İranda seçki: Rejim gələcəyini qorumaq üçün hansı addımlar atacaq?
Bizi izləyin

Nida Təhlil

İranda seçki: Rejim gələcəyini qorumaq üçün hansı addımlar atacaq?

İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb.S eçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb.

Seçkinin ən çox diqqət çəkən və müzakirə olunan namizədi Məsud Pezeşkian yeganə islahatçı və azərbaycanlı namizəddir. O, ABŞ-la münasibətlərin yaxşılaşdırılması tərəfdarıdır. Prezident seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərə də yenidən baxacağını bildirib. Pezeşkianın fikrincə, Şərq qütbünə daxil olan güclər İranın yeganə seçimi olduqlarını düşünməməlidir.

Onun seçkiqabağı görüşlərdə azərbaycanca nitq söyləməsi, “Yaşasın Azərbaycan!” şüari səsləndirməsi, Şəhriyardan şeir deməsi, eləcə də Rəşid Behbudovun repertuarından “Azərbaycanım” mahnısından istifadə etməsi azərbaycanlılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

Ondan fərqli olaraq Məhəmməd Qalibaf və Səid Cəlili ölkənin indiki xarici siyasət kursunu dəstəkləyirlər.

Müşahidəçilərə görə, səsvermədə qalib gələcəyi təqdirdə belə ali dini lider Əli Xamenei ona ölkənin kursunu dəyişdirməyə imkan verməyəcək. Seçkidən 4 gün əvvəl Xamenei “namizədlərdən birinin” (Pezeşkianın) xarici siyasətlə bağlı fikirlərini kəskin tənqid edib.

Pezeşkian məcburi hicabla bağlı da daha liberal mövqe tutur. "Fikri güclə tətbiq edə bilməzsən. Mən bir insan olaraq insanlara xidmət etməyə inanıram. Bacardığım qədər nəzarət patruluna son qoyacağam", - o bildirib.

İslahatçılara yaxın “İran diplomasy” qeyd edir ki, Cavd Zərifinin Pezeşkianı dəstəkləməsi ona əlavə üstünlüklər verir.

-Beynəlxalq danışıqlar təcrübəsi: Xarici işlər naziri olduğu müddətdə Zərif ABŞ, Avropa və Çin kimi dünya gücləri ilə nüvə danışıqlarında iştirak edib. Bu təcrübə beynəlxalq əlaqələrin möhkəmləndirilməsində və İranın milli maraqlarının təmin olunmasında təsirli ola bilər.

Regional və qlobal siyasəti dərindən başa düşmək: Zərif Yaxın Şərqi və dünyanı ətraflı təhlil etməklə mühüm qərarlara təsir göstərə bilər.

Ünsiyyət qurmaq bacarığı və xalq diplomatiyası: Zərif media və beynəlxalq ictimaiyyətlə ünsiyyət təcrübəsi ilə hökumətin siyasətini izah etməyə və namizədlərin irəli sürülməsi proqramlarını irəli sürməyə kömək edə bilər.

Ölkənin inkişafı və İranın ləyaqətinin qorunmasına sadiqlik: Zərif öz bəyanatlarında milli maraqların qorunması və İran xalqının həyat keyfiyyətinin yaxşılaşdırılmasından danışıb. Bu öhdəlik namizədin məqsədlərinin həyata keçirilməsində rol oynaya bilər, lakin qeyd etmək lazımdır ki, bu, mənim şəxsi fikrimdir və seçkinin nəticəsi bir çox amillərdən asılıdır.

Pezeşkiana gəlincə isə “İran diplomasy”-yə görə, onun üstünlükləri belədir:

Siyasi təcrübə: İslam Şurasında və hökumətdə böyük təcrübəyə malikdir, siyasi işləri idarə etmək qabiliyyətinə malikdir.

Tibb ixtisas;

İran-İraq müharibəsi təcrübəsi: Müharibə zamanı Pezeşkian həkim və əsgər kimi xidmət edib və cəbhəyə həkim dəstələrinin göndərilməsinə cavabdeh olub;

Dini hakimiyyət prinsiplərinin dəstəklənməsi: Ayətullah Xameneinin dini hakimiyyətinin müdafiəçilərindən biridir.

Yəni anlaşılır ki, “islahatçılar” Pezeşkian prezident seçiləcəyi halda onun arxasında gizlənib Zərif vasitəsilə ölkəni idarə etməyə çalışacaqlar. “Əl arabi əl-cədid” da qeyd edir ki., Pezeşkian ilk debatlarda zəif olub, yalnız İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin televiziya proqramında onunla yanaşı görünməsindən, Zərifin xarici siyasətlə bağlı açıqlamaları, nüvə sazişini müdafiə etməsi və mühafizəkarları sərt tənqid etməsindən sonra reytinqi durmadan yüksəlməyə başlayıb. Gənc keçmiş rabitə naziri Məhəmməd Cavad Azəri Cəhrominin seçki tədbirlərində onu dəstəkləməsi, mədəniyyət, cəmiyyət və xarici siyasətlə bağlı üçüncü və dördüncü debatlarda əvvəlkindən daha güclü çıxışı, hicab məsələsində liberal baxışları, eləcə də xarici siyasətə fərqli yanaşma da onun imicini yüksəldib. Hərçənd bəzi müşahidəçilər ilk debatda zəif çıxışı Pezeşkianın taktikası olduğunu, bununla da mühafizəkar elektoratı və elitanı qıcıqlandırmaq istəməməsi ilə izah edib.

Bu arada İranda ümumən rejimin perspektivləri ilə bağlı müzakirələr də genişlənib. Bəzi ehtimallara görə, İran rejiminin bütün siyasi postları, o cümlədən prezident vəzifəsini İnqilab Keşikçiləri Korpusuna (SEPAH-a) təhvil verməyə doğru irəlilədiyini göstərən əlamətlər var. Altı namizəd arasında SEPAH və onun təsir mərkəzləri ilə birbaşa əlaqəsi olan iki (SEPAH-ın yüksək rütbəli komandirlərindən olan Məhəmməd Baqir Qalibaf və Tehran meri Əli Rza Zəkani) namizəd var. Digər şəxs- Səid Cəlili SEPAH-da yüksək vəzifə tutub və Sadiq Məhsulinin rəhbərlik etdiyi Davamlılıq Cəbhəsi tərəfindən dəstəklənir.

Hazırda SEPAH Ali Milli Təhlükəsizlik Şurasının katibliyi (SEPAH komandiri Əli Əkbər Əhmədian), parlament sədri (SEPAH komandiri Məhəmməd Baqir Qalibaf), Məsləhəti Müəyyən etmə Şurası (SEPAH komandiri Məhəmməd Baqir Zülqədr), Tehran meri (SEPAH komandiri Əli Rza Zəkani) kimi mühüm vəzifələrin əksəriyyətinə nəzarət edir.

Rejim Çin, Rusiya və Pakistan modelləri ilə SEPAH-a daha çox vəzifələr verməyə çalışır. Rejim Çindən məcburi inkişaf ideyasını, Pakistandan atom bombası və ruhanilərlə hərbi əməkdaşlıq ideyasını, Rusiyadan isə pul və neft sərvəti mafiyası ideyasını götürərək qaz-neft sənayesini təhlükəsizlik işçiləri və hökumətlə əlaqələndirməyə çalışır.

Bir qrup azərbaycanlı fəal da seçkidən əsas gözləntilərini açıqlayıb. Onlar mərkəzsizləşmə aparılmasını, dil hüquqlarının tanınmasını, İranın Türk Dövlətləri Təşkilatına üzv olmasını tələb edirlər. “Əhalisinin əhəmiyyətli dərəcədə türkdilli olduğu İran “Türk Dövlətləri Təşkilatı”nda effektiv tərəfdaş ola və tarixi İpək Yolunu dirçəltməklə zəngin ticarət və sənaye faydalarından yararlana bilər”.

Digər azərbaycanlı fəallar hesab edirlər ki, Pezeşkianın seçilməsi İranda türk hərəkatına stimul verə, Urmiya gölünün qurudulması əleyhinə müəyyən addım ata, eləcə də Azərbaycan Respublikası ilə əlaqələrin daha rəvan olmasına şərait yarada bilər.

Cənubi Azərbaycan Milli Dövlət Şurası adlı mühacir qurum isə azərbaycanlıların seçkiləri açıq şəkildə boykot etdiyi haqda bəyanat verib: “Cənubi Azərbaycan artıq heç bir İran mərkəzli prosesdə iştirak etmək istəmir”. Şura hesab edir ki, Pezeşkianın seçkiyə buraxılması bu boykotun qarşını almaq üçündür.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm