Tbilisinin 20 illik "küçə döyüşü" və Bakının yaratdığı xilas modeli - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Tbilisinin 20 illik "küçə döyüşü" və Bakının yaratdığı xilas modeli - TƏHLİL

20 il öncə “qızılgül inqilabı” yaşananda gürcülər də daxil olmaqla çoxları Gürcüstanın xilas olduğunu düşünürdü. Tbilisi küçələri Qərb liderlərinin də iştirakı ilə qələbəni qeyd edirdilər. Köhnə sistem getmiş, sükanı Avroatlantik məkana çevirən yeni sistem gəlmişdi. Olduqca cəlbedici və romantik görünürdü, hərçənd inqilabdan cəmi beş il sonra Rusiya ordusu Tbilisinin ətrafına çatanda 5 il öncə gürcülərə azadlıq vəd edənlər Moskvaya “ultimatumlar” göndərməkdən başqa heç nə etmədi. Gürcü xalqının torpaq itkisi əvəzinə qazandığı təkcə qızıl güllər idi, zamanla onun da tikanlarının ağrısını canlarında hiss etməyə başladılar.

Avropa ailəsinə qoşulmaq üçün küçə inqilabı edən və bunu torpaq itkisi ilə ödəyən gürcü xalqının başına 2013-cü ildə Rusiyameylliliyi ilə seçilən, Moskvaya ilıq münasibətə üstünlük verən İvanişvilinin komandası keçdi. “Gürcü arzusu”nun seçkidə qalib gəlməsi gürcülərin inqilab-torpaq itkisi tandemi arasında üzləşdikləri təcrübə də az rol oynamadı, hərçənd, əsas sual başqa idi: Qərb inqilabla hakimiyyətə gətirdiyi Saakaşvilinin qurduğu sistemin qalmasına niyə dəstək vermədi, Rusiyanın önündə bir addım geri çəkildi?!

Həmin dövrün geosiyasi proseslərinə nəzər yetirdikdə müəyyən pərdəarxası anlaşmaların olduğu fikri önə çıxır: ABŞ əsas diqqətini Yaxın Şərqdə “ərəb baharı” planına yönəltdiyi vaxt Cənubi Qafqazda Rusiya ilə masaya əyləşmişdi və İvanişvili Gürcüstanında Moskvaya loyal baş nazir – qərbyönümlü prezident bölgüsü üzrə razılaşmanın olduğu görünürdü; 2003-cü ildə inqilab edən gürcü xalqı isə bu anlaşmanın olduğu masada yer almırdı;

“Qızılgül inqilabı”ndan 20, inqilabın nəticələrinin dəyişdiyi “yumşaq keçid”dən 10 il sonra Tbilisi küçələri yeni inqilaba “hamilə”dir: barikadalar, “molotov kokteyli”, qəzəbli kütlənin hücumu, polis dəyənəkləri, qaz bombaları, su şırnağı, çevrilmiş avtomobillər, hökumət binalarının mühasirəsi, sərt rəsmi xəbərdarlıqlar, hökumətə ultimatumlar və s;

2003-cü ilin mənzərəsi Tbilisiyə yenidən qayıdır. Hakim partiyanın dəstəklədiyi “xarici agentlər haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılanda qanunverici orqanın önündə aksiya başlandı, insanlar qanuna etiraz edir, bunu Rusiya təcrübəsinin tətbiqi adlandırır və Gürcüstanın Avropaya inteqrasiya yolunda maneə olduğunu hesab edirlər. 20 ildir Gürcüstanı öz qapısından içəri qoymayan Avropa da eyni mövqeyi bölüşdü, rəsmi Tbilisiyə ultimatim xarakterli çağırışlar etdilər, ABŞ-ın ölkədəki səfirliyi “Gürcüstan demokratiyası üçün qara gün” elan etdi.

Aydın görünürdü ki, “xarici agentlər haqqında” qanuna etirazın təşkilatçısı Qərbdir və verilən açıqlamalarda bunu gizlətmirdilər də. Qanun layihəsinə görə maliyyəsinin ən azı 20 faizini xaricdən alan QHT-lər və media orqanları “xarici agentlər reyestri”ndən keçməlidirlər. Bu, Qərbin Gürcüstanda və Gürcüstan üzərindən regionda fəaliyyət göstərən şəbəkəsinin fəaliyyətini məhdudlaşdıran amildir, etiraz aksiyaları da məhz buna görə təşkil olundu. Və nəticədə hakimiyyət qanun layihəsini geri götürməyə məcbur oldu. Lakin hər şey bitməyib, əksinə yeni başlayır və proseslər göstərir ki, 10 il öncə Gürcüstanda Rusiyaya loyal yanaşan hakimiyyətin gəlişinə göz yuman, hətta müəyən mənada bunu dəstəkləyən Qərb indi yeni inqilabın baş verməsində maraqlıdır. Baş nazir İrakli Qaribaşvilinin “Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəyik” açıqlaması da bu kontekstdə diqqət çəkir. Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq.

Gürcü xalqı bu prosesin harasında yer alır?

Son 20 ildə baş verənlər gürcülərin “qızılgül inqilabı”ndan sonra qurmaq istədikləri dövlətin illuziyadan ibarət olduğunu ortaya çıxarır, çünki ölkə faktiki olaraq 10 il Qərbdən, 10 il Moskvadan idarə olunub, indi yenidən “əl dəyişikliyi” üçün mübarizə mərhələsi başlayır. Gürcü xalqı isə özü də bilmədən bu proseslərdə könüllü iştirakçıya çevrilir.

Azərbaycan təcrübəsi: Əliyev təlatümlərin önünü necə aldı?

Bu gün Gürcüstanda baş verənlər fonunda Azərbaycan təcrübəsi ön plana çıxır. Axı 20 il öncə Tbilisidə “qızılgül inqilabı” baş verəndə Bakıda da həvəsə gələnlər və bahalı kostyumlarının döş cibinə qızıl gül taxanlar az deyildi. Onlar daha sonra narıncıya da büründülər, qatı dindar da oldular, hətta bir müddət “ərəbləşdilər” də. Hərçənd, Bakıda bu planlar baş tutmadı, çünki Azərbaycanın öz yolu, müstəqil siyasi xətti var idi və son 20 ildə Gürcüstanla Azərbaycanın keçdiyi yola nəzər yetirdikdə real mənzərə ortaya çıxır: bir tərəfdə kənardan idarə olunan, özünün olmayan müharibəyə belə qoşmağa çalışdıqları Gürcüstan, digər tərəfdə müstəqil regional oyunçu, hətta qlobal proseslərdə çəkili iştirakçı olan Azərbaycan;

44 günlük Vətən müharibəsi və nəticələrinin də bu 20 illik dövrün mənzərəsini özündə əks etdirən əsas tablodur desək yanılmarıq.

Azərbaycan hələ 2014-cü ildə bu gün Gürcüstanda yaşanan, vaxtilə Qırğızıstan və Qazaxıstanda yaşanmış prosesləri öncədən oxuya və vətəndaş cəmiyyətini kənar təsirlərdən qoruya biləcək, münasibətləri tənzimləyəcək addım atdı: xaricdən maliyyələşən hüquqi və fiziki şəxsləri Gürcüstan kimi “xarici təsir agentləri” elan etmədi, əksinə, yerli QHT-lərin xarici donorlardan vəsait cəlb edə bilməsi imkanları yaradılmaqla ictimai-siyasi mühitə kənar təsirlərin qarşısını aldı;

Bu sahədə qanunvericiliyin xarici təsirlərə qarşı sərtləşməsi təbii seçim prinsipinə əsaslanır, milli sosial-iqtisadi inkişaf prioritetlərini əsas götürən xarici donorlarla əməkdaşlıq edilməsi isə qanunla qadağan deyil. “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunun qəbulunda da bu yanaşma əsas götürülüb.

Prezident İlham Əliyev Azərbaycanı kənar təsirlərdən, o cümlədən, bu gün yaşanan Gürcüstan ssenarisindən hələ 10 il öncə sığortalayıb. Belə ki, ictimai sektorda, daxili siyasi, informasiya mühitinin formalaşmasında xarici təsirlərin aradan qaldırılması istiqamətində atılan siyasi-hüquqi addımlar demokratik əsasları saxlamaqla təhükəsizliyi, milli maraqların effektiv müdafiəsini təmin etməyə imkan verir. Bu siyasi və hüquqi addımlar bir tərəfdən qeyri-hökumət təşkilatlarının, ictimai təşkilatların, KİV-in xarici donorlar vasitəsilə Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində maliyyələşmə imkanlarını saxlayır, digər tərəfdən səmərəli nəzarəti təmin edir. Baş verənlər təsdiq edir ki, Azərbaycan yaratdığı təcrübə ən unikal sistemdir. Bu sistemə görə xaricdən maliyyələşən fiziki və hüquqi şəxslər “xarici agent”, “xarici təsir agenti”, “xarici təsir altında olan şəxs” kimi damğalanmır, vətəndaş cəmiyyəti institutlarının təməl maraqları, missiyası ilə təhlükəsizlik maraqlarının qorunması arasında tarazlığı qoruyur. Əgər xarici donor təşkilatının məramı, məqsədi və maliyyə ayırdığı layihə Azərbaycanın dövlət və milli maraqlarına zidd deyilsə, geniş imkanlar yaradılır.

XXI əsrin üçüncü onilliyində artıq kənardan ixrac edilən “demokratiya” əsas meyar deyil, xilasedici faktor milli maraqlara söykənən, sabitliyin qorunmasına imkan verən və təzyiqlərin önündə sədd çəkən bilən milli sistemin qurulmasıdır. Prezident İlham Əliyevin qurduğu hüquqi və milli demokratik dəyərlərin olduğu Azərbaycan bunun bariz nümunəsidir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm