Avropadan işğalçıya zərbə: Bakı hərbi və diplomatik cəbhədə üstünlüyü ələ aldı - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Avropadan işğalçıya zərbə: Bakı hərbi və diplomatik cəbhədə üstünlüyü ələ aldı - TƏHLİL

Avropadan işğalçıya zərbə: Bakı hərbi və diplomatik cəbhədə üstünlüyü ələ aldı - TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa üçüncü avtomobil yolunun çəkilməsi planı haqda açıqlaması işğalçı ölkəyə qarşı ciddi beynəlxalq reaksiyaya səbəb oldu.

Bu plan və Paşinyanın plan haqqında açıq danışması Ermənistan hakimiyyətinin bir sıra hədəflərini göstərir:

- Erməni ictimaiyyətində “Qarabağ faktoru” üzərində xal qazanmağa hesablanıb;
- Paşinyan daxili ictimai rəyə “Dağlıq Qarabağ münaqişəsi həll olunub” mesajını verir;
- Münaqişənin “həll olunduğunu” hesab edən Ermənistan infrastruktur layihələri ilə işğal altındakı ərazilərə “çıxış imkanları” axtarır.

Burada Azərbaycan Ordusunun “aprel müharibəsi” və Günnüt əməliyyatı ilə Dağlıq Qarabağı Ermənistana birləşdirən magistral yolları nəzarətə götürməsi faktı xüsusi vurğulanmalıdır. Ordumuz işğalçını alternativlər axtarmağa məcbur edir və belə axtarışlar beynəlxalq ictimaiyyətə Ermənistanın işğalçı olduğunu daha açıq şəkildə nümayiş etdirir.

İşğalçı ölkənin baş naziri üçüncü yolun çəkilişi haqda müjdəsinin Ermənistan üçün gözlənilməz zərbə ilə nəticələnməsi bunu təsdiqlədi. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Yelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku iyunun 10-da bu layihənin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirən birgə bəyanatla çıxış etdilər.

Bəyanatda bildirilir: “Prinsip etibarilə Şərq Tərəfdaşlığı ölkələri ərazisində regional əməkdaşlığı dəstəkləyən, qarşılıqlı əlaqələri və insanlararası təmasları artıran layihələri dəstəkləyirik. Bununla belə həmin yolun tikintisi ilə bağlı qərar Azərbaycanın müvafiq səlahiyyətli dövlət qurumları ilə hər hansı bir razılaşdırma olmadan, beynəlxalq hüququ pozmaqla qəbul edilib. Həmçinin, bu layihə Dağlıq Qarabağın və onun ətrafındakı rayonların qeyri-qanuni işğalını rəmzi olaraq möhkəmləndirə bilər. Buna görə də biz qarşılıqlı inama, sülhə və barışığa imkan yaradacaq şəraitin formalaşmasına dəstək verməyəcək bu təşəbbüsü çox dərin təəssüf hissi ilə qarşılayırıq”.

Bu bəyanat Ermənistanın işğalçı kimi tanınmasında növbəti sənəddir. Birgə bəyanatında bir sıra nüanslar diqqət çəkir:

1. Avropa Parlamenti ilk dəfədir Ermənistanın işğalçı olduğunu açıq mətnlə ifadə edir;

2. Bəyanatda Azərbaycan üzrə həmməruzəçi ilə yanaşı, Ermənistan üzrə həmməruzəçinin də mövqeyi yer alır;

3. Bəyanat göstərir ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərində qeyri-qanuni fəaliyyət göstərdiyinin, infrastukturu dəyişdirmək cəhdərinin fərqindədirlər və açıq mətnlə buna qarşı çıxır;

4. Bəyanatda “Azərbaycanın işğal altında olan ərazilər” ifadəsi yer alır və bu, Ermənistanın işğalçı ölkə olduğunun və Azərbaycanın ərazi bütövlüyünün pozulduğunun beynəlxalq səviyyədə ifadə edilməsidir;

Bu bəyanat ümumilikdə Avropa institutlarının Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə dəstəyidir. Buna qədər Avropa institutlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın işğalçı siyasətini piləyən bəyanatları, qərarları olub.

Ötən ayın 11-də dərc olunan Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarında da Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə dəstəklənmişdi. Yekun qərar iki istiqamətdə əhəmiyyətli idi.

Birincisi, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ortaq öhdəlik” kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir. Bu o deməkdir ki, Azərbaycan üçün vacib prinsiplər Aİ-nin “fundamental dəyərləri” sırasına daxil edilir və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələr üçün “ortaq öhdəlik” kimi irəli sürür. Beləliklə, işğalçı Ermənistan da Azərbaycanın ərazi bütövlüyünə “ortaq öhdəlik” kimi baxmağa məcbur edilir.

İkincisi, Aİ Şurasının yekun qərarının Şərq Tərəfdaşlığının növbəti Zirvə görüşünün yekun siyasi sənədinin formalaşdırılmasına təsir göstərə biləcək ən əhəmiyyətli sənədlərdən biri olmasıdır. Bu, növbəti Zirvə görüşündə Azərbaycan üçün əhəmiyyətli olan ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi ön planda olacağı və Azərbayanın ərazi bütövlüyününü növbəti də beynəlxalq ictimaiyyət tərəfindən gündəmə gətirilməsi deməkdir.

2017-ci il qəbul olunan Şərq Tərəfdaşlığı Brüssel Zirvə bəyannaməsində də tərəfdaş ölkələrin hər birinin suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı yer alırdı. Bununla yanaşı, 2018-ci ildə Aİ ilə Azərbaycan arasında ikitərəfli “Tərəfdaşlıq Prioritetləri” sənədində münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı dəstəklənməsi əsasında inkişaf edəcəyi qeyd olunurdu.

Ötən ay Aİ Şurasının məlum qərarından sonra Avropa Parlamentinin Ermənistanın işğalçı olması və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən bəyanatı rəsmi Bakının diplomatik uğurlarının davamı, işğalçı ölkəninsə fiaskosudur.

Bəyanatda tərəflərin səmimi danışıqlara dəvət olunması çağırışının ünvanı da məhz Ermənistandır. Çünki beynəlxalq ictimaiyyət də danışıqlarda maraqlı olduğunu iddia edən, lakin işğal olunmuş ərazilərdə qeyri-qanuni əməliyytalar həyata keçirən rəsmi Yerevanın sözü ilə əməlinin bir-birinə tərs mütənasib olduğunu müşahidə edir, qəbul edilən qərarlarda və bəyanatlarda buna işarə edilir.

Bu bəyanatın mümkün nəticələri: Avropa Parlamentinin Ermənistanın beynəlxalq hüququ pozan işğal siyasətinə qarşı sərgilədiyi mövqe digər beynəlxalq təşkilatlar üçün də bundan sonra presedent rolunu oynayacaq. Aİ Şurasının və digər Avropa təsisatlarının mövqeyi, son olaraq da AP-nin bəyanatı bu istiqamətdə prosesin getdiyini deməyə əsas verir.

ATƏT-in Minsk qrupu nə vaxt danışacaq? Baş verənlər bu sualı pnı çıxarır. Çünki həmsədrlər Dağlıq Qaranağ münaqişəsinin həllindən birbaşa məsuldur. Ermənistanın işğalçı ölkə olduğunu digər təşkilatlardan daha yaxşı bilən həmsədrlər rəsmi Yerevanın işğal altındakı ərazilərdə həyata keçirdiyi qeyri-qanuni əməllərinə münasibət bildirməli, özlərinin həyata keçirdiyi sülh danışıqlarının pozulmasına səbəb olan Ermənistanın işğal siyasətinə son qoymaq istiqamətində çalışmalıdır. AP-nin məlum bəyanatı ilk növbədə ATƏT üçün vacib presedentdir.

Hərbi və diplomatik cəbhədə qələbə: AP-nin bəyanatı həm də Qarabağ ətrafındakı mənzərəni əks etdirir. Burada bir-birinin davamı olan iki mühüm məqam var:

a) Ermənistan işğal etdiyi Dağlıq Qarabağa avtomobil yolu çəkmək istəyir. Çünki Azərbaycan Ordusu 2016 və 2018-ci illərdə iki uğurlu əməliyyatla işğal altındakı ərazilərdən işğalçı ölkəyə uzanan yolları nəzarətə götürüb. Bu, rəsmi Bakının hərbi cəbhədə qələbəsidir.

b) Hərbi cəbhədə qələbə diplomatik cəbhədəki qələbəni də özü ilə gətirir. İşğal etdiyi ərazilərə çıxış yolları Azərbaycan Ordusunun nəzarətində olan Ermənistan yeni infrastruktur inşa etməyə məcburdur və Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyət olan belə addımlar beynəlxalq təsisatların haqlı reaksiyasına səbəb olur.

Göründüyü kimi, Azərbaycan hərbi və diplomatik cəbhədə paralel addımlar atmaqla işğalçı ölkəni dalana salır və proseslər ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində inkişaf edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm