Kalının Dəməşqə, Blinkenin Ankaraya təcili səfəri - Suriyada kartlar açılır
Bizi izləyin

Nida Təhlil

Kalının Dəməşqə, Blinkenin Ankaraya təcili səfəri - Suriyada kartlar açılır

ABŞ Dövlət katibi Entoni Blinkenin Ankara səfərində “səbirsizlik” ilk diqqətçəkən məqam oldu: dövlət katibinin səfəri 13 dekabrda planlaşdırılsa da (əvvəlcə Hakan Fidanla görüşəcək, daha sonra Ərdoğan tərəfindən qəbul ediləcəkdi), bir gün öncə - 12 dekabr axşam saatlarında gəldi və maraqlıdır ki, Ərdoğan tərəfindən birbaşa hava limanında qəbul edildi.

Bu “səbirsizliyin” səfər proqramından qaynaqlandığı ehtimalı zəifdir, xüsusilə Suriyada baş verənlər və Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlər fonunda. Suriyada mövcudluğunu davam etdirəcək ABŞ yeni dövrdə əvvəlki cəbhələri saxlamağa çalışır: İŞİD-ə qarşı mübarizə vitrini altında Türkiyə ilə eyni tərəfdən çıxış etmək və Ankaranı Moskva-Tehran xəttinə yaxın buraxmamaq.

Səfərdən öncə və sonra ABŞ tərəfinin verdiyi açıqlamaların da “İŞİD mövzusu” üzərində qurulması, PYD/YPG amilinin üzərindən keçilməsi diqqət çəkir. Hərçənd, PYD/YPG-yə münasibət Ankara-Vaşinqton xəttində ziddiyyətli məqam olaraq qalır, Blinkenin “tələsik” səfəri də bundan – daha dəqiq desək, Türkiyənin Suriyada atacağı addımlardan qaynaqlanır.

Əsədin devrilməsindən dərhal sonra Tel-Rıfat və Menbiç YPG-dən təmizləndi. Növbəti hədəfin Rakka ola biləcəyi gözləntiləri var. PYD/YPG məsələsində Türkiyə üçün problemli ola biləcək amil ABŞ/İsrail cəbhəsinin mövqeyi ilə yanaşı, HTŞ idi. Colani komandası “kürd kartı”na qarşı Ankara ilə anlaşmasa, bu, təkcə PYD/YPG-nin əlinin güclənməsi ilə yox, həm də Suriyanın yenidən qurulması və qaçqınların qayıdışının təmin edilməsində proqnozlaşdırılmamış məqamlara yol açır. ABŞ üçün Suriyada addımlarını müəyyənləşdirmək məqamlarından biri də bu – HTŞ-nin mövqeyi – idi. Lakin MİT rəhbəri İbrahim Kalının ilk xarici nümayəndə olaraq Dəməşqə səfəri, orada qarşılanması Suriyanın yeni mərhələsində Türkiyənin güclü mövqeyinin mənzərəsini ortaya çıxardı.

Kalının Dəməşq səfəri və yeni rəhbərliklə müzakirəsində əsas mövzulardan birinin PYD/YPG-yə qarşı əməliyyatların olduğu istisna deyil. Ankaranın Suriyanın yeni rəhbərliyindən istəkləri var: PYD/YPG-yə qarşı eyni mövqedən çıxış etmək, ən azı neytral qalmaq və ərazi bütövlüyünün, unitar quruluşun qorunub saxlanılmasında israrlı olmaq.

Bu, Türkiyə üçün iki kontekstdə önəmlidir:

1. Suriyada mümkün “kürd kantonunun” yaradılması planının qarşısını almaq: Ərdoğan Blinkenlə görüşdə də “Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunması” vurğusu ilə bu mesajı verdi;

2. PYD/YPG-yə qarşı əməliyyatları həm də Dəməşqin – Suriyanın yeni rəhbərliyinin razılığı ilə davam etdirmək: bu, post-Əsəd dövründə hərbi müstəvidəki addımların beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq üçün lazımlıdır.

Vaşinqtonda narahatlıq var. Türkiyə Suriyada praktiki olaraq yeganə həlledici gücə çevrildi və bu, “kürd kartını” böyük ölçüdə neytrallaşdırmaq imkanı verir, xüsusilə hakimiyyətin təhvil-təslim edilməsinin ABŞ-ın xarici siyasətində yaratdığı boşluqlar fonunda. Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı razılaşma əldə etsə də, Bayden Administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün proseslərə təsir etməyə çalışır. Lakin Ərdoğan Blinkenin “İŞİD-ə qarşı mübarizə” təklifinə PKK/PYD/YPG-ni əlavə etməsi Türkiyənin geri addım atmayacağından xəbər verir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm