Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq - Deputat
Bizi izləyin

Nida Xəbər

Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq - Deputat

Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq. 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırım 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serbiya millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilmiş, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilib.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat əlavə edib ki, iyulun 11-i Bosniya və Herseqovina tarixinə qanlı hərflərlə yazılıb: “Həmin gün Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Herseqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu səbəbdən 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla Bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi. Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr yaranmış və uğurla inkişaf etməkdədir.

İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Bütün bunlar hər iki ölkəni birləşdirən oxşar taleh və oxşar ağrının rəmzidir. Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Herseqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir. Bu proseslərdə hakimiyyətin əsas qollarından olan Parlament də mühüm rol oynayır.

Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burda danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Herseqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır. Azərbaycan həqiqətlərinin Bosniya və Herseqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi və Bakıda xatirə kompleksinin ucaldılması iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm