İslam aləmini birləşdirəcək “yol xəritəsi” - İlham Əliyev Bakıdan mühüm mesajlar verdi
Bizi izləyin

Nida Təhlil

İslam aləmini birləşdirəcək “yol xəritəsi” - İlham Əliyev Bakıdan mühüm mesajlar verdi

İslam aləmini birləşdirəcək “yol xəritəsi” - İlham Əliyev Bakıdan mühüm mesajlar verdi

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Dövət başçısı çıxışında mühüm məqamlara toxundu və həm İslam, həm Türk dünyasının gələcəyi, o cümlədən, mövcud geosiyasi reallıqlarla bağlı vacib mesajlar verdi.

Türk düyası və Qafqaz arasındakı birlik körpüsü

Coğrafi olaraq Qafqazda yerləşən Azərbaycan eyni zamanda, Türk dünyası və İslam aləminin birliyini təmin edən əsas ölkələrdəndir. Beynəlxalq konfransda TDT üzv ölkələrin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının – Dağıstan və Çeçenistandan olan nümayəndələrin iştirakı da bunu təsdiq edir.

Prezident çıxışında bunu birliyin nümunəsi adlandırıb: “Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Bizim Türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”.

Azərbaycan coğrafi mövqeyindən istifadə edərək, Türk dünyası ilə Qafqaz xalqlarının birliyini təmin edir. Hər iki coğrafiyanı təmsil edən dini liderlərin Bakıya toplanması bu kontekstdə təsadüfi deyil.

İslam dünyasında birlik nümunəsi

Dini liderlərin Bakıdakı birliyi İslam dünyasının birləşməsi perspektivlərinin reallığını ön plana çıxarır. Hazırda bir sıra müsəlman ölkələri arasında siyasi maraqlar uğrunda toqquşmalar yaşanır. Bu isə İslam dünyasının parçalanmasına yol açan əsas təhlükədir. Əslində İslam dünyasındakı mövcud problemlər fonunda Bakıda belə bir konfransın keçirilməsi, müxtəlif ölkələrin dini liderlərinin bir araya gəlməsi birliyin mümkünlüyü və bunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev də məhz bunun mesajını verdi. Bəyan etdi ki, müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir: “Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək”.

Azərbaycan lideri bununla həm də müsəlman liderlərinə “birliyin təmin edilməsi istiqamətində çalışmaq lazımdır” mesajını verir.

İslam dünyasındakı mövcud problemlər bunun nə qədər zəruri olduğunu təsdiq edir. Prezident İlham Əliyev mövcud vəziyyətdən narahatlığını dilə gətirib.

“Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir. Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək. Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilmişdir. Hələ təxminən 10 il bundan əvvəl - 2017-ci ildə bizim təşəbbüsümüzlə və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda IV İslam Həmrəylik Oyunları keçirilmişdir. Biz də bu Oyunları, sadəcə olaraq, idman yarışı kimi deyil, böyük birlik bayramı kimi qəbul edirdik. Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşü keçiriləcək. Dünyada gedən proseslərin fonunda belə bir tədbirin məhz Azərbaycanda keçirilməsi hesab edirəm ki, təsadüfi deyil. Düzdür, bu qərar bir qədər əvvəl qəbul edilmişdir, amma, əslində, çox düzgün bir qərardır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir. Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq. Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan lideri bu fikirləri ilə birliyin təmin edilməsində “Yol xəritəsi” təqdim edir.

- Bakıda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün keçiriləcəyi gələn ilə qədər bəzi müsəlman ölkələri arasındakı problemlərin həll ediləcəyi gözləntiləri var. Azərbaycan buna ümid edir və bu istiqamətdə səylərini əsirgəməyəcək;
- Bakı İslam aləmindəki qarşıdurmaların dayandırılmasının mümkün olduğu nümunəsi yaradıb: İslam Həmrəylik Oyunlarının keçirilməsi belə örnəklərdəndir;
- İslam dünyasını parçalamaq istəyən qüvvələrə imkan verməmək lazımdır və bunun da yolu yalnız birliyin təmin edilməsi istiqamətində müştərək səylərdən keçir.


Prezident İlham Əliyev İslam dünyasına bu mesajları verdi və bunun məhz Bakıdakı beynəlxalq konfransın iştirakçılarının qəbulu zamanı verilməsi təkcə dini liderlərə birlik istiqamətində səylərini birləşdirmək çağırışı deyil, eyni zamanda, belə bir birliyin reallığının nümayiş idi. Azərbaycan indiyə qədər İslam dünyasında birliyə nail olmaq istiqamətində mühüm addımlar atıb və bundan sonra da səylərini davam etdirəcək, sadəcə olaraq, digər ölkələr də “əlini daşın altında” qoymalıdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm