Neftə “bel bağlayanlar” indi də koronavirusdan mədət umur...
Bizi izləyin

Nida Təhlil

Neftə “bel bağlayanlar” indi də koronavirusdan mədət umur...

“Fairmont Baku” hotelində və “Relax” istirahət mərkəzində insanların istirahəti və əyləncəsi barədə görüntülər COVİD-19 pandemiyasının qarşısını almaq məqsədilə ölkədə tətbiq olunan karantin rejimi ətrafında müzakirələrə səbəb oldu. Bu müzakirələrin iki qrup tərəfindən aparıldığı müşahidə olunur.

Birincilər, sıravi vətəndaşlardır. Onlar görüntülər fonunda karantin qaydalarının pozulmasına diqqət çəkir və buna qarşı çıxırdılar. Lakin hüquq-mühafizə orqanlarının hadisə yerinə dərhal müdaxiləsi, karantin qaydalarını pozanlara qarşı qanunvericiliyə uyğun addımların atılması vətəndaşların yaranmış suallarının cavabı oldu və hər kəs bir daha gördü ki, heç kim qanundan üstün deyil.

İkincilər, siyasi müxalifət, yaxud müxalifət adına iddia edən qruplar və onların ətrafıdır. Onların iddiasına görə, karantin yalnız sadə vətəndaşlar üçündür, vəzifəlilər və imkanlı şəxslərin pozuntularına “göz yumulur”.

Bu iddiaların pandemiyaya qarşı kompleks tədbirləri kiçiltmək və belə hallardan siyasi maraqları üçün istifadə etmək cəhdi olduğu ortadadır. Bu qruplara ən yaxşı cavabı kimliyindən və vəzifəsindən asılı olmayaraq, qayda pozuntularına qarşı sərt addımlar atan hüquq-mühafizə orqanları verdi. Lakin onların niyyəti həqiqətən də xalqı pandemiya təhlükəsindən qorumaq olsaydı, bu cavab qarşısında susmalı idilər, hərçənd, susmurlar və məlum hadisədən siyasi manipulyasiya məqsədilə istifadə etmək cəhdlərini davam etdirirlər.

Təəccüblü deyil, çünki onlar üçün vətəndaşın sağlamlığı yox, dünyanın bəlasına çevrilən COVİD-19-dan necə siyasi qazanc götürmək maraqlandırır. Neftin 14 dollara düşməsindən və Azərbaycan vətəndaşının sosial rifahının pisləşməsi təhlükəsi yaranmasından sevinənlərdən, buna görə bir-birini təbrik edənlərdən və yaranmış fürsəti “hakimiyyətə gəlirik” xəyallarını bəsləmək üçün istifadə edənlərdən başqa nəsə gözləmək də mənasızdır. Dünənə qədər neftdən mədət umanlar, indi də koronavirusa bel bağlayırlar. Çünki onlar Azərbaycan insanının həyatına yaranmış təhlükəni, sağlamlığının təhdid altına düşməsini, virusa yoluxanların və vəfat edənlərin statistikasının çox olmasını “hakimiyyətə gəlmək üçün yaxşı fürsət” hesab edirlər. Baş verən hadisə üzərindən apardıqları manipulyativ kampaniya da buna hesablanıb.

Bəs, gerçək nədən ibarətdir? Baş verənlər və iddialar fonunda bu sualın cavabının ictimaiyyətləşməsinə zərurəti var.

Gerçəyin nə olduğunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində göstərdi. Dövlət başçısı bildirdi ki, “...Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir. Biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud olan qanunlar və karantin rejimi ilə bağlı tətbiq olunan qaydalar hər kəs üçün əsas olmalıdır. Biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa, nizam-intizama əməl edərlərsə, hesab edirəm, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Gerçək odur ki, pandemiyanın ilk günündən dövlət vətəndaşın sağlamlığını qorumaq üçün bütün addımları həyata keçirib, hətta bu tədbirlər böyük iqtisadi itkilər hesabına olsa da.

Və gerçək odur ki, “Heç kim qanundan üstün deyil”. Məlum hadisəyə polisin dərhal müdaxiləsi və karantin qaydalarını pozanları qanuna uyğun cəzalandırması bunu növbəti dəfə sübut etdi.

Bu ilin 23 mart tarixindən Azərbaycanda pandemiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan xüsusi karantin rejimini pozanlara qarşı vəzifəsindən, səlahiyyətindən və kimliyindən asılı olmayaraq müvafiq addımlar atılıb.

Onlar arasında bələdiyyə sədri, məktəb direktoru, baş həkim, təhsil şöbəsinin müdiri və digər vəzifəli şəxslər, sahibkarlar, böyük və kiçik iaşə obyektlərinin sahibləri də var. Belə hallara qarşı həyata keçirilən addımların sayı yüzlərlədir və qaydaları pozduğuna görə, cərimələnən, qanuna uyğun həbs edilən, eləcə də digər cəzalar verilən şəxslərin nə vəzifəsinə, nə səlahiyyətinə, nə də kimliyinə baxılıb, heç bir ayrı-seçkilik edilməyib.

“Fairmont Baku” hotelində və “Relax” istirahət mərkəzində pozuntulara qarşı atılan addımlar bu prosesin davamıdır. Daxili İşlər Nazirliyi də karantin qaydalarını pozan otellər və istirahət mərkəzləri ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Bu və digər faktlar bir daha sübut edir ki, Azərbaycanda heç kim qanundan üstün deyil və qaydaları pozan hər kəs məsuliyyətə cəlb olunacaq. Çünki dövlət başçısı dəfələrlə insanların sağlamlığı və təhlükəsizliyinin prioritet olduğunu bəyan edib və bu prinsipə uyğun siyasət həyata keçirib. Prezidentin yerli kanallara müsahibəsində səsləndirdiyi fikirlər və xəbərdarlığı da bunu göstərdi.

Heç kim qanundan üstün deyil, kimliyindən asılı olmayaraq, xalqın sağlamlığını təhlükəyə atan hər kəs cəzalandırılacaq;

Dövlət başçısının çıxışında verdiyi mesaj budur. Bu baxımdan, vətəndaşlar, iş adamları, ümumilikdə hər kəs koronavirusa qarşı mübarizənin ümummilli məsələ olduğunu anlamalı, hər kəs bu mübarizəyə öz töhfəsini verməli, qaydalara riayət etmək və məsuliyyətli davranışla örnək olmağa çalışmalı, qaydaların pozulması hallarına qarşı barışmaz olmalıdır. Pandemiyaya yalnız birlikdə qalib gəlmək mümkündür.

Unutmamalıyıq, bütün qaydalar və həyata keçirilən işlər özümüzün və doğmalarımızın sağlamlığı üçündür.

Dünyanın bəlasına çevrilən pandemiyadan belə siyasi divident əldə etmək istəyənlər də unutmamalıdır: COVİD-19 insanları milli, dini, siyasi mənsubiyyət üzrə ayırmır və hamı üçün eyni dərəcədə təhlükəlidir. Bu gün ümumi mübarizəyə qarşı çıxanlar özlərinin, ailələrinin, yaxınlarının da həyatını təhlükəyə atırlar. Ola bilsin ki, onlar üçün siyasi ambisiyaları yaxınları və doğmalarının sağlamlığından üstündür, amma dövlət üçün kimliyindən asılı olmayaraq, hər bir vətəndaşının təhlükəsizliyi prioritetdir və bunun üçün lazım olan hər şeyi edir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm