Nida Təhlil
Prezident TDT-də yeni strateji xətt irəli sürdü: gənclər və ideoloji təhlükəsizlik
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərinin qəbulu zamanı bütün türk dünyasının gələcək təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edən məsələyə toxundu: gənc nəslin vətənpərvərlik və milli dəıyərlər ruhunda tərbiyə edilməsi türk dövlətlərinin əsas istiqaməti olmalı və bu, TDT-nin ümumi siyasi kursuna çevrilməlidir.
Azərbaycan liderinin bu çağırışı mövcud geosiyasi zərurətdən irəli gəlir. Çünki milli dövlətlərə kənar müdaxilə cəhdlərində gənclər daim əsas hədəf olub, Azərbaycanın timsalında bunun təcrübəsi var.
Niyə gənclər hədəfə çevrilir?
Bunun sınaqdan keçirilmiş birdən çox səbəbi və mexanizmi var. Gənclər adətən yeni imkanlara, xarici təcrübəyə və beynəlxalq əlaqələrə daha açıq olurlar. Bundan istifadə etməyə çalışan xarici qüvvələr onları öz oyunlarının alətinə çevirmək istəyir. Azərbaycan gənclərinə qarşı edilən belə cəhdlərdə xüsusi mexanizmin tətbiq edildiyi müşahidə edilib. İlk mərhələdə siyasi olmayan, daha çox sosial, humanitar, təhsil və digər istiqamətlər üzrə layihələrlə gəncləri öz ətraflarına cəlb edirlər. Xaricdə təhsil imkanları, qrant layihələri. beynəlxalq konfranslarda iştirak, müxtəlif ölkələrə səfərlər, təlimlər və karyera yüksəlişi kimi vasitələr bura daxildir. Zaman-zaman hədəfdə olan gəncləri xarici şəbəkənin ayrılmaz üzvünə çevirir, onları Azərbaycanın daxili işlərinə müdaxilə planının icraçıları edirlər. Misal üçün, feminizm, gender bərabərliyi, LGBT hüquqları, söz azadlığı, demokratiya, insan hüquqları, son dövrlər ekologiya kimi mövzular da bura daxil edilib, kimi məsələləri məhz gənclər vasitəsilə həyata keçirmək cəhdləri edilib. Beləliklə, üç hədəfə nail ola bilirlər.
1. Müxtəlif vədlərlə öz ətraflarına cəlb etdikləri gəncləri maraqlarının icrasına çevirir;
2. Həmin gənclərdən ibarət lazımi anda hərəkətə keçirdikləri şəbəkə formalaşdırırlar;
3. Bu şəbəkədən ictimai rəyin formalaşmasında, qarayaxma kampaniyalarının aparılmasında geniş şəkildə istifadə edirlər.
Hətta şəbəkənin üzvünə çevrilən gənclər bir çox hallarda istəməsələr belə, milli qanunverciliyi pozmağa məcbur edilirlər. “Meydan Tv”, “Abzas.net” işində qrant qaçaqmalçılığı ilə bağlı istintaqın müəyyən etdiyi faktlar bunun ən bariz nümunəsidir. Bununla yanaşı, anti-milli fəaliyyətlərdə də belə gənclərdən geniş şəkildə istifadə olunur. 44 günlük müharibə və sonrasında Ermənistanın, eləcə də anti-Azərbaycan dairələrin maraqlarına uyğun olan “anti-militarist” kampaniyasını aparan “no-war”çılar məhz bu prosesin tərkib hissəsi idi.
Azərbaycan bu kimi xarici müdaxilə cəhdlərini böyük ölçüdə sıradan çıxara bilib. Xalq anti-milli fəaliyyətləri həyata keçirmək istəyənlərə imkan vermir, dövlət isə milli təhlükəsizliyin təmin edilməsi məqsədilə qanun çərçivəsində addımlar atır. Bu gün ölkənin informasiya təhlükəsizliyini təhdid edən “qrant qaçaqmalçılığı”, ideoloji təhlükəsizliyini hədəfə alan “no-war”çılıq ifşa edilib, eyni zamanada, feminizm, “gender bərabərliyi”, “LGBT hüquqları kimi milli dəyərlərə yad ideyaların yayılmasının qarşısı cəmiyyət tərəfindən alınıb. Lakin eyni şəbəkə eyni məqsəd üçün eyni ideyaları yenidən Azərbaycan cəmiyyətinə daxil etmək cəhdlərindən imtina etməyib. Ölkə daxilində özlərinə yer edə bilməyən həmin qüvvələr bu dəfə xaricdə məskunlaşaraq, analoji fəaliyyəti həyata keçirirlər. Hədəf yenə Azərbaycan gəncliyidir.
- “Söyüş bloqerləri” yalan informasiyalarla ictimai rəyi çaşdırmağa çalışır;
- Feminizm, LGBT tərəfdaları və “no-war”çılar xarici havadarlarının dəstəyi ilə ölkə daxilində edə bilmədiklərini kənardan ixrac etməyə cəhd göstərir;
Bütün bunlar ideoloji təhlükəsizliyin bir hissəsidir. Prezident İlham Əliyev (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən, məhz bu istiqamətə diqqət çəkdi. Dövlət başçısı bəyan etdi ki, təhdidlər təkcə fiziki yox, həm də ideoloji xarakter daşıyır.
“Bugünkü təhdidlərin təkcə fiziki deyil, həm də ideoloji xarakter daşımasına gəldikdə isə hesab edirəm ki, bu barədə danışmağa ehtiyac yoxdur, hamımız bunu çox yaxşı bilirik. Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik. Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək”, - Prezident bildirib.
Və Azərbaycan lideri türk dünyasının ideoloji təhlükəsizliyinin təmin edilməsi, gələcəyinin qurulması baxımından mühüm təklif irəli sürür: TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinin qurulması, bu məqsədlə müntəzəm tədbirlər, forumlar, konfransların keçirilməsi, nəticə etibarilə, kənar müdaxilələrə qarşı gənclərimizi qorumaq və onların milli dəyərlər, vətənpərvərlik ruhunda yetişdirmək.
“Əminəm ki, hər biriniz öz ölkənizdəki vəziyyəti çox yaxşı bilirsiniz. Təbii ki, ölkələrimizdə vəziyyət eyni deyil. Lakin müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Həm metodlar, həm də məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Bir sözlə, bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır. Əlbəttə ki, onlar əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Məhz buna görə deyirəm, bilirəm ki, ölkələrimizin hər birində fəal gənclər siyasəti həyata keçirilir. Lakin hesab edirəm ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirməliyik ki, gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər. Bunu, əlbəttə, öz nümunəmiz, uğurlu fəaliyyətimiz, təşkilatımızın möhkəmləndirilməsi ilə yanaşı, düzgün ideoloji iş vasitəsilə onlara ötürməliyik”, - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev türk dünyası üçün yeni “yol xəritəsi” təqdim edir:
- Türk dünyasında gənclər milli vətənpərvərlik ruhunda tərbiyə edilməlidir;
- TDT çərçivəsində gənclər siyasəti genişləndirilməlidir;
- TDT üzv ölkələrin gənclər təşkilatları arasında əlaqələr gücləndirilməlidir;
Yalnız bu halda gənclərin ölkələrimizə qarşı kənar müdaxilə planlarında alət edilməsi cəhdlərinin qarşısı alına, milli ideoloji təhlükəsizliyimiz təmin edilə bilər. Azərbaycan lideri türk dünyasının ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq stategiyasını irəli sürür.
Asif Nərimanlı
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?













.jpg)









.webp)










.jpg)


