"Qanlı yanvar"ın Qazaxıstan versiyası: 32 il sonra təkrarlanan İŞĞAL
Bizi izləyin

Nida Təhlil

"Qanlı yanvar"ın Qazaxıstan versiyası: 32 il sonra təkrarlanan İŞĞAL

32 il öncə: Bakıda xalq azadlıq tələbi ilə küçələrə çıxmışdı.

1988-ci ildən başlanan aksiyaların məqsədi dinc şəkildə etiraz etmək idi və belə davam edir də. Lakin qəfil, hardansa peyda olan təxribatçı dəstələr aksiyalara qoşularaq, zorakılığa başladılar. Radikal təxribatçılar xalqın sözçüsünə çevrildi. Hadisələrin qaynar vaxtı bunu anlamaq çətin olur, çünki qarışıqlığın yaşandığı kütləni istənilən istiqamətə yönəltmək, hədəfdən yayındırmaq və tamamilə fərqli nəticələr əldə etmək mümkündür. Azərbaycan xalqı bunu çox sonralar anladı. SSRİ rəhbərliyi Bakıya qoşun yeridəndə belə hələ də çoxları nə baş verdiyini anlamamışdı.

Nə baş vermişdi?

- Xalqın dinc etirazı təxribatçı dəstələr tərəfindən basqınlar, qətllərlə müşahidə edilən zorakılığa çevrildi;
- Etirazçılar, yəni kütlə bu zorakılığı təbii qarşılayır və eyni əməllərə əl atdı;
- Vəziyyət nəzarətdən çıxdı, xaos yarandı və yeganə çıxış yolu kimi müdaxilə görüntüsü yaradıldı;
- Və “qırmızı ordu” Bakıya daxil olaraq, xalqı gülləboran etdi;

Dinc etiraz üçün küçələrə çıxan xalq Moskvanın Bakı küçələrində "Qanlı yanvar" ssenarisini tətbiq edəndə anlamağa başladı, lakin hamısı yox. Çünki təxribatçı qruplar hələ də öz missiyasını davam etdirir və ictimai rəyi manipulyasiya edirdi. Sonralar tarixin səhifələrini vərəqləyəndə xalq anlayırdı ki, nə istəyirdilər, əslində nə oldu. Bu, SSRİ-nin, Moskvanın qanlı ssenarisi idi.

32 il sonra: Rusiya Qazaxıstanda "Qanlı yanvar" ssenarisini tətbiq edir.

Nə baş verdi?

Sosial tələblə başlanan etiraz qəfil siyasi tələbə, ardınca silahlı toqquşmaya, zorakılığa, basqın və qətllərə çevrildi. Xalqın məqsədi sadəcə sosial etiraz idi və məlumatlara görə, tələblər yerinə yetiriləndən sonra böyük hissəsi evlərinə getmişdi, buna rəğmən, qətl və zorakılıqla müşahidə edilən silahlı toqquşma başlandı.

Məqsəd bəlli idi: Rusiya Qazaxıstana, Mərkəzi Asiyanın ən öndə gedən, “rus ittifaqlarında” təmsil olunmasına baxmayaraq, milli siyasi xətt üzrə irəliləyən, həm də türk birliyinin güclənməsi üçün mühüm addımlar atan ölkəyə müdaxiləyə zəmin yaratmalı idi.

- Əhalinin sosial tələbə əsaslanan etirazı siyasiləşdirildi;
- Təxribatçı qruplar qətl və qarətə əl ataraq, etirazı zorakılığa çevirdi: karlarda aydın görünür ki, naməlum şəxslər və qruplar əhaliyə “kalaşnikov” paylayır;
- Kütlə asanlıqla etirazdan zorakılığa sürükləndi;
- Çıxış yolu kimi müdaxilə ssenarisi hazırlandı;
- Və Qazaxıstan hakimiyyəti KTMT-ni – faktiki Rusiya qoşunlarını ölkəyə dəvət etdi;

Bakıya qoşun yeridən və milli azadlığı (qısa müddətdə olsa da) boğan Moskva indi Qazaxıstana qoşun yetirdi və faktiki eyni ssenari təkrarlandı: İŞĞAL.

Rusiya məqsədini təbliğatçıları vasitəsilə bəyan edir: Jirnoviskilər, Zatulinlər, Milonovlar, Simonyanlar Qazaxıstanın ələ keçirilməsi çağırışlarını edirlər, din xadimləri bu ölkəni “qədim rus torpağı” adlandırırlar;

Kremlin qeyri-rəsmi sözçüsü Margarita Simonyan Qazaxıstanla bağlı “şərtləri” açıqlayır:

- Krımın ilhaqını tanımalıdır;
- Rus dilinin ikinci rəsmi dil statusu bərpa edilməlidir (hadisələrin başlanmasından bir həftə öncə rus dilinin ikinci rəsmi dil statusu ləğv edilib);
- Qazaxıstandakı ruslara muxtariyyət verilməlidir;
- Rusiya hərbi bazaları yaradılmalıdır;

Jirnoviski və Zatulin də eyni “şərtləri” irəli sürür və Qazaxıstanı “rus torpağı” adlandırırlar. 2014-cü ildə Putinin “Qazaxıstanı böyük rus dünyasının hüdudları çərçivəsində görmək istəyini” açıqlamasından sonra Rusiya mediası və ekspert cameəsi bu ölkənin ələ keçirilməsi istiqamətində kampaniyaya başladı. Bu gün baş verənlər həmin planın nəticəsidir və Kreml qeyri-rəsmi sözçüləri ilə “tələblərini” irəli sürür.

Böyük ehtimalla Rusiya istədiyinin ən az bir qisminə nail olacaq, xüsusilə rus bazalarının yaradılmasına. Çünki rus qoşunun ölkəyə gətirilməsinə zəmin hazırlandığı kimi qalmasına da zəmin hazırlanır: silahlı toqquşmaların davam etməsi, qruplaşmaların yaradılması və s. bu məqsədə xidmət edir.

32 il öncə Bakını işğal edənlər 32 il sonra Qazaxıstanı ələ keçirdilər: eyni ssenari və eyni plana uyğun olaraq.

Bütün bunlara rəğmən, Azərbaycanda hələ də Qazaxıstandakı hadisələri “demokratiya” təqdim edənlər var. Bəllidir ki, onların hədəfi bu hadisələrdən “ilhamlanaraq”, Azərbaycanda hakimiyyətə gəlməkdir və belə görünür ki, özlərini “milli qüvvə” adlandıran bu dəstə hakimiyyətə gəlmək üçün Qarabağın əldən getməsinə, “qazax ssenarisinin” təkrarlanmasına belə hazırdılar.

"Qanlı yanvar"ın 32-ci ildönümü qeyd edəcəyimiz bu günlərdə yaşanan Qazaxıstan olayları və nəticəsi Azərbaycan xalqı üçün növbəti nümunə olmalıdır. Çünki hər şey çılpaqlığı ilə ortadadır, Qazaxıstanı işğal edənlər də, işğalı “demokratiya” kimi təqdim edənlər də...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm