Mənim Prezidentim!
Bizi izləyin

Nida Təhlil

Mənim Prezidentim!

Çoxsaylı kataklizmlər, qlobal miqyasda yaşanan təhdidlər, siyasi və hərbi qarşıdurmalar, açıq hədə və çağırışlar fonunda dövlətlər ilk növbədə vətəndaş cəmiyyətini yad təsirlərdən qorumağa, bununla da daxili sabitliyi təmin etməyə, xüsusən müasir dövrün tələblərinə çevik və adekvat reaksiyalar verən davamlı sosial - iqtisadi inkişafa nail olmaqla vətəndaşın həyat tərzini daha da yaxşılaşdırmağa, onun dayanıqlı və güclü sosial müdafiəsinə çalışır. Çünki yalnız bu halda vətəndaş həmrəyliyinə, Xalq – Dövlət, Xalq – İqtidar birliyinə, deməli həm də, sözün əsil mənasında müstəqilliyə və suverenliyə, ərazi bütövlüyünə, sabitliyə və təhlükəsizliyə nail olmaq mümkündür. Çünki tarixən olduğu kimi müasir dövrdə də müxtəlif güc mərkəzləri dağıdıcı alət kimi məhz xalqdan istifadə edir, dövlətlər daha çox öz xalqları ilə sınağa çəkilir və təcrübə də göstərir ki, bu iki halqa arasında azacıq zəifliyin, boşluğun olması ən nəhəng imperiyaların belə çökməsi, günümüzdə isə hələ də səngimək bilməyən Yaxın Şərq faciəsi, Qoca Qitənin aciz qaldığı seperatizm dalğaları, on minlərlə insanın həyatına son qoyan beynəlxalq humanitar fəlakətlər - qlobal miqrasiya problemi ilə nəticələnib. Bir sözlə, dövlət yalnız öz vətəndaşı ilə güclüdür prinsipi tarixin müxtəlif dönəmlərində aktuallıq kəsb etdiyi kimi bu gün də inkişaf dialektikasının əsas prinsipi, başlıca ideoloji xətti hesab edilir. Lakin burda iki mühüm məqamı nəzərdən qaçırmaq olmaz:

Yalnız güclü dövlətin güclü vətəndaşı olur;

Güclü vətəndaş yalnız gələcəyinə inandığı, həyatını etibar etdiyi dövləti güclü edir;

Bəs dövlətlə xalq arasında sağlam münasibətlər yaradan, bu münasibətləri zaman - zaman formalaşdıran və daha da inkişaf etdirən kimdir? LİDER. Güclü lider özlüyündə güclü dövlət və güclü xalq anlamını ehtiva etməklə yanaşı, bu dövlətin və xalqın birliyinin qarantı, onun yalnız daxildə deyil, beynəlxalq arenada da uğurlu və effektiv təqdimatçısı, milli maraqlar və prinsiplərin müdafiəçisi, təbliğatçısıdır. Güclü lider hər zaman öz xalqının yanındadır, daxili və xarici siyasətdə yalnız xalqın maraqlarından çıxış edir, xalqa arxalanır, xalqa güvənir. Başqa sözlə, Lideri güclü edən məhz Xalqdır. Lakin unutmaq olmaz ki, dövləti və xalqı da məhz onun lderinə görə tanıyır, hörmət edirlər.

Prezident İlham Əliyev...

Xalq Onu 1997-ci ildən, Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra daha yaxından tanıdı. 90-cı illərin çətin və ağrılı günlərindən yenicə özünə gələn Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sferasında da ciddi tənəzzül, xaos yaşanır, bu üzdən faktiki olaraq dağılmış infrastrukturun yenidən bərpası, maddi çətinliklər üzündən idmanla vidalaşan Olimpiya, dünya və Avropa çempionlarını sosial təminatı yaxşılaşdırmaqla geri qaytarmaq tələb olunurdu. Qarşıya qoyulan bu missiya qısa zaman ərzində reallaşdı. Azərbaycanın demək olar ki, bütün bölgələrində Olimpiya İdman Kompleksləri inşa edildi, atletlərimiz ən nüfuzlu beynəlxalq yarışlardan müxtəlif əyarlı medallar qazandı, ölkəmiz hər il qitə və dünya səviyyəli turnirlər təşkil etməklə qlobal idman hərəkatının ən fəal üzvlərindən birinə çevrildi və proses bu gün də davam edir. Əlbəttə, Azərbaycanda idman hərəkatının geniş vüsət almasını şərtləndirən mühüm amillərdən biri (P.S. birincisi yox, məhz biri) maddi təminatdır. Bəs birincisi? LİDER.

1997-ci ildən milli idman hərəkatının liderinə çevrilən İlham Əliyev qısa müddət ərzində sayı on minlərlə ölçülən Azərbaycanın idman ailəsinin hər bir üzvünü öz ətrafına toplamağı, onları düzgün istiqamətləndirməyi, idmançılara sözün əsil mənasında sahiblənməyi, liderlik etməyi bacardı. Heç də təsadüfi deyil ki, 21 il əvvəl olduğu kimi, bu gün də hər bir idmançı öz liderinə arxalanır, Ona inanır, Ona güvənir, xüsusən ölkəmizdə keçirilən mötəbər yarışlarda istər final çıxışı zamanı, istərsə də fəxri kürsünün ən yüksək pilləsinə qalxanda məhz Ona öz ehtiramını, dərin sevgisini, sədaqətini bildirir - Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə.

2003-cü il 15 oktyabrdan başlanan yol

Həmin il keçirilən seçkilərdə xalqın 76 faizdən çoxunun səsini qazanan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Və Prezidentin xalqa ilk vədi: “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”.15 il əvvəl verilmiş bu vəd dövlət başçısının fəaliyyətinin ilk günündən qarşıya qoyduğu strateji vəzifəni, həyat və idarəçilik fəlsəfəsini, xalqa və dövlətə yanaşmasını özündə ehtiva edirdi. Və 15 il sonra Azərbaycan Prezidentinin ictimai nüfuzunu, vətəndaş cəmiyyətində dövlət başçısına olan səmimi və doğma münasibəti, xalqın öz dövlətinə və liderinə inam və etimad göstəricisini təhlil edərkən verilən vədin, qarşıya qoyulan strateji vəzifənin reallıqla nə dərəcədə uyğunlaşdığını görmək elə də çətin deyil. Sözlə əməlin vəhdətini yeni keyfiyyətdə təqdim edən Prezident İlham Əliyev sözün əsil mənasında hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Xalq Ona inanır, etimad göstərir, Onun yürütdüyü daxili və xarici siyasətin mövcud təhlükəsizliyin, sabitliyin, davamlı sosial – iqtisadi inkişafın qarantı olduğuna əmindir. Bəs xalqın öz lidernə inamının əsasında nə dayanır?

Səmimi münasibət və qarşılıqlı inam - Dövlət başçısı istər paytaxt, istərsə də regionlarda yaradılan infrastruktur açılışlarında ilk növbədə yerli ictimaiyyət nümayəndələri ilə görüşür, səmimi söhbət edir, görülən işlərə məhz onların münasibətini öyrənir. Prezident atılan hər bir addımın məhz xalq tərəfindən necə qarşılandığı ilə yerindəcə, şəxsən maraqlanır, özünəməxsus təmkin, ehtiram və doğmalıqla hər bir vətəndaşın fikrini dinləyir, yerindəcə konkret göstərişlərini verir.

İctimai fikrin hər şeydən üstün tutulması – Prezident məhz yerlərdən, daha dəqiq desək ictimaiyyətdən gələn fikirlərə olduqca həssas yanaşır, öz çıxışlarında və verdiyi qərarlarda bu fikirləri əsas götürür, vətəndaşı düşündürən və narahat edən mövcud problemləri rəsmi tədbirlərdə, xüsusən Nazirlər Kabinetinin iclaslarında səsləndirir, müvafiq qurumlardan izahat tələb edir və konkret tapşırıqlarını ünvanlayır. Üstəlik, dövlət başçısı dəfələrlə ictimai aktivliyin və ictimai nəzarət mexanizminin zəruri olduğunu bildirməklə ilk növbədə məhz xalqa müraciət edir, onları dövlət idarəçiliyində aktiv fəaliyyətə səsləyir.

Sosial siyasətin iqtisadi inkişaf modelinin ana xəttini təşkil etməsi – Prezident İlham Əliyevin liderliyi ilə yürüdülən sosial – iqtisadi siyasətin başlıca strateji vəzifələrini makroiqtisadi sabitliyin, ölkədə əlverişli investisiya və biznes mühitinin qorunub saxlanılması, paytaxt Bakı da daxil olmaqla bütün bölgələrdə ən müasir infrastrukturun yaradılması, sahibkarlığın inkişafı və s. kimi mühüm istiqamətlər təşkil edir. Əlbəttə, bütün bunlar ölkənin ümumi iqtisadi inkişafının təmin olunması baxımından olduqca önəmlidir. Lakin tam əminliklə söyləmək olar ki, bu siyasətin başlıca vəzifəsi və Prezident İlham Əiyevin ən böyük arzusu məhz vətəndaşın sosial müdafiəsinin daha da yaxşılaşdırılması, konkret desək, işsizliyin minimuma endirilməsi, vətəndaşın aktiv əmək bazarına cəlb edilməsi, onun gündəlik tələbatının maksimum dərəcədə ödənilməsi, bir sözlə, Azərbaycan insanının sosial təminatının, həyat şəraitinin yaxşılaşdırılmasıdır. Heç də təsadüfi deyil ki, Prezident istənilən sosial - iqtisadi mərkəzin, xüsusən də təsərrüfat obyektlərinin açılışında sahibkarlara daha çox iki sualla müraciət edir:

1. İş yerlərinin sayı nə qədərdir?

2. İşçilər üçün yaradılan şərait hansı səviyyədədir?

Lakin bununla da kifayətlənmir, xüsusən iş şəraitinə məhz vətəndaşın münasibətini öyrənir, irad və təkliflərini soruşur. Bu faktın özü də dövlət başçısının vətəndaşa münasibətini, diqqət və qayğısını, ehtiramını ortaya qoyur. Başqa sözlə, Onun üçün Azərbaycan insanının təkcə öz gəlirini təmin etməsi deyil, həm də necə təmin etməsi xüsusi əhəmiyyət daşıyır.

Prezidentin hər zaman öz vətəndaşının yanında olması – Dövlət başçısının hər il ölkənin bütün coğrafiyasını əhatə edən çoxsaylı səfərləri, ön cəbhədə vətəndaşlarla müntəzəm görüşü, onların qayğı və problemləri ilə yaxından maraqlanması, təmas xəttində yaşayan Azərbaycan insanının rahat həyatı və aktiv əmək fəaliyyətinin təmin olunması məqsədilə verdiyi tapşırıqlar, həmçinin Ali Baş Komandan kimi ön cəbhədə qulluq edən əsgər və zabit heyəti ilə görüşü, məhz düşmənlə 200 metr məsafədən verdiyi mühüm mesajlar da sosial siyasətin mühüm tərkib hissəsidir. Çünki atılan bu addımlar həm milli ruhun, milli birliyin, mübarizliyin təbliği, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin cəbhə xəttindəki vəziyyətə tam nəzarət etdiyinin göstəricisidir. 2016-cı ildə dövlət başçısının aprel döyüşlərindən sonra işğaldan azad edilən Lələtəpə yüksəkliyində dediyi sözləri yada salaq: “Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.Özlüyündə böyük siyasi çəkiyə və tarixi əhəmiyyətə malik olan bu sözlər şübhəsiz ki, harda olmasından asılı olmayaraq hər bir azərbaycanlını ruhlandırır, onu öz dövlətinə, torpağına, azərbaycançılıq ideologiyasına, milli – mənəvi dəyərlərə, milli məfkurəyə daha sıx bağlayır, ən əsası vətəndaşın böyük qələbəyə olan inamını artırır.

Şəffaflıq və sosial ədalət prinsipinin tətbiqi – Prezidentin qarşıya qoyduğu mühüm vəzifələrdən biri kimi şəffaflıq və sosial ədalət prinsipi məhz vətəndaşın rahat həyatının təmin olunmasına, xalq – dövlət, xalq – məmur münasibətlərində korrupsiyanın, inhisarçılığın, süründürməçiliyin, məmur özbaşnalığının aradan qaldırılmasına yönəlib. Bu məqsədlə dövlət başçısının təşəbbüsü və 13 iyul 2012-ci il tarixli fərmanı ilə ölkədə “Asan Xidmət” modeli yaradıldı və qısa müddət ərzində yalnız Azərbaycanda deyil, əksər dövlətlərdə milli brendimiz - “Made in Azebaijan” brendi kimi qəbul olundu. Heç də təsadüfi deyil ki, artıq Asan mərkəzlərinə müraciətlərin sayı 26 mln-a çatıb və hər il Prezidentin göstərişləri əsasında “Asan Xidmət”in əhatə etdiyi xidmət sferalarına yeniləri əlavə olunur. Nəyə görə? Çünki Xalq bu xidmətdən razıdır. Məhz bu razılıq da dövlət başçısını müvafiq addımlar atmağa ruhlandırır.

Üstəlik, onun dəfələrlə dediyi “Mən xalqın bir nömrəli xidmətçisiyəm” fikri Prezidentin öz xalqına necə böyük dəyər verdiyini, öz vətəndaşına necə həssas yanaşdığını bir daha nümayiş etdirir. Dövlət başçısının xalqa xidmət sferasında məmurlardan gözlədiyi də məhz budur: Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır.”

Sağlam vətəndaş amili – Yürüdülən sosial siyasətin başlıca strateji xətlərindən biri də məhz vətəndaşın sağlam həyatı, onun sağlamlığının ən yüksək səviyyədə təmin olunmasıdır. Ölkənin ən ucqar kəndlərində belə içməli su təchizatının yaxşılaşdırılması, təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanaların tikilməsi, mövcud səhiyyə ocaqlarının əsaslı şəkildə yenidən qurulması, ən əsası isə məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi pulsuz tibbi müayinə və müalicə prosesləri, aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması, yaxın gələcəkdə bütün ölkəni əhatə edəcək tibbi sığorta sisteminin tətbiqi istiqamətində atılan addımlar görülən işlərin real nəticəsidir.

Əlbəttə, bu siyahını uzatmaq da olar. Lakin bir mühüm fakt düşünürük ki, ölkədə Lider – Xalq sevgisini kifayət qədər dolğun və mübaliğəsiz, tam sadə və səmimi şəkildə ortaya qoyur. Bir mühüm fakt qeyd olunan fikirlərin nə dərəcədə güclü əsasa və reallığa söykəndiyini əyani şəkildə təcəssüm etdirir. Dövlət başçısı hər il öz ad gününü məhz xalqla bir yerdə, hər hansı sosial layihənin açılışı mərasimində, yaxud ön cəbhədə Azərbaycan əsgəri, qaçqın və məcburi köçkünlərlə birgə keçirir. Uzağa getməyək, son 7 ili götürək:

  • 2011-ci ilin 24 dekabrında Ali Baş Komandan 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirdi, məcburi köçkünlərlə görüşdü;
  • 2012-ci ilin həmin günü Prezident Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən binanın açılış mərasiminə qatıldı;
  • 2013-cü ildə dövlət başçısı paytaxtın Ramana qəsəbəsində sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzinin yenidən qurulmasından sonra açılışını etdi. Həmin gənclərlə ünsiyyətdə oldu, onların problemləri ilə maraqlandı;
  • 2014-cü ildə Prezident Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış oldu;
  • 2015-ci ildə paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatıldı, sakinlərlə görüşdü;
  • 2016-cı ildə 55 yaşını qeyd edən Prezident Yasamal Yaşayış Kompleksində sosial evlərin təməlqoyma mərasiminə qatıldı;
  • 2017-ci ilin 24 dekabrında isə dövlət başçısı Hövsan Yaşayış Kompleksində ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimində iştirak etdi və s.

Bütün bunlar Prezidentin öz xalqına verdiyi dəyər, tükənməz sevgi, məhz xalqı düşünərək atdığı çox mühüm sosial addımlar, onun güzəranının, həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində gördüyü işlərdir. Və görülən işlərin məntiqi nəticəsi olaraq bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanda Xalq – Dövlət, Xalq – İqtidar, Xalq – Lider birliyi var. Ən əsası isə odur ki, bu fikirlər, dövlətin yürütdüyü daxili və xarici siyasətə ölkə ictimaiyyətinin dəstəyi və inamı yalnız bizim təhlillərimizdə deyil, Dünya İqtisadi Forumunun 2018-ci ildə açıqladığı “Qlobal rəqabətlilik” hesabatında da öz təsdiqini tapıb. Hesabatın “Siyasətçilərə ictimai etimad” kateqoriyasında Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi də məhz ölkəmizin mövcud reallıqllarını əyani şəkildə ifadə edir. Reallıq isə ondan ibarətdir ki, Xalq öz Liderinə inanır, Ona arxalanır, Onun siyasətini dəstəkləyir və qürur hissi ilə “Bu, mənim Prezidentimdir”-deyir.

Rövşən Raqifoğlu

Azərbaycan TV və Radio Verilişləri QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru, filologiya elmləri doktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm