Ermənistanı sabit həyat gözləmir - Politoloq
Bizi izləyin

Nida Təhlil

Ermənistanı sabit həyat gözləmir - Politoloq

“Açıq-aydın görünən odur ki, Ermənistanda qərbpərəst qüvvələr ümumiyyətlə qalmayıb, yaxud da öz ambisiyalarını siyasətlə bağlamırlar. Şərti olaraq qərbpərəst qüvvə Paşinyan idisə, ancaq indi o, son vaxtlar Rusiyaya meyilliliyi ilə seçilir. Digərləri isə ortadadırlar və hamısı da demək olar ki, rusiyapərəst qüvvələrdir”.

Bu fikirləri Publika.az-a Ermənistanda iyunun 20-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərindən əvvəl ölkədəki siyasi durumu qiymətləndirən politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, Ermənistanda daxili proseslərdə Rusiya faktoru kifayət qədər ciddi və önəmli rol oynayır: “Hakimiyyətə can atan bütün namizədlər bu və ya digər şəkildə özlərinin Rusiya ilə bağlılıqlarını nümayişkarcasına göstərirlər. Paşinyan və Koçaryan bu yaxınlarda Moskvaya səfər ediblər. Yeni bir namizəd peyda olub ki, o da Ara Abramyandır. Hansı ki, o, erməni diasporuna başçılıq edir, bu şəxs Rusiya Prezidenti yanında yaradılan Millətlərarası Şuranın üzvüdür. Hamıya deyir ki, Rusiya siyasi hakimiyyətinə daha yaxın olan insanam və beləliklə Ermənistanın problemlərini məharətlə həll edə bilərəm. Ancaq elə bir mənzərə yaranır ki, ölkənin problemini hakimiyyətə can atan liderlər yox, sanki Rusiya həll etməlidir. Çünki onların hamısı Rusiyaya bel bağlayırlar. Belə olan halda əlbəttə ki, bu ölkənin hətta daxili siyasi proseslərinin həlli də özlərindən asılı deyil. Bu da Ermənistanın nə qədər acınacaqlı durumda olduğunu göstərir. Çünki bu ölkə onların siyasi hakimiyyətinin ritorikasında müstəqillikdən danışır. Hətta daxili siyasi proseslərdə belə Rusiyaya arxalanırlar”.

İ.Vəlizadə bildirib ki, burada paradoksal vəziyyət yaranıb. Politoloq Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin seçilmə şanslarını da dəyərləndirib:

“Rusiya üçün onların heç biri maraqlı deyil. Kim gəlirsə gəlsin, yenə də Rusiyanın adamı gələcək. Ona görə də belə bir vəziyyətdə kimin hakimiyyətə gələcəyi o qədər də önəmli deyil. Nikol Paşinyanın şansı daha çoxdur. Çünki son hadisələr göstərir ki, Ermənistanda daha izdihamlı mitinqləri Paşinyan və onun tərəfdarları yığa bilir. Ermənistan əhalisi keçmiş rəhbərlərini çox yaxşı tanıyır. Robert Koçaryan və Serj Sarkisyanı yaxşı tanıyırlar və bilirlər ki, bu şəxslər hakimiyyətə qayıtsa, köhnə gündəliklə gələcəklər. Köhnə gündəlik də hamıya məlumdur. Bütün halda onlar yenə də öz adamlarını, tanışlarını, qohumlarını hakimiyyətə gətirməyə çalışacaqlar, biznes strukturlarını özəlləşdiməyə başlayacaqlar. Bu perspektivdən adi şəxslər qaçırlar və bu halı görmək istəmirlər. Ona görə də məcburən Paşinyanı dəstəkləyirlər. Paşinyan da bundan yararlanaraq Rusiya ilə danışıqlarda bu kartı istifadə edir, deyir ki, insanlar məni dəstəkləyir”.

İlqar Vəlizadə əlavə edib ki, belə olan halda Rusiya daha çox indiki hakimiyyəti dəstəkləməyə meyillidir: “Çünki Paşinyan üçtərəfli sazişin həyata keçirilməsini öz boynuna alan bir şəxsdir. Onun burada imzası var. Koçaryan da, digəri də hakimiyyətə gəlsə, deyə bilər ki, bu sazişdə mənim imzam yoxdur və özünü daha sərbəst apara bilər. Bu sərbəstlik isə indiki halda Rusiyaya lazım deyil. Ona görə də düşünürəm ki, yaxın müddətdə Ermənistanda daxili siyasi vəziyyət olduğu kimi qalacaq. Hakimiyyəti Paşinyan əlində saxlasa belə, daxili siyasi proseslərdə köklü dəyişiklik baş verməyəcək. Çünki müxalifət yenə də başqa üsullarla, fərqli yollarla Ermənistanda qeyri-stabil vəziyyəti saxlamağa çalışacaq ki, növbəti növbədənkənar seçkilərə müvəffəq olsun. Bütün hallarda, hətta seçkilərdən sonra belə Ermənistanı sabit həyat gözləmir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm