Azərbaycan Ordusu işğalçı Ermənistana öz gücünü göstərib - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusu işğalçı Ermənistana öz gücünü göstərib - Deputat

“Azərbaycan mürəkkəb geostrateji regionda yerləşir. Region öz coğrafi mövqeyinə görə ayrı-ayrı güc mərkəzlərinin maraq dairələrinə daxildir. Bu isə vəziyyəti bir qədər də gərginləşdirir. Tarixən belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaq. Ona görə də milli maraqlarımızı qorumaq üçün daim güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya, güclü orduya ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir”.

Bunu Publika.az-a danışan millət vəkili Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan Prezidenti bu mühüm istiqamətləri öz siyasətinin prioritetləri kimi müəyyənləşdirib və həmişə diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxış edərkən məhz bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsi ilə bağlı mühüm və aktual məsələlərə toxunub:

“Əslində Prezidentin nitqi görülən və görüləcək işər, eyni zamanda işğal faktına son qoyulması üçün hansı zəruri şərtlərin olmasının qısa məcmusu idi. Ölkə başçısı qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Bu fikirlər şəxsi heyətin xidmət aparması üçün bütün zəruri şərtlərin yüksək səviyyədə təmin edildiyini göstərir. Eyni zamanda atılan bu addım Ali Baş Komandanın Milli Ordumuzun şəxsi heyətinə olan diqqət və qayğısının ifadəsidir. Ancaq şübhəsiz ki, ordunun texniki təchizatı və döyüş hazırlığı da ən ümdə vəzifələrdən biridir. Bu faktor həm müharibə şəraitində canlı qüvvənin itkilərini azaldır, həm də düşmən üzərində üstünlük əldə etməyə imkan verir. Ona görə də Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirdi ki, son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib. Bu qurğular imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun”.

Deputat qeyd edib ki, cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Ona görə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı bundan sonra da davam etdiriləcək:

“Bütün bunlarla yanaşı Prezident İlham Əliyev işğalçı ölkədəki vəziyyətə diqqət çəkərək bu ölkədə demokratiya adı altında diktatura rejiminin qurulmasını bildirdi. İşğalçı Ermənistan bu gün terroru, faşizmi dövlət siyasəti səviyyəsinə qaldırıb və işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir. Bu isə regionda gərginliyi artırmaqla yeni müharibə təhlükəsi yaradır. Milli Ordumuzun gücünə diqqət çəkən Prezident İlham Əliyev qeyd etdi ki, həm 2016-cı, həm də 2018-ci illərin hərbi əməliyyatları göstərdi ki, biz böyük ərazilərimizi işğaldan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağı ucaldılıb.

Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etdik və strateji yüksəkliklərə çıxdıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kəsdə bu haqda şübhə olmasın. Doğrudan da bu gün Azərbaycan Ordusu keçirdiyi hərbi əməliyyatlarla öz gücünü işğalçı Ermənistana göstərib və hər kəsə aydındır ki, növbəti “Aprel döyüşləri” həmləsi Azərbaycan torpaqlarının tam azad edilməsinə gətirib çıxara bilər. Ona görə də hər bir Azərbaycan vətəndaşı bu gün öz Milli Ordusu, onun şəxsi heyəti və döyüş qabiliyyəti ilə fəxr edir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm