Fransanın Cənubi Qafqazda neokolonializm planı - Ermənistan üçün hansı risk vəd edir?
Bizi izləyin

Nida Təhlil

Fransanın Cənubi Qafqazda neokolonializm planı - Ermənistan üçün hansı risk vəd edir?

Fransanın Cənubi Qafqazda neokolonializm planı - Ermənistan üçün hansı risk vəd edir?

Fransa prezidenti Emmanuel Makronun Ermənistana karnavalı xatırladan səfəri ermənilərin gözündə özünün “xilaskar” obrazını canlandırmağa hesablanmışdı. Və ölkəsində siyasi legitimliyi sual altına düşmüş bir lider üçün bu, olduqca acınacaqlı mənzərə idi. Çünki Makron İrəvan küçələrində sözün həqiqi mənasında şou sərgiləyirdi: gah musiqi alətində ifa etməyə çalışır, gah səhər qaçışı edir, gah da vaxtını restoranlarda keçirirdi. Makron bununla ermənilərə “xilaskar qəhrəman” kimi görünmək istəyirdi.

Analoji mənzərə 6 il öncə - 2020-ci ildə İkinci Qarabağ müharibəsində də müşahidə edilmişdi. Fransa prezidenti müharibədə Ermənistanı xilas etmək, torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını almaq istəsə də, məkrli planları baş tutmadı. Makron indi özünü sanki Ermənistanı “xilas” etmiş kimi aparır. Halbuki, Prezident İlham Əliyevin də dediyi kimi, “gücləri var idisə, həmin vaxt bunu edərdilər”.

Dövlət başçısı Zəngilanda çıxışı zamanı bu məsələyə xüsusilə toxundu.

“Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”, - Prezident ad çəkməsə də, söhbətin Makrondan getdiyi bəllidir.

Makron İrəvandakı şousu ilə uçuruma yuvarlanan reytinqini xilas etməklə yanaşı, Fransanın neokolonialist siyasətini Cənubi Qafqaza yaymaq niyyətindədir və bu planda ağasız yaşaya bilməyən Ermənistan əsas vasitədir. Qarabağ münaqişəsinin bitməsindən və Azərbaycanla sülh prosesinin irəliləməsindən sonra da Ermənistanın “ağa axtarışı” bu ölkənin dövlətçilik ənənələrinin olmadığını bir daha ortaya çıxardı. Dünənə qədər Rusiyanı ağa kimi görən Ermənistanın indi Fransanın simasında yenisini tapdığı görünür. Ermənilərə ağalıq edən Fransanın da əsas məqsədi Afrikada itirdiyi təsir imkanlarını Cənubi Qafqazda kompensasiya etməkdir.

Makronun İrəvana gəlişi, yaratmaq istədiyi obraz Fransanı Azərbaycan-Ermənistan sülh danışıqlarında “təminatçı”ya çevirməyə, prosesdə “ermənilərin xilaskarı” rolunda çıxış etməyə və Cənubi Qafqazda təsir imkanlarını gücləndirməyə hesablanıb. Halbuki, Fransanın Cənubi Qafqaz da daxil olmaqla müxtəlif bölgələrdə həyata keçirdiyi rol qan və müharibə ilə nəticələnib.

Fransa 2012-ci ildən sonra Ukrayna-Rusiya münaqişəsində vasitəçilərdən biri kimi aktiv rol oynamağa başladı. Hərçənd, bu vasitəçilik nə münaqişənin həllinə imkan yaratdı, nə də sülhü təmin etdi. Əvəzində Fransa bu prosesdən geosiyasətdə güclənmək naminə istifadə etdi. 2012-2016-cı illərdə Fransa “sülhü təmin etmək” adı ilə Maliyə (Serval əməliyyatı) və Mərkəzi Afrika Respublikasına (Sanqaris əməliyyatı) hərbi müdaxilə etdi. Nə sülh əldə edildi, nə də problemlər. Əvəzində Fransanın keçmiş “müstəmləkəçilik siyasəti” Qitədə daha da gücləndi.

2017-ci ildə hakimiyyətə gələn Emmanuel Makronun əsas istiqaməti də Afrikada təsir imkanlarını saxlamaq və münaqişələrdən qazanc əldə etmək olub. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Fransa “sülh naminə” vasitəçilik etmək cəhdlərinə baş vurdu və təbii ki, niyyəti enerji maraqlarından tutmuş Avropada “siyasi güc” olmağa qədər çoxsaylı hədəfinə nail olmaq idi. Makronun cəhdləri baş tutmadı, müharibə başladı.

Eyni mənzərə Cənubi Qafqazda da yaşanıb. 30 il ərzində bu ölkənin “vasitəçilik” etdiyi Qarabağ məsələsi sülh danışıqları ilə yox, müharibə ilə həll edildi, çünki məqsəd problemi həll etmək yox, Ermənistanın maraqlarını müdafiə etmək idi və işğalçı ölkə cəzasızlıq mühitindən yararlanaraq, işğala son qoymur, əksinə, Azərbaycana qarşı yeni işğal planları hazırlayırdı. Nəticə etibarilə 44 günlük müharibə baş verdi, Azərbaycan Fransanın da iştirak etdiyi “vasitəçilik missiyası”nın edə bilmədiyini, etmək istəmədiyini həyata keçirdi – münaqişəyə son qoydu, torpaqlarını azad etdi.

İndi Azərbaycanın təşəbbüsü ilə regionda sülh perspektivləri yaranıb. Makron isə ağalıq etməyə çalışdığı Ermənistan üzərindən prosesə daxil olmaq və sülh gündəliyini dağıtmaq niyyətindədir. Bu, Fransanın neokolonialist siyasətinin tərkib hissəsidir. Bu cəhdlər təkcə regiondakı sülh gündəliyinə təhlükə yaratmır, eyni zamanda, Ermənistan üçün də arzuolunmaz risklər vəd edir.

Müəllif: Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm