Frankofoniya təşkilatının tədbiri neqativ məqamlarla yadda qaldı - Deputat
Bizi izləyin

Nida Xəbər

Frankofoniya təşkilatının tədbiri neqativ məqamlarla yadda qaldı - Deputat

"İrəvanda oktyabrın 11-i və 12-də keçirilən Frankofoniya təşkilatının tədbiri bir sıra neqativ məqamları ilə yadda qaldı. İlk növbədə onu nəzərdə tuturam ki, bu sammit çərçivəsində Frankofoniya şəhərciyi təşkil edilib və burada Ermənistan pavilyonu fəaliyyət göstərir. Qondarma "Dağlıq Qarabağ” rejimi həmin pavilyonun tərkibində öz sərgisini təşkil edib. Bu isə tamamilə beynəlxalq qanunlara zidd məsələdir. Bir daha məlum olur ki, Ermənistan dövləti Frankofoniya tədbirindən öz işğalçılıq siyasətini davam etdirmək üçün istifadə edir. İkinci hadisə isə, Fransanın iki şəhərinin merinin qondarma separatçı rejimə səfəri ilə bağlıdır. Əvvəla, onu qeyd edim ki, bu səfərlər Azərbaycan qanunvericiliyinə, eləcə də beynəlxalq hüququn normalarına və prinsiplərinə ziddir. Eyni zamanda bu, Fransa dövlətində yerli özünüidarəetmə orqanlarının beynəlxalq fəaliyyəti ilə bağlı mövcud qaydaların əksinədir və separatçı rejimə legitimlik gətirmək mahiyyəti kəsb edir. Bunu da xüsusilə vurğulamaq lazımdır ki, bu addım Fransanın münaqişənin tənzimlənməsi ilə bağlı vasitəçilik missiyasına daban-dabana ziddir”.

Publika.az xəbər verir ki, bu sözləri İrəvanda 11-12 oktyabrda keçirilən Frankofoniya tədbirinin nəticələrini şərh edərkən millət vəkili Elman Nəsirov dilə gətirib.

E.Nəsirovun sözlərinə görə, tədbirin açılış mərasimində Ermənistanın baş naziri Paşinyan Düşənbə sammitində Azərbaycan prezidenti ilə əldə etdiyi razılaşmaların ümumi ruhuna zidd bəyanat səsləndirib. Politoloqun fikrincə o, həmin bəyanatında qondarma "Dağlıq Qarabağ” rejimindəki erməni icmasını, "Dağlıq Qarabağ xalqı” kimi təqdim edib: "Halbuki, belə bir xalq yoxdur. Yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icması var. Eyni zamanda, Paşinyan belə bir mövqe ortaya qoyub ki, Dağlıq Qarabağ danışıqlar prosesində həlledici səsə malik olmalıdır. Guya Azərbaycan Dağlıq Qarabağın ərazisini istəyir, amma əhalisini istəmir. Bu, göründüyü kimi, cəfəng bəyanatdır. Əvvəla, Azərbaycanın Dağlıq Qarabağa heç bir iddiası yoxdur, çünki bura bizim əzəli, tarixi və hüquqi torpaqlarımızdır. İddiası olan Ermənistandır və Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal edib. Münaqişə Ermənistan və Azərbaycan münaqişəsidir və burada Dağlıq Qarabağ tərəf kimi olmayıb və ola da bilməz. Çünki bu, Ermənistanın yaratdığı oyuncaq separatçı bir rejimdir".

Millət vəkili sözlərini belə davam etdirib: "Eyni zamanda qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan orada məskunlaşmış erməni icması da bizim vətəndaşlarımız sayılır və onlar da azərbaycanlılar kimi bərabər hüquqlara malikdir. Kim Azərbaycanın qanunlarını qəbul etmirsə, bu halda o, separatçıdır və Azərbaycan dövlətinin həmin insanlara məlum hüquq çərçivəsində yanaşması olmalıdır, burada təəccüblü heç nə yoxdur. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edildikdən sonra ermənilər azərbaycanlılarla bərabər yaşayacaq və bu ölkəmizin dəyişməz siyasətidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm