Tovuz təxribatı: İsrail niyə bitərəf qaldı? - Yerusəlim-Post
Bizi izləyin

Nida Təhlil

Tovuz təxribatı: İsrail niyə bitərəf qaldı? - Yerusəlim-Post

İki ölkə savaşırsa, hər iki tərəf ümidlə gözləyir ki, onların nəinki dostları, hətta təsadüfi tanışları belə onların yanında yer alacaq. İsrail bu kimi hissləri çox yaşayıb, çünki qonşularla dəfələrlə münaqişələrə cəlb olunub. Məsələn, elə bu həftə rəsmi Təl-Əviv Avstraliya və Hindistan, Yunanıstan və İngiltərə, Argentina və Braziliya kimi dostlarından dəstək görmək istəyirdi. Çünki “Hizbullah” İsrailin suverenliyinə qarşı təhdid nümayiş etdirmişdi.

Bu sözlər İsrailin "Yerusəlim Post" (The Jerusalem Post) qəzetində dərc olunan məqalədə əksini tapıb.

Kiçik ixtisarla təqdim etdiyimiz məqalədə deyilir ki, Azərbaycan və Ermənistanın da İsraildən umduğu şeylər var. Bu ölkələr də İsraildən açıq dəstək istəyirlər.

İsrailin Azərbaycanla həyati əhəmiyyətli strateji münasibətləri var. İlk növbədə Azərbaycan İranla qonşuluqda yerləşdiyinə görə önəmlidir, eyni zamanda Azərbaycan İsrailin neft ehtiyacının təqribən 40%-ni təmin edir. Azərbaycan İsrailin aparıcı silah alıcılarından biridir. Orası da var ki, İsrailin Ermənistanla da isti münasibətləri var və bu ölkə bu yaxınlarda ilk səfirini Təl-Əvivə göndərib ki, o, Ermənistanın səfirliyinin açılması üçün lazım olan addımları atsın.

Son onilliklərdə İsrail ilə yaxın münasibətləri olan azərbaycanlılar arzu edir ki, İsrail rəsmi Bakıya açıq şəkildə dəstək versin. Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan cümə axşamı "Yerusəlim Post"a verdiyi müsahibəsində deyir ki, İsrailin Ermənistanın düşməni olan Azərbaycana silah satışını dayandırmasını istəyirik.

Bəs İsrail nə etməlidir?

Sıradan bir diplomatın dediyi kimi, bundan kənarda qalmalıyıq, İsrailin bu kimi məsələlərə sürüklənməsinə imkan verməməliyik. İsrail elə beləcə də etdi. Dəstək göstərmək üçün hər iki tərəfdən daxil olan müraciətləri bir kənara qoydu. İsrail Xarici İşlər Nazirliyi keçən həftə hərbi qarşıdurma ilə bağlı narahatlığını ifadə edən bəyanat verməklə kifayətləndi və tərəflərin tezliklə atəşkəsə nail olacağına ümid etdiyini bildirdi. Bu açıqlama nə Azərbaycanı, nə də Ermənistanı qane etdi.

Hökumət nümayəndələri diplomatik həssaslığı ilə seçilən bu mövzuda açıq danışmaqdan çəkinirlər, lakin Milli Təhlükəsizlik Şurası başçısının keçmiş müavini və hazırda Qüds Strategiya və Təhlükəsizlik İnstitutunun vitse-prezidenti olan Eran Lerman Qüdsdə hökm sürən əhval-ruhiyyəni belə dəyərləndirir:

"İrandan gələn çağırışlara cavab verməkdən ötrü Azərbaycan bizim üçün xüsusilə önəmlidir. İsrailin Azərbaycanla bağlı verdiyi qərarlara bu məqam ciddi şəkildə təsir göstərib və belə qərarları vermək o qədər də asan olmayıb”.

Onun sözlərinə görə, Azərbaycan İsrail üçün çox vacibdir:

“Ermənistan dost olmalıdır, ermənilərlə heç bir mübahisəmiz yoxdur. Ancaq Azərbaycan İsrail üçün böyük, özü də çox böyük strateji əhəmiyyətə malikdir. Orasını da unutmayaq ki, İran xalqının 25%-i (əslində isə 50 faizi - red.) azərbaycanlılardan ibarətdir".

Vaşinqtonun Bakıdakı səfirliyində siyasi-iqtisadi məsləhətçisi kimi çalışmış Rob Qaerick tərəfindən göndərilən məruzə Vikiliks tərəfindən 2009-cu ildə açıqlandı. Sənəddə deyilirdi:

“İsrailin Azərbaycanla münasibətləri güclü praqmatizm və prioritetlərin yüksək dəyərləndirilməsi üzərində qurulub. İsrailin əsas məqsədi Azərbaycanı İrana qarşı müttəfiqə çevirmək, bu ölkənin ərazisində kəşfiyyat üçün platforma yaratmaq və silahlarını satacağı bazar kimi əldə saxlamaqdır”.

Azərbaycan İsrail üçün nə dərəcədə vacibdir?

2012-ci ildə o zamankı xarici işlər naziri Aviqdor Liberman "Azərbaycan İsrail üçün Fransadan daha vacibdir", demişdi. O zaman bu, həqiqət idi, bu gün də həmin həqiqət eyni dərəcədə doğrudur. Bu, həm də o deməkdir ki, İsrail üçün Azərbaycan Ermənistandan daha vacibdir.

Bundan əlavə, Liberman demişdi: "Əgər açığını söyləsək, Azərbaycan-Ermənistan münaqişəsində müqəddəs hesab oluna biləcək tərəf yoxdur".

Bəs İsrailin Azərbaycana diplomatik dəstək verməməsi ikitərəfli münasibətlərdə problem yarada bilərmi?

İsrail qəzeti bu suala maraqlı cavab verir:

“Xeyr, çünki bu münasibətlərdə hər bir tərəfin öz marağı var. İsrailin İranın şimal sərhədində bir dostu var, həmin ölkədən neft idxal edir və Azərbaycan silah embarqosu səbəbindən Qərbdən satın ala bilmədiyi eyni keyfiyyətli silahı İsraildən alır. Azərbaycan Vaşinqtondakı yəhudi qrupları vasitəsilə Konqresə və ABŞ administrasiyasına da daxil olur. Ermənilərin Vaşinqtonda çox güclü lobbisi var, azərbaycanlıların isə belə bir lobbisi yoxdur və azərbaycanlılar nə vaxtdır ki, Vaşinqtondakı yəhudi qruplarına kömək üçün müraciət edirlər. İsrail və Azərbaycan arasında illərlə yaxın münasibətlərin olmasına baxmayaraq, azərbaycanlılar həmişə BMT-də və digər beynəlxalq forumlarda İsrail əleyhinə səs verirlər.

İsrail bu barədə məyus olduğunu bildirəndə Azərbaycan tərəfi deyir ki, biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük, bu qrupdakı ölkələr Dağlıq Qarabağ məsələsində Azərbaycanı müdafiə edirlər. İsraili beynəlxalq forumlarda dəstəkləsək, onları itirə bilərik”.

Məqalədə qeyd olunur ki, Azərbaycan İsrailin ən böyük silah sifarişçilərindən biridir, lakin bu ölkənin Təl-Əvivdə səfirliyi yoxdur. Niyə yoxdur? Çünki Azərbaycan Dağlıq Qarabağ məsələsində dəstəyinə ehtiyac duyduğu digər müsəlman ölkələrini qəzəbləndirməkdən çəkinir.

İsrail bu vəziyyəti bəyənirmi? Əlbəttə, yox. Ancaq Azərbaycanın digər maraqlarının da olduğunu dərk etdiyi üçün buna qarşı çıxmır. İndi İsrail Azərbaycandan Ermənistanla bağlı yanaşmasına anlayışlı münasibət umur. İsrailin onun düşməninə silah satmasından məyus olan ermənilərə gəlincə, Təl-Əviv də onlara cavab verməyə hazırdır.

İranla münasibətləriniz necədir?

Məqalədə vurğulanır ki, Azərbaycan kimi İranla həmsərhəd olan Ermənistanın İslam Respublikası ilə möhkəm diplomatik, ticarət və hətta müdafiə əlaqələri var.

Məsələn, oktyabr ayında Ermənistanın Baş naziri Nikol Paşinyan Tehrana səfər etdi və İran Prezidenti Həsən Ruhaniyə dedi ki, Amerika sanksiyalarına baxmayaraq, İranla daha yaxın münasibətlərə sadiq qalır:

"Bizim mövqeyimiz bundan ibarətdir ki, İranla münasibətlərimizdə mümkün qədər geosiyasi təsirlərdən kənarda qalmalıyıq, çünki qonşuyuq və bir çox ortaq maraqlarımız var və hələ bundan sonra da bir çox əsrlər və minilliklər boyu əməkdaşlıq etməliyik".

2017-ci ildə Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan Tehrana səfəri zamanı "Ermənistan İranla müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə çalışır", demişdi.

Məqalənin sonunda deyilir ki, ermənilər İsrailə “düşmənimizə silah satma” dedikdə Təl-Əviv Ermənistanın İsrailin ən qatı düşməni ilə yaxın əlaqələrini vurğulayaraq cavab verə bilər. Real siyasətdə bəzən dostlarınız öz maraqları naminə sizin düşmənlərinizlə yaxın münasibətdə olur. Azərbaycan da belə edir, Ermənistan da... Elə İsrail də.(Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm