Nida Təhlil
İkinci Yalta, yoxsa yeni dünya düzəni? - Şençjen görüşünün PƏRDƏARXASI
ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin Çinin Şençjen şəhərində, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilən ilk üçtərəfli görüşü beynəlxalq siyasətdə yeni müzakirələrə yol açıb. Dünyanın üç böyük nüvə dövlətinin liderlərinin bir araya gəlməsi 1945-ci il Yalta konfransı ilə müqayisə edilsə də, görüşün qlobal güc balansına və Avropanın gələcəyinə təsiri ilə bağlı suallar açıq qalır.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrəndi.
Politoloq bildirdi ki, Şençjen görüşünü ikinci Yalta kimi təqdim etmək düzgün deyil. Onun sözlərinə görə, 1945-ci ildə keçirilmiş Yalta konfransı ilə indiki görüş arasında ciddi fərqlər var. Bu səbəbdən görüşü üç böyük nüvə gücünün rəhbərlərinin təması kimi qiymətləndirmək daha doğru olardı.
Oqtay Qasımov hesab edir ki, burada üç qlobal gücün deyil, bir hegemon, bir qlobal və bir regional gücün liderləri bir araya gəlib:
“Rusiya qlobal güc kimi çıxış etməyə çox istəkli olsa da, faktiki olaraq belə deyil. Rusiya iki qlobal gücün yanında tarazlaşdırıcı element kimi görünməkdədir”.
Avropanın narahatlığına da toxunan politoloq qeyd etdi ki, bu narahatlıq başadüşüləndir. Avropa ölkələri hesab edirlər ki, belə bir format işlək mexanizmə çevrilərsə, Avropanın taleyi ilə bağlı qərarlar da üç lider tərəfindən qəbul oluna bilər. Lakin Oqtay Qasımov bunun real görünmədiyini düşünür. Çünki hər üç dövlətin maraqları fərqlidir və bu maraqlar ortaq mövqeyə gəlməyə imkan vermir.
O, nüvə silahları məsələsini buna nümunə göstərdi. Politoloqun sözlərinə görə, Çin rəhbəri bu məsələdə daha rasional və konkret təklif irəli sürərək ümumiyyətlə nüvə silahından imtina etməyə çağırıb.

Qasımov vurğuladı ki, Avropa hərbi baxımdan ABŞ-dan asılı olsa da, qlobal güclərdən biri olmaq imkanlarını qoruyur. Ukrayna müharibəsi fonunda Avropa öz hərbi potensialını formalaşdırmağa çalışır. Onun sözlərinə görə, Rusiya aqressiyasına qarşı son bir ildə Ukraynaya mütəmadi dəstək verən məhz Avropadır.
Politoloq hesab edir ki, Avropa bu üçtərəfli görüşə Ukrayna vasitəsilə də mesaj göndərib. O, xüsusilə Krım körpüsünə edilən hücumları diqqətə çatdırıb. Qasımovun fikrincə, körpünün iki gün ardıcıl hücuma məruz qalması və ciddi zərər görməsi Putinə ünvanlanan mesaj kimi qiymətləndirilə bilər:
“Əslində, avropalılar Ukraynanın əli ilə bu üçlü görüşə də bir mesaj göndərdilər. Xüsusilə də Putinə, necə deyərlər, bir hədiyyə verildi”.
O qeyd etdi ki, Krım körpüsü Putinin adı ilə simvolizə olunan, Rusiya imperiyasının əzəmətini təcəssüm etdirən obyekt kimi təqdim edilir. Bu baxımdan, körpüyə hücumların Putinin reputasiyasına da ciddi zərər vurduğunu deyən Qasımov Rusiya liderinin hadisənin qisasını alacağını jurnalistlərə bəyan etdiyini xatırlatı.
Politoloqun qənaətinə görə, Şençjen görüşü yeni dünya nizamının formalaşması istiqamətində müəyyən mərhələ sayıla bilər. Lakin bu, dünyanın üç dövlət arasında "bölüşdürülməsi" və təsir zonalarına ayrılması demək deyil. O vurğuladı ki, üç ölkənin dünyaya baxışı və proseslərə münasibəti fərqlidir, buna görə də görüşlərin mütəmadi xarakter alacağı da real görünmür:
“Bu görüş yeni dünya nizamının formalaşması istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Amma dünyanın yalnız üç dövlətin hegemonluğu altında, necə deyərlər, "bölüşdürülməsi" və yaxud təsir zonalarına ayrılması real görünmür”.
Politoloq əlavə etdi ki, hazırda beynəlxalq münasibətlər sistemində Braziliya, İslam dünyası, Türkiyə, Yaponiya və Avropa İttifaqı kimi mühüm aktorlar da var. Onun sözlərinə görə, bu dövlətlərin və siyasi birliklərin mövqeləri nəzərə alınmadan onların gələcəyini üç ölkənin müəyyənləşdirməsi mümkün deyil.
Qasımov hesab edir ki, görüş Avropanın və bütövlükdə dünyanın gələcəyini müəyyənləşdirən hadisə kimi qəbul edilməməlidir. O, bu formatın davamlı xarakter alacağına da şübhə ilə yanaşır. Politoloqun fikrincə, hər üç ölkənin öz daxili problemləri və siyasi gündəliyi var. Xüsusilə ABŞ-da keçirilən aralıq seçkilərində Donald Trampın partiyasının məğlubiyyətinin onun siyasi imkanlarını məhdudlaşdırdığını düşünür.
Avropanın qlobal siyasətdəki mövqeyinə gəlincə, politoloq bildirdi ki, qitə hazırda tarixinin asan dövrlərindən birini yaşamır. Bununla belə, mövcud vəziyyətdən çıxmaq üçün imkanları qalır. O qeyd etdi ki, Avropanın siyasi mövqeyini müəyyənləşdirən əsasən aparıcı dörd-beş dövlətdir və proseslərdə onların mövqeyi xüsusi əhəmiyyət daşıyır.
Oqtay Qasımovun sözlərinə görə, ABŞ və Rusiyanın Avropanı qlobal proseslərdən kənarda saxlamaq niyyətləri olsa da, Çin bu məsələyə fərqli yanaşır. Bunun əsas səbəblərindən biri Pekinlə Avropa İttifaqı arasındakı geniş ticarət əlaqələridir.
“Çinin ən böyük ticarət dövriyyəsi məhz Avropa İttifaqı ilədir. Təxminən 771 milyard dollarlıq ticarət dövriyyəsindən söhbət gedir. Məhz bu baxımdan Çinin də məsələlərə baxışı bu proseslərdə xüsusi rol oynayacaq”, - deyə politoloq fikirlərini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama













.jpg)






.jpg)
.png)















.png)

