Nida Xəbər
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusuna malik Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yazılı bəyanatı BMT-nin Nyu-Yorkda keçiriləcək Davamlı inkişaf üzrə Yüksək səviyyəli Siyasi Forumunun (YSSF 2019) yeddinci sessiyasının gedişində təqdim olunacaq.
Publika.az-ın məlumatına görə, YSSF 2019 "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusuna həsr olunacaq. Burada hər il geniş şəkildə müzakirə edilən DİM 17 (məqsədlər üçün tərəfdaşlıq) ilə yanaşı, (DİM) 4 (keyfiyyətli təhsil), DİM 8 (layiqli əmək və iqtisadi artım), DİM 10 (bərabərsizliyin azaldılması), DİM 13 (iqlim dəyişikliyinə qarşı mübarizə) və DİM 16 (sülh, ədalət və səmərəli institutlar) dərindən araşdırılacaq.
Eurasia Diary xəbər verir ki, hesabat hazırda ECOSOC Vətəndaş Cəmiyyəti Şəbəkəsinin rəsmi internet saytında yerləşdirilib. Hesabatda BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanır. Bəyanatda dünyada baş verən müharibələr, etnik və dini münaqişələr, ərazi mübahisələri və terror hücumları, iqtisadi böhran və ekoloji fəlakətlərin cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsiri nəticəsində yaranmış mövcud vəziyyət əks olunur.
İctimaiyyətə açıq olan bəyanatda Azərbaycan torpaqlarının 20%-nin - Dağlıq Qarabağ və 7 ətraf rayonların işğalı ilə, habelə Azərbaycanda yaşayan 1.2 milyon qaçqın və məcburi köçkün probleminin yaranmasına səbəb olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri əhatəli şəkildə göstərilib. Bundan əlavə, Bəyanatda işğal olunmuş ərazilərdə dağıdılmış əmlaklar, şəhərlər və ekoloji fəlakət haqqında real faktlar yer alır. Nəticə etibarilə Bəyanat münaqişələrin ədalətli həlli, işğal olunmuş ərazilərin azad edilməsi, bütün qaçqın və məcburi köçkünlərə bərabər şəraitin yaradılması, davamlı inkişafın və sülhün bərqərar olması üçün qlobal tərəfdaşlığın qurulmasına çağırır.
Dərc olunan bəyanatın tam mətnini təqdim edirik:
"İqtisadi və Sosial Şuranın 2019-cu il sessiyası üçün müəyyən edilmiş "İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək" mövzusu bu istiqamətdə əldə olunan inkişafın müəyyən edilməsi üçün “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”-nin həyata keçirilməsi ilə bağlı inkişaf prosesindən geridə qalan insanların xüsusi ehtiyaclarının təmin edlməsində həll yolarını tapmaq üçün prioritetləri müəyyənləşdirmək istiqamətində aparılan beynəlxalq müzakirələrdə vacib məqamdır. 2015-ci ildə Davamlı İnkişaf Məqsədlərinin qəbul edilməsi ilə dünya qeyri-bərabər və davamlı olmayan inkişafa gətirib çıxaran və nəticədə qeyri-sabitliyin yaranmasına səbəb olan bərabərsizlik problemini tamamilə həll etmək üçün vaxtın yetişdiyini qəbul etdi. Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin qəbul edilməsindən təxminən 4 il keçib və dövlətlərin daxilində, eləcə də ölkələr arasında planetimizin davamlı inkişafı üçün yeni təhdidlərin yaranmasına gətirib çıxaran iqtisadi və sosial bərabərsizliyə dürüst yanaşmaq zamanı gəlib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) - 1992-ci ildə "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə qlobal sülhü, bərabər və davamlı inkişafı dəstəkləyən uzunmüddətli məqsədlə yaradılan beynəlxalq Qeyri-Hökumət Təşkilatıdır. Yarandığı vaxtdan bəri BAMF regional sahədə fəaliyyətini postsovet, Asiya və Avropa ölkələrinə yaymışdır; Birləşmiş Millətlər Təşkilatı, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Sülh Bürosu, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xarici diplomatik missiyalar və beynəlxalq təşkilatlar, hökumət və qeyri-hökumət qurumları ilə yaxşı əməkdaşlıq əlaqələri yaradıb.
BAMF, müharibədən əziyyət çəkən bölgələrdə yaşayan əhalinin həssas hissəsini, xüsusilə qadın və uşaqların, minadan zərərçəkənlərin, qaçqın və məcburi köçkünlərin cəmiyyətə inteqrasiyası, hüquq və imkanlarının genişləndirilməsi, bərabərliyinin təmin edilməsində onları dəstəkləmək məqsədi ilə müxtəlif humanitar, sosial, media və təhsil layihələrinin reallaşdırılması üzərində işləyir. Hal-hazırda BAMF beş əsas istiqamətdə fəaliyyət göstərir: Media və Vətəndaş Cəmiyyətinin İnkişafı; Sülhyaratma və münaqişələrin həlli; İcmanın inkişafı; Qaçqınlar / məcburi köçkünlər; və Təhsil.
Biz hesab edirik ki, hər bir insan Davamlı İnkişaf Məqsədlərinə nail olmaqda töhfə verməlidir. Siyasi liderlər, tədqiqatçılar, vətəndaş cəmiyyəti qrupları və gənclər də daxil olmaqla dünyada milyonlarla insan bütün insanların davamlı gələcəyə nail olmaqda birgə fəaliyyət göstərməsi üçün Davamlı İnkişaf Gündəliyi və 17 qlobal məqsədin müəyyənləşdirilməsi üzərində işləyəcəklər.
Qaçqın və məcburi köçkünlərin də bərabər hüquqları daxil olmaqla, bərabərsizlik problemini həll etmək vacibdir. Bu gün cəmiyyətin bərabər və davamlı inkişafına birbaşa təsir göstərən müharibələrin, etnik və dini münaqişələrin, ərazi mübahisələrinin və terror hücumlarının, iqtisadi böhranın və ekoloji fəlakətlərin ən yüksək həddə çatdığı bir tarixi dövrdür. Dünyanın 50-dən çox ölkəsində baş verən münaqişələr, eləcə də müharibələrin səbəb olduğu ciddi fəlakətlər, iqtisadi və ekoloji risklər nəticəsində 65 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb. Əksər hallarda, bu insanların yaşamaq, təhsil almaq, işləmək hüquqları pozulur və bu da onları inkişaf prosesindən geri qoyur.
Azərbaycan etnik təmizləmələrə məruz qalan və işğaldan əziyyət çəkən ölkələrdən biridir. Nəticədə bu gün Azərbaycanda 1,2 milyondan çox qaçqın və məcburi köçkün yaşayır. Təkcə 1989-cu ildə Sovet ordusunun köməyi ilə Ermənistandan təxminən 300 min azərbaycanlı deportasiya edilib. Bu gün Azərbaycan əhalisinin sayının 10 milyona çatdığını nəzərə alsaq, qaçqın və məcburi köçkünlərin sayı digər ölkələrə nisbətən daha çoxdur. 1988-1993-cü illərdə erməni qoşunları Azərbaycan torpaqlarının 20%-ni - Dağlıq Qarabağ və ona bitişik 7 ətraf rayonun ərazisini işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində 900-dən çox yaşayış məntəqəsi və ümumi sahəsi 9,1 mln. m2, 4 376 sosial və mədəniyyət obyekti, 7 min ictimai bina, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 1025 məktəb, 855 uşaq bağçası, 4 sanatoriya və istirahət kompleksi, 798 tibb müəssisəsi, 927 kitabxana, 1,510 mədəniyyət müəssisəsi, 598 rabitə obyekti, 40 mindən çox muzey eksponatı məhv edilib. Mülkiyyət hüququ, bir milyondan artıq insanın dinc və davamlı şəraitdə yaşamaq hüququ ciddi şəkildə pozulub. İşğal olunmuş bölgələrin dağıdılması, əkinçiliyə, infrastruktura, sənayeyə və tarixi irsə zərər verilməsi, qayda-qanunu sülh yolu ilə bərpa etmək üçün mümkün qədər tez dayandırılmalıdır. Beynəlxalq ictimaiyyət təxminən 30 il davam edən bu vəziyyətə daha çox diqqət yetirməlidir. Müharibə zamanı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884) baxmayaraq, Ermənistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və Cənubi Qafqaz regionunun daha da davamlı və bərabər inkişafı üçün vacib olan bu qətnamələrə məhəl qoymur.
Üzv dövlətlərin "heç kim unudulmayıb" prinsipi ilə bağlı öhdəliyi bizdən bərabərsizliyə qarşı mübarizə aparmağı və hər bir insanın səsini eşitmək üçün istənilən ayrı-seçkilik formalarını aydın şəkildə müəyyənləşdirib aradan qaldırmamızı tələb edir. Bütün insanların əsas hüquqlarının, o cümlədən təhsil almaq və işləmək hüququnun bərabər şəkildə təmin olunması vacibdir. Bu mənada vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının rolu çox vacibdir. Bərabərliyin təşviqində qeyri-ənənəvi peşələr üzrə peşə təhsili almaqda, xüsusilə qızlara, qadınlara, qaçqınlara, məcburi köçkünlərə və əlillərə üstünlük verilməlidir.
Buna təsir etmək üçün qəbul olunacaq strategiyalar mədəni, coğrafi və ekoloji dəyişiklikləri, eləcə də yoxsulluq və cəhalət kimi problemləri nəzərə almalıdır. Bundan əlavə, gənclərin inkişafı və onların qərarların qəbul edilməsi prosesinə inteqrasiyasını dəstəkləyən layihələr üzərində işləmək lazımdır. Həmçinin, qaçqın və məcburi köçkünlərin bərabər hüquqlarının qorunması üçün daha güclü qurumlara ehtiyacımız var. Əvvəl və yeni yaranmış qaçqın və / və ya məcburi köçkünlər arasında ayrı-seçkilik olmamalıdır. Bu insanların hüquqları milli və beynəlxalq səviyyədə müdafiə olunmalıdır.
Nəticə etibarilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu İqtisadi və Sosial Şuranın ""İnsanların imkanlarının genişləndirilməsi, inklüzivliyi və bərabərliyi təmin etmək"" adlı sessiyasının əsas məsələlərdə bərabərliyin təşviqində vətəndaş cəmiyyətinin rolu və iştirakına vahid yanaşmaya əsaslanan konkret təkliflər hazırlamaq və beyin fırtınası üçün yaxşı bir platformdur. "Evdə Sülh, Ölkədə Sülh, Dünyada Sülh" şüarı ilə yaradılan Beynəlxalq Avrasiya Mətbuat Fondu dünyada qeyri-sabitlik və bərabərsizlik dövründə, iqtisadi, sosial və siyasi davamlı inkişaf ilə əlaqəli olan bərabərsizlik probleminin tamamilə olmasa da, əsasən həll edilməli olduğu zamanın yetişdiyi ilə razılaşır. Dünyada ən çətin şəraitdə yaşayan insanların həqiqətin səsi olması üçün bərabərsizliyi yaradan səbəblərə obyektiv yanaşmaq və hökumətlərlə tərəfdaşlıq quraraq vətəndaş cəmiyyətinin rolunu təşviq etmək üçün birgə işləmək vaxtı çatıb. Buna görə də, biz beynəlxalq ictimaiyyəti, BMT qurumlarını, hökumət və qeyri-hökumət təşkilatlarını münaqişələrin ədalətli həllinə, işğal olunmuş ərazilərin azad edilməsinə daha çox diqqət yetirmək, eləcə də bütün qaçqın və məcburi köçkünlərə bərabər şərait, davamlı inkişafın və dinc mühitin yaradılması üçün qlobal tərəfdaşlıq yaratmağa çağırırıq".
BMT-nin davamlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun (YSSF 2019) yeddinci sessiyası BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) rəhbərliyi altında keçiriləcək. Sessiya, 9 İyul, Çərşənbə axşamından, 15 İyul 2019, Bazar ertəsinə kimi davam edəcək. 16 İyul, Cümə axşamı, 18 İyul 2019 tarixləri arasında ECOSOC-un illik yüksək səviyyəli forumla yanaşı nazirlər səviyyəsində üç günlük toplantı keçiriləcək.
Qırx yeddi ölkə YSSF 2019 üçün Könüllü Milli Hesabatda (KMH-lar) təqdim edəcək. Bu ölkələr 2019-cu ildə ilk dəfə olaraq iştirak edəcək: Vyetnam, Əl-Cəzayir, Bosniya və Herseqovina, Burkina Faso, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Côte d'Ivoire, Xorvatiya, Svazilend, Fici, Qana, Qayana, İslandiya, İraq, İsrail, Qazaxıstan, Küveyt, Lesoto, Lixtenşteyn, Mavritaniya, Mavriki, Monqolustan, Nauru, Yeni Zelandiya, Oman, Pakistan, Palau, Ruanda, Sent Lusiya, Serbiya, Cənubi Afrika, Timor-Leste, Tonqa, Tunis, Türkmənistan, Böyük Britaniya, Tanzaniya və Vanuatu.
Bundan əlavə, Azərbaycan, Çili, Qvatemala, İndoneziya, Filippin, Sierra Leone və Türkiyə KMH-ları ikinci dəfə təqdim edəcək.
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi