Pandemiya, aclıq, repressiya... – Nikolun çiçəklənən diktaturası və Bakıya uzanan dili
Bizi izləyin

Nida Təhlil

Pandemiya, aclıq, repressiya... – Nikolun çiçəklənən diktaturası və Bakıya uzanan dili

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hakimiyyətini tənqid etməsi, bu ölkədə yaranmış acınacaqlı sosial vəziyyət, eləcə də mövcud hakimiyyətin diktatura rejimi qurması haqqında fikirləri İrəvanda “mənə nə deyirsənsə, hamısı özünsən” tipli küçə söhbətini xatırladan gülməli iddialar doğurdu. Küçdən siyasətə gəlmiş Paşinyan hakimiyyətinin cavabının fərqli olması əslində təəccüblü olardı.

Ermənistanda inkişaf perspektivi yoxdur; Bu ölkədə diktatura rejimi qurulub; Siyasi təqiblər davam edir, media üzərində ciddi təzyiq var.

Bu ölkədəki problemlərlə bağlı kifayət qədər əsaslar var, bunun fonunda Azərbaycanı nələrdəsə ittiham etmək növbətçi cavabdan və ritorikadan uzağa getmir. Çünki siyasi ağırlıqdan tutmuş, sosial-iqtisadi vəziyyətə dair hər şey ortadadır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən – 2003-cü ildən indiyə qədər Azərbaycan böyük iqtisadi inkişaf yolu keçib. 2003-2018-ci illəri əhatə edən 15 illik dövrdə ümumdaxili məhsul 3 dəfədən çox, adambaşına düşən ÜDM 9 dəfədən çox, büdcə gəlirləri 20 dəfəyə qədər, xarici valyuta ehtiyatları 30 dəfəyə qədər, əhalinin gəlirləri 10 dəfəyə qədər artıb, işsizlik 2 dəfə, yoxsulluq 9 dəfə azalıb.

2018-ci ilin prezident seçkilərində yenidən qələbə qazanan Prezident İlham Əliyev 2 il ərzində həyata keçirdiyi siyasi-iqtisadi islahatlarla Azərbaycana yeni sosial-iqtisadi münasibətlər və idarəçilik modeli gətirdi: iki mərhələdə həyata keçirilən sosial islahatlar əhalinin gəlirlərinin 80 faizə qədər artması ilə nəticələndi.

Bu islahatlar qlobal iqtisadi böhran fonunda Azərbaycanın 2020-ci ilin iqtisadi inkişafına müsbət təsir etdi: cari ilin ilk rübündə ÜDM 3 faiz, qeyri-neft sektoru 7 faiz, qeyri-neft sənaye sektoru 23 faiz artıb; inflyasiya 3 faiz səviyyəsində saxlanılıb, əhalinin gəlirləri isə 7 faiz artıb; cəmi 3 ay ərzində orta aylıq əmək haqqı 28 faiz, pensiya isə 27 faizə qədər artıb; hazırda ölkədə orta aylıq əmək haqqı 712 manat təşkil edir;

2019-cu ildə Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 32 pillə irəliləyərək, 25-ci pilləyə yüksəlib. Bununla yanaşı, Azərbaycan 10 ən islahatçı ölkə sırasında daxil oldu.

Prezidentin həyata keçirdiyi islahatlar Azərbaycanda inqilabi dəyişikliklər yaratdı, lakin bu inqilab dünya təcrübəsindəki “qanlı inqilab”dan fərqlidir.

Siyasi ədəbiyyatda buna “ağrısız keçid” deyirlər. Siyasi-iqtisadi idarəetmə yenilənir, cəmiyyətin həyatına mənfi təsirləri olmadan yeni mərhələyə keçid edilir. Prezident İlham Əliyev “ağrısız keçid”lə Azərbaycanı yenilənməsini həyata keçirdi. Siyasət elimdə məşhur olan “aşağıdan başlanan dəyişiklik inqilab, yuxarından başlanan dəyişiklik islahatdır” deyimi ilə yanaşsaq, Azərbaycanda milli və dövlət maraqlara uyğun dəyişikliklər gerçəkləşdi. Bu amil bir dövlətin “qan itirməməsi” və gələcəyinin təhlükə altına düşməməsi üçün önəmlidir. Çünki aşağıdan başlanan dəyişikliklərin özü ilə gətirdiyi inqilab xaos və kataklizmdən başqa heç nə vəd etmir, post-sovet məkanında son 20 ildə müşahidə etdiyimiz proseslər bunu sübut edir. Bu gün özünü regionun lider, dünyanın aparıcı siyasi oyunçusu olan Azərbaycanla müqayisə etmək cəhalətinə düşən Ermənistan siyasi-iqtisadi kataklizmin son nümunəsi hesab oluna bilər.

2018-ci ildə küçə inqilabı ilə hakimiyyətə gələn, əslində regionda marionetka rolunu sevə-sevə qəbul edən Nikol Paşinyan Ermənistan üçün kədərli taledən başqa heç nə verə bilmədi.

Mən uşaqlarımı küçələrə çıxardım, biz küçədə ona görə gecələyirdik ki, o, hakimiyyətə gəlsin və biz yaxşı yaşayaq. Amma bu gün mən yaxşı heç nə görmürəm”.

İyunun 15-də Ermənistanda Ararat şəhərinin sakinlərinin hökumət binasının qarşısında keçirilən aksiyanın iştirakçısı Tatevik Avetisyanın bu sözləri gerçək mənzərəni təsvir edir.

Avetisyan haqlıdır, çünki quldur və oğru Sarkisyan rejimindən xilas olmaq üçün Paşinyana inananların ümidləri puç oldu.

Son iki ildə bu ölkədə yaranmış vəziyyət acınacaqlıdır.

- 2018-ci ildən indiyə qədər ölkədə işsizlik 20 faizə yaxınlaşıb. Bu rəsmi rəqəmlərdir, qeyri-rəsmi rəqəmlərə görə əhalinin yarısı yoxsul vəziyyətdədir. Əhalinin 50 faizə qədər ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Hər ailənin orta gəliri 40 min dram, təxminən 85 dollardır. Asiya İnkişaf Bankı Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və bir sıra geridə qalmış ölkələrlə müqayisə edir. Dünya Bankının 2018-ci ildə açıqladığı reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub. 2019-cu il göstəricilərində də irəliləyiş əldə olunmayıb. Ölkədə intiharların sayı sürətlə artır: ötən il 20 faizə qədər yüksəldiyi bildirilirdi.

2000-2018-ci illər ərzində Ermənistanın xarici borcu ÜDM-nin 90 faizini təşkil edirdisə, 2018-ci ildən sonra bu, 94,4 faizə, yəni pik həddə çatıb. 2019-cu ilin rəsmi statistikasına görə, ÜDM-nin adambaşına düşən gəliri 3,1 ABŞ dolları olub. Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcminin artacağı proqnozlaşdırılır.

Əhali sürətlə Ermənistanı tərk edir. Ermənistan Statistika Komitəsinin 2019-cu ildə açıqladığı rəqəmlərə görə, son 10 ildə ermənilərin sayı 3,8 faiz, işçi qüvvəsinin sayı 17,7 faiz, məşğul əhalinin sayı isə 21,3 faiz azalıb. Bu, 2008-2018-ci illərində Ermənistan əhalisinin 118,1 min, işçi qüvvəsinin 250,1 min, məşğul əhalinin isə 252,3 min azalması deməkdir. Bununla yanaşı, ölüm göstəricisi doğum göstəricisini üstələyir. Lakin rəsmi məlumatlarda reallıq gizlədilir. “Joxovurd” qəzeti yazır ki, son 10 ildə əhalinin sayı 2 milyon 100 min azalıb.

“2005-ci ildən indiyə qədər 1 milyon 10 min 500 erməni Ermənistanı birdəfəlik tərk edir. Ölüm sayının doğum sayını üstələməsi nəticəsində əhalinin sayı 622 min 700 nəfər azalıb. Hazırda Ermənistan əhalisi 1 milyon 900 minə yaxındır, lakin getdikcə daha da azalmağa davam edir”, –qəzet qeyd edir.

2020-ci ilin yanvar-mart ayları ərzində isə rəsmi rəqəmlərə görə, 18 min erməni ölkəni tərk edib.

Koronavirus pandemiyası isə Ermənistan iqtisadiyyatını tamamilə alt-üst etdi və baş nazir Nikol Paşinyan etiraf edir ki, yoluxma sayına görə ölkəsi dünyada ilk sıralardadır.

Pandemiyaya qarşı mübarizədə Ermənistan sinifdə qalan əsas ölkələrdən biri oldu. “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələr işlədən Paşinyan indi virusun qarşısında aciz qalıb və dünyadan kömək istəyir.

- Koronavirusa yoluxanların sayı 26 mini keçib, ölənlərin sayı 500-ə yaxınlaşır;

- İqtisadiyyat hər gün 51 milyon dollar zərər edir;

- İş yerləri sürətlə bağlanır, vətəndaş hökumətdən karantin qaydalarına əməl etmək üçün pul tələb edir;

Hökumət binası önündə keçirilən aksiyanın iştirakçısı sahibkar Sarkis Qriqoryan bildirir ki, “Karantin rejimi uzun müddət davam edəcəksə, biz nə edəcəyik? Bizim işimiz mövsümidir, əgər indi işləməsək, növbəti mövsümə qədər vəziyyətimiz daha da çətin olacaq”.

Başqa bir aksiyada isə mikroavtobus sürücüsü hökumətin sosial dəstək vermədiyindən şikayətlənərək deyir: “Anlamaq istəyirik ki, kim bizə kömək edəcək. Mən quş deyiləm ki, uçam, yaxud heyvan deyiləm ki, ot yeyəm, insanam və çörək istəyirəm. Mənim ailəm var, uşaqlarıma necə deyim ki, biz sürücüləri işləməyə qoymurlar, ona görə bu ay dözün, çörək yeməyin”.

- Koronavirus testləri çatışmır, xəstələr testi şəxsi büdcələri hesabına alırlar;

Virusa yoluxmuş jurnalist Roman Nadiryan bildirir ki, testdən keçmək üçün onu özəl klinikaya göndərdilər və pul istədilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alina Nikoqosyan etiraf edir ki, ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqları çatışmazlığı yaşanır.

Burada Azərbaycandakı vəziyyətlə bağlı müqayisə aparmağa zərurət var.

1. Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib, Ermənistan isə 300 milyon dollar.

2. Ermənistana pandemiya ilə mübarizə üçün edilən yardımlar Azərbaycanla müqayisədə dəfələrlə çoxdur: ABŞ Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Bununla yanaşı, Türkiyə Azərbaycana humanitar, Çin isı texniki yardım göstərib. Ermənistana edilən yardımlara gəlincə, ABŞ bu ölkəyə 5.4 milyon dollar, Avropa Birliyi isə 92 milyon avro ayırıb. Bundan əlavə, Rusiya Ermənistana texniki, Çin tibbi-texniki, İran yükdaşımada, Bolqarıstan və Litva humanitar, Gürcüstan isə tiibi yardım göstərib.

3. Azərbaycan indiyə qədər 33 ölkəyə koronavirusla mübarizədə yardım edib. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar maliyyə dəstəyi verib. Ermənistan isə yardı almaq üçün yalvarır.

4. Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi hal baş verməyib. Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.

5. Azərbaycanda 570 xəstəxəna fəaliyyət göstəridiyi halda Ermənistanda 130 xəstəxana var.

6. Pandemiya dövründə Azərbaycanda dövlət və özəl sektorunda çalışan bütün işçilərin əmək haqları dövlət tərəfindən ödənildi, 600 mindən çox insana, 300 min sahibkara yardımlar edildi, sosial dəstək vətəndaşın evinə qədər aparıldı. Ermənistanda hərf həftə insanlar hökumət binasının önündə yardım almaq üçün aksiya keçirir.


Nikolsa iki ildir “demokratiya”, “inqilab” deyə-deyə ac erməniləri populizmlə doydurmaq istəyir. Lakin artıq heç kim onun “demokratiya” ritorikasını həzm etmək istəmir. Siyasi opponentlərinə qarşı “səlib yürüşü”nə çıxan Paşinyan onun istefasını tələb edən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı həbs etmək üçün deputatlıq toxunulmazlığını ləğv etdirməsi Ermənistanda qurulan küçə diktaturasının son nümunələrindən biri oldu. Hərçənd, Sarukyan siyasi represiyanın qurbanı olan yeganə nümunə deyil.

Keçmiş prezident Robert Koçaryanın həbsi, Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın aclıqla öldürülməsi, Konstitusiya Məhkəməsinin hakimlərinin istefaya məcbur edilməsi və onlarla hadisə Ermənistandakı diktatura rejiminin mahiyyətindən xəbər verir.

Nikol Paşinyanın parlamentdə son çıxışı zamanı zalda olmayan “Çiçəklənən Ermənistan” fraksiyasın üzvlərini nəzərdə tutaraq, “inqilabı dəstəkləməyənlər burada oturmayacaq” deməsi onun siyasi repressiya dalğasını genişləndirəcəyindən xəbər verir.

İşğalçı siyasətçi ilə beynəlxalq hüquq, anti-demokratik addımlarla beynəlxalq dəyərləri pozan Ermənistanın Azərbaycana dil uzatması gülüncdür. Gülünc və acınacaqlı olan həm də bu gün Azərbaycanda Nikolun uzanan dili olmağı seçənlərin – Milli Şuranın sədri və digər fəallarının hakimiyyətə gəlmək naminə Ermənistanı müdafiə etmələridir.

Hər şey - Ermənistanın da, Azərbaycan da, siyasi ambisiyaları naminə Vətənini düşmən qarşısında ləkələməyə hazır olanların da vəziyyəti ortadadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm