Azərbaycan və Hindistan yeni mərhələdə: Milyonlarla investisiya, neft və turizm imkanları
Bizi izləyin

Nida Təhlil

Azərbaycan və Hindistan yeni mərhələdə: Milyonlarla investisiya, neft və turizm imkanları

Azərbaycan və Hindistan yeni mərhələdə: Milyonlarla investisiya, neft və turizm imkanları

Azərbaycan Prezidenti İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanmasına gətirib çıxaracaq.

Bunu millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi.

Deputat qeyd etdi ki, Hindistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı var və bu görüşdən sonra bu marağın daha da artacağı gözlənilir.

“Sonuncu beynəlxalq investisiya forumunda Hindistan şirkəti 125 milyon dollarlıq investisiya qoyuluşunu həyata keçirməklə bağlı razılığını bildirdi. Bu, əslində, Hindistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının olduğunu göstərir və sözsüz ki, bugünkü görüşdən sonra da bu marağın artacağı gözlənilir”, - deyə Vüqar Bayramov bildirdi.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Hindistan arasında neft-qaz, nəqliyyat və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlıq imkanları mövcuddur. O qeyd etdi ki, Hindistan rəqəmsal texnologiyalar və əczaçılıq sahələrində üstünlüyə malik ölkələrdəndir.

Deputat vurğuladı ki, rəqəmsal texnologiyaların inkişafı və süni intellektin istifadə dairəsinin genişlənməsi Hindistanın qlobal bazardakı mövqelərinə təsir göstərir. Hindistanın bu istiqamətdə qlobal bazar payı artmaqdadır. Azərbaycanda da rəqəmsal inkişaf iqtisadi siyasətin əsas istiqamətlərindən biridir.

“Bu kontekstdə Azərbaycan-Hindistan arasında sənayenin müxtəlif sektorları, yəni neft-qaz, nəqliyyat-logistika, eləcə də texnologiya sahəsində əməkdaşlıq imkanları yüksək görünür”, - deyə millət vəkili qeyd etdi.

Vüqar Bayramov turizm sahəsindəki əlaqələrə də diqqət çəkdi. O bildirdi ki, uzun müddət, xüsusən də son illərdə Hindistandan Azərbaycana gələn turistlərin sayı artıb. Lakin son iki ildə bu sahədə azalmalar müşahidə olunur.

“Gözlənilir ki, bugünkü görüşdən sonra Hindistandan Azərbaycana gələn turistlərin sayında da artımlar müşahidə olunacaq. Gəlmə turizmi baxımından Hindistan Azərbaycan üçün vacib tərəfdaşlardan birinə çevrilə bilər. Ona görə də turizm sahəsində, xidmət sektorunda əməkdaşlıq imkanları genişdir”, - deyə deputat bildirdi.

Millət vəkili əlavə etdi ki, növbəti mərhələdə iki ölkə arasındakı münasibətlərin yenidən inkişafını və dərinləşməsini müşahidə etmək mümkün olacaq.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm