Türk dünyası ilə bağlı mühüm mesaj: Bu birlik kiməsə qarşı yönəlməyib
Bizi izləyin

Nida Təhlil

Türk dünyası ilə bağlı mühüm mesaj: Bu birlik kiməsə qarşı yönəlməyib

Türk dünyası ilə bağlı mühüm mesaj: Bu birlik kiməsə qarşı yönəlməyib

Azərbaycan Prezidenti İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri Türk dünyasının gələcəyi ilə bağlı mühüm mesaj kimi diqqət çəkib. Azərbaycan türk dünyasının möhkəmlənməsi və türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi istiqamətində ciddi işlər görür. Bu gün ölkəmiz həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli münasibətlərdə türk dünyasının aparıcı dövlətlərindən biri kimi çıxış edir. Türk dövlətləri ilə münasibətlər siyasi və diplomatik əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığı və birgə investisiya layihələrini də əhatə edir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması da bu istiqamətdə mühüm hadisələrdən biri kimi qeyd olunur.

Publika.az mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrənib.

“Biz birlikdə güclüyük”

Aydın Mirzəzadə bildirdi ki, Prezident İlham Əliyevin inauqurasiya mərasimində səsləndirdiyi “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri bütün dünyanın diqqətini cəlb edib. Deputat qeyd etdi ki, Azərbaycan bundan əvvəl də türk dünyasının möhkəmlənməsi və türk dövlətləri ilə münasibətlərin daim inkişaf etdirilməsi istiqamətində ciddi işlər görüb.

Onun sözlərinə görə, hazırda Azərbaycanın türk dövlətləri ilə yaxşı münasibətləri mövcuddur. A.Mirzəzadə vurğuladı ki, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli münasibətlərdə Azərbaycan türk dünyasının aparıcı dövlətlərindəndir.

Deputat Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” fikrinin türk dünyasının gücünü nümayiş etdirdiyini dedi. O vurğuladı ki, bu birlik hər hansı dövlətə və ya kiməsə qarşı yönəlməyib.

“Biz sadəcə olaraq güclü olmaq, dünyada öz layiqli yerimizi tutmaq, vətəndaşlarımızın sosial rifahını həmişə yüksəltmək, vətəndaşın dövləti ilə fəxarət hissinin yüksəlməsinə can atırıq və buna nail oluruq”, - deyə A.Mirzəzadə bildirdi.

Deputat əlavə etdi ki, Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı səsləndirdiyi fikirlər real işlərə söykənir və bundan sonra da bu istiqamətdə yeni işlər görüləcək.

“Müttəfiqliyimiz gələcəkdə daha da yüksələcək”

Aydın Mirzəzadənin sözlərinə görə, qardaş münasibətləri müttəfiqliyin ən yüksək formasını da özündə ehtiva edir. O bildirdi ki, Azərbaycan bu gün türk dövlətləri ilə müttəfiqlik münasibətlərindədir və bu, artıq rəsmi sənədlərdə də öz əksini tapıb.

Deputat qarşılıqlı səfərlərin həyata keçirilməsini, tədbirlərin keçirilməsini və bir-birinə beynəlxalq dəstəyin verilməsini bu istiqamətdə görülən işlər kimi qeyd etdi.

“Müttəfiqliyimiz gələcəkdə daha da yüksələcəkdir. Və dünya türk dünyası ölkələrinin dostluğunu, qardaşlığını real şəkildə müşahidə edə biləcək”, - deyə A.Mirzəzadə vurğuladı.

Birgə investisiya fondları

Deputat Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılmasını çox önəmli hadisə adlandırdı. O bildirdi ki, Azərbaycanla türk dövlətləri arasındakı münasibətlər təkcə siyasi və diplomatik əlaqələrdən ibarət deyil, eyni zamanda iqtisadi münasibətləri də əhatə edir.

A.Mirzəzadə qeyd etdi ki, ticarət əlaqələri günbəgün artır. Onun sözlərinə görə, investisiya fondlarının yaradılması böyük layihələrin maliyyələşdirilməsinə xidmət edir.

“Bu istiqamətdə artıq xeyli müsbət nümunələr vardır və yeni-yeni görülən böyük işlər haqqında da biz vaxtaşırı eşidəcəyik”, - deyə deputat bildirdi.

O əlavə etdi ki, ehtiyac olduqca investisiya xərclərinin artırılması ilə bağlı da qərar qəbul ediləcək. Deputat Qırğızıstanla investisiya fondunun həcminin iki dəfə - 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını buna bariz nümunə kimi göstərib.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm