının verilməsi, yaxud İranın din xadimlərinin bu istiqamətdə moizələri bunu təsdiqləyir. Heç kimə sirr deyil ki, İmam Hüseyn qətlə yetiriləndə Amerika yox idi. İsrail də indiki kimi deyildi.

İran insanların İmam Hüseynə, onun ailəsinə və 72 şəhidə sevgisindən istifadə edərək, öz məqsədini təbliğ etməklə məşğuldur. Bu yolla Tehran imamətliyə, Kərbəla hadisəsinə inanan başqa ölkələrin vətəndaşlarından özü üçün “5-ci kalon” yaratmağa çalışır. Azərbaycan bu məsələdə əsas hədəflərdəndir.

İran Azərbaycanda iki hədəfi güdür. Bunun biri “5-ci kolon” məsələsidirsə, o biri Güney Azərbaycan türkləri ilə bağlıdır. Tehran güney azərbaycanlıların milli haqlarının təmin olunması hərəkatının qarşısının Azərbaycan Respublikasında dini amildən istifadə etməklə almağa səy göstərir. Tehran öz ideyalarını “5 kolonçu”lar vasitəsi ilə təbliğ etməklə həm də Azərbaycan cəmiyyətini parçalamaq və zəiflətmək istəyir. İran Kərbəla hadisəsi ilə bağlı məlumatları da şişirtməklə tərəfdarlarının sayını göstərməyə çalışır. İranın rəsmi xəbər agentliyinin məlumatına görə, ötən üç ildə azərbaycanlı zəvvarların sayı xeyli artıb. Bu il 18 min Azərbaycan vətəndaşı Kərbəlaya gedib.

- Prosesin bu cür davamı hansı təhlükələrə səbəb ola bilər?

- İran inqilabı evlərdən və məscidlərdən başlanmışdı. Görünür, həmin təcrübəni İran Azərbaycanda da tətbiq etməyə səy göstərir. Hadisələrin bu sayaq inkişafı Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə çox ciddi mənfi təsir göstərə bilər.

- Nəzərə alsaq ki, Azərbaycanda əhalinin əksər hissəsi şiədir və onlar Kərbəlaya gedəcək, Ərbəin mərasiminə qatılacaq, bu da İrana öz məqsədləri istiqamətində addımlar atmaq üçün geniş imkanlar açır. O zaman yaranacaq təhlükələrin qarşısını necə almaq olar?

- Cəmiyyətin inkişafı maariflənməkdən keçir. İranyönlülərin Azərbaycanda İslam maarifi ilə məşğul olması, yaxud məclislərdə yuxarı başda oturdulması problemin əsas səbəblərindəndir. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin nümayəndəsi höccətülislam Ocaqnijat Azərbaycanda hansı diplomatik statusla fəaliyyət göstərir? Bura İranın əyalətidirmi? Azərbaycan Respublikasında imamətlik sistemini qəbul edənlər nə qədər ki, İrandakı müctehidləri təqlid edir, vəziyyət belə davam edəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm