Azərbaycanın elektron hökumət sahəsində uğurunun SƏBƏBLƏRİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın elektron hökumət sahəsində uğurunun SƏBƏBLƏRİ

Azərbaycanın elektron hökumət sahəsində uğurunun SƏBƏBLƏRİ

Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib. Bu nəticə ölkədə rəqəmsal transformasiya, elektron xidmətlərin genişləndirilməsi və dövlət idarəçiliyində texnoloji həllərin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin göstəricisi kimi qiymətləndirilir. Bəs Azərbaycanın bu sahədə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına hansı amillər təsir göstərib?

Publika.az mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramovla əlaqə saxlayıb.

Deputat bildirib ki, BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi təşkilata üzv ölkələr arasında elektron xidmətlərin ümumi inkişaf səviyyəsini müəyyənləşdirən qiymətləndirmə mexanizmidir. Onun sözlərinə görə, qiymətləndirmə zamanı infrastruktur, təhsil səviyyəsi, ölkədə texnologiyadan istifadə imkanları və inklüziv yanaşma əsas meyarlar sırasında yer alır. Xüsusilə vətəndaşların elektron xidmətlərə çıxış imkanları da mühüm indikatorlardan biri hesab olunur.

"Elektron Hökumətin İnkişafı İndeksi üç əsas komponentdən ibarətdir. Bunlar Onlayn Xidmətlər İndeksi, İnsan Kapitalı İndeksi və Telekommunikasiya İnfrastrukturu İndeksidir. İndeks məhz həmin üç komponentin məcmusu əsasında formalaşır", - deyə V.Bayramov qeyd edib.

Deputatın sözlərinə görə, onlayn xidmətlərin qiymətləndirilməsində institusional çərçivə, xidmətlərin təqdimatı, məzmun, texnologiya və elektron iştirakçılıq kimi istiqamətlər də nəzərə alınır. Bu yanaşma elektron xidmətlərin yalnız mövcudluğunu deyil, onların keyfiyyətini, vətəndaşlar üçün əlçatanlığını və rəqəmsal iştirak imkanlarını da qiymətləndirməyə şərait yaradır.

V.Bayramov vurğulayıb ki, Azərbaycan elektron hökumətin inkişafı sahəsində ciddi uğurlar əldə edən ölkələrdəndir və regionda bu istiqamətdə seçilən dövlətlər sırasındadır.

"Prezident İlham Əliyev tərəfindən strategiyanın təsdiqlənməsi və ona uyğun olaraq rəqəmsal, eləcə də elektron hökumətin dəstəklənməsi, elektron xidmətlərdən daha geniş istifadə edilməsi Azərbaycanın BMT indeksindəki mövqeyinə birbaşa təsir göstərir", - deputat bildirib.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının da bu sahədə konkret istiqamətlər üzrə iş apardığını diqqətə çatdırıb. Qeyd edib ki, Şuranın ilk iclasında mövcud vəziyyət qiymətləndirilib, gələcək inkişafla bağlı strateji yanaşmalar təqdim olunub.

Deputatın sözlərinə görə, Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması elektron hökumət xidmətlərindən, rəqəmsal həllərdən, o cümlədən süni intellektdən Azərbaycanda daha geniş istifadə olunmasına imkan yaradır.

V.Bayramovun fikrincə, ölkə rəhbərliyinin elektron hökumətin inkişafına xüsusi diqqət ayırması, bu sahəyə daha çox investisiya və texnologiyanın cəlb edilməsi, eləcə də vətəndaşların elektron xidmətlərə əlçatanlığının artırılması Azərbaycanın BMT indeksində mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarıb.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm