• USD 1,7000 0,00% EUR 1,9262 +0,30%
    • GBP 2,2640 -0,01% RUB 0,0230 +0,43%

Moskvadan İrəvana zəng: Lavrov niyə “saatları dəqiqləşdirir?” - TƏHLİL

Moskvadan İrəvana zəng: Lavrov niyə “saatları dəqiqləşdirir?” - TƏHLİL

Lavrovla Mirzoyan arasında telefon söhbəti olub. Tərəflərin müzakirəsində üç məsələ əsasdır: bölgədə kommunikasiyanın blokadadan çıxarılması; Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması; bir il öncə imzalanan üçtərəfli bəyanatların ildönümü ərəfəsində icrası;

Lavrovun G-20 sammitindən sonra İrəvana zəngi iki ehtimalı önə çıxarır:

Birincisi, 3+3 formatının müzakirə edildiyi Çavuşoğlu-Lavrov görüşündə tərəflər prosesin sürətləndirilməsinə razılaşıblar;

Bu, az ehtimaldır, çünki Ankara və Moskva bölgənin gələcəyi ilə bağlı demək olar hər şeyi müzakirə edib və Ermənistandan cavab gözlənilir. Təbii ki, Roma görüşündə tərəflər prosesin sürətlənməsinə dair fikir mübadiləsi aparıb, amma Lavrovun məhz Çavuşoğlu ilə müzakirəyə görə İrəvana dərhal zəngi az inandırıcıdır.

İkinci və güclü ehtimal Putinin iştirak etmədiyi G-20 sammitində Ərdoğanın ABŞ və Fransa liderləri ilə görüşüdür;

Ərdoğan Bayden və Makronla ayrılıqda Cənubi Qafqazı, bölgədəki 3+3 formatını müzakirə etdi. Bu görüşlərdən dərhal sonra Moskvanın hərəkətə keçməsi rusları narahat edən məsələlərin olduğundan xəbər verir:

- Ruslar Ərdoğan və Baydenin 1 saat 10 dəqiqə çəkən görüşündə nələrin razılaşdırıldığından xəbərsizdir;

- Qərbin bölgədə Türkiyəni tərəf kimi qəbul etməsi Ankara və Bakının masada əlini gücləndirir;

- Qərbin bölgəyə marağını ruslar öz vasitəçiliyinə risk olaraq görür;

Rusiya Vaşinqtonla görüşdən sonra Ankaranın əlavə istəklər irəli sürməsi ehtimalına qarşı mövcud şərtlərdə - Ərdoğanla Putinin razılaşması çərçivəsində kommunikasiyasının açılması, reional əməkdaşlıq platformasının qurulmasını sürətləndirmək istəyir. Və həm də “hakim rolunu” yenidən nümayiş etdirirlər: üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsinin müzakirəsi də buna hesablanıb;

Güman ki, Moskvadan eyni motivli zəng Bakıya da ediləcək.

Lavrovun zəngində diqqətdən yayınmayan kiçik bir detal da var: tərəflər gündəmdə olan məsələlərlə bağlı “saatları dəqiqləşdirib”; bu ifadə mövqelərin dəyişib-dəyişmədiyini yoxlamaq kimi da oxuna bilər;

Və burada diqqət Ərdoğanın Romadakı görüşləri ilə bağlı açıqlamalarındakı bir məqama yönəlir: Türkiyə prezidenti bildirdi ki, “Makronla Cənubi Qafqazı müzakirə etdik, dedik ki, bölgədə müsbət addımlar var və bu addımları hörmətli İlham Əliyev qardaşımız da davam etdirmək istəyir. Hətta Paşinyanla da görüşməsi oldu, bu görüşdə “altılıq platformasını” yaratmaq məsələsi gündəmə gəldi”.

Əliyevlə Paşinyan sonuncu dəfə 11 yanvar 2021-ci il tarixində Moskvada, Putinin vasitəçiliyi ilə görüşüb, ondan sonra hansısa təmasla bağlı heç bir məlumat yoxdur, lakin Ərdoğanın açıqlamasının məntiqi ardıcıllığı Azərbaycan və Ermənistan rəhbərliyinin ayrılıqda görüşdüyü fikrini də gündəmə gətirir. Bu açıqlamadan sonra erməni mediası xüsusilə “ayrı görüş” məsələsi üzərində dayanır. Mümkündür ki, Lavrov Mirzoyanla həm də bunu – Moskvadan xəbərsiz görüşün olub-olmadığını aydınlaşdırmaq istəyib.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR