Madridə gedə bilməyənlər Bakıya niyə hücum edir?
Bizi izləyin

Nida Təhlil

Madridə gedə bilməyənlər Bakıya niyə hücum edir?

Bakı Avroliqanın final oyununu qarşılamaq üçün yüksək səviyyəli hazırlıq həyata keçirir, anti-Azərbaycan dairələri mayın 29-da baş tutacaq böyük futbol bayramını ikinci plana salmaq üçün müxtəlif variantlara əl atırlar.

İlk variant Avroliqanın final oyununun keçirildiyi məkanın dəyişdirilməsi idi. Xüsusilə “Arsenal” azarkeşləri öz komandalarını dəstəkləmək üçün 6 min kilometrə qədər məsafəni qət etmək istəmədiklərini əsas gətirərək, “niyə iki ingilis komandası öz evlərində yox, uzaq ölkədə oynamalıdır” tezisini irəli sürdülər. Bu tezis üzərindən UEFA-nın hədəfə alınmasında məqsəd qurumun öz qərarını dəyişdirməyə məcbur etmək idi. Hətta final oyununun Bakı Olimpiya Stadionundan Londonun “Wembley stadium” arenasına keçirilməsi təklifi üzərində xüsusi kampaniya da aparıldı.

Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını Azərbaycan yox, UEFA verib. Doğrudur, Azərbaycan final oyununa ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdü. Lakin beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etmək istəyən namizədlərin təşkilatçılıq bacarığı, infrastukturu, təhlükəsizliyi onların seçilməsində xüsusi rol oynayır. Final oyununa ev sahibliyi etmək üçün bütün imkanlara sahib olan Azərbaycan da daha sərfəli təkliflər irəli sürdüyü və əlverişli şərait yaratdığı üçün UEFA Bakının üzərində dayandı.

UEFA Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını verəndə 2017-ci il idi və heç kim, hətta futbol üzrə ən məşhur bukmeykerlər belə finalda iki ingilis komandasının – “Arsenal” və “Çelsi”nin oynayacağını deyə bilməzdi. Futbol siyasət deyil, burada gələcəyi əldə olunan nəticələr müəyyənləşdirir.

Lakin Avroliqanın final oyununa Bakının ev sahibliyi etməsi maksimum dərəcədə siyasiləşdirildi. Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı yüksək səviyyəli təminatına baxmayaraq, erməni lobbisi “Arsenal”ın oyunçusu Henrik Mxitaryanın Bakıya gəlişinin qarşısını aldı və bundan Azərbaycana qarşı qara piar kampaniyası olaraq istifadə etdilər. Eyni şəbəkənin qeyri-rəsmi strukturları kimi çıxış edən “Amnesty İnternational” və Beynəlxalq Amnistiya Təşkilatı Avroliqanın finalına aid olmayan, tamamilə əsassız iddialarla Azərbaycanın üzərinə hücuma keçdilər.

Bu kampaniyalar fonunda məlumat yayıldı ki, “Arsenal” və “Çelsi” klubları onlara ayrılmış biletlərin 6000-dən çoxunu qaytaracaq. Buna səbəb klubların hər biri onlara ayrılmış 5800 biletin yarısını sata bilməməsidir. Bu qərar Bakı aeroportunda buraxılış imkanlarının aşağı olması iddiası ilə əlaqələndirilir. Hərçənd, Azərbaycan tərəfi komandaları və onların azarkeşlərini qarşılamaq üçün UEFA-nın irəli sürdüyü standartlara uyğun şərait yaradıb. Hər bir komandanın fanklubuna toplaşmaq üçün xüsusi yerlər ayırıb, viza məsələnini sadələşdirib, Bakı aeroportu tam qüvvə ilə işləyir.

Klublar onlara ayrılmış biletləri öz azarkeşlərinə sata bilmirsə, bu, artıq nə Azərbaycanın, nə də UEFA-nın deyil, onların problemidir. İngilis azarkeşlərin “uzaqlıq” bəhanəsinə gəlincə, burada da nə Azərbaycanın, nə də UEFA-nın üzərinə məsuliyyət düşür. Mayın 29-da Bakıda ingilis komandaları yox, məsafə baxımından Azərbaycana daha yaxın olan ölkələr, misal üçün, Türkiyə, yaxud Rusiya komandaları da oynaya bilərdi. Görünür, şans “Arsenal”la “Çelsi”dən yana imiş və finala bu iki komanda qalıb.

Ümumiyyətlə, məsafə amili azarkeşlərin həmişə üzləşdiyi çətinliklərdəndir. “Qarabağ” klubu da Avroliqada oynayarkən, azərbaycanlı azarkeşlər Avropaya qədər uçmaq çətinliyi ilə üzləşirdi, lakin heç kim buna görə etiraz etmək haqqında düşünmürdü belə. Çünki bu futboldur və azarkeş sevgisi daim belə amillərə qalib gəlib.

Bütün bu iddialar fonunda Avroliqanın Bakıda keçiriləcək finalından 2 gün sonra, iyunun 1-də iki ingilis komandasının – Liverpul və Tottenhem – qarşılaşacağı Çempionlar Liqasının Madriddə keçiriləcək finalı və hər iki klubun azarkeşlərinin Madridə getmək üçün üzləşdikləri çətinliklər diqqət çəkir.

“Camdennewjournal” saytı yazır ki, aviabiletlərin qiyməti bahadır, Londonun şimalında yaşayan minlərlə azarkeş komandalarını dəstəkləmək üçün Madridə getməyin yollarını axtarırlar. Üstəlik oyun biletlərinin bahalığı azarkeşlərin narazılığına səbəb olub.

“Bir bilet alacamsa, o zaman özüm necə yaşayacam?”, azarkeşlərdən biri deyir.

Madridə uçmaq üçün cəmi dörd uçuş var, o cümlədən, sərnişinlər aeroportda uzun müddət gözlədilir.

Lisa Paulon adlı azarkeş deyir ki, “uçuş biletini ala bilmədiyi üçün, əvvəlcə Barselonaya, oradan qatarla Madridə getməyi düşünürəm”.

O əlavə edib ki, “Qrupumuzdan biri Kasablanka vasitəsilə Madridə getdi, bu, olduqca uzun məsafədir”.

Madriddə keçiriləcək final oyununun biletləri qara bazarda 3000 avroya təklif olunur. Bu, qeyri-qanunidir, lakin azarkeşlər oyunu izləmək üçün başqa çıxış yolu tapmırlar. (Mənbə: http://camdennewjournal.com/article/madrid-or-bust-spurs-fans-forced-to-take-unusual-routes-to-champions-league-final).

Çempional Liqasının finalının keçiriləcəyi İspaniya İngiltərədən 6000 kilometr məsafədə yerləşmir, lakin faktlar azarkeşlərin Madridə getmək üçün də ciddi çətinliklərlə üzləşdiyini təsdiqləyir.

Bu fakt həm də biletlərin satılmaması, yaxud məsafə kimi bəhanələrin keçərsiz olduğuna da dəlalət edir. Hərçənd, Madridlə müqayisədə Bakı qonaqlara daha yaxşı imkanlar təqdim edir və iddiaların tam əksinə olaraq, final oyununa hazırlıq yüksək səviyyədədir. Öz qonşularında yaşananları görməyənlərin, 6000 kilometr uzaqlıqdakı Bakıya durbin tuşlaması isə artıq Azərbaycan ictimaiyyətinin dəfələrlə qarşılaşdığı təcrübədir.

Təcrübə Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər zamanı belə iddiaların ortaya atıldığını və hər dəfə Azərbaycanın yüksək səviyyəli təşkilatçılığı ilə dünyaya nümunə sərgilədiyini təsdiqləyir. Avroliqanın finalında da eyni nümunəni göstərəcəyik və bütün iddiaların əksinə olaraq, milyonlarla futbol azarkeşi Bakıdakı finaldan zövq alacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm