Deputatdan Jirinovskiyə SƏRT SÖZLƏR: O, unudur ki, Azərbaycanla Gürcüstan...
Bizi izləyin

Nida Təhlil

Deputatdan Jirinovskiyə SƏRT SÖZLƏR: O, unudur ki, Azərbaycanla Gürcüstan...

Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski ciddi siyasi fiqur kimi qəbul olunmur. O, Liberal Demokratik Partiyasının sədri olsa da, nə ideyalarında, nə də etdiyi çıxışlarında demokratiyadan əsər-əlamət var.

Bu sözləri Publika.az-a millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, Jirinovskinin nitqi siyasətçinin danışığından uzaqdır və Rusiya kimi böyük bir ölkəyə ancaq başaşağılığı gətirir: "Həm də Vova millətçi və faşist düşüncəlidir. Onu bu əqidəsinə görə faşist Hitlerə oxşadardım. Çünki Vovanın müsəlmanları, xüsusilə türkləri görməyə gözü yoxdur. O, həmişə Rusiyaya gələn Orta Asiya ölkələrinin vətəndaşlarını təhqir edib, onları ikinci dərəcəli şəxslər adlandırır. Cənubi Qafqaza yanaşmasında - "Bura bizim təsir ərazimizdir və 200 il bizim bayrağımızın altındadır'' deməsi onun keçmiş rus imperiyası ab-havasında yaşamasından başqa bir şey deyil. Ermənilərin təsiri altında olan Jirinovski müstəqil Azərbaycana həmişə düşmən gözü ilə baxır və erməniləri müdafiə edir. O, yəqin unudub ki, Cənubi Qafqazda Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan müstəqil ölkələrdir. Onun gerizəkalı düşüncələri cəmiyyətdə ancaq gülüş və istehza doğurur. Jirinovskinin danışığında nə mədəniyyət var, nə də səmimiyyət. Vova yəqin unudub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi gücü ilə torpaqlarını işğaldan azad edib, öz ərazi bütövlüyünü təmin edib. O, bilmir ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycanın razılığı ilə və məhdud fəaliyyət dairəsi ilə bizim ərazimizdədir".

A Badamov qeyd edib ki, Jirinovskinin ifadələri onun şəxsi düşüncələridir və Azərbaycana olan ermənipərəst mövqeyinin Rusiya-Azərbaycan münasibətlərinə aidiyyəti yoxdur: "Azərbaycan-Rusiya münasibətləri prezidentlərimizin dostluğu üzərində qurulub, tarixi köklərə malikdir və strateji əməkdaşlıq xarakteri daşıyır. Ölkələrimizarası münasibətlərin dərinləşməsində, inkişafında və möhkəmlənməsində dövlətlərimiz maraqlıdır. Ona görə də Rusiya-Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş tərkibli hökumətlərarası komissiya fəaliyyət göstərir. Rusiya Cənubi Qafqaza münasibətində Jirinovskidən fərqli olaraq Azərbaycanın dövlət müstəqilliyinə hörmətlə yanaşır və bərabərhüquqlu etibarlı tərəfdaş gözü ilə baxır. Bu gün regionun gündəliyini Azərbaycan müəyyənləşdirir. Rusiya regionda uzunmüddətli sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi məsələsində Azərbaycanı dəstəkləyir".

Millət vəkili vurğulayıb ki, Jirinovskinin "Paşinyanı ancaq biz xilas edə bilərik" ifadəsi axmaqlıq və sərsəmlikdir: "Jirinovski, sən Azərbaycanı Ermənistanla necə müqayisə edə bilərsən?! Azərbaycanda möhkəm təməllər üzərində inkişaf etmiş xalq-iqtidar birliyi var. Müxalif partiyalarla ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb. Ölkənin müstəqilliyi, dövlətçilik məsələlərində milli, dini mənsubiyyətindən və siyasi əqidəsindən asılı olmayaraq, hamının dəmir yumruq altında birləşdiyini görmürsənmi?! Bu həmrəyliyi və birliyin simvolu olan dəmir yumruğun erməni ordusunu darmadağın edərək ölkənin ərazi bütövlüyünü təmin etməyimiz deyəsən səndə qıcıq doğurur. Sən özün üçün lağlağı danışa bilərsən. Sənin lağlağı siyasətçi olduğunu nəinki Rusiya, hətta bütün dünya tanıyır. Sənin danışığının qeyri-ciddiliyi siyasətçidən daha çox komik obrazını yaradır. Sənin axmaq və sərsəm düşüncələrinin Azərbaycan cəmiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Sən və sənin kimi dardüşüncəli, ermənilərin girovuna çevrilmiş şəxslər bilsinlər ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini, iqtidarını və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur, lazım gələndə sarsılmaz və məğlubedilməz gücə çevrilir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm