Yeni plan: Bakının Ankara və Təl-Əvivlə əlaqələrini korlamaq - Ermənistanı İsraillə müttəfiqə çevirmək
Bizi izləyin

Nida Təhlil

Yeni plan: Bakının Ankara və Təl-Əvivlə əlaqələrini korlamaq - Ermənistanı İsraillə müttəfiqə çevirmək

Azərbaycan-İsrail əlaqələrini təftiş edənlər sırasına Qərb KİV-ləri də qoşulub. Xüsusən də Fransa mediası İran nəşrləri ilə birgə mövzunu qabardır, Azərbaycan-İsrail əlaqələrinin Ankara ilə gərginliyə səbəb olduğunu və ya olacağını “proqnozalşdırırlar”.

Təhlillərin məhz bu məqsədə - Türkiyə-Azərbaycan münasibətlərinin korlamağa xidmət üçün yazıldığı gizlədilmir də.

“Eurasianet”-də Bəhruz Səmədov adlı müəllif İsrail-Azərbaycan əməkdaşlığının Ankara ilə münasibətlərin pisləşməsinə səbəb olduğunu, SOCAR əleyhinə aksiyaların da müəyyən qədər Türkiyə hakimiyyətindən qaynaqlandığını yazır. Müəllifə görə, bələdiyyə seçkilərində CHP-yə məğlub olan Ərdoğan hakimiyyəti fələstinpərəst mövqe tutmaqla dindar mühafizəkar kütlələrə oynamağa məcburdur. Xatırladaq ki, B.Səmədov Avropada yaşayan fəaldır, hakimiyyətə qarşı sərt tənqidi münasibəti və II Qarabağ savaşı zamanı ifrat pasifist baxışları ilə yadda qalmışdı. Onun yazısı bir çox Qərb, İran və ərəb nəşrləri tərəfindən geniş yayılıb.

“Associated Press” isə xatırladır ki, İsrailin yaxın müttəfiqi olan Azərbaycan bu ölkənin neftə olan tələbatının təxminən 40 faizini ödəyir. Azərbaycanla yanaşı Qazaxıstan neftinin də fasiləsiz axını davam edir. Təl-Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qallia Lindenştraus Azərbaycan Təl-Əvivdə səfirlik açandan bəri ticarət əlaqələrinin artdığını, İsrailin HƏMAS-a qarşı müharibəsindən sonra da Azərbaycanla ticarətin normal şəkildə davam etdiyini bildirib. Bununla belə, Lindenştraus qeyd edib ki, ticarətin böyük hissəsi Azərbaycandan Türkiyə üzərindən İsrailə daşınan neft və Azərbaycanın ehtiyac duyduğu silahların alınması ilə bağlıdır.

“PolitikYol”-un eksperti Sezin Öney deyir ki, Türkiyə hökuməti İsraillə ticarəti dayandırdığını desə də, ticarət başqa yollarla davam edir: “Məncə, əsl günahkar Azərbaycan, bu ölkənin şirkətləri, Əliyev və ya Azərbaycandakı digər dairələr deyil, Türkiyə hökuməti olacaq”. Ekspertlər xəbərdarlıq edirlər ki, etirazçıların çoxunun Ərdoğanın ənənəvi dini mühafizəkar bazasından gəldiyini nəzərə alsaq, İsraillə neft ticarətinin davam etməsi Ərdoğan üçün ağır siyasi yük olacaq.

“Al-Monitor” nəşri isə qeyd edib ki, son yerli seçkilərdəki uğursuzluğun səbəblərindən biri də AKP-nin müharibənin əvvəlində İsrailin Qəzza zolağına hücumuna qətiyyətli cavab verməməsinə olan narazılıqdır. İsraillə ticarət əlaqələrini kəsməklə və təxminən 54 məhsulun satışını qadağan etməklə iqtidar öz sosial bazasını sakitləşdirmək istəyir. Keçmiş türk diplomatı Mehmet Oğütçü bildirib ki, Azərbaycan neftini Türkiyə üzərindən İsrailə nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin bağlanması Türkiyənin kommersiya maraqlarına zərər vurmaqla yanaşı, Azərbaycanla münasibətlərə də böyük zərbə vuracaq.

“Al-Monitor” belə nəticəyə gəlib ki, Türkiyə və Azərbaycan arasında “bir millət-iki dövlət” kimi xarakterizə edilən köklü müttəfiqlik Ərdoğanın İsraillə münasibətlərinə görə Bakıya qarşı çıxmasını çətinləşdirir.

“Middleeasteye.net” isə yazır ki, əksəriyyəti müsəlman olan bir çox dövlət İsraili Qəzzada müharibə apardığına görə qınasa da, Azərbaycan nisbi sakitliyi ilə seçilir. Noyabrda COP29-a ev sahibliyi etməyə hazırlaşdığı üçün tezliklə daha çox qlobal diqqəti cəlb edəcək Bakı uzun müddətdir ki, bir çox yaxın qonşularından daha çox İsraillə sıx əlaqələrə malikdir. Son illər dostluq daha da möhkəmlənib. Nəşr qeyd edir ki, Bakı fələstinlilərin əzablarına biganə deyil; Fələstini tanıyır və səfirliyini qəbul edir. Bakı, ikidövlətli həllin tərəfdarıdır və müharibə başlayandan bəri BMT-nin atəşkəsə çağıran qətnamələrini dəstəkləyir. Amma Bakının xəttində şüurlu bir tarazlıq var: İsraili hədsiz tənqid etmədən fələstinlilərə simpatiya ifadə etmək.

“American Enterprise Institute”-dan Maykl Rubin hesab edir ki, Ərdoğanın İsrailə qəzəbi son nəticədə Azərbaycan-İsrail əlaqələrini “məhv edə” bilər, çünki Türkiyə prezidenti Qəzza məsələsində daha sərt cavab vermək üçün müttəfiqinə təzyiq edir.

Diqqətçəkən odur ki, müxtəlif nəşrlərdəki ekspertlər bu və ya digər vaxtlarda anti-Azərbaycan və ya anti-Türkiyə mövqeləri ilə tanınıblar. İndi bir komanda alıblarmış kimi SOCAR binası önündə aksiyaları bəhanə edərək iki ölkə arasında münasibətlərdə soyuqluq olması haqda görüntü yaratmaq üçün səfərbər olublar.

Bu arada Ermənistanın Fələstin dövlətini tanıdığını rəsmən elan etməsi İsraildə etirazla qarşılanıb.

“Jerusalim Post” qeyd edir ki, Ermənistanın Fələstini dövlət kimi tanımaq qərarı erməni cəmiyyətinin müxtəlif təbəqələrində yatan antisemit əhval-ruhiyyənin təzahürü kimi qiymətləndirilə bilər. Digər ölkələrlə müqayisədə bu qərarı xüsusilə maraqlı edən bir neçə amil var. Fələstin Muxtariyyəti və HƏMAS Ermənistanın qərarını yüksək qiymətləndirib və digər ölkələrin də prosesə qoşulmasını istəyib.

“Jerusalim Post” xatırladır ki, iki ölkə arasında münasibətlər Ermənistan müstəqillik qazandıqdan sonra mövcud olmasına baxmayaraq, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında münaqişəsindən sonra nəzərəçarpacaq dərəcədə soyuyub. Ermənistanın İsraildəki səfiri Arman Akopyan “Post”-a bildirib ki, Azərbaycan Dağlıq Qarabağ üzərində hakimiyyətini saxlamaq üçün İsrail silahlarından istifadə edir.

Nəşr İsrail-Ermənistan münasibətlərində ziddiyyətli məqamları xatırladır. Qeyd edilir ki, Ermənistanla İran arasında siyasi əlaqələr tipik mehriban qonşuluq münasibətlərindən kənara çıxaraq getdikcə güclənir, bu cür hərəkətlər Ermənistanı İsrail üçün şübhəli tərəfdaşa çevirir.

-İran mediası Ermənistanın İranı birləşdirən yeni magistral yol çəkməyi planlaşdırdığı barədə məlumat yayıb.

-İrəvan Hindistanla silah tədarükü müqaviləsi imzalayıb və bu müqaviləyə əsasən, Ermənistana silah İran vasitəsilə veriləcək.

-2023-cü ildə Ermənistanın Azərbaycanla sərhədində İran əsgərlərinin olması ilə bağlı məlumatlar ortaya çıxdı və İslam Respublikası da Ermənistandan Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya təhvil verdiyi intiharçı pilotsuz təyyarələr üçün nəqliyyat mərkəzi kimi istifadə etməkdə ittiham edildi.

-2014-cü il “ADL Global 100” hesabatına görə, o vaxtkı 2,2 milyonluq əhalidən 1,3 milyonu erməni antisemit fikirlərə sahib idi.

-Yeni il günü paytaxt İrəvanda bir qrup neonasistlərin stilizə edilmiş svastikalar olan bayraqlarla küçələrə çıxması zamanı ciddi insident baş verib.

-Sözügedən millətçi “Husnak” hərəkatının internet saytında Hitler təriflənir, yəhudilərin deportasiyasına və “uşaqlara qarşı fəaliyyətlərinin ifşasına” çağıran antisemit karikaturalar və məqalələr yer alır.

-İrəvandakı yeganə sinaqoq olan Mordechai Navi sinaqoquna dəfələrlə hücum edilib.

-İsrail və Azərbaycan arasında silah müqaviləsi bağlanandan bəri Ermənistanda antisemit hücumlar daha da artıb. Holokost abidəsinin təhqir edilməsi və sinaqoqa hücum halları da genişlənib.

Diasporla iş üzrə nazir Amichai Chikli bildirib ki, İrəvanda baş verən antisemit hadisələri çox ciddi qəbul edir .

İsraili dəstəkləyən beyin mərkəzlərindən Demokratiyaları Müdafiə Fondu qeyd edir ki, Ermənistanın iyunun 21-də Fələstin dövlətini birtərəfli qaydada tanıyan qərarı qəribə şəkildə Türkiyənin Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyi ilə üst-üstə düşür. Fondun tədqiqat direktoru Devid Meyin fikrincə, İsrail və Ermənistan İslam təhlükəsi ilə üz-üzə olduqları üçün təbii müttəfiq olmalı idilər, lakin İsrailin Bakı ilə yaxın münasibətləri onları üz-üzə qoydu. Bu institutun digər eksperti Sinan Səidi də hesab edir ki, Ermənistanın Fələstin dövlətini tanımaq qərarı siyasi cəhətdən əsaslandırılmış addım deyil, daha çox İsrailin Azərbaycana dəstəyinə cavab olaraq atılıb.

Yazının əvvəlindəki fikrə qayıdırıq-biriləri inadla Azərbaycan –İsrail və ya Azərbaycan –Türkiyə münasibətlərini korlamağa, İrəvanla Təl-Əviv arasında xüsusi münasibətlər qurulmasına çalışır. Amma bütün təşəbbüslər sonda özlərinə qarşı çevrilir. Azərbaycan müttəfiqlərdən, tərəfdaşlardan imtina etmir, ikitərəfli münasibətləri üçüncü tərəflərə qurban vermir.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm