Bu razılaşma İlham Əliyevin növbəti diplomatik qələbəsidir - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu razılaşma İlham Əliyevin növbəti diplomatik qələbəsidir - Deputat

44 günlük Vətən müharibəsində Azərbaycan zəfər çaldı və ərazi bütövlüyünü bərpa etdi. Ancaq bizim qarşılaşdığımız növbəti problem Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin Azərbaycana təqdim edilməməsi oldu. Ermənistan 10 noyabr sazişinə sadiq qalmayaraq bu xəritələrin Azərbaycana təqdim edilməsindən boyun qaçırdı. Ancaq əldə edilmiş razılığa əsasən, Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bunu Publika.az-a millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir: "Onlarla Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərimizdə minaya düşərək yaralandı, həlak oldu. Ötən dövr ərzində cənab Prezident İlham Əliyev bütün görüşlərdə, tədbirlərdə beynəlxalq təşkilatlar və dövlət rəsmiləri qarşısında məhz bu məsələni qaldırdı. Ölkə başçısı Ermənistana təzyiq edilməsi ilə əlaqədar həmin təşkilatlara və dövlət rəhbərlərinə müraciət etdi.

Biz bu xəritəni əldə etməklə həm Ağdam rayonu ərazisində basdırılmış on minlərlə minanı asanlıqla təmizləyə biləcəyik, həm də vətəndaşlarımızın minalara düşərək həlak olma, yaralanma təhlükəsini aradan qaldırmış olacağıq. Eyni zamanda dövlətimiz milyonlarla vəsaitə qənaət etmiş olacaq. Çünki minatəmizləmə prosesi uzun müddət tələb edir və böyük vəsait xərclənməlidir. ABŞ-ın və Avropa İttifaqının Ermənistana təzyiqi nəticəsində əldə olunan bu razılaşma Prezidentimizin növbəti diplomatik qələbəsidir. Ümid edirik ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu siyasət nəticəsində tezliklə işğaldan azad olunan digər bölgələrimizdə basdırılan minaların xəritəsinin də əldə edilməsi ilə bağlı müsbət nəticələr əldə olunacaq.

Ermənistan tezliklə reallığı qəbul edəcək. Onlar Azərbaycanın gücünü və diktə edən tərəf olduğunu tezliklə qəbul edəcəklər və anlayacaqlar, dövlət sərhədlərimizi tanıyacaqlar. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə bağlı da öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur olacaqlar. Əldə olunan mina xəritələri sayəsində biz Qarabağa daha sürətli qayıdışın şahidi olacağıq. Ağdamın mina xəritələrinin əldə olunması məcburi köçkünlərimizin doğma yurdlarına köçürülməsi prosesini sürətləndirəcək. Bu, eyni zamanda bir həqiqəti də ortaya çıxardı, ermənilərin növbəti yalanı ifşa olundu. Onlar iddia edirdi ki, minalanmış ərazilərin xəritəsi yoxdur. Bu, onu deməyə əsas verir ki, digər azad edilən ərazilərimizin də mina xəritəsi onlarda var və o xəritələri də verməyə məcbur olacaqlar".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm