İsrail parlamentindən Cənubi Azərbaycana dəstək - Xarici İşlər Nazirliyindən tələb olundu ki...
Bizi izləyin

Nida Təhlil

İsrail parlamentindən Cənubi Azərbaycana dəstək - Xarici İşlər Nazirliyindən tələb olundu ki...

İsrail parlamentinin üzvləri Cənubi Azərbaycanın müstəqilliyi uğrunda hərəkata beynəlxalq dəstək verilməsi xahişi ilə ölkənin Xarici İşlər Nazirliyinə müraciət ediblər. Rəsmi müraciətdə parlamentin bütün üzvlərinin dörddə biri - 32 deputat İsrail Xarici İşlər Nazirliyindən rəsmi Tehranın İran müxalifətinə, xüsusən cənubi azərbaycanlılara qarşı repressiv rejiminin güclənməsinə diqqət yetirməyə, azərbaycanlıları qorumaq üçün İsraili İrana qarşı qlobal mübarizəyə qoşulmağa çağırırlar.

"Bu, İranda 20 milyondan çox üzvü olan ən böyük etnik icmadır. Rejim onlara münasibətdə mədəni soyqırımı siyasəti yürüdür, azərbaycanlı azlığın təhsil almaq və irsini ötürmək, dillərini öyrətmək və hətta uşaqlarını Azərbaycan adları ilə qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”, - deputatlar vurğulayıblar.

Parlament üzvləri yazıblar: "İrandakı Ayətullah rejimi Fələstin məsələsində İsrailə tez-tez hücum edir və hətta Fələstin mübarizəsi bayrağı altında qatil terrorçu qrupları bizə qarşı maliyyələşdirir və hərəkətə gətirir. Bu yalan təbliğat öz axmaqlığı ilə seçilir, xüsusən də İranın özündə azəri azlığına qarşı yırtıcı zülmün fonunda”.

Xatırladılır ki, ötən ilin sonunda İranda başlamış rejimə etirazlar fonunda bölgənin muxtariyyəti üçün hərəkat yaradıldığı elan edilmişdi.

İsrail KİV-lərinin xəbərinə görə, deputatlar Azərbaycandakı yəhudi icması adından əlavə ediblər ki, yeni etiraz hərəkatı azərbaycanlı azlığın səkkiz müxtəlif təşkilatını birləşdirib. İran rejiminin öhdəsindən gələ bilmədiyi etiraz aksiyalarını mütəmadi olaraq təşkil edən Təbrizdə fəallar tərəfindən azəri dilində idarə olunan https://t.me/guneyazfront9/ Güney AZfront kanalı da var: "Gəlin xatırlayaq ki, bunlar tarix boyu yəhudilərə qarşı çox mehriban olan azəri xalqıdır. Azərbaycanın yəhudi icması dost xalqa qarşı təqiblərdən çox narahatdır. Bu gün Azərbaycan İsrailin regionda ən mühüm strateji müttəfiqlərindən biridir. Ona görə də biz sizə müraciət edirik ki, ofisinizdə mövcud olan vasitələrlə İrandakı azəri azlığın zülmü məsələsini istənilən beynəlxalq forumda qaldırasınız. Bu, vacib və zəruri mənəvi işdir", - müraciətdə deyilir.

İsrail mediası bildirir ki, Azərbaycandakı yəhudi icması azəri azlığına qarşı zorakı hərəkətləri dayandırmaq məqsədilə İrana təzyiq etmək üçün dünya gücləri qarşısında İsrail dövlətindən və onun beynəlxalq imkanlarından kömək istəyir.

İsrail mediası bəyanatın müəlliflərinin tərkibinə diqqət yetirir. Müəlliflərin üçdə biri parlamentin ultra-dini fraksiyalarının nümayəndələridir ki, onlar nadir hallarda beynəlxalq siyasətlə maraqlanırlar. Məktubu dini blokun fəal əleyhdarları – “Bizim evimiz İsrail” partiyasının nümayəndələri və onun keçmiş lideri, Sovet İttifaqından olan Aviqdor Liberman da imzalayıb. Bəyanatı imzalayan parlament üzvləri beynəlxalq dəstəklə Cənubi Azərbaycandakı hərəkatın Tehrana ciddi zərbə vuracağına inanırlar. Onların gümanınca, Cənubi Azərbaycan gələcəkdə Azərbaycan Respublikası ilə yanaşı, İsrailin bölgədəki müttəfiqlərindən birinə çevriləcək.

“Voice of America”-nın fars xidməti xatırladır ki, İsrail və Azərbaycan 30 ildən artıqdır ki, əməkdaşlığı inkişaf etdirirlər, lakin bu əlaqələr xüsusilə son vaxtlar intensivləşib. İsrail diplomatları Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyirlər.

Xatırladılır ki, Cənubi Azərbaycan ötən ilin sentyabrında Tehranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda hökumət əleyhinə etirazların əsas mərkəzlərindən birinə çevrilib.

Bu məktubun ortaya çıxması Cənubi Azərbaycan mövzusunun beynəlmiləlləşməsi baxımından ciddi hadisədir. Lakin bir neçə nüansa diqqət yetirmək lazım gəlir:

-Belə beynəlmiləşmə özündə kifayət qədər risk və təhdidlər də ehtiva edir. Azərbaycan Respublikası deyil, çoxsaylı digər regional və beynəlxalq oyunçular məsələyə qoşulur, dəstəyin və ya mövzu ilə bağlı manipulyasiyaların hansı mərhələyədək inkişaf etdiriləcəyi bəlli deyil;

-Oyunçular arasında müəyyən rəqabət də var. Məsələn, Ankara və Təl-Əvivin fərqli yanaşmalarını elə Azərbaycandakı nüfuz agentlərinin çıxışları əsasında da asanca təsbit etmək mümkündür;

-Məktubda konkret təşkilatlardan bəhs olunur, demək, həmin təşkilatlarla bağlı yeniliklər izləyəcəyik. Digər oyunçuların (məsələ ,Ər-Riyad və ya Ankaranın) fərqli seçimlər edəcəyi təqdirdə təşkilatlar arası qarşıdurma, parçalanmalar labüddür. Bunun ilik əlamətləri 2000-ci illərin II yarısında DAK-ın parçalanması zamanı müşahidə olunmuşdu;

-Məktub müəllifləri İranın Fələstin məsələsində siyasi demoqogiyasına cavab vermək üçün Cənubi Azərbaycan mövzusundan manipulyasiyalar məqsədilə istifadə olunmasını təklif edirlər. Yeri gəlmişkən, Təl-Əvivdə Azərbaycan səfirliyi açılandan sonra İran təbliğat aparatı daha çox “Fələstin zəhmətkeşlərinin” (xüsusən “Həmas”a bağlı qrupların), qismən də “Livan və Suriya zəhmətkeşlərinin” (“Hizbullah” və “Ənsarullah”) geniş etiraz kampaniyasını təşkil etmişdi. Xaricdəki proksi media vasitəsilə yönləndirilən etiraz kampaniyası hələ də davam edir;

-Azərbaycandakı yəhudi icması açıq şəkildə anti-İran kampaniyasına cəlb olunur. Ölkədə əvvəldən də iranpərəst qüvvələrin yəhudi icmasına qarşı müəyyən çağırışları var idi. Məsələn, Nardaran hadisələri zamanı iştirakçıların yəhudi icmasına qarşı müəyyən çağırışlar etdiyi haqda məlumatlar yayılmışdı. Eləcə də İran mediası bizim dindarları hədəfə alan təbliğatlarında Azərbaycan yəhudilərinə qarşı ifrat özgələşdirmə kampaniyası aparır, Azərbaycanın II İsrail olacağı, İranla münasibətlərin gərginliyinin, hanısısa deşiiziasiya (şiəsizləşdirmə) siyasətinin də məhz o icma tərəfindən yürüdülməsi haqda iyrənc yalanlar tirajlayır. İcmanın siyasi vahid kimi anti-İran kampaniyasında iştirakçı olması dini ədavəti körükləyə bilər.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm