Ermənistanın atəşkəsi pozmasının SƏBƏBLƏRİ: İstəyirlər ki, bu 7 kəndi...
Bizi izləyin

Nida Təhlil

Ermənistanın atəşkəsi pozmasının SƏBƏBLƏRİ: İstəyirlər ki, bu 7 kəndi...

Son bir neçə gündür ki, erməni tərəfi Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsi pozur. Təxribatlar bu dəfə Qarabağda və ya işğaldan azad olunan ərazilərimizdə deyil, dövlət sərhədində gerçəkləşir. Əvvəlcə Qazax, sonra Tovuz...

Aydındır ki, Ermənistanda seçkilər bitdi. Nikol Paşinyan yenidən qalib gəldi. Bəs yenidən atəşkəsi pozmaqda məqsəd nədir?

Politoloq İlqar Vəlizadə Publika.az-a açıqlamasında söyləyib ki, son günlər Tovuz və Qazax istiqamətində Ermənistan ordusunun atəşkəsi pozması zəlzələ sonrası şok effekti ilə eynilik təşkil edən situasiyaya daha çox bənzəyir:

“Bilirsiniz, zəlzələlərdən sonra şoklar, təkanlar olur. Son baş verən hadisələr də təxminən ona bənzəyir. Belə deyək, Ermənistanda seçki sonrası “zəlzələ” baş verib və onun əks-sədası hələ də mövcuddur. Biz bilirik ki, Ermənistan ordusunda köhnə iqtidarla əlaqəli olan insanlar da var. Onların tərəfdarları çoxdur. Bir çox hallarda onları vəzifələrə təyin edənlər də köhnə iqtidarın nümayəndələri olub. Ona görə də düşünürəm ki, sərhəddə atəşkəsi pozmaqla, təxribat törətməklə həmin adamlar keçmiş iqtidarın sifarişlərini yerinə yetirirlər. Yəni, Ermənistan-Azərbaycan sərhəd xəttində təxribatlara əl atmaqla rəsmi Bakının reaksiyasını, mövqeyini öyrənmək istəyirlər”.

Politoloqun fikrincə, bu kimi hallardan Ermənistanın daxili-siyasi məsələlərində istifadə etməyə çalışırlar:

“Burada mövcud təxribatlardan söhbət gedir. Həmin təxribatları konkret olaraq kimin törətməsini aşkarlamaq çox çətindir. Ona görə də bu vəziyyət davam edir. Eyni zamanda indiki iqtidar bu məsələlərlə bağlı mövqeyini müəyyənləşdirməyib. Hansı istiqamətdə addımlar atacaqları barədə hələ də bir qərara gəlməyiblər. Onlar hələ də ermənilərin nəzarətində olan əraziləri Azərbaycana təhvil verməyə qorxurlar, məsələni bir az yubadırlar. Yəni, bu qeyri-müəyyənlik həmin təxribatlara yeni imkanlar açır. Digər tərəfdən, görünən odur ki, erməni tərəfi üçtərəfli prosesi ləngitmək istəyir. Burada yolların açılması prosesləri də var. İrəvan bu prosesləri uzadaraq vaxt udmaq istəyir. Ermənistan hakimiyyəti çalışır ki, daxildə idarəetməni müəyyən hala gətirdikdən, tam ələ aldıqdan sonra addımlar atsın. Müharibə Ermənistanda daxili siyasəti idarəolunmaz vəziyyətə gətirib çıxarıb. Əks tərəf isə müharibənin yenidən alovlanmasında maraqlıdır. Çünki özlərinə meydan düzəltmək üçün bu cür təxribatlar onlara münbit şərait yaradır. Təəssüf ki, bütün bunlar bölgədə həssaslığı, gərginliyi artıran, körükləyən məqamlardır”.

Bəs bu cür hallar davam edərsə, Azərbaycan tərəfi Qazaxın 7, Naxçıvanın 1 kəndini hərbi əməliyyatlarla geri qaytara bilərmi? Ermənistan atəşkəsi pozmağa davam etməklə Azərbaycana çıxış yolu qoymasa, vəziyyət necə olacaq?

Politoloq İlqar Vəlizadə hesab edir ki, bu istiqamətdə hərbi-siyasi təzyiq Azərbaycan tərəfindən qaçılmaz olacaq:

“Eyni zamanda düşünürəm ki, hərbi-siyasi təzyiq diplomatik yollarla tənzimlənməlidir. Açıq desək, Rusiya vasitəsi ilə Ermənistana təzyiq göstərməliyik. Ona görə ki, Ermənistan həmin regiondan – Qazaxın 7, Naxçıvanın 1 kəndindən çəkilsin. Ermənistan tərəfi təklif edir ki, rusiyalı sülhməramlılar həmin ərazilərdə dursunlar. Əgər belə olsa, o zaman Rusiya hərbçiləri Kərkiyə daxil olmadan, onun hüdudlarından kənarda dayanmalıdır. Yuxarı Əskiparanın kənarında dayanmalıdırlar, onun içərisinə girməməlidirlər. Əgər belə olarsa, o zaman həmin ərazilər birbaşa Azərbaycanın nəzarətinə keçəcək”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm