Azərbaycan-İsrail əlaqələrinə qarşı koalisiya: İran kazemiləri ilə Türkiyə solçuları birləşdi
Bizi izləyin

Nida Təhlil

Azərbaycan-İsrail əlaqələrinə qarşı koalisiya: İran kazemiləri ilə Türkiyə solçuları birləşdi

“İran hazırda Yaxın Şərqi sarsıdan böhranlara dərindən qarışdığı üçün şimaldakı şiə qonşusu ilə daha sıx əməkdaşlığa ümid edir”. "Newsweek" jurnalının redaktor Tom O'Konnor martın 11-də dərc etdiyi, İran və Azərbaycan arasında əlaqələrin perspektivlərinə həsr olunmuş məqaləsində belə yazıb. O qeyd edir ki, Bakının İsraillə artan əməkdaşlığına baxmayaraq, İranın planı Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdır. Qitələrin kəsişdiyi, böyük dövlətlərin, o cümlədən Rusiya və ABŞ-ın rəqabət apardığı Qafqazla bağlı köklü fikir ayrılıqları Bakı ilə Tehran arasında artan, amma hələ də kövrək olan tərəfdaşlığı təhdid edir. Müəllif xatırladır ki, İsrail Qəzzada yerüstü əməliyyat başlayandan bir neçə gün sonra Tehran və Bakı arasında Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək Araz dəhliz haqda saziş imzalandı: “Azərbaycan-İran barışığının əsas hərəkətverici qüvvəsi regional sabitliyə nail olmaq, iqtisadi perspektivlərin cəlbediciliy, xüsusilə Hindistanı Rusiya, Azərbaycan və İranla birləşdirəcək iddialı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini (INSTC) reallaşdırmaq üçün qarşılıqlı istəkdir: “Ticarət artdıqca, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əməliyyatları genişləndikcə, Bakı daha sıx münasibətlərdə maraqlıdır və görünür, Zəngəzur dəhlizinin açılması ilə bağlı ambisiyalarını azaldıb”.

Təhlildə deyilir ki, İran prezidenti İbrahim Rəisi Qafqazdan Yaxın Şərqə qədər, bütün qonşularla mübahisələri tənzimləmək fikrindədir, o cümlədən Çinin vasitəçiliyi ilə keçən mart ayında Səudiyyə Ərəbistanı ilə əlaqələrin yenilənməsinə dair razılaşma əldə olundu.

Beynəlxalq hüquq üzrə professor, Avrasiya məsələləri üzrə ekspert Əhməd Kazemi məcmuəyə açıqlamasında deyib ki, “Müqavimət oxu”na daxil digər hərəkatlar kimi “hüseyniyun” Azərbaycanda uğur qazana bilmədiyi kimi, İrandakı azərbaycanlılar arasında da separatizmi qızışdırmaq cəhdləri uğursuzdur: “Azərbaycanlılar İranın məşrutə inqilabından tutmuş İslam inqilabına qədər tarixinin formalaşdırılmasında mühüm rol oynayıblar və həmişə İranın qüdrət və tərəqqisinin tərəfdarı olublar. İranın Azərbaycan bölgələrində heç vaxt yerli separatçı hərəkat olmayıb. Rusiya çarları, stalinist sovetlər, osmanlılar xaricdən dəstəklənən süni hərəkatlar yaratsalar da, bunların hamısı uğursuzluğa düçar olub" .

Bizim mediaya ifrat türkofob, antiazəri baxışları ilə yaxşı tanış olan Kazemi əlavə edib ki, ABŞ və müttəfiqi İsrailin Azərbaycanla münasibətlərinin istiləşməsi İranda Qafqazda “ikinci İsrail”in yaradılması ilə bağlı narahatlığı artırıb. Xatırladaq ki, termin ənənəvi olaraq İraqın yarımuxtar Kürdüstan bölgəsi barədə işlədilir, bölgə, əsasən İsrail kəşfiyyatının Ərbildəki qərargahı İslam Respublikası tərəfindən ara-sıra raket hücumlarına məruz qalır.

Bu ara Türkiyədə müəyyən solçu dərnəklər və İrana bağlı çevrələr Azərbaycan-İsrail münasibətlərini pozmaq üçün sistemli iş aparır. “Tasnim” (İran) Agentliyinin türk xidməti xəbər verir ki, “bir qrup türkiyəli tələbə Azərbaycanın sionist rejimə neft satmasına etiraz edib”.

Fələstinə dəstək nümayişləri zamanı bir araya gələn gənclərin yaratdığı “antiimperialist və anti-kapitalist” Fələstin Uğrunda Min Gənclik Hərəkatı da Azərbaycan neftinin Türkiyə üzərindən İsrailə daşınmasına etiraz edib. SOCAR-ın Türkiyə Baş İdarəsi qarşısında keçirilən etiraz aksiyasında “Türkiyənin ən böyük xarici investoru olan SOCAR İsrailin soyqırımını qidalandırır!”, “SOCAR, işğalçı ilə ticarəti kəs!" şüarları qaldırılıb.

“Turkiye Gazetesi” isə belə iddiaya yer verir ki, İsrail Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyir: “Sionist rejim Türkiyə ilə Azərbaycan, sonra isə bütün qardaş dövlətlər arasında ixtilaf salmağa çalışır. Təəssüf ki, payladıqları pulla bəzi şəxsləri satın alıblar”.

Qəzet iddia edir ki, İsrail kəşfiyyatı Azərbaycanı agentlərin cəlb edilməsi fəaliyyətlərində prioritet hədəf kimi müəyyənləşdirib və Cənubi Kipr logistika mərkəzi seçilib. Bu kontekstdə ilk olaraq media maqnatları, QHT-lər və televiziya şərhçiləri səviyyəsində fəaliyyətə başlayan MOSSAD Azərbaycan ictimaiyyətində “Qarabağ zəfərini İsrailin sayəsində qazandıq” fikrini formalaşdırmağa çalışır. Qəribədir ki, buna bənzər iddialarla bizim bəzi YouTube kanalların daimi “ulduzları” da çıxış edirlər.

İranın “Azarpazhouh” nəşri “İsrailin Azərbaycana təsirinin” müxtəlif aspektlərini şərh etməyə çalışır. Şərhdə bildirilir ki, əməkdaşlıq geniş spektri əhatə edir:

1) Hərbi texnika və silahların satışı:

2) Hərbi təhsil:

3) Kəşfiyyat sahəsində əməkdaşlıq:

4) İqtisadi əməkdaşlıq

A - İnvestisiyalar: İsrail Azərbaycan Respublikasında enerji, kənd təsərrüfatı və texnologiya kimi müxtəlif sahələrə sərmayə qoyub, Xəzərdə qaz kəşfiyyatı və hasilatı layihələrində iştirak edir.

B - Ticarət: Son illərdə iki ölkə arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Bakıda isə 140-dan çox İsrail şirkətinin olması bu strateji tərəfdaşlığın dərinliyindən xəbər verir.

5) Siyasi əməkdaşlıq:

A - Beynəlxalq forumlarda dəstək: İki ölkə beynəlxalq forumlarda bir-birini dəstəkləyir.

b) Diplomatik sahədə əməkdaşlıq: İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 6-da qurulub. 1993-cü ilin avqustundan Bakıda İsrail səfirliyi fəaliyyət göstərir. Lakin Bakının Təl-Əvivdəki səfirliyi 2023-cü ilin martında açılıb.

Daha sonra bu əməkdaşlıq bəndlərinin “İrana zərərləri” haqda izahlar verilir.

Xaricdən yayımlanan müəyyən kanalların daimi qonaqları da bu günlər Azərbaycanın İsraillə hərbi əməkdaşlığını hədəfə alan şərhlərlə çıxış edirlər. Beləliklə, Azərbaycan-İsrail münasibətlərini korlamağı qarşısına məqsəd qoymuş olduqca qəribə bir koalisiya var. Biz İranın kazemilərinin də, Türkiyədəki anarxist solçuların da dərdlərini başa düşürük, bəs onların azərbaycanlı ortaqlarının dərdi nədir?

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm